Əli (əleyhis-salam)-ın imamət və vilayətinin Allah tərəfindən olması, habelə onu məhz Allah bu məqama seçməsi ilə əlaqədar məsələ dəqiq və möhkəm dəlillərlə sübuta yetmişdir. Amma Əli (əleyhis-salam)-ın buyurduğu “məni boşlayın və məndən başqasını axtarın” sözünün mənasına gəldikdə isə, demək lazımdır ki, imamətin qanuniliyi ilahi təyin və ilahi seçimlə olunduğuna baxmayaraq, onun qəbul olunması və gerçəkləşməsi camaatın qəbul etməsi və beyəti ilə şərtlənir. Bu xütbədə (siz onun yalnız qısa bir hissəsini qeyd etmişdiniz) İmam Əli (əleyhis-salam) işarə edir ki, camaatın qəbul etməsi və imamətin gerçəkləşməsi şərtləri hələ də kamil olmamışdır və müəyyən maneələr vardır. O həzrət müəyyən mətləbləri bəyan etməklə höccəti hamıya tamamlamaq və həmin maneələri aradan qaldırmaq istəyir ki, camaatda (xilafəti qəbul etmək üçün) tam hazırlığa şərait yaransın, müxaliflər üçün heç bir bəhanə və üzr yeri qalmasın.
Belə ki, sonrakı cümlədə buyurmuşdur: “Çünki biz rəngarəng və fitnə ilə qarışıq olan hadisələrin və məsələlərin pişvazına gedirik; onun çoxlu çöhrələri vardır və qəlblər bu beyətdə sabit, əql qüvvələri bu əhd-peymanda möhkəm qalmayacaqdır. Qara fəsad buludları həqiqətin üfüq çöhrələrini örtmüş, haqqın düzgün yolu tanınmaz qalmışdır. Agah olun! Əgər dəvətinizi qəbul etsəm, sizinlə öz bildiyim əsasda rəftar edəcəyəm. Filankəslərin, məzəmmət edənlərin sözlərinə qulaq asmayacağam!”
İmamət – ilahi məqamdır
Şiələr inanırlar ki, imamət dini bir məqamdır və Allah tərəfindən təyin olunmağa bağlıdır; o, ictimai amillərə tabe olan və dünyəvi bir səltənət deyildir.
Müsəlman tarixçiləri və sirə yazanları qeyd edirlər ki, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) Bəni-Amir ibni Səsəə qəbiləsini dinə dəvət etmək üçün getmiş və onlardan istəmişdi ki, ilahi risalətin icrasında o həzrətə kömək etsinlər. Qəbilə üzvlərindən biri olan Biherə ibni Fəras o həzrətin cavabında dedi: “Əgər biz sənə tabe olsaq və Allah da səni öz müxaliflərinə qalib etsə, özündən sonra xilafət məsələsini bizə həvalə edəcəksənmi?”
Həzrət cavabında buyurdu:
اَلْأَمْرُ لِلَّهِ یَضَعُهُ حَیْثُ یَشَاءُ
“Bu iş (xilafət işi) Allahın əlindədir (mənim ixtiyarımda deyil), Allah onu kim üçün istəsə qərar verəcəkdir.” [1]
Bu söz aşkar şəkildə bəyan edir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in canişinlik məqamı ilahi bir mənsəbdir və camaatın hüququ yox, yalnız Allahın və Rəsulunun hüquqlarındandır. Buna əsasən, hətta şəxsən Peyğəmbərin özü də özünə canişinin təyin etməkdə müstəqil deyildir, əksinə onu Allahın əmri ilə seçir. Həqiqətdə nübüvvvətin sona çatması məsum imamın təyin olunması ilə sıx əlaqəyə malikdir və məhz belə bir imamın təyin olunması ilə Peyğəmbərin vəfatından sonra islam cəmiyyətinin mənafeyi təmin olunur.[2]
Burada bu məsələnin kamil isbatı üçün kifayət qədər macal yoxdur, lakin ona qısa şəkildə işarə edir və təfsilatını mötəbər kitablara – mərhum Əllamə Əmininin “Əl-Qədir”, Əllamə Seyid Şərəfuddinin “Əl-müraciat” kitabı kimi – həvalə edirik.
