İstimna insanın cinsi ehtiyaclarını gerçək və həqiqi şəkildə təmin etmir; o, aldadıcı və müvəqqəti bir təminedicidir. Yəni insanın şəhvət hissləri məninin xaric olması ilə təmin olunub aradan qalxmır, əksinə bu hisslərin kamil şəkildə təmin olunması eşq, insani duyğular, atifə, üns-məhəbbətlə yanaşı olmalıdır. Odur ki, bu əmələ qurşananlar öz daxillərini daim nöqsanlı hiss edirlər. Bu da insan üçün çox ağır fiziki ziyanlar və ruhi xəstəliklər törədə bilər. Lakin izdivac insanın bu hisslərini təbii və gerçək şəkildə təmin etdiyindən onun çox faydalı təsirləri vardır.
Əgər bu iki əməlin arasında zahirdə heç bir fərqin olmadığını və eyni bir əməl olduğunu fərz etsək, bu, iki əməlin mahiyyətinin də vahid olmasına dəlalət etmir. Təcrübə və bəşər elmləri malik olduğu bütün inkişaf və tərəqqi ilə eyni zamanda, o qədər də güclü inkişaf etməmişdir ki, bu kimi işlərin həqiqi mənada fayda və təsirlərini, mənfəət və zərərlərini aşkar etmiş olsun. İnsanı xəlq edən, onun bütün xüsusiyyətlərindən tam şəkildə agah olan Allah-taala məhz həmin xüsusiyyətlər əsasında müəyyən bir işi, zahirdə başqa əməllə heç bir fərqi olmasa da, halal və vacib, onun qarşılığı olan digər əməli isə haram və qadağan etmişdir.
Fiqhi nəzərdən istimnanın günah və haram iş olması qəti bir məsələdir.[1] Günahın çoxlu zərərləri vardır ki, qısa müddət ərzində bərpa oluna bilməz. Əgər insana günah nahiyəsindən zərər dəyməsəydi, müqəddəs islam şəriətində o əməl günah iş kimi təqdim olunub haram edilməzdi. Baxmayaraq ki, bəşərin müəyyən bir zaman dövründə günahın dağıdıcı təsirlərinin hamısı barəsində kifayət qədər elm əldə edə bilməsini, yaxud özünün natamam və naqis elmi ilə qürrələnərək bütün məchulları kəşf etməsini güman etməsi mümkündür. Çoxlu rəvayətlər istimnanın günah və haram olduğuna dəlalət edir:
Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) buyurur: “Allahın, mələklərin və bütün bəşərin lənəti özünü irza (istimna) edən şəxsə olsun!”[2]
İmam Sadiq (əleyhis-salam) da bu barədə buyurur: “Özünü irza (istimna) edən şəxs üçün qiyamətdə çox dərdli əzab nəzərdə tutulmuşdur.”[3]
İmam Sadiq (əleyhis-salam)-dan istimnanın hökmü barəsində soruşduqda buyurdu: “Buna oxşayır ki, insan özü ilə nikah etsin. Əgər belə bir iş görən bir kəsi tanısam, onunla birlikdə yemək yemərəm!” Ravi soruşdu: “Bu işin haram olması Quranın harasından başa düşülür?” Həzrət buyurdu: “Hər kəs bundan başqa yolu seçərsə, o, təcavüzkarlardandır” ayəsindən. Yəni hər kəs həyat yoldaşı və kənizindən başqa vasitələrlə şəhvət hissini dəf edərsə təcavüzkardır.”[4] Ravi soruşdu: “Zinanın günahı böyükdür, yoxsa istimnanın?” Həzrət buyurdu: “İstimna böyük günahdır.”[5]
Günahın ciddi zərərlərə malik olması və qısa bir zaman ərzində bərpa oluna bilməməsi ilə əlaqədar İmam (əleyhis-salam)-ın sözlərinə diqqət yetirməklə məlum olur ki, əvvəla, günahlar zahiri bədən üzvlərindən qəlbə və ruha da sirayət edir. Deməli, günah qəlbə zərbə vurur. Quran-kərim buyurur:
کَلاَّ بَلْ رانَ عَلى قُلُوبِهِمْ ما کانُوا یَکْسِبُونَ
“Onların çirkin əməlləri pas kimi qəlblərinə yapışmışdır, buna görə də həqiqəti dərk etməkdən acizdirlər.”
