Quran ayələrinə əsasən İblis cinlərdən biridir ki, çox ibadət etdiyindən məlaikələrlə ilə bir səviyyədə qərar tutmuşdu. Amma Adəm (əleyhis-salam)-ın xilqətindən sonra Allahın əmr və göstərişi qarşısında üsyankarlıq edərək səcdə etmədiyindən, ilahi dərgahdan qovuldu. Şeytan haqq ilə müxalif olan hər növ tüğyançı varlığa deyilir – istər insanlardan olsun, istər cinlərdən, istərsə də heyvanlardan. İblisi ilahi göstərişlərlə müxalifət və tüğyan etdiyinə görə onu “şeytan” adlandırırlar. Deməli, şeytan həm İblisə, həm də ondan qeyrilərinə aid edilə bilən ümumi bir addır.
Cavabı əldə etmək üçün iki kəlməni: şeytan və İblis kəlmələrini bəyan etmək lazımdır.
Şeytan:
Ərəb dilində şeytan sözü müxalifət mənasına olan “şə-tə-nə” kökündən alınmışdır və tüğyançı və müxalif bir varlığa deyilir, istər insanlardan olsun, istər cinlərdən, istərsə də heyvanlardan.[1] Bu kəlmə üç cür işlədilmişdir:
1. “Əlif-lam” artiklı olmadan tək halda və “şeytan” kəlməsi kimi. Bu halda məqsəd qeyri-müəyyən bir şeytan olub cin və insanlardan olan şeytanların hər birinə aid edilə bilər. Aşağıdakı ayə kimi:
وَ مَنْ یَعْشُ عَنْ ذِکْرِ الرَّحْمنِ نُقَیِّضْ لَهُ شَیْطاناً فَهُوَ لَهُ قَرینٌ
“Hər kəs Allahın zikrindən üz döndərsə, onun yanına bir şeytan göndərərik ki, daim onunla yanaşı olar.”[2]
2. Şeytan kəlməsi əlif-lam artikli ilə birlikdə və tək halda. Bu zaman əksər hallarda xüsusi mənada olan İblis mənasına gəlmişdir. O cümlədən, aşağıdakı ayə:
یا بَنی آدَمَ لا یَفْتِنَنَّکُمُ الشَّیْطانُ کَما أَخْرَجَ أَبَوَیْکُمْ مِنَ الْجَنَّةِ
“Ey Adəm övladları! Şeytan sizi əsla aldatmasın! Necə ki, sizin ata-ananızı (aldadaraq) behiştdən çıxartdı.”[3]
Bəzi hallarda da ümumi mənaya gəlmişdir. Aşağıdakı ayə kimi:
الشَّیْطانُ یَعِدُکُمُ الْفَقْرَ وَ یَأْمُرُکُمْ بِالْفَحْشاء...
“Şeytan sizi fəqirlik və yoxsulluqla qorxudur, sizi pis və yaramaz işlərə doğru çağırır.”[4]
Bu ayədəki “şeytan” kəlməsinin əvvəlində əlif-lam artiklı ümumi mənaya – cins mənasında işlədilmişdir. Çünki fəqirlikdən qorxutmaq, şəriətə zidd olan işlərə dəvət etmək bəzən insan növündən olan şeytanların vasitəsi ilə də edilir.
3. Cəm halında olan “şəyatin” kəlməsi. Bu da göstərir ki, şeytanın çox müxtəlif nümunələri vardır. Çünki əgər şeytan kəlməsi İblis üçün xüsusi ad (isim) olsaydı, tək halda işlədilməli idi. Bundan əlavə, bəzi ayələrdə “şəyatin” kəlməsindən sonra şeytan cinsinin ixtilaflarına da işarə edilmişdir. Misal üçün aşağıdakı ayə:
وَ کَذلِکَ جَعَلْنا لِکُلِّ نَبِیٍّ عَدُوًّا شَیاطینَ الْإِنْسِ وَ الْجِن
“Biz beləcə hər bir peyğəmbər üçün insan və cinlərdən olan düşmən – şeytanlar qərar verdik.”[5]
İblis:
İblis qəm-qüssə mənasına olan və ümidsizliyin şiddətini, son həddini göstərən “iblas” kəlməsindən alınmışdır. Allah-taala buyurur:
وَ یَوْمَ تَقُومُ السَّاعَةُ یُبْلِسُ الْمُجْرِمُون
“Qiyamət bərqərar olan gün yaramaz əməl görənlər qəm-qüssəli və ümidsiz olarlar.”[6]
İblisi buna görə belə adlandırmışlar ki, Allahın rəhmətindən tamamilə naümid olmuşdur. Səbəbi də Onun göstərişləri qarşısında inadkarlıq və tüğyan etməsi idi.
