İmam Hüseyn (əleyhis-salam)-ın beş həyat yoldaşı var idi. Bəzi tarixçilər o həzrətin bu qadınlardan dünyaya gələn övladlarının sayını altı, bəziləri isə altından çox qeyd etmişlər. Həzrətin həyat yoldaşları aşağıdakılar idi:
1. Şəhrbanu, 2. Leyla, 3. Qüzaiyyə qəbiləsindən olan bir qadın (o, İmam (əleyhis-salam)-ın salığında dünyadan getmişdi), 4. Rubab, 5. Ümmü İshaq.
Kərbəla hadisəsində iştirak etməsi qəti olan yeganə qadın Əli Əsğər (əleyhis-salam)-ın anası Rübab (əleyha salam) idi. O, Kərbəla faciəsindən sonra əsirlərlə birlikdə Mədinəyə qayıtmışdı. Şəhrbanu və Leylanın Kərbəlada olması naməlum məsələdir.
Bu məsələni iki bölmədə araşdırırıq:
a) İmam Hüseyn (əleyhis-salam)-ın həyat yoldaşlarının sayı
Tarixçilərin əksəriyyəti, o cümlədən Şeyx Mufid “İrşad” kitabında imam Hüseyn (əleyhis-salam)-ın həyat yoldaşlarının beş nəfər olduğunu qeyd edir: 1. Şəhrbanu, 2. Leyla, 3. Qüzaiyyə qəbiləsindən olan bir qadın, 4. Ümmü İshaq, 5. Rubab.[1]
b) İmam Hüseyn (əleyhis-salam)-ın həyat yoldaşlarının tərcümeyi-halı
İmam Hüseyn (əleyhis-salam)-ın həyat yoldaşlarının tərcümeyi-halı, habelə Kərbəla hadisəsində iştirak etmələri və ondan sonrakı dövrlərdə olmaları çox mənbələrdə qeyd olunmamışdır. Amma onların həyatına qısa şəkildə işarə edirik.
1. İmam Səccad (əleyhis-salam)-ın anası Şəhrbanu. Onun doğum yeri və əsil-nəsəbi ilə əlaqədar çoxlu ixtilaf vardır. Bəziləri onun adını Şahi-zənan (qadınlar şahı), Şahi-cəhan (dünyanın şahı), Şəhrbanu, Şəhrbanuyə demişlər. Bu qrupun dediyinə əsasən o, sonuncu Sasani padşahı olan üçüncü Yezdəgerdin qızı idi. Rəvayətdə qeyd olunur ki, o, Həzrət Səccad (əleyhis-salam)-ı dünyaya gətirdikdən sonra dünyadan getmişdir.[2]
Bu barədə əlavə məlumat almaq üçün “İmam Hüseyn (əleyhis-salam)-ın izdivacı və Şəhrbanu xanım” adlı görünüşə – 7873-cü sualın cavabına (sayt 8096) baxa bilərsiniz.
2. Həzrət Əli Əkbər (əleyhis-salam)-ın anası Leyla. Onun Kərbəla hadisəsində və ondan sonrakı yerlərdə hazır olması barəsində ciddi şəkk-şübhə vardır. Həzrət Əli Əkbər (əleyhis-salam)-ın anasının Kərbəla hadisəsində iştirakı ilə əlaqədar əlavə məlumat üçün 11901-ci suala (sayt 11671) müraciət edə bilərsiniz.
3. Qüzaiyyə qəbiləsindən olan bir qadın
4. Təlhə ibni Übeydullahın qızı Ümmi İshaq. O, Teym qəbiləsindən və imam Hüseyn (əleyhis-salam)-ın qızı Fatimənin anasıdır. Kərbəla hadisəsində iştirak etməmişdir.
5. Rübab. Tarixçilərin qeyd etdiyinə görə Rübab – İmrəul-Qeys ibni Ədinin qızı və imam Hüseyn (əleyhis-salam)-ın həyat yoldaşı, Səkinə və Əli Əsgərin anasıdır. O, Kərbəla səfərində iştirak etmiş, əsirlərlə birlikdə Şama aparılmış, sonra Mədinəyə qayıtmış, bir il ərzində imam Hüseyn (əleyhis-salam)-a matəm saxlamış və o Həzrətin əzadarlığında çoxlu mərsiyələr demişdir. Qüreyşin böyük şəxsiyyətlərindən və əyan-əşraflarından olan elçilərin hamısına mənfi cavab vermiş və heç kəslə izdivaca razı olmamışdır. İmam Hüseyn (əleyhis-salam)-ın əzasında daim ağlayır və heç vaxt kölgəliyə getmirdi. İmamın şəhadətindən sonra qəm-qüssə və ağlamağın şiddətindən 62-ci hicri qəməri ilində dünyadan getmişdir.[3] İmam Hüseyn (əleyhis-salam)-ın şəhadəti ilə əlaqədar onun dediyi şerlərdən biri belə başlanır:
اِنَّ الَّذِى کَانَ نُورًا یُسْتَضَاءُ بِهِ فِى کَرْبَلاَءَ قَتِیلٌ غَیْرُ مَدْفُونِ
سِبْطَ النَّبِىِّ جَزَاکَ اللّهُ صَالِحَةً عَنَّا وَ جُنّبتَ خُسْرَانَ الْمَوَازِینِ
“O kəs ki, aydınlıq bağışlayan nur idi, Kərbəlada qətlə yetirildi və torpağa tapşırılmadı.
Ey Peyğəmbərin nəvəsi! Allah bizim tərəfimizdən sənə xeyir əvəzi versin! Sən zərərlərdən uzaqlaşdırıldın.”[4]
Bəziləri İmam Hüseyn (əleyhis-salam)-ın başqa bir həyat yoldaşı da olduğunu qeyd edərək demişlər ki, o, özünün Möhsün adlı övladını Hələb şəhərinin yaxınlığında yerləşən Covşən adlı bir yerdə mis mədəninin yaxınlığında siqt etdirmişdir. Ehtimal verilir ki, bu həyat yoldaşı adları qeyd olunanlardan biri olsun. Həməvi “Möcəmül-buldan” kitabında yazır: “Covşən Hələbin qərb tərəfində yerləşən bir dağdır. Əhli-beyt əsirləri oradan keçəndə imam Hüseyn (əleyhis-salam)-ın hamilə olan həyat yoldaşı onlardan su istədi, lakin ona nalayiq sözlərlə cavab verdilər, su vermədilər. Qadın onları qarğışladı və o mis mədəni işdən dayandı. Həmin yer “Məşhədus-siqt” və “Məşhədud-Dəkkə” adı ilə məşhurdur.”[5]
[1] Şeyx Mufid, Məhəmməd ibni Məhəmməd ibni Nöman, “Əl-irşad”, 2-ci cild, səh. 135, “Şeyx Mufid” konfransı, Qum, 1413-cü hicri qəməri ili
[2] Ravəndi, Qutbuddin, “Əl-xəraicu vəl-cəraih”, 2-ci cild, səh. 750, “İmam Məhdi (əleyhis-salam)” müəssisəsi, Qum, 1409-cu hicri qəməri ili
[3] İbni Əsir, İzzud-din, “Əl-kamil”, 4-cü cild, səh. 88, “Darus-sadir”, Beyrut, 1385-ci hicri qəməri ili
[4] Seyid Möhsin Əmin, 6-cı cild, səh. 449, “Darut-təarif”, Beyrut 1406-cı il
[5] Həməvi, Yaqut, “Möcəmul-buldan”, 2-ci cild, səh. 186, “Darus-sadir”, Beyrut, 1995-ci miladi il