Fars mənşəli söz olan “Pərvərdigar” kəlməsi “bəsləmək”, “tərbiyə etmək” və sair mənalara gəlmişdir. Bu kəlmə ərəb dilindəki “Rəbb” kəlməsinin farsca tərcüməsidir və “tərbiyə edən”, “mürəbbi”, “sahib” və s. mənalara gəlmişdir.
Allaha məxsus olan Rəzzaq, Rəbb və sair kəlmələrdən məxluqat üçün istifadə etmək şəxsin məqsəd və niyyətinin nə olmasına bağlıdır. Məhz bundan sonra demək olar ki, bu kəlmələrdən (sualda irəli çəkilən həmin məqsədlərlə) istifadə olunmasının eybi yoxdur. Amma düşmənlər tərəfindən şiəliyin əleyhinə “onlar Allaha pərəstiş hüdudlarından xaric olaraq imama pərəstiş edirlər!” deyə geniş səviyyəli zəhərli təbliğat aparıldığına və bununla da nahaq yerə müttəhim olunduqlarına görə gərək düşmənlərin sui-istifadələrinə səbəb olan hər bir işdən çəkinək – hətta əgər şəxsin əsas hədəfi məsum imamlara (əleyhimus-salam) məhəbbət bəsləmək olsa belə.
Fars dilindəki “Pərvərdigar” kəlməsi ərəbcə “pərvəriş verən (bəsləyən)”, “tərbiyə edən”,[1] “mürəbbi”, “sahib”[2] və s. mənalara gələn[3] “Rəbb” kəlməsinin mənasıdır.
Kəlam elmində Rəbb Allah-taalanın gözəl adlarından biridir. Bu söz “aləmi xəlq edən”, “məxluqların sahibi”, “həyat sisteminin əsasını qoyan”, bütün varlıqların öz həyatları dövründə “onların tərbiyəçisi və mürrəbisi”, “hər bir şeyi özünün vücudi və mənəvi kamalına çatdıran” mənasınadır.[4] Başqa sözlə desək, varlıqların ilahi tərbiyəsinin və tədbirinin həqiqəti, əşyaların xəlq və tənzim olunması, onların nəzərdə tutulan hədəf və kamala doğru sövq edilməsi mənasınadır. Qurani-kərimdə buyurulur: “Bizim Pərvərdigarımız həmin şəxsdir ki, hər bir varlığa, yaranışının tələb etdiyi şeyləri vermiş, sonra onları hidayət etmişdir.”[5] Bu mənaya əsasən Rəbb və Pərvərdigar adları Allah-taalanın müqəddəs zatına məxsusdur və rübubiyyətdə (Rəbb olmaqda) tövhiddən ibarətdir.
Sualda irəli çəkilən məsələ barəsində də demək lazımdır:
Allahın sifətlərdən olan “Rəzzaq”, “Rəbb” və s. kəlmələrdən məxluqat üçün istifadə edilməsi insanın məqsəd və hədəfinin nə olmasının bağlıdır. İlk növbədə demək olar ki, yuxarıdakı məqsədlə bu kəlmələrdən istifadə etməyin iradı yoxdur, çünki:
عَلَى الْمَوْلُودِ لَهُ رِزْقُهُن
“Və övladın məxsus olduğu şəxsə (yəni ataya) ananın rizqini layiqli şəkildə təmin etmək vacibdir.”[6]
وَ إِذا حَضَرَ الْقِسْمَةَ أُولُوا الْقُرْبى وَ الْيَتامى وَ الْمَساكينُ فَارْزُقُوهُمْ مِنْه
“(İrsin) bölgüsü zamanı qohumlar, yetimlər və miskinlər (də) iştirak etsə, onlara da ondan (irsdən) bir rizq (pay) verin.”[7]
وَ قالَ لِلَّذي ظَنَّ أَنَّهُ ناجٍ مِنْهُمَا اذْكُرْني عِنْدَ رَبِّك
“(Yusif) o ikisindən (zindan yoldaşlarından) xilas olduğunu güman etdiyi şəxsə dedi: “Məni öz rəbbinin (sahibin) yanında xatırla!” [8] kimi ayələrdən belə əldə etmək olar ki, Allahın bəndələri də Onunla eyni səviyyədə deyil, ruzi vermək xislətinin davamında Rəbb və Rəzzaq hesab edilə bilər.
Bu müddəanın şahidi xilqəti aşkar şəkildə mələklərə və peyğəmbərlərə nisbət verən rəvayətlərdir: Bir nəfər imam Riza (əleyhis-salam)-dan soruşur ki, Allahdan başqa da bir xəlq edən vardır? Həzrət cavabında buyurur: Allah-taala “fətəbarəkəllahu əhnəsul-xaliqin” – xəlq edənlərin ən yaxşısı olan Allah ulu məqamlıdır!” deyə xəbər verir ki, bəndələrinin arasında da həm xaliq (xəlq edən), həm də qeyri-xaliq vardır. Bildiyimiz kimi, həzrət İsa (əleyhis-salam) bir qədər palçıqdan quş şəkli düzəldir, sonra ona üfürür və o da Allahın izni ilə həqiqi quşa çevrilirdi. Samiri də Bəni-İsrail üçün dana şəkilində bir şey düzəltdi ki, inək səsi verirdi.[9]
Bəzi rəvayətlərdə xilqət məlaikələrə də nisbət verir: İmam Baqir (əleyhis-salam) insanın xilqəti ilə əlaqədar bəzi məsələləri qeyd etdikdən sonra buyurdu:
ثُمَّ يَبْعَثُ اللَّهُ مَلَكَيْنِ خَلَّاقَيْنِ يَخْلُقَانِ فِي الْأَرْحَامِ مَا يَشَاءُ
“Sonra Allah-taala xəlq edən iki mələyi göndərir, onlar Allahın istədiyi şeyləri xəlq edirlər.”[10]
Bu məsələ rizq (ruzi) və rübubiyyət barəsində də doğrudur. Əlbəttə, bu barədə aşağıdakı məsələləri də qeyd etmək zəruridir:
1. Düşmənlər şiə məzhəbi əleyhinə geniş səviyyəli zəhərli təbliğat aparır və deyirlər ki, şiələr Allaha pərəstiş məqamından xaric olaraq imama pərəstiş edirlər. Onların sui-istifadələrinə və bu barədə həssaslığına səbəb olan işlərdən çəkinmək lazımdır, hətta əgər bu məsələlər imamlara məhəbbət üzündən baş versə belə.