Ayədəki “ran” kəlməsi “pas” mənasınadır. Günahın ən pis təsiri qəlbin qaralması, elm nurunun aradan getməsi və haqq ilə batili ayırd etmə qüvvəsinin məhv olmasıdır.[6]
Əli (əleyhis-salam) buyurur: “Qəlblər üçün günahdan da dərdli bir xəstəlik yoxdur.”[7]
İkincisi, qəlbin və ruhun xəstəliyi çox mühüm və ciddi xəstəlik hesab olunur, çünki insan vücudunun heç bir yönü qəlb və ruh kimi yüksək dəyərə, əsaslı rola, həsasiyyətə və incəliyə malik deyildir. Buna görə də qəlbin xəstəliyi müxtəlif təbirlərlə qeyd olunur: “xəstə qəlb”, “qəsavətli qəlb”, “yolunu azmış qəlb”, “pas bağlamış qəlb”, “qəlbin kor olması”, “qəlbə möhür vurulması”, “qəlbin qıfıllanması” və nəhayət bunların hamısından da mühüm məsələ “qəlbin ölməsi”dir. Əgər bir qab tərsinə çevrilsə, onun içində heç bir şey qalmaz .Qəlb də günah sayəsində tərsinə dönərsə, artıq onda elmə, həqiqətə yer olmaz.
Amma həqiqi mənada izdivacla istimnaınn nə kimi fərqə malik olmasına gəldikdə isə, demək lazımdır: İnsanın vücudunda qoyulmuş qüvvələrdən biri (və ən güclüsü) cinsi şəhvət qüvvəsidir ki, düzgün və səhih şəkildə təmin olunmalıdır. Onun ən düzgün yolu izdivac etməkdir. Bu, eyni zamanda həmin hissin təbii və gerçək şəkildə təmin olunmasından ibarətdir. Buna görə də çox faydaları və mənfəətləri vardır.
İzdivac vasitəsi ilə insanın qəlbi aramlaşır, ər-arvad arasında mehr-məhəbbət yaranır.[8] Cinsi qərizə qanuni yolla təmin olunaraq cilovlanarsa, cavanın iztirablı ruhu mötədil və normal vəziyyətə düşərsə, həyatın məna və həqiqətini daha yaxşı dərk edə bilər. Amma istimna təbiətin əksinə olduğu üçün insanın ehtiyaclarını həqiqi mənada aradan qaldırmır və bu, yalançı təminetmədir. Çünki insanın şəhvət ehtiyacı sadəcə məninin xaric olması ilə təmin olunmur, əksinə eşq-məhəbbət, insani duyğular, atifə, üns ilə yanaşı olmalıdır. Buna görə də bu işləri görən insanlar öz daxillərində daim nöqsanlı vəziyyət hissi keçirir, çox hallarda da fiziki və ruhi xəstəliklərə düçar olurlar.
Burada əxlaqa zidd olan bu əməlin bir neçə ziyanını qeyd edirik:
a) Fiziki zərərləri
Bəzi həkimlər istimanın fiziki zərərləri barəsində demişlər: o, hipotalazmın həddindən artıq təhrik olunmasına və nəticədə cinsi vəzlərin ifrat təhrikinə səbəb olur. Nəticədə onlar qeyri-mütənasib şəkildə fəallaşırlar. Bu da vəzlərin, nütfə kanalının və sidik kanalının aşağı və arxa tərəflərinin şişməsinə, cinsiyyət üzvünün şil olmasına, məninin ən kiçik hadisələr nəticəsində və vaxtından tez axmasına səbəb olur, cinsi xəstəliklərə, sonsuz olmağa səbəb olur. Həmçinin: 1 - gözün zəifləməsi, 2 - üzün arıqlaması, 3 - əsəb sisteminin zəifləməsi, 4 - bədənin qüvvələrinin aradan getməsi, 5 - baş gicəllənməsi və baş ağrısı, 6 - tez-tez soyuq dəymə, 7 - qan azlığı, 8 - dizlərin süstləşməsi, 9 - gözün ətrafının qaralması, 10 - üzün saralması, 11 - qulaqlarda anormallıq və zəiflik, 12 - üzdə cuşların (çopurların) əmələ gəlməsi, 13 - yuxunun qarışıq və anormal vəziyyətdə olması, 14 - başqalarını və ya özünü incitmək və s.
b) Ruhi zərbələr
1. Hafizənin zəifləməsi, diqqətin cəm oluna bilməməsi və fikri təmərküzləşdirməkdən acizlik;
2. İztirab, pərişanlıq daim özünü irza (istimna) edən şəxsləri təhdid edən məsələlərdəndir. O, daim öz-özünə qapılır və özü ilə razılaşa bilmir, onun fikirləri həmişə pərişan, dağınıq və qarışıqdır, tərəddüd və vasvasılıq vəziyyətində yaşayır;
3. Halsızlıq və hövsələsizlik;
Bunun bariz nişanələri: laqeydlik, əhval-ruhiyyənin olmaması, zövqün aradan getməsi, süstlük, guşəneşinlik (aspekt həyat), qəm-qüssə, habelə, idmana, mənəvi məsələlərə marağın olmaması və s.