İndi Əli (əleyhis-salam)-ın imamət məqamının Allah tərəfindən təyin edilməsinə və bu məqamın ilahi bir məqam olmasına dəlalət edən bəzi ayələri qeyd edirik:
Birinci ayə:
الْیَوْمَ أَکْمَلْتُ لَکُمْ دِینَکُمْ وَأَتْمَمْتُ عَلَیْکُمْ نِعْمَتِی وَرَضِیتُ لَکُمُ الإِسْلاَمَ دِینًا
“Mən bu gün dininizi sizin üçün kamil etdim, nemətimi sizə tamamladım və islamı sizin üçün bir din olaraq bəyəndim.”[3]
Şiə alimləri və təfsirçilərindən əlavə, sünnü müfəssir və mühəddislərindən çoxu da bir çox səhabələrdən nəql etmişlər ki, yuxarıdakı ayə Qədir-xum günündə Əli (əleyhis-salam)-ın vilayətinin Peyğəmbər tərəfindən camaata elan olunmasından sonra nazil olmuşdur.
Xətib Bağdadi səhih sənədlərlə Peyğəmbər səhabəsi olan Əbu Hüreyrənin belə dediyini nəql edir: “Hər kəs zil-həccə ayının 18-ci gününü oruc tutsa, onun üçün atmış aylıq orucun savabı yazılar. O, “Qədir xum” günüdür, elə bir gündür ki, Peyğəmbər (səlləllahu əleyhi və səlləm) Əli (rəziyəllahu ənh)-in əlindən tutub buyurdu:
أَلَسْتُ وَلِیَّ الْمُؤْمِنِینَ؟ قَالُوا بَلَی یَا رَسُولَ اللهِ. قَالَ: «مَنْ کُنْتُ مَوْلاَهُ فَعَلِیٌّ مَوْلَاهُ» فَقَالَ عُمَرُ بْنُ الْخَطَّابِ: بَخٍّ بَخِّ لَکَ یَا ابْنَ اَبِی طَالِبٍ أَصْحَبْتَ مَوْلَایَ وَ مَوْلَا کُلِّ مُسْلِمٍ، فَاَنْزَلَ اللهُ «اَلْیَوْمَ اَکْمَلْتُ لَکُمْ دِینَکُمْ...
“Mən möminlərin rəhbəri (vəlisi) deyiləmmi?!” Dedilər: “Əlbəttə, ey Allahın Rəsulu!” Həzrət buyurdu: “Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır.” Bunun ardınca Ömər ibni Xəttab dedi: “Xoş olsun sənin halına, ey Əbu Talibin oğlu! Mənim və hər bir müsəlmanın mövlası oldun!” Bundan sonra Allah-taala “əl-yovmə əkməltu ləkum...” ayəsini nazil etdi.”[4]
Yuxarıdakı hədisi Hakim Həskani Hənəfi, İbni Əsakir Dəməşqi, Xarəzmi, İbni Məğazili, Sibt ibni Covzi Hənəfi, İbrahim ibni Məhəmməd Cüveyni də nəql etmişlər.[5]
Peyğəmbər (səlləllahu əleyhi və alih)-in digər səhabəsi olan Əbu Səid Xudri də yuxarıdakı hədisin məzmununda olan bir hədisi səhih sənədlərlə nəql edərək deyir: Peyğəmbər camaatı Əli ibni Əbi Talibin vilayətinə çağırdı, onun biləyindən tutub yuxarı qaldırdı. Hələ camaat dağılışmamışdı ki, “əl-yovmə əkməltu ləkum...” ayəsi nazil oldu. Bunun ardınca Allahın Peyğəmbəri buyurdu: “Əllahu Əkbər – dinin kamil olmasına, nemətin tamamlanmasına, Pərvərdigarın mənim risalətimdən və məndən sonra Əli ibni Əbi Talibin vilayətindən razılığına görə!”[6]
