Məzmunu mütəvatir olduğuna görə bu hədis (məzmunca) səhihdir. Yəni bu mənaya çoxlu hədislərdə təkid olunmuşdur. Bu hədisdə deyilən “küfr” islamın müqabilində olan küfr yox, imanın müqabilində olan küfrdür. Aydındır ki, kafirin nəcis olması və s. hökmləri iman müqabilində olan küfrə aid olmur.
Əlbəttə, Əliyə itaət etməməyin bu mənaya olan küfr olmasının səbəbi budur ki, o həzrətin fərmanı və tutduğu yol eynilə haqq-həqiqətdən və Allahın fərmanından ibarətdir, buna görə də hər kəs ona qarşı məsiyət (itaətsizlik) etsə, Allaha məsiyət etmişdir. Bu da imamətin yüksək məqamına görədir.
İmam Sadiq (əleyhis-salam)-ın Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən nəql etdiyi “Əliyə itaət etmək (Allaha) bəndəlik və xüzu, ona itaətsizlik etmək Allaha küfrdür” hədisi çoxlu mənbələrdə gəlmişdir, lakin zahirən onun əsl mənbəyi mərhum Kuleyninin “Kafi” kitabıdır.[1]
“Hədis səhihdir” deyildikdə məqsəd dəqiq şəkildə aydın deyildir: yəni məqsədin sənəd cəhətindən, yoxsa məzmun və möhtəva cəhətindən səhih olması məlum deyildir. Buna görə də aşağıda biz hər ikisini araşdırırıq.
Hədisin sənəd baxımından araşdırılması.
Mərhum Əllamə Məclisinin buyurduğu kimi, bu hədisin sənədi zəifdir,[2] baxmayaraq ki, bəziləri müvəssəq (mötəbər) hesab etmişlər.[3] Hədisin sənədində olan Səhl ibni Ziyad Adəmini bəziləri zəif adam hesab etmiş, bəziləri isə siqə saymışlar. Hətta Şeyx Tusi (rəhmətullah əleyh) özünün “Rical” kitabında onu siqə hesab etmişdir,[4] amma “Fehrest” kitabında onu zəif insan kimi təqdim edir.[5] Nəcaşi,[6] Kəşşi[7] və ibni Ğəzairi [8] onu zəif bir adam hesab etmişlər. Hədisin sənədində mövcud olan digər bir ravi Yəhya ibni Mübarəkdir ki, onun barəsində xüsusi məlumat yoxdur, yalnız “Təfsiri Qummi” kitabında ondan rəvayət nəql olunmuşdur.[9] Qummi öz təfsirinin müqəddiməsində yazır: “Biz (bu kitabdakı) rəvayətləri öz şeyxlərimizdən və siqə şəxslərdən rəvayət etmişik.”[10] Lakin müəyyən dəlillərə görə o kitabın bütün ravilərinin siqə olması barəsində alimlər arasında ixtilaf gözə dəyir. Hər bir halda, sənədində bu iki ravinin olmasına görə bu hədis sənəd baxımından etimad olunası deyildir.
Hədisin məzmun cəhətindən araşdırılması
Amma əsas məsələ budur ki, görəsən sənədinin zəifliyi ilə belə, bu hədisin məzmunu səhih ola bilərmi? Cavabda demək lazımdır: Hədisin məzmun və möhtəvası təqribən mütəvatirdir və çoxlu hədislərdə bu mənaya təkid olunmuşdur.[11]
Əllamə Hilli (rəhmətullah əleyh) “Müntəha” kitabında yazır: “İmamət dinin əslindən, sütunlarındandır və onun dindən olması zəruri şəkildə məlumdur. Onu inkar edən kimsə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in (Allah tərəfindən) gətirdiyi şeylərin hamısını qəbul etməmişdir (o həzrətin Allah tərəfindən gətirdiyi şeylərdən biri də Əli (əleyhis-salam)-ın imamətidir) və nəticədə kafir olur.”[12]
Amma diqqət yetirmək lazımdır ki, bu küfrdən məqsəd islamın yox, imanın qarşılığı olan küfrdür. Bu iksi bir-biri ilə fərqlənir. Rəvayətlərdən və böyük islam alimlərin kəlamlarından aydın olur ki, islam, imandan daha ümumi, eləcə də iman müqabilində olan küfr islam müqabilində olan küfrdən daha geniş olub çoxlu insanları əhatə edir. Yəni çox hallarda insan islamı qəbul edə, amma imaməti və vilayəti qəbul etməyə, ona iman gətirməyə bilər. Aydındır ki, kafirin zahiri nəcasət və s. hökmləri imanın müqabilində olan küfrə aid olmur.[13]
Buna görə də mərhum Kuleyni “Kafi” kitabında “islamla iman bir-birindən fərqlidir” ünvanı ilə bir bölmə yazmışdır.[14] Bu bölmənin birinci rəvayətində deyilir: “Qanın hifz olunması (toxunulmazlığı), (müsəlmanla) nikahın halallığı və s. əsərlər islamdan sonra gəlir, amma savab imana görə verilir.”[15]
İmam Baqir (əleyhis-salam) buyurur: “Bir kəs elmi olmadan və ədavət etmədən Əli (əleyhis-salam)-a itaət etməsə, kafir olmaz və islamdan çıxmaz.”[16]
Amma Peyğəmbər (səlləllahu əleyhi və alih)-in “Əliyə qarşı üsyankarlıq Allaha küfrdür” deyə buyurduğu və bu mənaya olan küfrü Əli (əleyhis-salam)-la müxalifət üçün isbat etdiyi hədisə gəldikdə isə, o həzrət öz kəlamının davamında onun cavabını verərək buyurmuşdur: “(Çünki) Əli sizi haqqa doğru hidayət edər.” Deməli, Allaha qarşı kafir olmaq, Əli (əleyhis-salam)-ın şəxsən özü ilə əlaqədar deyil, haqq-həqiqətin mehvərində dövr edir. Lakin o həzrətin rəftar, danışıq və əməlləri tamamilə haqq-həqiqətlə uyğun olduğundan, islam Peyğəmbəri (səlləllahu əleyhi və alih) “Haqq Əli ilə, Əli də haqq ilədir və o hər tərəfə getsə, haqq da ona doğru üz gətirər”[17] hədisinə dəfələrlə təkid etmişdi.
