İslam dini insanların vasvasılığının qabağını almaq, onların həyat və məişətlərində məşəqqətə və çətinliyə düşməmələri üçün hər bir şeyin ilkin nəzərdə pak-pakizə olmasını əsas qərar vermiş və öz ardıcıllarına göstəriş vermişdir ki, yalnız bir şeyin nəcis olduğuna yəqin etdikləri halda ondan çəkinsinlər, bundan başqa hallarda heç bir vəzifələri yoxdur.
İslam nəzərindən on bir şeydən başqa hər bir şey pakdır. Onlar da sidik, nəcis, qan, məni (sperma), murdar (olmuş heyvan), şərab, pivə, kafir, it, donuz, nəcis yeyən dəvənin təridir. Əgər insan rütubətli halda nəcis bir şeyə toxunduğuna yəqin etsə, nəcasət ona da nəql olunur. Buna əsasən, nəcis olması barəsində elm (yəqin) və agahlığımız olmayan, yaxud nəcis olub-olmamasında şəkk etdiyimiz, yaxud nəcis olmasına zənn və ya güman etdiyimiz şeylərin hamısı pakdır və bunlarla əlaqədar – onlardan çəkinmək barədə heç bir digər vəzifəmiz yoxdur.
“Bir şeyin nəcis olması hansı yollarla sübuta yetir?” sualına əməliyyə risalələrində belə cavab verilir: “Bir şeyin nəcis olması üç yolla sübuta yetir: 1. İnsanın özü yəqin etsin (qəti şəkildə bilsin); amma əgər güman etsə, hətta güclü güman olsa belə, kafi deyildir. Buna əsasən, yeməklərinin nəcis olduğuna güclü güman edilən (ehtimal verilən) ümumi yeməkxanaların bəzilərində yemək yemək caizdir. Amma insan onun nəcis olmasına yəqin etdiyi hallar istisnadır. 2. Bir şəxs öz ixtiyarında olan şeyin nəcis olduğunu desin (məsələn, ev sahibi, satıcı, xidmətçi). 3. İki və hətta bir nəfər adil şəxs bir şeyin nəcis olduğunu desin (bu şərtlə ki, sözlərindən xatircəmlik hasil olsun).[1]
İslam dini və məsum dini rəhbərlər paklıq-murdarlıq məsələlərində bizi vasvasılıqdan şiddətli şəkildə çəkindirmiş, öz əməl və sözlərində bu vasvasılıqla mübarizə apararaq buyurmuşlar: “Bir şeyin nəcis olmasına yəqin edilməzsə, o şey pakdır.”[2] Buna əsasən, biz də vəzifəmiz olduğu həddə qədər riayət etməliyik: nə az, nə də çox. Səy etmək lazımdır ki, paklıq-murdarlıq məsələlərində vasvasılığa düçar olmayaq. Çünki vəsvəsə ruhi xəstəliyə səbəb olur və bəzi hallarda insanın dinsizliyi ilə də nəticələnir.
[1] “Tovzihul-məsail” (İmam Xomeyni), 1-ci cild, səh. 85, məsələ 121
[2] “Vəsailuş-şiə”, 3-cü cild, səh. 467: كُلُّ شَيْءٍ نَظِيفٌ حَتَّى تَعْلَمَ اَنَّهُ قَذِرٌ