İkinci ayə:
یَا أَیُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَیْکَ مِن رَّبِّکَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ
“Ey Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil olanları camaata çatdır, əgər bu işi görməsən, Allahın risalətini çatdırmamış olursan.”[7]
Bu ayə barəsində də şiə və sünnü alimləri çoxlu rəvayət nəql etmiş və demişlər ki, bu ayə “Qədir-xum” günündə Əli ibni Əbi Talibin vilayəti ilə əlaqədar nazil olmuşdur.[8]
Üçüncü ayə:
إِنَّمَا وَلِیُّکُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِینَ آمَنُواْ الَّذِینَ یُقِیمُونَ الصَّلاَةَ وَیُؤْتُونَ الزَّکَاةَ وَهُمْ رَاکِعُونَ
“Həqiqətən sizin ixtiyar sahibiniz və rəhbəriniz yalnız Allah, Onun Peyğəmbəri və iman gətirib namaz qılan və rüku halında zəkat verənlərdir.”[9]
Şiə mənbələrində nəql olunan səhih bir rəvayətlə deyilmişdir ki, bu ayə də Əli (əleyhis-salam)-ın şənində nazil olmuşdur. Əhli-sünnət alimləri də bu barədə çoxlu rəvayət nəql və bu ayənin şəni-nüzulunu qəbul etmişlər.[10] Xüsusilə yuxarıdakı ayədəki “vəli” kəlməsi sadəcə “dost və köməkçi” mənasına ola bilməz. Çünki müsəlmanlarla dostluq və qarşılıqlı kömək təkcə rüku halında sədəqə verənlərə yox, bütün müsəlmanlara aiddir.
Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən nəql olunan mütəvatir “Mən kuntu movlahu fəhaza Əliyyin movlahu” hədisini bu şərif ayələrə əlavə etməklə aydın olur ki, Peyğəmbərin canişinlik və imamət məqamı ilahi bir məqamdır, Allah tərəfindən təyin olunmalıdır və yalnız zahiri (dünyəvi) hökumət mənasına deyildir.[11]
Əli (əleyhis-salam)-ın buyurduğu “məni boşlayın və məndən başqasını axtarın” sözünün mənası
Əli (əleyhis-salam)-ın buyurduğu “məni boşlayın və məndən başqasını axtarın” kəlam barəsində qeyd etmək lazımdır ki, imamətin Allah tərəfindən təyin olunmasına baxmayaraq, onun gerçəkləşməsi və camaat tərəfindən qəbul olunması onların rəğbət göstərib beyət etməsi ilə şərtlənir. İmam Əli (əleyhis-salam) bu xütbədə (siz sualda onun qısa bir hissəsinə işarə etdiniz) qeyd edir ki, imamətin qəbul olunması və gerçəkləməsi şərtləri hələ kamil olmamışdır və müəyyən maneələr mövcuddur. O həzrət müəyyən mətləbləri bəyan etməklə höccəti camaata tamamlamaq və mövcud maneələri aradan qaldırmaq istəyir ki, camaatda bu işə tam hazırlıq yaransın, müxaliflər üçün heç bir bəhanə yeri qalmasın.
