Müsibətə səbir etmək, onun təsirlərinə diqqət yetirmək və ölümün hamı üçün və haqq olması barədə təfəkkür etməklə müsibətlərin təsirini asanlaşdırmaq olar. Dünyadan gedən şəxslər üçün əncam verilə bilən müstəhəb əməllər: dəfn olunduğu birinci gecədə vəhşət namazı qılmaq, meyitin tərəfindən sədəqə vermək, dua etmək və onun üçün Quran oxumaq. Vəhşət namazını bütün gecələrdə yox, yalnız dəfn gecəsi qılmaq müstəhəbdir. Başqa günlərdə onun yerinə yaxşı olar ki, ölülər üçün digər müstəhəb işlər əncam verilsin.
Müsibət görmüş adamın qəm-qüssə və müsibətinin azalması üçün mümkün olan işlərdən ən mühümü aşağıdakılardan ibarətdir:
a) Müsibətə səbir etmək.
Səbir həyatda insanın ən yaxşı köməkçisidir.[1] Səbrin qisimlərindən biri müsibətlərdə səbir etməkdir.[2]
Ayə və rəvayətlərdə səbir etmək üçün çoxlu dəyər və savab qeyd olunmuşdur. Onun nəticələrinə diqqət yetirmək yaxın adamların ölümündə baş verən müsibət və qəm-qüssənin azalması və yüngülləşməsi yollarından biridir. Burada həmin barədə olan ayə və rəvayətlərdən bir neçəsini qeyd edirik:
1. Allah-taala Quranda buyurur: “Səbir edib müqavimət göstərdiyinizə görə sizə salam olsun! O (əbədi) aləmin axır-aqibəti necə də gözəldir!”[3] “Şübhəsiz, sizin hamınızı qorxu, aclıq, mal-dövlətin, canınızın və meyvələrinizin azalması ilə imtahan edəcəyik, səbir edənlərə müjdə ver! O kəslər ki, onlara müsibət baş verən zaman “Biz Allah tərəfindik və Allaha doğru qayıdacağıq” - deyirlər. Allahın mərhəmət və lütfləri onlara şamil olmuşdur və onlar hidayət olunanlardır.”[4]
2. İmam Əli (əleyhis-salam) buyurur: “Ən yaxşı uzaqgörənlik müsibətlərə səbir etməkdir.”[5] “İmanın xəzinələrindən biri müsibətlərə səbir etməkdir.”[6] “Müsibətlərə səbir etmək (insanı) şərafətli edir və uca məqamlara çatdırır.”[7]
b) Ölümün haqq olmasını və gerçəkliyini dərk edib fikirləşmək
İnsan bu gerçəkliyi dərk edərək ölümün hamı üçün haqq olduğunu fikirləşməlidir: “Hər insan ölüm (şərbətini) dadacaqdır, sonra sizi Bizim dərgahımıza doğru qaytaracaqlar.[8]
Bütün varlıqlar Allah-taalanın cilvəsi olduğundan və Ondan qaynaqlandığından, axırda da Ona doğru qayıdacaqlar: “Həqiqətən biz Allahdanıq və Ona doğru da qayıdacağıq.”[9] Allaha imanın səmərələrindən biri də müsibət və ağır hadisələr baş verən zaman Quranda buyurulan bu cümlənin (ayənin) məzmununa diqqət yetirməkdir. Bu cümləni özünə təlqin etmək qəlbə təskinlik bağışlayır, onu yüngülləşdirir. Bu təlqin həqiqətə nə qədər yaxın olsa, ruhi sarsıntıları bir o qədər aradan aldıracaq, qəlbə vüqar və asudəlik verəcəkdir.
