İmam Riza (əleyhis-salam)-ın məşhur ləqəblərindən biri də “Zamini-ahu”dur (ahunun zamini). Şiə mənbələrində bu hadisə camaat arasında məşhur olan şəkildə mövcud deyildir. Amma camaat arasında deyilən nəqlə oxşar rəvayət vardır. Peyğəmbərə, İmam Səccada və İmam Sadiq (əleyhimus-salam)-a mənsub edilən möcüzələrdə də gözə dəyir. Mərhum Şeyx Səduq “Uyunu əxbarir-Riza (əleyhis-salam)” kitabında bu hadisəni başqa şəkildə nəql edir. (Bu, ətraflı cavabda qeyd olunacaqdır.) Qeyd olunmalıdır ki, bu hadisə İmam Riza (əleyhis-salam)-ın şəhadətindən uzun illər sonra baş vermişdir. Amma onun oxşarı digər məsumların həyatında baş vermişdir. Həm də Şeyx Səduq (rəhmətullahi əleyh) bu hadisəni nəql edənlərin etibarlı adam olmasına inanır.
İmam Riza (əleyhis-salam)-ın məşhur ləqəblərindən biri də “Zamini ahu”dur. Bu ləqəbin o həzrətə mənsub edilməsinin səbəbi və onun tarixi kökləri barəsində xülasə şəkildə aşağıdakıları qeyd etmək olar:
Bir ovçu səhrada bir ahunu təqib edərək şikar etmək istəyir. Ahu qaçaraq uzun məsafədən onu öz ardınca gətirir, nəhayət ahu o nahiyələrdə olan İmam Əli ibni Musər-Riza (əleyhis-salam)-a sığınır. Ahunu tutmaq istəyən səyyad İmam Riza (əleyhis-salam)-ın maneəsi ilə qarşılaşır. Səyyad ahunu özünün şəri haqqı bildiyindən, onun qaytarılmasını israrla tələb edir. İmam ahunun qiymətindən artıq məbləği ona verməyə razı olur ki, ahunu azad etsin. Lakin şikarçı qəbul etmir və deyir: “Ahunu özümə verməlisən, öz haqqım olan bu ahunu istəyirəm, bundan başqa heç nə istəmirəm...” Bu zaman ahu dilə gəlib danışmağa başlayır və İmama deyir: “Mənim iki südəmər körpəm vardır və hər ikisi acdır. İndi mənim yoluma göz dikiblər. İcazə verin, gedib onlara süd verim və doyuzdurum. Siz bu şikarçının yanında mənə zamin olun, gedim balalarıma süd verim, sonra gəlib özümü təhvil verim.”
İmam Riza (əleyhis-salam) zamin olur və özünü səyyadın ixtiyarında girov qərar verir. Ahu sürətlə gedib tez bir zamanda da qayıdır. Şikarçı ahunun əhdə vəfasını gördükdə qəflət yuxusundan ayılır və başa düşür ki, girov götürdüyü şəxs Əli ibni Musər-Riza (əleyhis-salam)-dır. Dərhal ahunu azad edir, İmamın əl-ayağına düşür və üzrxahlıq edir. Həzrət də ona nəzərə çarpacaq məbləğdə pul verir, qiyamət günü əziz cəddinin yanında ona şəfaət vədəsi verir və səyyadı razı halda yola salır. Azad olunduğunu görən ahu Həzrətdən icazə alaraq balalarının yanına qayıdır.
Bu hadisə ilə əlaqədar bir neçə məsələ diqqətə layiqdir:
1. Şiə mənbələrində bu hadisə yuxarıda qeyd olunan şəkildə mövcud olmasa da, camaat arasında mövcud olan ümumi forması Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih),[1] İmam Səccad[2] və İmam Sadiq (əleyhiəs-salam)-ın[3] möcüzələrində mövcuddur.