Deməli, ona itaətsizlik haqq-həqiqət qarşısında itaətsizlik və haqqa itaətsizlik də Allaha qarşı küfr sayılır. Bu da imamətin yüksək məqam, dəyər və əhəmiyyətinə görədir. Bu, ilahi bir məqam, eləcə də ona itaət etmək və fərmanlarını qəbul etmək baxımından Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in malik olduğu bir mənzilətdir. Belə ki, Peyğəmbər məşhur və mürəvatir “Qədir” hədisində buyurmuşdu: مَنْ کُنْتُ مَوْلَاهُ فَعَلِیٌّ مَوْلَاهُ “Mən hər kəsin mövlasıyamsa, bu Əli də onun mövlasıdır.”
[1] “Əl-kafi”, 8-ci cild, səh. 116
سَهْلٌ عَنْ یَحْیَى بْنِ الْمُبَارَکِ عَنْ عَبْدِ اللَّهِ بْنِ جَبَلَةَ عَنْ إِسْحَاقَ بْنِ عَمَّارٍ وَ ابْنِ سِنَانٍ وَ سَمَاعَةَ عَنْ أَبِی بَصِیرٍ عَنْ أَبِی عَبْدِ اللَّهِ ع قَالَ قَالَ رَسُولُ اللَّهِ ص طَاعَةُ عَلِیٍّ ذُلٌّ وَ مَعْصِیَتُهُ کُفْرٌ بِاللَّهِ قِیلَ یَا رَسُولَ اللَّهِ کَیْفَ تَکُونُ طَاعَةُ عَلِیٍّ ذُلًّا وَ مَعْصِیَتُهُ کُفْراً بِاللَّهِ فَقَالَ إِنَّ عَلِیّاً یَحْمِلُکُمْ عَلَى الْحَقِّ فَإِنْ أَطَعْتُمُوهُ ذَلَلْتُمْ وَ إِنْ عَصَیْتُمُوهُ کَفَرْتُمْ بِاللَّه
[2] Əllamə Məclisi, “Miratul-uqul”, 11-ci cild, səh. 122
[3] “Dirayətun-nur” CD-nə bax
[4] Şeyx Tusi, “Ər-rical”, səh. 387
[5] Şeyx Tusi, “Əl-fehrest”, səh. 228
[6] Nəcaşi, “Ricalun-Nəcaşi”, səh. 185
[7] Kəşşi, “Ricalu Kəşşi”, səh. 566
[8] İbni Ğəzairi, “Ricalu İbni Ğəzairi”, 1-ci cild, səh. 59 və 67
[9] Əl-Qummi, “Təfsiri Qummi”, 2-ci cild, səh. 50
[10] Yenə orada, 1-ci cild, səh. 4
[11] Şeyx Murtəza Ənsari, “Təharət” kitabı, 5-ci cild, səh. 120-123
[12] “Əl-muntəha”, 1-ci cild, səh. 522
اَلْإِمَامَةُ مِنْ أَرْکَانِ الدِّینِ وَ قَدْ عُلِمَ ثُبُوتُهَا مِنَ الدِّینِ ضَرُورَةً، وَ الْجَاحِدُ لَهَا لَا یَکُونُ مُصَدِّقاً لِلرَّسُولِ فِی جَمِیعِ مَا جَاءَ بِهِ، فَیَکُونُ کاَفِرًا
[13] Şeyx Mürtəza Ənsari, “Təharət” kitabı, 5-ci cild, səh. 123-124
[14] “Əl-kafi”, 2-ci cild, səh. 24-28
[15] Yenə orada, 1-ci hədis:
اَلْإِسْلاَمُ یُحْقَنُ بِهِ الدَّمُ وَ تُؤَدَّى بِهِ الْأَمَانَةُ وِ تَسْتَحِلُّ بِهِ الْفُرُوجُ، وَ الثَّوَابُ عَلَى الْإِیمَانِ
[16] “Əl-kafi”, 8-ci cild, səh. 296, 454-cü hədisin daxilində
وَ أَمَّا مَنْ لَمْ یَصْنَعْ ذَلِکَ وَ دَخَلَ فِی مَا دَخَلَ فِیهِ النَّاسُ عَلَى غَیْرِ عِلْمٍ وَ لاَ عَدَاوَةٍ لِأَمِیرِ الْمُؤْمِنِینَ عَلَیْهِ السَّلَامُ فَإِنَّ ذَلِکَ لاَ یُکَفِّرُهُ وَ لاَ یُخْرِجُهُ عَنِ اْلإِسْلَامِ إِلَى الْکُفْرِ
[17] “Əl-kafi”, 1-ci cild, səh. 293