Rical alimlərinin sözlərində “kitab” özünün adi və məşhur mənasınadır və həm əslə, həm də təsnifə (yəni məsum imamın səhabələrinin vasitəsi ilə hədis nəqli üçün qələmə alınan və kitab şəkilinə salınan həmin şeyə) şamil olur.
Alimlərin bəziləri, məsələn, Əllamə Məclisi, Seyid Bəhrul-ülum və Şeyx Səduq (rəhmətullahi əleyhim) inanırlar ki, kitaba, əslə və ya təsnifə malik olmaq ravinin etibarlı olmasına və təriflənməsinə dəlalət edir.
Amma imam Xomeyni (rəhmətullahi əleyh) də daxil olmaqla alimlərin çoxu deyirlər ki, kitaba, əslə və təsnifə malik olmaq hədis ravisinin tərif və etibarına dəlalət etmir, çünki bu məsələ çox ümumidir və mümkündür ki, bir kəs kitaba və əslə malik olsun, amma etibarlı adam olmasın, nəticədə ona etimad edilməsin.
Hədis-rical kitablarında “hədisin ravisinin kitabı, əsli və ya təsnifi olsa, bu onun mötəbər adam olmasına dəlalət edir, ya yox?” - deyə bir fəsil ayrılmışdır. Cavabı bəyan etməzdən əvvəl gərək rical elmində adi olan bu kəlmələrin məqsədini xülasə şəkildə aydınlaşdıraq:
1. Kitab. Rical alimlərinin kəlamında bu termin adi mənaya olan kitabdır ki, əslə və təsnifə də[1] (yəni həmin şey ki, məsum imamların (əleyhimus-salam) səhabələrinin vasitəsi ilə hədis nəqli üçün təlif olunmuşdur) şamil olur.[2]
2. Əsl. O kitaba deyilir ki, onun müəllifi məsum imamdan, yaxud onun ravisindən eşitdiyi rəvayətlərin məcmusunu bir yerə toplamışdır.[3] “Üsuli ərbəə miə” bu qəbildəndir. İmam Sadiq (əleyhis-salam)-ın səhabələrindən olan Zeyd Zərradın əsli kimi. Əlbəttə, alimlərin bəziləri əsl üçün digər məna da bəyan etmişlər.[4]
3. Təsnif (müsənnəf): Məqsəd o kitabdır ki, məsum imamların səhabələri rəvayət toplamaqdan başqa bir məqsədlə onu yazmış olsunlar. Baxmayaraq ki, ona bəzən mütləq şəkildə “kitab” da deyilir. [5]
Qeyd olunan mənalara diqqət yetirməklə kitab müsənnəfdən və üsuldan ümumi məna daşıyır, münəssəf və üsuldan hər biri digərinin ziddidir.[6] Həmçinin deyilmişdir ki, əsl – kitab və ya təsnifin xüsusi formasıdır.[7]
Əlbəttə, kitab ilə əslin arasında bir çox fərqlər vardır ki, aşağıda onların bəzisini qeyd edirik:
a) Əsldə ravi məsumdan və ya ravidən eşitdiyi hədisləri bir yerə toplamışdır. Amma kitab və müsənnəfdə mövcud olan mötəbər hədislər əksərən əsldən götürülür.
b) Əsl – hədisləri digər kitabdan götürülməmiş mötəbər bir məcmuədir.[8]
Kitab, əsl və təsnifin tərifi və izahı verildikdən sonra əgər bir ravinin kitabı, əsli və ya təsnifi olsa, görəsən bu onun mötəbər adam olmasına dəlalət edirmi? Bu barədə bəzi alimlərin nəzəriyyələrini qeyd edirik:
1. Bəziləri inanırlar ki, kitab, əsl və ya təsnifə malik olmaq ravinin etibarına və tərifinə dəlalət edir, o cümlədən:
a) Əllamə Məclisi barələrində nə tövsiq, nə də mədh gəlməyən, amma əsl sahibi olan ravilər barəsində deyir: “Bu cümlənin ravinin heç olmazsa hüsnünə və mədhinə dəlalət etməsi uzaq görüş deyildir.”[9]
b) Seyid Bəhrul-ülum: “Əsl ravinin vəziyyətinin yaxşı olmasına və kitabının etibarına dəlalət edir.”[10]
v) Şeyx Səduq kitaba sahib olan ravilərə etimad edir.[11]
2. İmam Xomeyni,[12] Xoi[13], Sübhani,[14] Təbrizi[15] və s. alimlər inanırlar ki, kitaba, əslə və təsnifə malik olmaq ravinin tövsiqinə (etibarına) və mədhinə dəlalət etmir. Çünki bu məsələ ümumidir: bəziləri kitab və əsl sahibi olsalar da, siqə olmaya bilər və bu halda ona etimad etmək olmaz. Vaqifi və fətəhi məzhəbində olan ravilər kimi. Onların kitablarına etimad olunur. Səbəbi də budur ki, qədim alimlərin (mütəqəddimin) nəzərinə görə səhih hədis termini son dövrün alimlərinin (mütəəxxirin) nəzərində olanlarda fərqlənir, birincilərin nəzərində hədisin səhihliyi ravinin tövsiqini (etibarını) lazım tutmur.
