Qisas İslamın cəza qanunlarından və ilahi hökmlərdən biridir və Quranda “cəmiyyətin həyat amili” kimi təqdim edilir. Qisas hökmünün qanun halına salınması ədalətdən uzaq olan kor-koranə intiqamçılığın qarşısını almaq məqsədi daşıyır. Həmçinin bu qanun cinayətkarların günahsız insanları qətlə yetirməyə cürət tapmaması, mülki əhalini yaralayıb döyməyin qarşısını almaq üçün qoyulmuşdur. Sağlam ictimai həyat ictimai asayişə və təhlükəsizliyə, qarşılıqlı vəzifələrə riayət olunmasına; ictimai asayiş də ictimai həyatın sütun və prinsiplərinin qorunub saxlanmasına bağlıdır. Qisas hökmü cinayətkarların müqabilində cəmiyyətin mühüm sütunlarının, yəni vətəndaşların həyatının qorunub saxlanması üçün qoyulmuşdur.
İslamda cəza-hüquq qanunlarından biri də qisasdır. Qisas lüğətdə hər hansı bir şeyin əsər-əlamətini izləmək mənasınadır.[1] Termində isə: “Cinayətin əsər-əlamətlərini izləməkdir. Belə ki, qisas almaqla cinayətkar şəxsin törətdiyi iş onun özünə qarşı rəva görülür.”[2]
Qisas qanunu istər onun verildiyi zamanda, istərsə də bizim dövrümüzdə çox insani və mütərəqqi bir qanundur. “Təfsiri-nümunə” kitabında “Bəqərə” surəsinin 179-cu ayəsinin izahında qisasın fəlsəfəsi (qanun halına salınma səbəbi) ilə əlaqədar yazılır: “Cahil ərəblərin adətləri bu idi ki, əgər onların qəbiləsindən bir şəxs qətlə yetirilsəydi, qatilin qəbiləsindən bacardıqları qədər adam öldürürdülər. Bu adət o qədər dərin kök atmışdı ki, bir insanın qətlə yetirilməsinə görə qatilin mənsub olduğu tayfanın hamısını belə qətlə yetirməyə razı idilər. Bu acınacaqlı vəziyyət günbəgün artmaqda idi və tayfalar arasında uzun müddətli kin-küdurətin yaranmasına səbəb olurdu Yuxarıdakı ayə nazil olaraq ədalət əsasında olan qisas hökmümü bəyan etdi.”[3]
İslam kor-koranə intiqamçılıq hisslərinə qapılmaq yerinə qisas qanununu bəyan etdi. Bununla bir tərəfdən onu mühakiməsiz və hərc-mərclik əsasında olan bir rəftardan məhkəmə hövzəsinə çəkdi və bu yolla onu qeyri-hüquqi bir rəftar tərzindən qanuni bir əmələ çevirdi ki, günah, cinayət, müqəssir və cinayətin həddini-hüdudunu tanımaq üçün əvvəlcə gərək məhkəmə təşkil olunsun və hər növ cəza tədbiri məhz onun hökm və meyarına uyğun olaraq ədalət əsasında verilsin. Digər tərəfdən, onu intiqamçılıq formasından xaric edərək qanuni qisasa çevirdi. Bununla da o dövrün cəmiyyətinə hakim olan hüquqlardakı hərc-mərcliyə son qoydu. Qətlə yetirilən şəxsin intiqamını almaq bəhanəsi ilə çoxlu sayda insanın qətlə yetirilməsi bir növ kor-koranə intiqamçılıq idi və bu kor-koranə iş hətta qatil, müqəssir şəxs və onun ailəsinə həsr olunmurdu. Halbuki Allah-taala buyurur: “Onlara belə hökm etdik ki, can canın müqabilində, göz gözün müqabilində, burun burunun müqabilində, qulaq qulağın müqabilində, diş dişin müqabilində olsun, hər bir yaranın da qisası vardır. Əgər bir şəxs onu (qatili, canini) bağışlasa, onun kəffarəsi hesab olunar, hər kəs Allahın nazil etdiyi əsasda hökm etməsə, zalımdır.”[4]
Əgər bir nəfər qətlə yetirilsə, gərək onun müqabilində bu qətl işini yerinə yetirən bir nəfərdən – qatildən qisas alınsın. Əgər qətlə yetirilənin ailəsi razılıq versə, yalnız diyə almaqla, hətta onu bağışlamaqla razılıq əldə edilməlidir. Hal-hazırda belə, qisas üçün bundan yaxşı bir variant yoxdur. Bununla həm mərhumun ailəsi ona razı olur, həm də cani şəxs kifayət qədər cəzalandırılır ki, həm onun özü, həm də başqaları üçün ibrət dərsi olsun, sadə şəkildə adam öldürməyə adət etməsinlər, (qeyri-islam ölkələrində olduğu kimi) günahsız adamı qətlə yetirdikdən sonra bir neçə il həbs cəzası çəkməklə yenidən azad olunaraq camaatı təhlükəyə məruz qoymasın.
