Kufə və Səhlə məscidlərinin fəzilətləri barəsində nəql olunan rəvayətlərdən aydın olur ki, bu məscidlərin əməllərinin hamısını bir yerdə əncam verməklə əlaqədar imamlardan (əleyhimus-salam) göstəriş verilməmişdir. Bir səhabəyə bir dua və namaz təlim verilmiş, başqa səhabəyə isə digər dua və namaz. Buna əsasən, zairləri o məscidlərin əməllərinin hamısını yerinə yetirməyə vadar və ya təşviq etməyə ehtiyac yoxdur. Dini təlimlərə müraciət etməklə görürük ki, insan müstəhəb ibadətləri zorla özünə qəbul etdirməməlidir. Çünki bu halda o əməllərdən kamil bəhrələnmək olmaz, üstəlik tam əks nəticə də verərək ibadət və raz-niyaz halının insandan alınmasına səbəb ola bilər. Buna görə də cəm şəklində yerinə yetirilən ibadət proqramlarından tam və səmərəli istifadə etmək üçün ayrı-ayrı şəxslərin, xüsusilə qocaların, arvad-uşaqların vəziyyətini nəzərə almaq zəruridir. Qeyd edək ki, xüsusi bir məkanda ibadət etmək bəzən bir xüsusiyyətə malik olduğuna görə insan onu ürəyi istədiyi kimi dəyişdirə bilməz. Allahla edilən hər bir raz-niyaz və minacat dəyərlidir və savaba malikdir.
Rəvayətlərdə fəzilət və əməlləri barəsində təkid edilən məscidlərdən biri də Kufə və Səhlə məscididir. Dini mənbələrdə onun tarixi islamdan qabaqkı dövrlərə qayıdır. Sonradan qeyd edəcəyimiz kimi, keçmiş peyğəmbərlərdən çoxu bu məsciddə dua, raz-niyaz etmiş və namaz qılmışdır. Bu məscidlərin fəzilət və əməlləri ilə əlaqədar nəql edilən rəvayətləri araşdırmaqla məlum olur ki, imamlar (əleyhimus-salam) tərəfindən verilən göstərişlər məcmu şəkilində və bir nəfər üçün olmamışdır ki, onlardan nəql olunan bir dua və namaz ünvanı ilə hamı tərəfindən riayət edilsin.
Bu barədə iki məsələni qeyd etmək zəruridir:
1. Rəvayətlərdə mövcud olan ibadətlər gərək eynilə rəvayətdə gələn şəkildə yerinə yetirilsin, ona heç bir şey əlavə etmək və ya azaltmaq haqqımız yoxdur. Əbdüllah ibni Sənan deyir: İmam Sadiq (əleyhis-salam) buyurdu: “Bir zaman gələcəkdir ki, imamsız və rəhbərsiz qalacaqsınız, şübhələr sizi bürüyəcəkdir... Bu dövranda yalnız “Ğəriq” duasını oxuyanlar nicat tapacaqdır.” “O dua necədir?” deyə soruşduqda, həzrət buyurdu ki, belə deyərsən:
يَا اللَّهُ يَا رَحْمَانُ يَا رَحِيمُ يَا مُقَلِّبَ الْقُلُوبِ ثَبِّتْ قَلْبي عَلَى دِينِكَ
“Ey Allah, ey Rəhman, ey Rəhim! Ey qəlbləri dəyişdirən (Allah)! Mənim qəlbimi Öz dinində sabit saxla!”
Ravi deyir ki, mən duanı o həzrətin hüzurunda oxuyan zaman “qülub” kəlməsindən sonra “əbsar” kəlməsini də artırdım. (Yəni “ey qəlbləri və gözləri dəyişdirən Allah” - dedim). İmam məni danlayaraq buyurdu: “Allah “müqəllibəl-qülub vəl-əbsar”dır, lakin duanı sənə öyrətdiyim kimi oxu və ona heç bir şey əlavə etmə!”[1]
Əməllər barəsində xüsusi göstəriş verilmiş olsa, onu artırıb-azaltmağa haqqımız yoxdur, amma sözü gedən mövzuda (bütün əməllərin bir yerdə yerinə yetirilməsi və ya karvanda olanların hamısını məscidin bütün əməllərini təyin olunmuş məkanlarda yerinə yetirməyə vadar etmək) sonradan deyəcəyimiz kimi, onun qeyd olunan şəkildə əncam verilməsinə dəlil yoxdur və imamların göstərişinə müvafiq olaraq yerinə yetirmək lazımdır. Çünki o göstərişlərin bəziləri xüsusi məkanlara aiddir. Misal üçün, təvaf əməli yalnız Kəbə evinin ətrafında olmalıdır, başqa yerdə edilərsə heç bir təsiri (savabı) olmaz.