İmam Xomeyni bu barədə yazır: “Rical alimlərinin dediyi “onun üçün əsl vardır” sözü əslin özünə və ya onun müəllifinə etimada dəlalət etmir.”[16]
Rical və dirayə elmlərində bəzi bəhslərlə əlaqədar məlumat almaq üçün aşağıdakı görünüşlərə bax:
“Mərfu, mürsəl, məqtu və mövquf hədis”, sual 10825 (sayt: 10754)
“Ləfzi, mənəvi və icmali mütəvatir hədisinin meyarı”, sual 2412 (sayt: 2529)
“Müənən hədisin höccət olmasında şeyxlərin tədlisinin əsəri”, sual 8083 (sayt: 8166)
[1] İmam Xomeyni, “Təharət” kitabı, 3-cü cild, səh. 365, Bi.na, bi.ta; Sübhani, Cəfər, “Külliyyatun fi elmir-rical”, səh. 474, “İslami nəşriyyat”ın dəftərxanası, Qum, beşinci çap, 1423-cü qəməri il
[2] “Külliyyatun fi elmir-rical”, səh. 477
[3] “Külliyyatun fi elmir-rical”, səh. 475; “Təharət” kitabı, 3-cü cild, səh. 266
[4] Məsələn, Seyid Bəhrul-ülum “Əl-fəvaudir-ricaliyyə” kitabında Zeyd Nərsinin etibarını isbat etmək üçün dörd dəlilə istinad etmişdir. Onlardan biri budur ki, Şeyx Tusi onu (Zeyd Nərsini) “əsl sahibi” kimi təqdim etmiş, sonra əslin tərifində demişdir: Bizim səhabələrimizin (mühəddislərimizin) terminində “əsl” etimad olunan kitab mənasınadır, özü də başqa kitabdan götürülməyən kitab. (Burucerdi, Seyid Məhdi Bəhrul-ülum, “Əl-fəvaidur-ricaliyyə”, 2-ci cild, səh. 367, tədqiq və təshih: Məhəmməd Sadiq Bəhrul-ülum və Hüseyn Bəhrul-ülum, “Sadiq” kitabxanasının nəşriyyatı, Tehran, birinci çap, 1405-ci qəməri il.) İmam Xomeyni Bəhrul-ülumun “zəbib suyu” bölməsindəki sözünü Zeyd Nərisni əslindən nəql etdiyi rəvayətə əsasən nəql etmiş və sonra onu müfəssəl şəkildə tənqid etmiş, əsl, kitab və müsənnəfin məfhum və mənası barəsində geniş bir tədqiqat irəli sürmüşdür. (“Təharət” kitabı, 3-cü cild, səh. 243-244, 258-262)
[5] “Təharət” kitabı, 3-cü cild, səh. 266; “Külliyyatun fi elmir-rical”, səh. 476-477
[6] “Təharət” kitabı, 3-cü cild, səh. 265
[7] “Külliyyatun fi elmir-rical”, səh. 477
[8] Haşimi Şahrudi, Seyid Məhmudun nəzarəti altında fəaliyyət göstərən bir qrup tədqiqatçı, “Əhli-beyt (əleyhimus-salam) məzhəbinə müvafiq olan fiqh lüğəti”, 1-ci cild, səh. 535, “Əhli-beyt (əleyhimus-salam) məzhəbi əsasında islami fiqh ensiklopediyası” müəssisəsi, Qum, birinci çap, 1426-cı qəməri il
[9] Məclisi, Məhəmməd Baqir, “Miratul-uqul fi şərhi əxbari Alir-Rəsul (əleyhimus-salam)”, 1-ci cild, səh. 108, 10-cu cild, səh. 12, tədqiq və təshih: Seyid Haşim Rəsuli, "Darul-kutubil-islamiyyə", Tehran, ikinci çap, 1404-cü qəməri il
[10] “Əl-fəvaidur-ricaliyyə”, 2-ci cild, səh. 367
[11] Misal üçün, Əbdüllah ibni Bükeyr barəsində deyir: “Əbdüllah ibni Bükeyr fətəhi məzhəbində olsa da, tövsiq olmuşdur (etibarlı sayılır) və kitab sahibidir.” Şeyx Səduq, “Mən la yəhzuruhul-fəqih”, 4-cü cild, səh. 428, “İslami nəşriyyat”ın dəftərxanası, Qum, 2-ci çap, 1413-cü qəməri il
[12] Musəvi Xoi, Seyid Əbul-Qasim, “Möcəmu ricalil-hədis və təfsilu təbəqatir-rical”, 1-ci cild, səh. 76, 8-ci cild, səh. 335
[13] “Təharət” kitabı, 3-cü cild, səh. 268
[14] “Külliyyatun fi elmir-rical”, səh. 485-486
[15] “Külliyyatun fi elmir-rical”, səh. 485-486
[16] “Təharət” kitabı, 3-cü cild, səh. 268