İslam hər bir halda məsələləri gerçək nəzərlə araşdırır, onun hər bir tərəfini tədqiq edir. Günahsızların qanı məsələsində də məsələnin həll yolunu hər növ ifratdan və təfritdən uzaqda bəyan etmişdir; nə təhrif olunmuş yəhudi ayini kimi yalnız qisasa arxalanır, nə də hazırkı məsihiyyətdə olduğu kimi təkcə əfvə tövsiyə edir. Çünki ikinci variant caninin cinayətə cürətlənməyinə səbəb olur, birincisi isə intiqamçılıq hisslərini təhrik edir.[5]
Quranda qisas hökmünün qoyulmasının ən mühüm dəlili “cəmiyyətin (sağlam) həyatının qorunub saxlanması” hesab edilir. “Bəqərə” surəsində qisasın səbəb və fəlsəfəsi ilə əlaqədar buyurulur: “Ey əql sahibləri, sizin üçün qisasda həyat vardır. Bəlkə təqvalı olasınız.”[6] Yəni qisasda əsas hədəf edam deyil, daha böyük hədəf olan həyat irəli çəkilir. Əsas hədəf fərdin və ya cəmiyyətin qalan insanlarının işlərini sahmana salmaq, adi və normal vəziyyətə qaytarmaqdan ibarətdir. Əgər bir kəs heç bir dəlil olmadan və cəmiyyətdə mövcud olan adət-ənənələrdən uzaqda başqasını öldürsə, ictimai həyat təhlükə ilə qarşılaşar, qisas hökmü də fərdi və ictimai həyatın qalmasına zəmanət verir.
Bəziləri qisas hökmünə irad tutub deyirlər ki, “qisas nəticəsində digər bir nəfərin də canı əldən gedir, halbuki, insani mərhəmət canidən qisas alınmamasını tələb edir!”
Cavabda deyirik: Hər növ mərhəmət bəyənilən, məqsədə uyğun deyildir, hər bir mərhəmət fəzilət hesab olunmur. Ürəyi daşlaşmış cinayətkar şəxs ilə (belə ki, insanları öldürmək onun üçün su içmək kimi asandır) mərhəmətlə davranmaq, qanuna riayət etməyən, qanunu pozan və insanların canına, malına, namusuna təcavüz edən bir şəxsə rəhm etmək saleh insanların barəsində zülm hesab olunur. Əgər mərhəmətdən mütləq şəkildə, heç bir qeyd və şərti mülahizə etmədən istifadə etsək, cəmiyyətin hakim sistemində xələl yaranar, insaniyyət fəlakətə, uçurumlara sürüklənər, insani fəzilətlər puç olub aradan gedər.[7]
Mərhum Şəhid Mütəhhəri bu ayənin izahında yazır: “Canindən qisas alıb onu qətlə yetirmək öldürmək hesab olunmur. Bunu yeni bir həyat qələmə verin, lakin bu, fərdin həyatı deyil, cəmiyyətin həyatıdır. Yəni təcavüzkar bir şəxsdən qisas alınması bütövlükdə cəmiyyətin və xüsusi şəkildə ayrı-ayrı üzvlərin həyatına zəmanət verir. Siz əgər qatildən qisas almasanız, sabah başqa bir nəfərin də canını alacaqdır. Sabah onlarla digər (qatil) insan tapılacaq və digər onlarla insanı qətlə yetirəcəkdir. Deməli, qatildən qisas almağı cəmiyyətin azalması yox, cəmiyyətin qalıb davam etmə səbəbi hesab edin. Bunu öldürmək yox, cəmiyyət üçün həyat hesab edin. Yəni qisasın mənası insanla düşmənçilik etmək deyildir, insanlarla dostluq mənasınadır.”[8]
Əgər insan əxlaqi təkamüldə çox yüksək bir mərhələyə nail olsaydı və qisas, yəni fərdi və ictimai həyatın təmin edilməsi, cəmiyyət işlərinin başqa üslubla islah olunması kimi məqsədlər müqəssir və cinayətkar şəxsin fiziki cəhətdən yox (edam) edilməsindən başqa bir qanunla həyata keçə bilsəydi, mütləq ona üstünlük verilərdi. Çünki qisasda əsas hədəf edam deyildir, əsas hədəf həyatdır və Allah-taala bütün bəndələrinə və məxluqatına qarşı mərhəmətlidir. Buna görə də şərif ayə əql sahibi olan insanların ülvi-insanı duyğularına yox, əqlinə xitab edilir, sonra buyurulur: “Ey əql sahibləri, qisasda sizin üçün həyat vardır.”