Belə ki, həzrət sonrakı cümlədə buyurur: “Çünki biz rəngarəng və fitnə ilə qarışıq olan hadisələrin və məsələlərin pişvazına gedirik; onun çoxlu çöhrələri vardır və qəlblər bu beyətdə sabit, əql qüvvələri bu əhd-peymanda möhkəm qalmayacaqdır. Qara fəsad buludları həqiqətin üfüq çöhrələrini örtmüş, haqqın düzgün yolu tanınmaz qalmışdır. Agah olun! Əgər dəvətinizi qəbul etsəm, sizinlə öz bildiyim əsasda rəftar edəcəyəm. Filankəslərin, məzəmmət edənlərin sözlərinə qulaq asmayacağam!” [12]
Sünnü alimlərindən olan İbni Əbil-Hədid "Nəhcul-bəlağə”yə yazdığı şərhində deyir: “İmamiyyə alimləri bu cümlə barəsində demişlər: Əli (əleyhis-salam)-la beyət etməyə gələnlər əvvəlki xəlifələrlə beyət etmiş olan həmin şəxslər idilər; amma Osman onları hüquq və bəxşişlərdən bəhrələndirməmişdi. Osmanın xilafəti dövründə Bəni-üməyyə əmvalı (ümumxalq əmlakını) mənimsəyib aradan aparmışdılar. Osmanın qətlindən sonra (beyət edənlər) Əliyə dedilər ki, biz səninlə bu şərt əsasında beyət edirik ki, Əbu Bəkrin və Ömərin üslubunu bizim aramızda icra edəsən; çünki onlar beytul-malı (ümumxalq əmlakını) özləri və ailələri üçün istəmirdilər. Onlar Əli ilə bu şərt əsasında beyət etmək istəyirdilər ki, beytul-malı Əbu Bəkr və Ömərin dövründə olduğu kimi onların arasında bölüşdürsün. Həzrət Əli də qəbul etmədi və məhz bu zaman onlardan istədi ki, bu iki xəlifənin üslubunu davam etdirən başqa bir şəxslə beyət etsinlər.[13]
İbni Əbil-Hədid öz şərhinin başqa yerində imamiyyə alimlərinin dilindən belə deyir: “Əli burada xilafət məqamı üçün özünün səlahiyyətli olmasını inkar etmədi, lakin o, tezliklə baş qaldıracaq fitnələri xoşlamırdı. Halbuki Əbu Bəkr bir yerdə demişdi ki, “mən bu məqamla əlaqədar sizin ən yaxşınız, ən layiqliniz deyiləm!”[14]
Mərhum Əllamə Məclisi də Əli (əleyhis-salam)-ın bu kəlamı ilə əlaqədar buyurur: “Hər kəs bu kəlamın incəliklərinə dərindən diqqət yetirsə, onun əsl mənasının nə olmasını başa düşər. Çünki həzrət sonrakı cümlədə buyurur: “Qarşıda elə bir məsələ vardır ki, qəlblər onun müqabilində tab gətirə bilməz və haqq yol naməlum qalar.” Deməli, bu məqamı qəbul etməməsinin səbəbi o həzrətin imamət məqamına təyin olunmaması və ya bu məqama hamıdan artıq layiqli olmaması deyil, sadəcə maneələrin varlığı idi.”[15]
O cənab bu rəvayətin izahında yazır: “Bu kəlamda buna (beytul-mala) tamah gözü dikənlərə xitab olunur. Onlar Həzrət Əli (əleyhis-salam)-dən bəxşiş, şərəf və məqamda onları başqalarından irəli keçirməsini təvəqqe edir və həzrətin hökuməti (məhz bu məqsədlə) qəbul etməsini istəyirdilər. Buna görə də Təlhə və Zübeyr beyətin ikinci günü öz beyətlərini pozdular və hamıya qarşı bərabər şəkildə rəftar etdiyinə görə həzrəti məzəmmət etməyə başladılar. Əbdullah ibni Ömər, Səid ibni As, Mərvan və bu kimi şəxslər hamının arasında bərabər şəkildə bölüşdürülən payı qəbul etmədilər. Həzrət də onların cavabında buyurdu: “Məni boşlayın və məndən başqasını axtarın!” O Həzrət bununla höccəti hamı üçün tamamlamaq və onlara demək istəyirdi ki, gələcəkdə çox rəngarəng və müxtəlif olan hadisələrlə qarşılaşacaqlar, bu kimi şəxslər orada səbir edə bilməzdirlər. Həzrət buyurmuşdu ki, beyətdən sonra onların tamahkarlıqlarına etina etməyəcək, heç kəsin məzəmmətinə əhəmiyyət verməyəcəkdir.[16]
