İnsanın ən mühüm və güclü qərizələrindən (instinkt) biri olan cinsi qərizə nəslin davam etmə səbəbi və Allah-taalanın insanlara verdiyi böyük nemətlərdən biridir. Bu qərizə insanın həddi-buluğa çatdığı zaman – yeniyetməlik çağlarında müxalif cinsə (oğlanın qıza və qızın da oğlana) meyli ilə büruz edir, ruhi və fitri meyl, nəhayət fiziki bir ünsür kimi insanın xüsusi bir cəhətini təhrik edir, bu da “cinsi rəftar”la nəticələnir.
İslam dini cinsi qərizənin sağlam ailə mühitində və evlənmə sayəsində təmin olunmasını bəyənilən və ağla uyğun bir məsələ hesab və buna dair təkid edir. Həm də insanlara icazə verir ki, öz cinsi meyllərini yalnız öz qanuni (şəri) həyat yoldaşlarının vasitəsi ilə təmin etsin.
İslam dinində cinsi qərizənin təmin olunması üçün daimi evlənmədən əlavə, xüsusi şərtlər çərçivəsində müvəqqəti evlənməyə də icazə verilmişdir. Məhz buna görə də İslam dini nəzərindən cinsi qərizənin təmin olunmasının yeganə yolu evlənməkdən ibarətdir. Bu dində cinsi meyllərin məhv edilməsinə heç bir vəchlə icazə verilmir və buyurulur ki, əgər evlənməyə şərait yoxdursa, insan iffət yolunu seçməlidir.
Qurani-kərimdə buyurulur: “Evlənmək imkanı olmayanlar gərək nəfslərinin iffətini qoruyub saxlasınlar ki, Allah-taala onları Öz lütf və mərhəməti ilə ehtiyacsız etsin.”[1]
Cinsi qərizənin ciddi nəzarət altına alınması mənasına olan “nəfsin iffətli saxlanması” çox bəyənilən və təqdirəlayiq bir əməldir. Bunun müqabilində də cinsi azğınlıq və əxlaqsızlıq çox zərərli, qəbahətli və məzəmmət olunan bir işdir.
İslam nəzərindən “cinsi azğınlıq və əxlaqsızlıq” sağlam insani fitrət hüdudlarından xaricdə, iztirab və nigaranlıqla yanaşı olan cinsi rəftarlara deyilir. Onlardan biri də ana, bacı, xala, bibi və s. kimi məhrəmlərlə cinsi əlaqədə olmaqdır (istər şəhvətli baxışlar və şəhvətli söhbətlər olsun, istər şəhvətlə toxunmaq, istər şəhvətlə öpmək və s.).
Cinsi azğınlıq, xüsusilə məhrəmlərlə baş verən cinsi azğınlıq növlərindən hər biri insanın fərdi, ictimai və ailə həyatına çox mənfi, bərpa olunmaz təsirlər qoyur və ağır zərbələr vurur, hətta insanın ruhi sarsıntı keçirməsinə də səbəb olur. Buna görə də Quran ayələrində və məsumların (əleyhimus-salam) rəvayətlərində kəskin şəkildə qadağan olunmuş,[2] naməhrəmlərlə edilən qanunsuz əlaqə ilə müqayisədə bu yaramaz əməl üçün çox ağır cəza tədbirləri təyin edilmişdir. Bu da həmin yaramaz əməlin axirət cəzasının daha ağır olduğunu bəyan edir.
Qurani-kərim bu barədə buyurur: “Sizin üçün (aşağıda deyilən şəxslərlə) evlənmək haram edildi: analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaşınızın qızları, bacınızın qızları, süd analarınız, süd bacılarınız,[3] qayınana, eləcə də qadınlarınızın əvvəlki ərindən olan və sizin evinizdə böyüyüb tərbiyə alan qızlar; bu şərtlə ki, o arvadınızla yaxınlıq etmiş olasınız, amma əgər o qadınla yaxınlıq etməmiş olsanız (ona talaq verdikdən sonra) onun qızı ilə evlənə bilərsiniz; habelə (sizin üçün evlənmək haramdır) öz sülbünüzdən olan (oğulluğa götürdüyünüz yox) oğlunuzun arvadı (gəlininiz); habelə iki bacını bir yerdə almaq sizə haram edildi. Yalnız bu hökmün nazil olmasından qabaq (iki bacını birlikdə almış olsanız) bu hal istisnadır və Allah onu güzəştə gedir. Çünki Allah-taala bağışlayan və mehribandır.”[4]
Böyük İslam fəqihləri (müctəhidlər) bu barədə buyururlar: “Əgər bir kəs (Allah eləməmiş) öz məhrəmlərindən[5] biri ilə – ana, bacı və s. zina edərsə, şəriət hakiminin hökmü əsasında onu qətlə yetirməlidirlər.”[6]
“İslamın cəza qanunları məcəlləsi”ndə deyilir: “Nəsəbi məhrəmlərlə edilən zina – hər formada olursa olsun, edama səbəb olur.”[7] Bu hökmlə əlaqədar kişi ilə qadın arasında heç bir fərq yoxdur.