4. Kobud rəftar və dava-dalaş salmaq;
İstimnaya adət edən adam mühitdəki ən kiçik təhrikə qarşı həssas olur, başqaları ilə danışıq aparmağa hövsələsi yoxdur, tez inciyir, tez bir zamanda hövsələdən çıxır, çox işığa, səsə, başqalarının gediş-gəlişinə son dərəcə həssasdır.
5. Həyatdan bezmək və gələcəyə ümidsizlik;
6. Yaradıcılığın, istedadların aradan getməsi və məhv edilməsi;
7. Elmə, təhsilə, mütaliəyə meylin olmaması, elmi tədqiqatlara və zehni fəaliyyətlərə marağın olmaması;
8. Həvəsbazlıq, əxlaqi məsələlərə biganəlik, cinsi hisslərin və şəhvətin qanunsuz yolla təmin olunmasına adət;
9. Ülvi duyğulardan məhrumluq, utancaq və xəcalətli olmaq;
10. Özünə etimad etməmək, daim həqarət hissi keçirmək, iradə zəifliyinə düçar olmaq;
11. Qəlbin nur və səfasının aradan getməsi, mənəvi işlərə, dua mərasimlərinə rəğbətin olmaması;
12. Günah hissi və vicdan əzabı keçirmək.
v) İctimai zərərləri
İstimna insanda cəmiyyətdən qaçmaq hissi yaradır ki, bu da ifrat və təkrar nəticəsində ruhda kök atır. Bu işə adət edən şəxs cəmiyyətdən ayrılaraq bir guşədə, uzun-uzadı xəyallarla özünə qapılır. Şəxsi ləzzətlərə diqqət yetirdiyinə görə ictimai rabitələri süstləşir, ictimai həyatı təhlükə ilə qarşılaşır.[9]
Bu kimi fiziki, ruhi və ictimai zərbə və xəsarətlər barəsində də qeyd etmək lazımdır ki, təcrübi və bəşər elmləri malik olduğu bu qədər inkişafla yanaşı, hələ o qədər inkişaf etməyib ki, bu qəbildən olan işlərin məsləhət və fayda, fəsad və zərərlərinin hamısına əhatə tapmış olsun. Bəzi həkimlərin bu barədə verdikləri nəzərlər də həqiqətdə ehtimali təsirləridir, bəlkə də demək olar ki, bu yaramaz əmələ kəskin adət edilən halda meydana gəlir. Bu təsirlərin izdivac barəsində yox, məhz istimna barəsində irəli çəkilməsinin dəlilinə gəldikdə isə, belə nəzərə çarpır ki, istimna təbiətin əksinədir və insanın öz nəfsinə nəzarət etməsi və ona hakim kəsilmək qüdrətinin aradan getməsinə, şiddətli və ifrat vərdişə səbəb olur, amma izdivac təbiət əsasındadır və insanı mötədil, normal vəziyyətdə saxlayır, nəticədə onun qüdrəti artır, öz nəfsinə nəzarət və onun cilovlamağa daha da qüdrətli olur.
[1] “Tovzihul-məsaile mərace”, 2-ci cild, səh. 835
[2] “Mizanul-hikmət”, hədis 18748
[3] Yenə orada, hədis 18749
[4] “Muminun” surəsi, ayə: 7
[5] “Vəsailuş-şiə”, 28-ci cild, səh. 364, 14-cü cild, səh. 267
[6] “Əl-mizan” təfsiri, “Mütəffifin” surəsinin 14-cü ayəsi
[7] "Biharul-ənvar", 73-cü cild, səh. 342
[8] “Rum” surəsi, ayə: 21:
وَ مِنْ آیاتِهِ أَنْ خَلَقَ لَکُمْ مِنْ أَنْفُسِکُمْ أَزْواجاً لِتَسْکُنُوا إِلَیْها وَ جَعَلَ بَیْنَکُمْ مَوَدَّةً وَ رَحْمَةً إِنَّ فی ذلِکَ لَآیاتٍ لِقَوْمٍ یَتَفَکَّرُونَ
[9] İstimnanın zərərləri barədə əlavə məlumat almaq üçün bu məqaləyə bax: “İstimnanın ağır təsirləri və onunla mübarizə yolları”, təlim-tərbiyə qrupunun dini suallara cavab bölməsi, doktor Həsən Qüddusizadə və höccətul-islam Şakirinin həmkarlığı ilə, 9/12/1385-ci il nömrəsi