Sağlam ictimai həyat ümumxalq asayişinə, ictimai təhlükəsizliyə, qarşılıqlı olaraq vəzifələrə və hüquqlara riayət olunmasına bağlıdır. Ümumxalq asayişi də ictimai həyatın sütunlarının qorunub saxlanmasına bağlıdır. Həsrə təkid etmədən, istiqrai (faktlara istinad edilən) baxımla bir ictimai həyatın əsl ünsürləri aşağıdakılardan ibarətdir: insanların din, can, mal-dövlət, şəxsiyyəti (habelə namusuna, yaxud nəslinə) ehtiram qoymaq, insanın əqli. Ğəzzalidən bu tərəfə İslam alimlərinin və fəqihlərin diqqət mərkəzində olan bu əsas prinsiplər həqiqətdə sağlam bir cəmiyyətin sütunlarını təşkil edir, onun malik olduğu şaxələrlə və hissələrlə cəmiyyətin mühüm və mötəbər sayılan külli məsləhətlərini öz öhdəsinə ala bilər.[9]
Yuxarıda deyilənlərə diqqət yetirməklə demək olar ki, İslam cəza qanunları sistemində əsas və mühüm hədəf dini və ictimai quruluşun qorunub saxlanmasıdır. Bu yüksək hədəf də yalnız o zaman təmin olunar ki, insanları islah və tərbiyə yolu ilə, yaxud cəzadan qorxduqlarına görə ictimai sistemin sütunlarına xələl yetirən əməllərə mürtəkib olmaqdan saxlasın.
[1] İbni Mənzur, “Lisanul-ərəb”, 11-ci cild, səh. 190
[2] Nəcəfi, Məhəmməd Həsən, “Cəvahirul-kəlam”, tədqiqatçı: Quçani, Abbas, 42-ci cild, səh. 7, “Daru ehyahit-turasil-ərəbi”, Beyrut, 7-ci çap:
وَالْمُرَادُ بِهِ هُنَا اِسْتِیفَاءُ اَثَرِ الْجِنَایَةِ مِنْ قَتْلٍ أَوْ قَطْعٍ أَوْ ضَرْبٍ أَوْ جَرْحٍ، فَکَأَنَّ الْمُتَقَصَّ یَتْبَعُ أَثَرَ الْجَانِی، فَیَفْعَلُ مِثْلَهُ
[3] “Məkarim Şirazi, Nasir, "Təfsiri nümunə", 1-ci cild, səh. 603, Tehran, “Darul-kutubil-İslamiyyə”, 1374-cü şəmsi il
[4] “Maidə surəsi, ayə: 45:
وَکَتَبْنَا عَلَیهِمْ فِیهَا أَنَّ النَّفْسَ بِالنَّفْسِ وَالْعَینَ بِالْعَینِ وَالأنْفَ بِالأنْفِ وَالأذُنَ بِالأذُنِ وَالسِّنَّ بِالسِّنِّ وَالْجُرُوحَ قِصَاصٌ فَمَنْ تَصَدَّقَ بِهِ فَهُوَ کَفَّارَةٌ
[5] “Təfsiri-nümunə”, 1-ci cild, səh. 607
[6] “Bəqərə” surəsi, ayə: 179
[7] “Təbatəbai, Məhəmməd Hüseyn, “Əl-mizan” təfsiri (farsca tərcüməçi Musəvi Həmədani, Seyid Məhəmməd Baqir), 1-ci cild, səh. 665, Qum, “Müddərislər heyəti”nin nəşriyyatının dəftərxanası
[8] Mütəhhəri, Mürtəza, “Məcmueye asar” (əsərlərinin külliyyatı), 22-ci cild, səh. 749, Tehran, “Sədra” nəşriyyatı
[9] Xosrovşahi, Qudrətullah, “İslam nəzərindən qisasın fəlsəfəsi”, səh 1908, Qum, “Bustani kitab”, 1-ci çap, 1380-cı şəmsi il