Quran bu barədə buyurur: “Yada salın o zamanı ki, mələklərə dedik: “Adəm üçün səcdə edin!” İblisdən başqa onların hamısı səcdə etdi; o, cinlərdən idi. (Bu işi ilə) Pərvərdigarının fərmanından xaric oldu.”[7]
Allah-taala ondan soruşdu: “Ey İblis! Öz qüdrətimlə yaratdığım bir məxluq qarşısında səcdə etməyinə nə mane olmuşdur?! Təkəbbür etdinmi, yoxsa hamıdan üstün idin?! (Özünü hamıdan üstün hesab etdin?!)” İblis cavabında dedi: “Mən ondan üstünəm, çünki məni atəşdən, onu isə palçıqdan xəlq etmişsən.”[8] Burada Allah-taala onun (mələklərin sırasından) çıxarılmasına əmr etdi[9] və onu mələklərdən ayırdı.[10] Əlbəttə, əvvəlcədən də mələk növündən deyildi. Amma Allah dərgahına yaxınlaşdığına, həddindən artıq itaət və bəndəlik etdiyinə görə mələklərlə bir cərgədə qərar tutmuşdu.[11]
İmam Riza (əleyhis-salam) buyurur: “İblisin adı Hərəs (yaxud Haris) idi. Amma Allahın rəhmətindən məyus və naümid olduğuna görə İblis adlandırılmışdır.”[12]
“Futuhati Məkkiyyə” kitabının müəllifi İbni Ərəbi İblisin belə adlandırılması ilə əlaqədar yazır: “Şeytan adlandırılan ilk şəxs Haris idi. Allah-taalada onu iblas etdi – yəni Öz rəhmətindən məyus etdi.”[13]
Quranda buyurulur: “Allah-taala onu mələklərin cərgəsindən ayırdığı zaman ərz etdi: “Pərvərdigara! Məxluqatı (Qiyamətdə) diriltdiyin vaxta qədər mənə möhlət ver.” Allah-taala buyurdu: “Sənə müəyyən olunmuş bir günə qədər möhlət verildi.”[14]
İblis həmin vaxta qədər sağ qalacağına əmin olduqdan sonra dedi: “Allahım! Sənin izzətinə and olsun ki, bütün insanları azdıracağam – yalnız xalis olan bəndələrindən başqa.”[15]
Məhz bundan sonra Adəm övladının qəddar düşməninə çevrildi. Allah-taalanın Öz bəndələrinə etdiyi ciddi tövsiyələrindən biri bu idi: “Həqiqətən Şeytan (İblis) sizin düşməninizdir, belə isə, onu düşmən hesab edin!”[16]
Əlbəttə, bütün şeytanlar İblisin göstərişlərinə tabe və onun əmr və fərmanları altındadır. Qurani-kərim bu qrupu Şeytanın (İblisin) partiyası (hizbi) və dəstəsi adlandırır: “Şeytan (İblis) onlara hakim kəsildi, sonra Allahın yadını onların qəlbindən çıxartdı. Onlar Şeytanın hizbləridir. Agah olun ki, yalnız Şeytanın hizbi ziyana uğrayar.”[17]
Nəticə
İblis Şeytanın xüsusi adıdır, o, itaətsizlik etdiyinə görə Allah dərgahından qovulmuşdur. Şeytanın ümumi bir məfhumu da vardır və hər növ tüğyançı varlığa deyilir. Bu da həm İblisə, həm də cin və insanlardan, hətta heyvanlardan olan digər şeytanlara da şamildir.
[1] “Əl-müncid” lüğəti
[2] “Zuxruf” surəsi, ayə: 36
[3] “Əraf” surəsi, ayə: 27
[4] “Bəqərə” surəsi, ayə: 268
[5] “Ənam” surəsi, ayə: 112
[6] “Rum” surəsi, ayə: 12, “Müfrədat”, Rağib İsfahani
[7] “Kəhf” surəsi, ayə: 50:
وَ إِذْ قُلْنَا لِلْمَلَئکَةِ اسْجُدُواْ لاَِدَمَ فَسَجَدُواْ إِلَّا إِبْلِیسَ کاَنَ مِنَ الْجِنِّ فَفَسَقَ عَنْ أَمْرِ رَبِّهِ...
[8] “Sad” surəsi, ayə: 75-76:
قَالَ یَإِبْلِیسُ مَا مَنَعَکَ أَن تَسْجُدَ لِمَا خَلَقْتُ بِیَدَىَّ أَسْتَکْبرَْتَ أَمْ کُنتَ مِنَ الْعَالِین * قَالَ أَنَا خَیرٌْ مِّنْهُ خَلَقْتَنىِ مِن نَّارٍ وَ خَلَقْتَهُ مِن طِینٍ
[9] “Sad” surəsi, ayə: 77-78:
قَالَ فَاخْرُجْ مِنهَْا فَإِنَّکَ رَجِیمٌ * وَ إِنَّ عَلَیْکَ لَعْنَتىِ إِلىَ یَوْمِ الدِّینِ
[10] “ "Təfsiri nümunə", 19-cu cild, səh. 341
[11] “ "Təfsiri nümunə", 12-ci cild, səh. 462
[12] “Səfinətul-bihar”, 1-ci cild, səh. 99
[13] “Əl-futuhatul-Məkkiyyə”, İbni Ərəbi, 1-ci cild, səh. 134
[14] “Sad” surəsi, ayə: 79-81
[15] “Sad” surəsi, ayə: 82-83
[16] “Fatir” surəsi, ayə: 6
[17] “Mücadilə” surəsi, ayə: 19