Yuxarıda qeyd olunanlardan əlavə, imamiyyə şiələrinin nəzəriyyəsini dəstəkləyən digər bir məsələ Əli (əleyhis-salam)-ın "Nəhcul-bəlağə”də nəql olunan sözləridir ki, xilafətin onun qanuni haqqı olduğunu aşkar şəkildə buyurur. Aşağıda həmin kəlamlardan bəzi nümunələri qeyd edirik:
“Heç bir şəxs risalət xanədanı (Əhli-beyt) ilə müqayisə edilə bilməz. Peyğəmbər Əhli-beytinin hidayət nemətindən bəhrələnənlər belə, onlarla bərabər deyildir. Peyğəmbərin itrəti dinin əsası, yəqinin möhkəm sütunlarıdır. Tələsənlər gərək qayıdıb onlara qoşulsun, arxada qalanlar gərək özlərini çatdırıb onlara qovuşsun. Çünki vilayət haqqının xüsusiyyətləri yalnız onlara məxsusdur, Peyğəmbərin müsəlmanlara xilafət və risalət mirası ilə əlaqədar vəsiyyəti yalnız onlara aiddir. Hal-hazırda da (xilafətin mənə həvalə edildiyi bu zamanda) haqq, ona ləyaqəti (səlahiyyəti) olanlara qayıtmış və yenidən onlardan uzaqda qalmış məqamına qayıtmışdır.”[17]
İmam Əli (əleyhis-salam) öz kəlamında buyurur ki, xilafət onun danılmaz haqqıdır. Amma indiyə qədər öz yerində yox, başqasının ixtiyarında olmuşdur. Hal-hazırda xilafətin ona qayıtması əslində haqqın öz məqamına qayıtmasıdır.
“Nəhcul-bəlağə”nin başqa bir yerində deyilir:
“Şura günündə (biri dedi): “Ey Əbu Tablibin oğlu! Sən xilafətə nə qədər hərissən!” Onun cavabında dedim: “Allaha and olsun! Siz Peyğəmbərdən çox uzaq olduğunuza baxmayaraq, xilafətə hamıdan artıq hərissiniz. Həqiqətən mən yalnız öz haqqımı tələb edirəm, amma siz onunla mənim aramda fasilə salmış və məni öz məqamımdan uzaqlaşdırmışsınız!”[18]
Yuxarıdakı xütbənin başqa yerində deyilir:
“Pərvərdigara! Qureyşdən və onları dəstəkləyənlərin hamısından Sənin dərgahında şikayət edirəm! Çünki Qureyş mənimlə qohumluq əlaqələrini kəsdilər, böyük məqam və mənzilətimi kiçiltdilər, haqqımı görməməzliyimə vurmaqla yalnız mənim haqqım olan məsələdə bir-biri ilə əlbir oldular.”[19]
Bu və bu qəbildən olan ("Nəhcul-bəlağə”də və islamın ilkin mötəbər mənbələrində qeyd olunan) digər hallar aşkar şəkildə göstərir ki, Əli (əleyhis-salam) xilafəti özünün danılmaz və qanuni haqqı bilirdi. Xilafətin Əli (əleyhis-salam)-ın danılmaz haqqı olmasına dair şiənin etiqadına gəldikdə isə, bu etiqadı Allahın kitabı və Peyğəmbərin mütəvatir sünnətindən, eləcə də Əli (əleyhis-salam)-ın öz sözlərindən əxz etmişlər. Amma Əli (əleyhis-salam)-ın (o dövrdə, yəni Osmanın qətlindən sonra) xilafətə ikrah hissi ilə yanaşmasına gəldikdə isə, bunun xüsusi dəlilləri vardır ki, yuxarıda onların bəzilərinə işarə edildi.
