Rəvayət və təfsir mənbələrində Darus-səlam, Darul-cəlal, Cənnətul-mə’va, Cənnətul-xuld, Cənnətu-ədn, Cənnətu-firdovs, Cənnətu-nəim behişt üçün qeyd olunan yeddi addır. Əlbəttə, bəzi alimlər inanır ki, bu adların hamısı elə bir dənə behiştə aid edilir və bu adların hər biri behiştin mərtəbələrindən birini göstərir. Çünki Cənnəti-ədn dedikdə məqsəd daimi iqamətgah olan behiştdir; Darus-səlam dedikdə məqsəd budur ki, onun sakinləri hər növ qorxudan və qəm-qüssədən salamatdırlar və s.
Rəvayət və təfsir mənbələrində Darus-səlam, Darul-cəlal, Cənnətul-mə’va, Cənnətul-xul, Cənnətu-ədn, Cənnətu-firdovs, Cənnətu-nəim[1] behiştin qeyd olunan yeddi adıdır. Burada ayə və rəvayətlərdən istifadə etməklə və müfəssirlərin nəzəriyyələrindən bəhrələnməklə bu behiştləri şərh edirik:
1. Darus-səlam
Allah-taala Quranda buyurur: “Allah (möminləri) Darus-səlama – sülh və sağlamlıq evinə dəvət edir.”[2]
Bəzi alimlər inanır ki, bu ayədə “Səlam” dedikdə məqsəd mütəal Allahdır. Çünki Allah-taala möminləri Öz evinə dəvət edir və Allahın evi də həmin behiştdir.[3]
Bəziləri demişlər ki, Darus-səlam dedikdə məqsəd o yerdir ki, onun sakinləri hər növ zərər və ziyandan amandadırlar. Cübbaidən belə nəql olunur: Behiştə ona görə Darus-səlam adı vermişlər ki, onun sakinləri hamılıqla əmin-amanlıqdadırlar, Pərvərdigarları və məlaikələr də onlara salam verirlər. Orada “salam”dan başqa heç nə eşidilmir, sağlamlıqdan başqa heç nə görünmür. Bu nəzəriyyə Allahın bu kəlamı ilə dəstəklənir: “Orada onların sözü (və duası) salamdır.”[4]
İbni Abbasın da belə dediyi nəql olunur: Darus-səlam elə həmin behiştdir ki, sakinləri hər növ afətdən, bəladan, nöqsandan və xəstəlikdən amandadırlar. Darus-səlamın sakinləri qocalıqdan, ölümdən, fiziki dəyişikliklərdən toxunulmaz və amandadırlar. Onlar həmin yerdə əzizlənər və heç vaxt təhqirə məruz qalmazlar. Onlar həmişə izzətlidir, heç vaxt zəlil və xar olmazlar. Darus-səlamın sakinləri həmişə varlı və zəngindir, onlara fəqirlik heç vaxt baş verməyəcəkdir. Onlar səadətə nail olanlardır və heç vaxt bədbəxt olmazlar... Qapıları Rəhman Allahın ərşinə doğru açılan dürr və mərcan qəsrlərdə məskunlaşarlar, mələklər hər tərəfdən onların yanına gələrək deyərlər: “Səbir etdiyiniz şeylərə görə sizə salam olsun! Bu xeyir-aqibət sizə xoş olsun!”[5]
Mərhum Əllamə Təbatəbai dəyərli “Əl-mizan” təfsirində “Darus-səlam onlara məxsusdur” ayəsinin təfsirində yazır: “Səlam – ayənin düzümündən başa düşülən lüğət mənasında olan salamdır. Bu da həm zahiri, həm də batini bəlalardan, ziyan və xəsarətlərdən amanda olmaq mənasınadır. Darus-səlam həmin yerdir ki, ölüm, qocalıq, xəstəlik, fəqirlik, hüzn, qəm-qüssə və s. xəsarətlərin oraya yolu yoxdur və bu da vədəsi verilən həmin behiştdir.”[6]
