Bu sualın cavabında bir neçə məsələyə diqqət yetirmək lazımdır:
1. Peyğəmbər (səlləllahu əleyhi və alih) öz ilahi risalətini aşkar etdiyini vaxtdan (besətin üçüncü ilindən) etibarən müxtəlif əlamətdar hadisələrlə əlaqədar dəfələrlə Əli (əleyhis-salam)-ın fəzilətlərini və onun xilafət məsələsini camaata çatdırmış, onun müxaliflərinin həqiqi simasını aşkar etmiş və onları camaata tanıtdırmışdı. Bununla eyni halda, islam cəmiyyətinə elə bir vəziyyət və şərait hakim idi ki, Peyğəmbər öz müxalifləri ilə ciddi rəftar edə bilmirdi.
2. Peyğəmbər və Əli (əleyhiməs-salam) islamın əslinin qorunub-saxlanmasına, Peyğəmbər nəslinin sağ-salamat qalmasına diqqət yetirirdilər ki, münasib və əlverişli zamanda Peyğəmbərin sonuncu vəsisi risalətin son hədəfini həyata keçirə bilsin.
3. Əgər Peyğəmbər öz həyatının son günlərində müxaliflərin əleyhinə çox ciddi tədbirlər görsəydi, o həzrətin vəfatından sonrakı dövrlər üçün xüsusi proqram tökmüş olan müxaliflər sükut etməz, Peyğəmbərin hüzurunda daha şiddətli və kəskin reaksiyalar göstərər və islamın köksünə bərpa olunmaz zərbələr endirə bilərdilər.
Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih)-in vəfatından sonra Əli (əleyhis-salam) misilsiz elmi və əxlaqi fəzilətlərə malik olan yeganə şəxs idi; o, döyüş meydanlarında güclü bir tufan kimi inadkar kafirləri məhv edirdi. Ən şücaətli pəhləvanlar onun kəsərli qılıncının müqabilində müqavimət göstərə, tab gətirə bilmirdilər. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) İslamın əvvəllərində və öz həyatı boyu Əli (əleyhis-salam) üçün çox misilsiz fəzilətlər sadalanmışdı ki, onun bəzi nümunələrinə işarə edirik. O həzrət daim Əli (əleyhis-salam)-ın ləyaqət və kamallarından danışır və buyururdu: “Əli heç vaxt səhvə və xətaya yol verməz.”[1] Həmçinin buyurmuşdu: “Əli haqq ilə, haqq da Əli ilədir.”[2]
Bir çox hallarda Əli (əleyhis-salam)-la müxalifətə dair ciddi xəbərdarlıq edərək buyururdu: “Mənim ailəmdən və ya onlardan qeyri bir kəs Əliyə qarşı kin-küdurət və düşmənçilik bəsləsə, mənim dinimdən xaricdir.”[3]
Amma o həzrətin bu qədər təkidli tövsiyələrinə baxmayaraq müsəlmanlardan bir qrupu o həzrətin vəfatından sonrakı dövr üçün çoxlu məkrli tədbirlər düşünmüşdürlər. Onlar islam ümmətinə rəhbərliyi öz əllərinə keçirmək fikrində idilər. Peyğəmbər onların bu tədbir və proqramlarından tamamilə agah idi, amma həzrətin sağlığında onlar tam ehtiyatla davranaraq aşkarda elə bir iş görməmişdilər ki, Peyğəmbər onları cəzalandırılsın və ya məşhur atalar sözünə görə “cinayətdən qabaq qisas alsın”. Buna baxmayaraq, həzrət onların tədbirlərini zərərsizləşdirmək üçün çox işlər görmüşdü. O cümlədən, bütün ölkələrdən gələn müsəlmanların sonuncu əzəmətli həcc mərasimində iştirak etdiyi zaman – Qədir-xum günü və vida həcci kimi mühüm və həssas anlarda – buyurmuşdu: “Ey müsəlmanlar! Bilin ki, Allah Əlini məndən sonra sizin vəliniz (rəhbəriniz) seçmişdir. Bir kəs də Allahın göstərişləri ilə müxalifət etməməlidir. Hər kəs Əlinin xilafəti ilə müxalifət etsə, Allah ilə müxalifət etmişdir.”[4]
3. Həmçinin Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) həyatının son günlərində çalışırdı ki, imam Əli (əleyhis-salam)-ın imamət və rəhbərliyi ilə müxalif olanları Üsamənin ordusu ilə birlikdə Mədinədən xaricə göndərsin ki, imamət və rəhbərliyinin ilk günlərində həzrət Əli (əleyhis-salam)-ın yolu üzərindəki maneələr aradan qaldırılmış olsun. Amma müxaliflər bu məsələni başa düşən kimi Üsamənin ordusundan qaçdılar. Bu ordunun hərəkəti Peyğəmbərin vəfat etdiyi vaxta qədər təxirə düşdü və nəticədə müxaliflər öz mənfur niyyətlərinə nail oldular.