Əlbəttə, əgər bir kəs (nəuzu billah) belə alçaq və yaramaz əmələ mürtəkib olsa, gərək Allah dərgahında tövbə edərək, Pərvərdigarın rəhmətinə ümidvar olsun. Bu işə iqrar etməsi, özü ilə əlaqədar bu cəzanın icrasına müqəddimə və şərait yaratması lazım deyildir.
Amma diqqət yetirmək lazımdır ki, bəzi hallarda bu yaramaz əməlin xüsusi şəri hökmləri vardır ki, onlara iltizamlı olmaq və əməl etmək lazımdır. Məsələn, risalələrdə deyilir ki, əgər insan xalası qızı və ya bibisi qızı ilə evlənməzdən qabaq onların anaları ilə zina etsə, artıq onlarla evlənə bilməz.[8]
[1] “Nur” surəsi, ayə: 33
وَلْیَسْتَعْفِفِ الَّذِینَ لَا یَجِدُونَ نِکَاحًا حَتَّى یُغْنِیَهُمْ اللَّهُ مِن فَضْلِهِ
[2] Kəcbaf, Məhəmmədbaqir, “Dini təfəkkürdə rəftar şünaslıq”
[3] Süd anası o qadına deyilir ki, bir uşağın anası olmadığı halda ona süd vermiş olsun. Əgər başqa bir qız da həmin qadından süd əmmiş olsa, birinci uşağın süd bacısı adlanır.
[4] “Nisa”, surəsi, ayə: 23
حُرِّمَتْ عَلَیْکُمْ أُمَّهَاتُکُمْ وَبَنَاتُکُمْ وَأَخَوَاتُکُمْ وَعَمَّاتُکُمْ وَخَالاَتُکُمْ وَبَنَاتُ الأَخِ وَبَنَاتُ الأُخْتِ وَأُمَّهَاتُکُمُ اللاَّتِی أَرْضَعْنَکُمْ وَأَخَوَاتُکُم مِّنَ الرَّضَاعَةِ وَأُمَّهَاتُ نِسَآئِکُمْ وَرَبَائِبُکُمُ اللاَّتِی فِی حُجُورِکُم مِّن نِّسَآئِکُمُ اللاَّتِی دَخَلْتُم بِهِنَّ فَإِن لَّمْ تَکُونُواْ دَخَلْتُم بِهِنَّ فَلاَ جُنَاحَ عَلَیْکُمْ وَحَلاَئِلُ أَبْنَائِکُمُ الَّذِینَ مِنْ أَصْلاَبِکُمْ وَأَن تَجْمَعُواْ بَیْنَ الأُخْتَیْنِ إَلاَّ مَا قَدْ سَلَفَ إِنَّ اللّهَ کَانَ غَفُورًا رَّحِیمًا
[5] Bəzi fəqihlər bu cəza tədbirini yalnız nəsəbi məhrəmlərə aid etmişlər (nəsəbi məhrəmlər – ana, nənə, bacı, bacının qızı, qardaşın qızı, xala, bibi, insanın öz qızı; səbəbi məhrəmlər: qayınana, süd bacısı və s).
[6] “Tovzihul-məsail”, (İmam Xomeyninin risaləsinin haşiyəsi), 2-ci cild, səh. 815, məsələ 1
[7] “İslam cəza qanunları məcəlləsi”, 82-ci maddə
[8] Ayətullah Behcət (rəhmətullah əleyh): “Əhvət nəzərə görə...”
“Tovzihul-məsail”, (İmam Xomeyninin risaləsinin haşiyəsi), 2-ci cild, səh. 467, məsələ 2394