Həmçinin, deyilmişdir ki, behişti ona görə Darus-səlam adlandırmışlar ki, ora Allahın evi, səhhət və sağlamlıq yeridir.[7]
2. Darul-cəlal
İkinci behiştin adı Darul-cəlaldır. Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən nəql olunan rəvayətdə deyilir: “Hər kəs Allah yolunda uca səslə “la ilahə illəllah” desə, Allah bu işinə görə Öz razılığını onun üçün müqəddər edər. Hər kəs ilahi razılıq məqamına çatsa, Allah onu Darul-cəlalda həzrət İbrahim və Məhəmməd ilə həmneşin edər.” O həzrətdən soruşdular: “Ya Rəsuləllah! Darul-cəlal haradadır?” Həzrət buyurdu: “Bir behiştdir ki, Allah ona Öz adını qoymuşdur. Oranın sakinləri hər sübh və axşam Allahın cəlal və ikramına nəzər salarlar.”[8]
3. Cənnətul-mə’va
Cənnətul-mə’va şəhidlərin ruhunun yerləşdiyi behiştdir.[9]
Mübarək Ramazan ayının fəziləti barəsində Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-dən belə nəql olunur: “Allah-taala (oruc tutanlara) Cənnətul-mə’vada qızıldan tikilmiş min qəsr əta edəcəkdir.”[10]
4. Cənnətu-xuld (əbədi behişt)
Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) bu əbədi behiştin barəsində buyurur: “Hər kəs mənim həyatım kimi yaşamaq və Pərvərdigarımın mənə vədə verdiyi Cənnəti-xuldda məskunlaşmaq istəyirsə, gərək Əlinin vilayətini qəbul etsin. O həmin behiştdir ki, Allah Özü onun sütunlarını bina etmişdir.”[11]
5. Ədn cənnəti
Mərhum Əllamə Hilli buyurur: “Bu behişt ona görə Ədn cənnəti adlandırılmışdır ki, ora daimi və həmişəlik iqamətgahdır.”[12]
Bir rəvayətə əsasən, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) buyurmuşdur: “Mən (pak-pakizə) bir ağaca bənzəyirəm ki, Fatimə onun şaxələri, Əli barlandıran, Həsən və Hüseyn onun meyvələri, şiələrimiz və bizi sevənlər bu ağacın yaşıl yarpaqlarıdır. Bu ağacın kökü Ədn behiştindədir.”[13]
Mərhum Kaşiful-ğita buyurur: “Ədn cənnəti behiştin ortasındadır.”[14]
Başqa bir rəvayətdə deyilir: “Ədn behişti o behiştdir ki, Allah onu Özü icad etmişdir və indiyə qədər bir kəs onu görməmişdir.”[15]
Başqa bir hədisdə isə oxuyuruq: “Allah-taala Ədn behiştini Öz əli ilə xəlq etmiş, onun ağaclarını Özü əkmiş, saraylarını və qəsrlərini Özü tikmiş, çaylarını Özü cari etmişdir....” Sonra buyurdu: “Həqiqətən möminlər qurtuluşa nail oldular.”[16]
Yenə də buyurulur: “Ədn cənnətinin divarları qırmızı yaqutdan, açarları da mirvaridəndir.”[17]
6. Firdovs cənnəti
Firdovs o cənnətdir ki, mütəal Allah onu qızıl və gümüşlə bina etmiş, onların arasında ətirli müşk və ənbər qoymuşdur. Bir rəvayətdə deyilir: “Allah bu behişti müşk-ənbərlə tikmiş, o behiştdə ən yaxşı meyvələri və reyhanları əkmişdir.”[18] Firdovs cənnəti behiştin ən yüksək dərəcələridir.[19]