Peyğəmbər şərif ömrünün axır günlərində bir dəstə adamın o həzrətin əmr və göstərişləri ilə müxalifət edərək Üsamənin ordusundan qayıtdıqları zaman həzrət onların başlarında məkrli tədbirlər olduğunu gördü və buyurdu: “Mənim üçün qələm-kağız gətirin, sizin üçün elə bir şey (vəsiyyət) yazım ki, məndən sonra heç vaxt yolunuzu azmayasınız.” Bir nəfər dərhal dedi: “Peyğəmbərin ağrıları şiddətlənmişdir, Allahın kitabı bizim üçün kifayətdir! Bu kişi ağrılarının şiddətləndiyi üçün sayaqlayır!” Sünnü mənbələrində mövcud olan bəzi rəvayətlərə əsasən bu şəxs Ömər ibni Xəttab idi![5]
Müsəlmanların bu dəstəsi Peyğəmbərin vəfatından sonra çox ciddi-cəhdlə səy edərək öz mənfur məqsədlərinə nail oldular. Onlar rəyasət və rəhbərlik yanğısı ilə yaşayır və özlərinin keçmiş kinlərini boşaltmaq istəyirdilər. Bununla eyni zamanda bəzən müharibə və fiqhi məsələlərdə məcburiyyət üzündən Əli (əleyhis-salam)-la məşvərət edir və çox hallarda onun nəzərini qəbul edirdilər. Hətta Əbu Bəkr minbərdə olarkən hamıya elan edərək demişdi: “Camaat! Öz beyətinizi geri götürün! Əli sizin aranızda olduğu vaxta qədər mən sizin ən fəzilətiniz deyiləm!”[6]
İslamı zahirdə qəbul edən, amma həqiqətdə islama və Peyğəmbərə azacıq etiqadı olmayan bəzi “müsəlmanlar” da islamı bütünlüklə məhv edib aradan aparmaq üçün saniyələri sayır, münasib fürsət gözləyirdilər. Hətta bir neçə dəfə (bir dəfə Qədir-Xumdan, digər dəfə də Təbuk müharibəsindən qayıdan zaman) Peyğəmbərə sui-qəsd hazırlamışdılar.[7]
Peyğəmbərin dövründəki hadisələrə və mövcud şəraitlərə diqqət yetirməklə, müxtəlif dəstə və qrupların varlığı ilə o həzrət müxtəlif hadisələrlə əlaqədar Əli (əleyhis-salam)-ın vilayət və xilafətini aşkar şəkildə bəyan etmişdi. Hər vaxt müəyyən bir şey insanlara çatdırılmalı olsaydı və ya islamın gələcəyi ilə əlaqədar müsəlmanlar ayıq olmalı idilərsə, Peyğəmbər xəbərdarlıq edirdi. Digər tərəfdən də bu istiqamətdə hər hansı bir tədbir görəcəyi təqdirdə islamın əsli təhlükə ilə qarşılaşa bilərdi. Buna görə də daha ciddi tədbirlər görmürdü ki, islamın əsli qorunub saxlansın, o həzrətin nəsli və xanədanı davam etsin, onun sonuncu vəsisi öz məmuriyyətini – dünya səviyyəli vəzifəsini icra etsin, nəticədə ilahi peyğəmbərlərin besətindən izlənən əsas hədəf həyata keçsin.
[1] “Əl-bidayətu vən-nihayə”, 2-ci cild, səh. 316, “Ehyaut-turas” çapı
[2] Bax: Sübhani, Cəfər, “Furuği əbədiyyət”, 2-ci cild, səh. 461 və 475; “Tarixi Dəməşq”, 42-ci cild, səh. 448 və 449; “Müstədrək”, Hakim, 4-cü cild, səh. 93, hədis 4603
[3] “Əl-imam Əli ibni Əbi Talib (əleyhis-salam)”, Əbdül-Fəttah, Əbdül-Məqsud, (Seyid Məhdi Cəfərinin tərcüməsi), 3-cü cild, səh. 94
[4] “Furuği əbədiyyət”, səh. 471
[5] “Səhihi Buxari”, 1-ci cild, səh. 22, 2-ci cild, səh. 414; “Səhihi Müslim”, “vəsiyyət” kitabı, 5-ci bab. Əlavə məlumat üçün bax: sual 1527 (sayt 1692), Görünüş: “Peyğəmbərin son vəsiyyətinin yazılmasının qarşısının alınması”
[6] Bax: “İmam Əli ibni Əbi Talib (əleyhis-salam)”, 1-ci cild, səh. 282
[7] Bax: “Furuği əbədiyyət”, 2-ci cild, səh. 390 və 404