[1] “Əs-sirə”, İbni Hişam, 2-ci cild, səh. 66; “Əl-bidayətu vən-nihayə”, İbni Kəsir, 3-cü cild, səh. 139-140; “Kitabus-siqat”, İbni Həbban, 1-ci cild, səh. 89-90; “Sireyi Hələbiyyə”, Əli ibni Bürhanuddün Hələbi, 2-ci cild, səh. 3; “Həyatus-səhabə”, Məhəmməd Yusif Kandholovi, 1-ci cild, səh. 69
[2] Məhəmməd Təqi Misbah Yəzdi, “Əqaid təlimləri”, 2-ci cild, səh. 303-304 (azacıq dəyişikliklə)
[3] “Maidə” surəsi, ayə: 3
[4] “Tarixi Bağdad”, Xətib Bağdadi, 8-ci cild, səh. 290. (Xətib Bağdadi yuxarıdakı hədisi iki səhih sənədlə nəql etmişdir.)
[5] “Şəvahidut-tənzil”, Hakim Həskani, 1-ci cild, səh. 200; “Tarixu mədinəti Dəməşq”, İbni Əsakir, 42-ci cild, səh. 233
[6] “Şəvahidut-tənzil”, 1-ci cild, səh. 200; “Mənaqib”, Xarəzmi, səh. 135; “Fəraidus-simteyn”, 1-ci cild, səh. 72; “Məhasinut-təvil”, Qasimi, 6-cı cild, səh. 4 və 50
[7] “Maidə” surəsi, ayə: 67
[8] “Əl-kafi”, 1-ci cild, səh. 289, hədis 4; “Əddurrul-mənsur”, 2-ci cild, səh. 298; “Şəvahidut-tənzil”, 1-ci cild, səh. 249
[9] “Maidə” surəsi, ayə: 55
[10] “Şəvahidut-tənzil”, 1-ci cild, səh. 209; Məhmud Zəməxşəri, “Əl-kəşşaf”, 1-ci cild, səh. 649; Süyuti, “Əddurul-mənsur”, 2-ci cild, səh. 289, hədis 4
[11] Əlavə məlumat üçün bax : Görünüşlər: “Əli (əleyhis-salam)-ın imamətinin Qurandan isbatı”, sual 221, (sayt 2707); “Şiə, xilafət, Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən sonra canişinlik”, sual 1272; “Şiənin özünə məxsus xüsusiyyətləri”, sual 287 (sayt 2484)
[12] “Nəhcul-bəlağə", xütbə 92
[13] Əbdül-Həmid ibni Əbil-Hədid Mötəzili, "Nəhcul-bəlağə"nin şərhi, 7-ci cild, səh. 34
[14] "Nəhcul-bəlağə"nin şərhi, İbni Əbil-Hədid, 1-ci cild, səh. 170
[15] Əllamə Məclisi, "Biharul-ənvar", 32-ci cild, səh. 38
[16] Yenə orada, səh. 36
[17] "Nəhcul-bəlağə", xütbə 2
لَا یُقَاسُ بِآلِ مُحَمَّدٍ ص مِنْ هَذِهِ الْأُمَّةِ أَحَدٌ وَ لَا یُسَوَّى بِهِمْ مَنْ جَرَتْ نِعْمَتُهُمْ عَلَیْهِ أَبَداً هُمْ أَسَاسُ الدِّینِ وَ عِمَادُ الْیَقِینِ إِلَیْهِمْ یَفِیءُ الْغَالِی وَ بِهِمْ یُلْحَقُ التَّالِی وَ لَهُمْ خَصَائِصُ حَقِّ الْوِلَایَةِ وَ فِیهِمُ الْوَصِیَّةُ وَ الْوِرَاثَةُ الآْنَ إِذْ رَجَعَ الْحَقُّ إِلَى أَهْلِهِ وَ نُقِلَ إِلَى مُنْتَقَلِهِ
[18] "Nəhcul-bəlağə", xütbə 172
وَ إِنَّمَا طَلَبْتُ حَقّاً لِی وَ أَنْتُمْ تَحُولُونَ بَیْنِی وَ بَیْنَه
[19] Yenə orada