Son dövrlərdə Aşura ilə əlaqədar tədqiqat aparanların nəzərində və onların tədqiqat əsərlərində sezilən məsələ budur ki, imam Hüseyn (əleyhis-salam)-ın köməklərindən beş nəfər Peyğəmbər (səlləllahu əleyhi və alih) səhabəsi imiş və bunlar Aşura hərəkatında şəhadətə çatmışlar. Bu beş nəfər: Ənəs ibni Hərəs, Hani ibni Ürvə, Müslim ibni Ovsəcə, Həbib ibni Məzahir və Əbdullah ibni Yəqtər.
İmam Hüseyn (əleyhis-salam) hicrətin 61-ci ilində qiyam etmişdi. Buna diqqət yetirməklə Peyğəmbər (səlləllahu əleyhi və alih) səhabələrindən bəzilərinin imam Hüseyn (əleyhis-salam)-ın köməkçiləri arasında olması uzaq ehtimal deyildir. Çünki imam Hüseyn (əleyhis-salam)-la bir yaşda olanlar, eləcə də ondan bir neçə yaş böyük olanlar Peyğəmbərin dövründə olmuşdular. Kərbəla hadisəsində onların altmışdan artıqdan yaşı var idi. O həzrətin səhabələri arasında Peyğəmbər səhabələrindən bir nəfər olmasaydı belə, Aşura qiyamının haqq olmasından heç bir şeyi azalmazdı. Çünki Aşura ilə Peyğəmbərin dövrü arasında uzun zaman fasiləsi olduğuna görə Peyğəmbər səhabələri əksərən ya dünyadan getmişdilər, ya da yaşları çox olduğuna görə müharibədə iştirak edə bilməzdilər. Bununla eyni zamanda imam Hüseyn (əleyhis-salam) köməkçiləri arasında olan və şəhadət məqamına çatan Peyğəmbər səhabələrindən bir neçəsinin adını qeyd edirik:
1. Ənəs ibni Hərəs Kahili
Səmavi “İbsarul-eyn fi ənsaril-Hüseyn (əleyhis-salam)” adlı kitabında onun adını Kərbəla şəhidlərinin içində qeyd etmişdir.[1] Mərhum Şeyx Tusi də onu həm Peyğəmbər səhabələri arasında,[2] həm də imam Hüseyn (əleyhis-salam)-ın köməkçiləri sırasında olub şəhadətə çatanlardan biri kimi qeyd edir.[3] Bu Peyğəmbər səhabəsinin adını qeyd edərkən “o, imam Hüseyn (əleyhis-salam)-ın önündə şəhadət məqamında çatmışdır” deyə xatırladır. O elə böyük şəxsiyyətli və məşhur bir insan idi ki, Əllamə Möhsin Əminin “Ə’yanuş-şiə” kitabında qeyd etdiyinə əsasən[4] məşhur Əhli-beyt şairi Kümeyt ibni Zeyd öz şerlərində onun adını çəkir və deyir:
سوى عصبة فیهم حبیب معفر قضى نحبه و الکاهلی مرمل
“O qrupdan başqa ki, Həbib onların içində idi, şəhadətə çatdı və Kahili qanına qəltan oldu.”
2. Həbib ibni Müzəhhər.[5]
O, həm Peyğəmbər (səlləllahu əleyhi və alih)-in, həm də imam Əli (əleyhis-salam)-ın ən böyük səhabələrindən biri olmuş, hər üç müharibədə: Nəhrəvan, Cəməl və Siffeyn müharibələrində iştirak etmişdir.[6] Şeyx Tusi (rəhmətullahi əleyh) onun adını Peyğəmbər səhabələri cərgəsində qeyd etməmişdir, amma onu imam Əli, imam Həsən və imam Hüseyn (əleyhimus-salam)-ın səhabələri sırasında qeyd edir.[7] Bəzi alimlər, o cümlədən “İbsarul-eyn” kitabının müəllifi onun adını Peyğəmbər səhabələri cərgəsində qeyd etmiş və Kərbəlada şəhadət məqamına çatmasını demişdir.[8]