v) Ölülər üçün yaxşı əməllər görmək
Hədislərdə ölülər üçün yaxşı əməllər əncam vermək tövsiyə olunmuşdur. Onların bəziləri müəyyən şərtlər daxilində vacib, bəziləri də müstəhəb olur. Rəvayətlərdə tövsiyə olunan müstəhəb əməllərdən bəzilərini qeyd edirik:
1. Ölünün niyyətinə sədəqə vermək. Bəni-Saidə qəbiləsindən birinin anası dünyadan getmişdi. O, Peyğəmbərin hüzuruna gəlib dedi: “Mən evdə olmadığım bir vaxt anam dünyadan getmişdir. Əgər onun tərəfindən bir sədəqə versəm, savabı ona çatacaqdır?” Həzrət buyurdu: “Bəli.”[10]
2. Quran oxumaq. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) buyurur: “Hər kəsin yolu qəbiristanlıqdan düşsə və “Tövhid” surəsini on bir dəfə oxuyaraq savabını ölülərə hədiyyə etsə, ölülərin sayı qədər ona savab verərlər.”[11]
3. Ölülərin niyyəti ilə yaxşı işlər görmək. İmam Sadiq (əleyhis-salam) buyurur: “Meyit üçün verilən sədəqə, edilən dua və yaxşılıq ona çatır və onun savabını həm o işi görənə, həm də meyitə verirlər.”[12] “Hər müsəlman şəxs ölülərin niyyəti ilə yaxşı bir iş görsə, Allah-taala onun savabını bir neçə qat artırar və ölülər ondan bəhrələnər.”[13]
4. Vəhşət namazı. Ölünün dəfn olunduğu birinci gecədə onun üçün iki rəktət vəhşət namazı (dəfn gecəsində meyitə hədiyyə namazı) qılmaq müstəhəbdir.[14] Onun qaydası mərcəyi-təqlidlərin risalələrində qeyd olunmuşdur.[15] Deməli, vəhşət namazını bütün gecələrdə yox, ölünün dəfn olunduğu birinci gecədə qılmaq müstəhəbdir. Başqa vaxtlarda isə, yuxarıda qeyd olunan yaxşı əməlləri əncam verib ananıza hədiyə edə bilərsiniz ki, ruhu şad olsun. Meyit üçün vacib əməllər barəsinə aşağıdakı görünüşlərə baxın:
1. “Meyitin əmlakının xümsü”, sual 3542 (sayt: 3780)
2. “Ata-ananın namaz və orucunun qəzası”, sual 4115 (sayt: 4400)
[1] Əlavə məlumat üçün “Səbrin artırılması” görünüşünə baxa bilərsiniz: Sual 8418 (sayt: 9091)
[2] Deyləmi, Şeyx Həsən, “İrşadul-qulub iləs-səvab”, 1-ci cild, səh. 126, “Şərif Rəzi” nəşriyyatı, Qum, birinci çap, 1412-ci qəməri il
[3] “Rəd” surəsi, ayə: 24
[4] “Bəqərə” surəsi, ayə: 155-157
[5] Təmimi Amədi, Əbdül-Vahid ibni Məhəmməd, “Ğurərul-hikəm”, səh. 283, hədis 6299, “İslami təbliğat” nəşriyyatı, Qum, 1366-cı şəmsi il
[6] Yenə orada, səh. 288, hədis 6298
[7] Yenə orada, səh. 262, hədis 6269
[8] “Ənkəbut” surəsi, ayə: 57: كُلُّ نَفْسٍ ذائِقَةُ الْمَوْتِ ثُمَّ إِلَيْنا تُرْجَعُون
[9] “Bəqərə” surəsi, ayə: 156
[10] Molla Hüveyş Ali-Ğazi, Əbdül-Qadir, “Bəyanul-məani”, 1-ci cild, səh. 203, “Tərəqqi” çapxanası, Dəməşq, birinci çap, 1382-ci qəməri il; Qurtəbi, Məhəmməd ibni Əhməd, “Əl-camiu liəhkamil-Quran”, “Nasir Xosrov” nəşriyyatı, Tehran, birinci çap, 1364-cü şəmsi il
[11] Məclisi, Məhəmməd Baqir, “Biharul-ənvar”, 10-cu cild, səh. 368, “Vəfa” müəssisəsi, Beyrut, 1404-cü qəməri il
[12] Amili, Şeyx Hürr, “Vəsailuş-şiə”, 8-ci cild, səh. 279, “Alul-beyt (əleyhimus-salam)” müəssisəsi, Qum, 1409-cu qəməri il
[13] Hilli, İbni Fəhd, “Uddətud-dai”, səh. 146, “Darul-kitabil-islami”, Qum, 1407-ci qəməri il
[14] Amili (Kəf’əmi), İbrahim ibni Əli, “Əl-misbah”, səh. 414, “Darur-Rəzi” nəşriyyatı, Qum, ikinci çap, 1405-ci qəməri il; “Vəsailuş-şiə”, 8-ci cild, səh. 168
[15] Musəvi, (İmam Xomeyni), Seyid Ruhullah, “Tovzihul-məasil”, 1-ci cild, səh. 348, tədqiq və təshih: Seyid Məhəmməd Hüseyn Bəni-Haşim Xomeyni, “İslami nəşriyyat”ın dəftərxanası, Qum, 8-ci çap, 1424-cü qəməri il