Elm öyrənmək heç bir yaşda və zamanda gec deyildir. Atalar demişkən, “balığı hər vaxt sudan tutsan, təzədir.” Peyğəmbər (səlləllahu əleyhi və alih) bu barədə buyurur: “Elm əldə etmək hər bir müsəlmana vacibdir. Agah olun! Allah-taala elm axtaranları sevir.”[1] Həmçinin İmam Sadiq (əleyhis-salam)-ın buyurduğu başqa bir rəvayətdə deyilir: “Elm əldə etmək hər bir halda vacibdir.”[2]
Peyğəmbər (səlləllahu əleyhi və alih)-in və imam Sadiq (əleyhis-salam)-ın kəlamı göstərir ki, yaşın ötməsi elm əldə edilməsinə heç bir maneə deyildir. Bizim böyük alimlərimiz də həyatlarının axır anlarına qədər elm öyrənməklə məşğul olmuşlar. Nəql olunur ki, Əbu Reyhan Biruni vəfatından bir neçə an əvvələ qədər elm öyrənməyə və sual soruşmağa məşğul idi. Ehtizar halında “bura nə sual yeridir?!” - sualının cavabında demişdi: “Əgər bu mətləbi öyrənib ölsəm yaxşı olar, yoxsa nadan halda ölsəm?!”
Peyğəmbər (səlləllahu əleyhi və alih)-in və imam Sadiq (əleyhis-salam) buyurduğu kəlam bütün elmlərə aiddir, lakin dini elmlər daha artıq əhəmiyyət kəsb edir. Çünki qeyri-dini elmlərdən bəzilərini öyrənmək mubah, bəziləri müstəhəb, bəziləri isə vacibdir. Amma dini elmlər həmişə vacibdir; bəzən eyni, bəzən isə kifayi vacib şəklində olur.
Peyğəmbər (səlləllahu əleyhi və alih) bir gün məscidə getdi. Orada iki dəstə var idi: biri elm öyrənir, digəri isə ibadət edirdi. Həzrət buyurdu: “Hər iki qrup yaxşı işə məşğuldurlar, o qrup Allahı çağırır, bu qrup isə elm öyrənirlər və nadanlara elm öyrədirlər. Bu qrup daha üstündür. Çünki mən təlim-tərbiyə üçün göndərilmişəm.”[3]
Başqa bir hədisdə Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur: “Hər kəsin ölümü gəlib çatanda İslamın diri saxlanması üçün elm axtarışında olsa, onunla peyğəmbərlərin behiştdəki fasiləsi yalnız bir dərəcə olacaqdır.”[4]
Deməli, elm, xüsusilə dini elmləri öyrənmək heç bir vaxt gec deyildir. Amma əgər “yaşım ötüb” dedikdə məqsədiniz elmiyyə hövzələrində yaşı ötmüş şəxslərin qəbul olunması ilə əlaqədar problemlər olsa, bunu qəbul etməliyik ki, hər bir maarif sistemində xüsusi qayda-qanunlar vardır ki, sui-istifadə edənlərin, inzibatsızlığın qarşısı alınsın. Siz elmiyyə hövzələrinin qəbul komissiyasına müraciət etməklə öz məsələnizi irəli çəkə bilərsiniz. Əgər rəsmi qəbul şərtlərinə malik olsanız, heç;[5] bundan qeyri hallarda rəsmi olmadan və azad şəkildə dini elmləri öyrənə bilərsiniz. Hal-hazırda da çoxları hövzənin müdiriyyət sistemində rəsmi sənədi olmadan elm öyrənir, hövzənin təlim sistemindən və müəllimlərindən istifadə edirlər.
Əlbəttə, həyat xərcləri və məişətin təmin olunması ilə əlaqədar yaranan problemlər sizin fikrinizi özünə məşğul edə bilər. Amma bu barədə də çoxlu rəvayətlər vardır və belə buyurur: “Allah-taala elm əhlinin ruzisinə zəmanət vermişdir.” Onlardan biri də Peyğəmbər (səlləllahu əleyhi və alih)-in buyurduğu aşağıdakı hədisdir: “Məlaikələr sübh çağı elm dalınca gedən bir şəxsə kölgə salır, onun məişətinə bərəkət verilir və onun ruzisindən heç bir şey azaldılmır.”[6]
Əlbəttə, məişət xərclərini təmin etmək üçün təhsillə eyni zamanda kiçik işlərlə məşğul olmaq da olar. Hövzədə rəsmi sənədə malik olmamaq sizi yalnız maddi imtiyazlardan məhrum edə bilər.
[1] “Əl-kafi”, 1-ci cild, səh. 30
[2] “Biharul-ənvar”, 1-ci cild, səh. 171
[3] “Ayini daneşvəri”, səh 19 (“Əl-murad min siğətil-murid” kitabının tərcüməsi), “Ehyau ulimid-din”dən nəqlən: 1-ci cild, səh. 80; “Biharul-ənvar”, 1-ci cild, səh. 184. Peyğəmbər buyurmuşdur: من جاء ه الموت و هو بطلب العلم الدینی لیحیی به الاسلام کان بدینهو بین الانبیا درجة واحدة فی الجنة"
[4] “Ayini daneşvəri”, səh 19, “Təfsiri Razi”dən nəqlən, 2-ci cild, səh. 180
[5] Elmiyyə hövzələrinə qəbul olunmağın şərtləri ilə tanış olmaq üçün aşağıdakı sayta baxa bilərsiniz: http://hawzahnews.com/ads/modiriyate-hozeh/web/
[6] “Biharul-ənvar”, 1-ci cild səh. 184