2. Rəvayətlərdə tövsiyə olunur ki, adi camaatla, onların elm və bilik səviyyələrinə uyğun danışaq. İmam Sadiq (əleyhis-salam) buyurur: “Allahın Rəsulu heç vaxt camaatla özünün ağlı səviyyəsində danışmır, buyururdu ki, biz peyğəmbərlərə fərman verilmişdir ki, camaatla, onların əql səviyyələrinə uyğun danışaq.”[11]
Deməli, camaatın səhvə düşməsinə səbəb olan, əlavə izah və yozumlara ehtiyaclı olan məsələləri irəli çəkməkdən mümkün qədər uzaq olmaq lazımdır.
3. Övladın valideyn üzərində olan haqlarından biri budur ki, valideyn ona yaxşı ad qoysun. Məsum imamlardan nəql olunur ki, övlada adların ən yaxşısını – Allahın seçilmiş, layiqli bəndələrinin (peyğəmbərlərin və imamların) adlarını qoymaq lazımdır.[12] Təbiidir ki, məsumlar öz şəxsi həyatlarında bu məsələyə riayət etmişdir. Biz onların öz övladlarına Əbdür-Rəbb, Əbdür-Rəhman kimi ad qoyduqlarını müşahidə etdiyimiz halda, imam övladları arasında Əbdül-Hüseyn, Əbdün-Nəbi və s. adlı insanlara rast gəlmirik – onlara dair düzgün izah mövcud olsa da. Deməli, bizim dünya və axirətdəki səadət yolumuz budur ki, əməl və rəftarda onlardan həm irəli keçməyək, həm də geri qalmayaq; əksinə, həmişə onlarla yanaşı olaq. “Camieyi kəbirə” ziyarətində də ona işarə olunur.[13]
[1] Rağib İsfahani, Hüseyn ibni Məhəmməd, “Əl-müfrədat fi ğəribil-Quran”, səh. 336, “Darul-elm – Daruş-Şamiyyə”, Dəməşq-Beyrut, birinci çap, 1412-ci qəməri il
[2] Tureyhi, Fəxrəddin, “Məcməul-bəhreyn”, 2-ci cild, səh. 64, “Mürtəzəvi” kitab mağazasının nəşriyyatı, Tehran, 3-cü çap, 1375-ci şəmsi il
[3] Dehxuda, Əli Əkbər, “Fərhəngi Dehxuda”, “Pərvərdigar” kəlməsi
[4] Bax: Əskəri, Seyid Mürtəza, “İslam əqidələri Qurani-kərimdə”, (Məhəmməd Cavad Kərəminin tərcüməsi), 1-ci cild, səh. 149-151, “İslami elmi yığıncaq” çapı, birinci çap, 1378-ci şəmsi il; Məhəmməd Əskəri Təhanəvi, “Movsuəty kəşşafi istilahatil-ülum”, 1-ci cild, səh. 840, “Məktəbətu Lubnan naşirun”, Beyrut, birinci çap, 1996-cı miladi ili; Dəğim, Səmih, “Müstələhatu Fəxr Razi”, səh. 345, “Məktəbətu Lubnan naşirun”, Beyrut, birinci çap, 2001-ci miladi il
[5] “Taha” surəsi, ayə: 50
[6] “Bəqərə” surəsi, ayə: 233
[7] “Nisa” surəsi, ayə: 86
[8] “Yusif” surəsi, ayə: 42
[9] Məclisi, Məhəmməd Baqir, "Biharul-ənvar", 4-cü cild, səh. 147, 1-ci hədis, “Vəfa” müəssisəsi, Livan, 1404-cü qəməri il
[10] Yenə orada, səh. 364
[11] Kuleyni, “Kafi”, 1-ci cild, səh. 23, hədis 15, "Darul-kutubil-islamiyyə", Tehran, 1365-ci il
[12] Hürr Amili, “Vəsailuş-şiə”, 21-ci cild, səh. 391-396, “Alul-Beyt” müəssisəsi, Qum, 1409
[13] “Məfatihul-cinan”, “Camiə” ziyarəti, səh. 546:
فَالرَّاغِبُ عَنْكُمْ مَارِقٌ وَ اللاَّزِمُ لَكُمْ لاَحِقٌ وَ الْمُقَصِّرُ فِي حَقِّكُمْ زَاهِق
“Sizdən üz döndərənlər dindən çıxar, sizinlə birgə olanlar sizə qovuşar, haqqınızda təqsirə yol verənlər də düz yoldan (dindən) azar.”