2. Kufə və Səhlə məscidində bəzi ümumi əməllər vardır ki, onları məscidin hər bir yerində yerinə yetirmək olar. O cümlədən, aşağıdakı rəvayətlərdə deyilənlər:
1. İmam Əli (əleyhis-salam) buyurur: “Kufə məscidində müstəhəb namaz qılmaq Peyğəmbərlə birlikdə ümrə əməlini yerinə yetirməyin savabına, orada vacib namazı qılmaq isə Peyğəmbərlə birlikdə Həcc əməlini yerinə yetirməyin savabına bərabərdir. Min peyğəmbər və min peyğəmbər vəsisi bu məsciddə namaz qılmışlar.”[2]
2. Harun ibni Xaricə Kufə məscidində namaz qılmağın fəziləti barəsində imam Sadiq (əleyhis-salam)-dan uzun bir rəvayət nəql etmişdir... Bu rəvayətin davamında həzrət Kufə məscidinin fəziləti barəsində buyurur: “Mən əgər Kufədə olsaydım, arzu edərdim ki, bütün namazlarımı orada qılım... Allahın elə bir saleh bəndəsi və peyğəmbəri olmayıb ki, bu məsciddə namaz qılmasın. Merac gecəsi Peyğəmbər (səlləllahu əleyhi və alih)-in yolu bu məsciddən düşdü və icazə alıb orada iki rəkət namaz qıldı... Vacib namazı bu məsciddə qılmağın min vacib namaz qədər savabı vardır. Müstəhəb namazı bu məsciddə qılmağın savabı başqa yerdəki 500 namazın savabına bərabərdir. Bu məsciddə zikr və Quran tilavətinə məşğul olmadan (da) oturmaq ibadətdir...”[3]
3. İmam Sadiq (əleyhis-salam) buyurur: “Qəm-qüssəli olan hər bir insan Səhlə məscidində məğrib və işa namazları arasında iki rəkət namaz qılsa, Allah onun qəm-qüssəsini aradan aparar.”[4]
4. İmam Sadiq (əleyhis-salam) yenə buyurur: “Səhlə məscidində namaz qıl, dünya və axirət hacətlərini Allahdan istə! Çünki bu məscid həzrət İdris (əleyhis-salam)-ın evi idi ki, orada dərzilik edirdi. Bu məsciddə dua etmək müstəhəbdir. Allah bu məsciddə dua edənlərə uca məqam və İdrisin dərəcəsini əta edər, onu dünyanın pisliklərindən və düşmənlərindən qoruyub saxlayar.”[5]
5. Əbu Həmzə Somali nəql edir ki, “imam Səccad (əleyhis-salam) Mədinədən Kufə məscidinə gəldi, Kufə məscidində təkcə iki rəkət namaz qıldı, sonra dəvəsinə minib Mədinəyə qayıtdı.”[6]
Bəzi rəvayətlər də bu məscidlərin xüsusi məsələlərinə diqqət yetirir, o cümlədən:
1. Əbu Həmzə Somali deyir: Əsbəğ ibni Nübatə mənim əlimdən tutub yeddinci sütunun yanına apardı və dedi: “Bu, Əmirəl-möminin Əli (əleyhis-salam)-ın məqamıdır. Həzrət Əli (əleyhis-salam) namaza gəlməyəndə imam Həsən (əleyhis-salam) burada namaz qılırdı. Başqa vaxtlarda isə beşinci sütunun yanında namaz qılırdı.”[7]
2. Bəni-Abbasın hakimiyyəti dövründə imam Sadiq (əleyhis-salam) “Fil” qapısından (məscidin qapılarından biri bu adla məşhurdur) məscidə daxil olaraq sol tərəfə getdi və dördüncü sütunun yanında dayanıb namaz qıldı. Ravi deyir ki, “Həzrət İbrahimin sütunu bu yerdirmi?” deyə soruşduqda, həzrət “bəli”, deyə cavab verdi.”[8]
3. İmam Sadiq (əleyhis-salam) səhabələrinin bəzilərinə buyururdu: “Beşinci sütunun – İbrahim məqamının yanında namaz qıl!”[9]
Kufə məscidinin əməlləri ilə əlaqədar rəvayətləri araşdırdıqda məlum olur ki, bu məscidlərdə məsumların namaz qılma sirəsi (adət və davranışı) eyni olmamışdır və bu rəvayətlərdə hamının həmin əməlləri yerinə yetirməyə vəzifəli olması aşkar deyilmir.
Deməli, yaxşı olar ki, bu məscidlərin daxilində zairlərin müxtəlif yerlərə aparılması çətin olanda birinci dərəcəli ibadətlərlə kifayətlənsinlər və zairləri azad qoysunlar ki, istədikləri surətdə məscidin xüsusi yerlərinə də getsinlər.
Allah ilə minacat və raz-niyaz etmək hər bir zamanda və məkanda bəyənilir. Hər hansı bir yerə məxsus olan minacatları sadəcə, “Allahla minacat” niyyəti ilə (nəinki o əməli hər yerdə əncam vermək olar) toplu şəkilində yerinə yetirməyin eybi yoxdur. Diqqət yetirmək lazımdır ki, ibadətlərdə, xüsusilə müstəhəb əməllərdə hüzuri-qəlb onu yerinə yetirməkdən daha mühümdür.
Əlavə məlumat almaq üçün aşağıdakı görünüşlərə baxın:
“Müstəhəb əməllərdə hüzuri-qəlb”, sual 2099 (sayt: 2159)
“Müstəhəb namazları şövq ilə qılmaq”? sual 12964 (sayt: 13426)
[1] Məclisi, Məhəmməd Baqir, “Biharul-ənvar”, 52-ci cild, səh. 148, hədis 73, “Vəfa” müəssisəsi, Beyrut, 1404-cü qəməri il
[2] Yenə orada, 80-ci cild, səh. 376
[3] Kuleyni, Məhəmməd ibni Yəqub, “Əl-kafi”, 3-cü cild, səh. 490, hədis 1, “Darul-kutubil-islamiyyə”, Tehran, 1365-ci şəmsi il
[4] Tusi, Məhəmməd ibni Həsən, “Təhzibul-əhkam”, 6-cı cild, səh. 38, hədis 21, “Darul-kutubil-islamiyyə”, Tehran, 1365-ci şəmsi il
[5] “Biharul-ənvar”, 97-ci cild, səh. 434, hədis 1
[6] “Təhzibul-əhkam”, 3-cü cild, səh. 254, hədis 20
[7] Yenə orada, 6-cı cild, səh. 33, hədis 8.
[8] Yenə orada, 3-cü cild, səh. 252, hədis 10
[9] “Biharul-ənvar”, 97-ci cild, səh. 388, hədis 11