2. Mərhum Şeyx Səduq “Uyunu əxbarir-Riza (əleyhis-salam)” kitabında bu hadisəni belə nəql edir:
Əbul-Fəzl Məhəmməd ibni Əhməd ibni İsmail Səliti deyir: Əbu Cəfər Ütbanın dostu Hakim Razinin belə dediyini eşitdim: Əbu Cəfər məni qasid ünvanı ilə Əbu Mənsur ibni Əbdur-Rəzzaqın yanına göndərdi. Cümə axşamı günü İmam Riza (əleyhis-salam)-ı ziyarət etmək üçün icazə istədim. Dedi ki, bu Məşhəd (İmam Riza (əleyhis-salam)-ın qəbri) barəsində mənim üçün baş verən hadisəni sənə nəql edirəm: Cavanlıq dövrlərində bu Məşhədin tərəfdarlarına qarşı çox da yaxşı münasibətim yox idi. Yolda dayanıb zairləri qarət etməklə məşğul idim; onların yol pullarını, məktublarını və həvalələrini zorla alırdım. Bir gün şikara getdim, (təlim görmüş) bir bəbiri ahunun dalınca göndərdim. O, ahunun dalınca qaçırdı, birdən ahu bir divarın yanında dayanıb oraya sığındı. Bəbir də onun qarşısında dayandı, lakin ona yaxınlaşmadı. Nə qədər çalışdımsa bəbir ona yaxınlaşmadı. O ahuya tərəf getmir, öz yerindən tərpənmirdi. Ahu öz yerindən hərəkət edən (divardan aralanan) kimi bəbir onu təqib edir, ahu yenidən divara sığınanda bəbir də qayıdırdı. Nəhayət ahu o məzarın divarındakı yuvaya bənzər yerə daxil oldu. Mən ribata[4] daxil olub soruşdum: “İndicə bura daxil olan ahu hanı?!” Dedilər: “Biz ahu görmədik!”
Ahunun daxil olduğu yerə gəldim, onun peyinlərini və sidiyinin rütubətini gördüm, lakin özünü görmədim. Sonra Allahla əhd-peyman bağladım ki, bundan sonra zairləri incitməyəm, onlarla yaxşı rəftar edəm. Bundan sonra həyatımda hər vaxt çətinliklə qarşılaşsam, bir problem yaransa bu Məşhədə sığınıb ziyarət edir və Allah-taaladan hacətimi istəyirəm. Allah-taala da mənim hacətimi rəva edir. Allahdan istəmişdim ki, mənə bir oğlan versin. O da mənə bir oğul mərhəmət etdi, həddi-buluğa çatan zaman qətlə yetirildi. Yenidən Məşhədə qayıtdım və Allahdan istədim ki, başqa bir oğlan əta etsin. Allah mənə başqa bir oğlan əta etdi... O yerdə Allahdan istədiyim hər bir hacət yerinə yetirilmişdir. Bu da bu Məşədin (Allahın salamı onun sakininə olsun!) şəxsən mənim özüm üçün aşkar olan xeyir-bərəkətlərindəndir.[5]
Diqqət yetirmək lazımdır ki, bu hadisə İmam Riza (əleyhis-salam)-ın şəhadətindən çox-çox sonra baş vermişdir. Qeyd etdiyimiz kimi, bu işlərin oxşarı digər məsumların həyatında da baş vermişdir. Şeyx Səduq (rəhmətullahi əleyh) bu hadisələri nəql edən insanların mötəbər olmasına inanır.
[1] Təbərsi, Fəzl ibni Həsən, “Ə`lamul-vəra”, səh. 25, Tehran, “Darul-kutubil-islamiyyə” nəşriyyatı
[2] Qutbuddin Ravəndi, “Əl-xəraicu vəl-cəraih”, 1-ci cild, səh. 261, “İmam Məhdi (əleyhis-salam)” müəssisəsi, Qum, 1409-cu hicri ili
[3] Səffar, Məhəmməd ibni Həsən, “Bəsairud-dərəcat”, səh. 349, Ayətullah Mər`əşinin kitabxanası, Qum, 1404-cü hicri ili
[4] Düşmənlə mübarizə aparan sərhəd qoşunları üçün istifadə olunan at tövləsinə deyilir. Sonralar başqa mənalarda da işlənmişdir: Karvansara, xanəgah, səfəviyyə və s.
[5] Şeyx Səduq (rəhmətullah əleyh), “Uyunu əxbarir-Riza (əleyhis-salam)”, 2-ci cild, səh. 285, “Cahan” nəşriyyatı, 1378-ci qəməri il