3. Müslim ibni Ovsəcə.
“İbsarul-eyn” kitabında onun adı Peyğəmbər (səlləllahu əleyhi və alih)-in və imam Əli (əleyhis-salam)-ın səhabələri cərgəsində qeyd olunur.[9] Əllamə Möhsün Əmin də “Ə’yanuş-şiə” kitabında imam Hüseyn (əleyhis-salam)-ın səhabələrinin adını qeyd edərkən onu Peyğəmbərin səhabələrindən biri kimi qeyd etmişdir.[10]
4. Hani ibni Ürvə.
Kərbəlada şəhid olan Peyğəmbər səhabələrindən biri də Hani ibni Ürvədir. O Muradi qəbiləsinin ağsaqqalı və böyük şəxsiyyətli insanı idi və Əli (əleyhis-salam)-ın önündə hər üç müharibədə iştirak etmişdir.[11]
5. Əbdullah ibni Bəqtər (Yəqtər) Ümeyri.
Onun özü imam Hüseyn (əleyhis-salam)-ı süd qardaşı,[12] atası Bəqtər (Yəqtər) isə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in xidmətisi idi. O, imam Hüseyn (əleyhis-salam)-ın yazdığı bir məktubu Kufəyə Müslim ibni Əqilə aparmışdı. Sonralar tutulmuş və həmin yerdə də İbni Ziyadın (lənətullahi əlehy) vasitəsi ilə şəhadətə çatmışdı.[13]
[1] Səmavi, Məhəmməd ibni Tahir, “İbsarul-eyn fi ənsaril-Hüseyn”, Məhəmməd Cəfər Təbəsinin tədqiqi ilə, səh. 192, “İslami təhqiqat” mərkəzi, Qum, 1384-cü şəmsi il
[2] Tusi, Məhəmməd ibni Həsən, “Kitabur-rical”, səh. 21, “Heydəriyyə” nəşriyyatı, Nəcəf, 1381-ci qəməri il
[3] Yenə orada, səh. 99
[4] Amili, Möhsün Əmin, “Ə’yanuş-şiə”, 3-cü cild, səh. 500, “Darut-təarif”, Beyrut, 1406-cı qəməri il
[5] “Ə’yanuş-şiə” kitabının müəllifi Həbib ibni Məzahiri “Həbib ibni Müzəhhər” kimi qeyd və bu cür yazılışı daha səhih hesab edir. “Ə’yanuş-şiə”, 4-cü cild, səh. 553
[6] Mühəddisi, Cavad, “Fərhəngi Aşura”, səh. 151, “Məruf” nəşriyyatı, Qum, 1381-ci şəmsi il
[7] “Ə’yanuş-şiə”, 4-cü cild, səh. 553
[8] “İbsarul-eyn”, səh. 193
[9] Yenə orada
[10] “Ə’yanuş-şiə”, 1-ci cild, səh. 612
[11] Mərhum Səmavi onun adını Peyğəmbər (səlləllahu əleyhi və alih) səhabələrindən biri kimi qeyd edir. Yaş baxımından Hani öz qəbiləsinin böyük şəxsiyyəti, şeyxi və ağsaqqalı olduğundan, habelə imam Hüseyn (əleyhis-salam)-dan bir neçə yaş böyük olduğuna görə Peyğəmbər səhabələrindən olması uzaq ehtimal deyildir. “Əbsarul-uns” surəsi, ayə: 192
[12] Ricali Tusi” səh. 103
[13] “Fərhəngi Aşura”, səh. 323. Rical kitablarında onun adı Peyğəmbər səhabələri cərgəsində qeyd olunmasa da, onun özünün imam Hüseyn (əleyhis-salam)-ın süd qardaşı və atasının Peyğəmbərin xidmətçisi olduğuna diqqət yetirməklə belə bir hadisənin baş verməsi uzaq ehtimal deyildir. Buna görə də “İbsarul-eyn” kitabında onun da adı Peyğəmbər səhabələrindən bir kimi qeyd olunmuşdur.