Həzrət Fatimeyi-Zəhra (əleyha salam) atasının ayrılığında ağlayan zaman bu behişti vəsf edərək deyirdi: “Ey ata! Pərvərdigarın səni dəvət etdiyi zaman dəvətini qəbul etdin. Ey ata! Firdovs cənnəti sənin məkanındır...” Deməli, Firdovs Peyğəmbər (səlləllahu əleyhi və alih)-in məskunlaşdığı cənnətinin adıdır.[20]
Firdovs behiştinin tavanı Allahın ərşidir və orada mirvaridən olan iki yaşıl və ağ qəsr tikilmişdir. Ağ qəsrin yetmiş min otağı vardır, onun sakinləri Peyğəmbər və Əhli-beytdir. Yaşıl qəsrin də yetmiş min otağı vardır, onun sakinləri isə həzrət İbrahim və Ali-İbrahimdir.[21]
Başqa bir rəvayətdə deyilir: “Firdovs cənnətinin divarları nurdandır, otaqlarının nuru da Allahın nurundandır.”[22]
7. Nəim cənnəti
Mübarək Ramazan ayının fəzilət və savabı barəsində deyilir: “Bu mübarək ayın yeddinci günü gəlib çatanda Allah-taala Nəim cənnətində 40 min şəhidin və 40 min siddiqin savabını sənə verər.”[23] Bu həmin behiştdir ki, həzrət İbrahim (əleyhis-salam) öz duasında onu belə vəsf edir: “Pərvərdigara! Məni Nəim cənnətinin varislərindən qərar ver!”[24]
Əllamə Təbatəbai (rəhmətullahi əleyh) “Əl-mizan” təfsirində buyurur: “Nəim behişti – vilayət behiştidir.”[25] Başqa bir yerdə buyurur: “Dəfələrlə bəyan olundu ki, Nəim –vilayət, Nəim cənnəti isə vilayət behiştidir.”[26]
Təfsirçilərin bəziləri inanırlar ki, yeddilik təşkil edən bu cənnətlərin hamısı həqiqətdə bir şeydir və bu adların hamısı bir behiştə aid edilir. Çünki behişt möminlərin daimi iqamətgahı olduğuna görə Ədn cənnəti, əmin-amanlıq və sağlamlıq yeri olduğuna, sakinləri hər növ qəm-qüssədən uzaq və amanda olduğuna görə Darus-səlam deyilir.[27]
Nəticə:
Behişt həqiqətdə birdir, amma onun müxtəlif dərəcələri və mərtəbələri vardır ki, həmin mərtəbələrə uyğun olaraq xüsusi adla qeyd olunur.
[1] “İanətut-talibin”, 4-cü cild, səh. 385
[2] “Yunis” surəsi, ayə: 25
[3] Bu nəzəriyyə Həsəndən və Qütadədən nəql olunmuşdur.
[4] “Yunis” surəsi, ayə: 10; “Bə’zu ma vərədə fid-dünya vəl-axirət”, səh. 32, “Darul-Mustafa” nəşriyyatı
[5] “Biharul-ənvar”, 8-ci cild, səh. 194
[6] Təbatəbai, Seyid Məhəmməd Hüseyn, “Əl-mizan”, 7-ci cild, səh. 345
[7] Yenə orada, 10-cu cild, səh. 39
[8] “Bəqiyyətul-məbahis”, səh. 196
[9] “Tacul-ərus”, 10-cu cild, səh. 26
[10] Şeyx Səduq, “Fəzailul-əşhuris-səlasə”, səh. 85
[11] “Mənaqibu Əmiril-möminin (əleyhis-salam)”, 1-ci cild, səh. 426
[12] “Müntəhəl-mətləb”, 1-ci cild, səh. 544
[13] Şəhidi Əvvəl, “Zikra”, səh. 6
[14] “Kəşful-ğita”, 2-ci cild, səh. 302
[15] “Vəsailuş-şiə”
[16] “Məhasin”, Bərqi, 1-ci cild, səh. 155
[17] “Mən la yəhzuruhul-fəqih”, 1-ci cild, səh. 296
[18] Ərdəbili, “Zübdətul-bəyan”, səh. 55
[19] “Kəşful-ğita”, səh. 19
[20] Şovkani, “Neylul-ovtar”, 4-cü cild, səh. 161
[21] “Məsailu Əli ibni Cəfər”, səh. 345
[22] “Mən la yəhzuruhul-fəqih”, 1-ci cild, səh. 296
[23] Şeyx Səduq, “Əmali”, səh. 104
[24] “Şüəra” surəsi, ayə: 78
[25] Təbatəbai, Seyid Məhəmməd Hüseyn, “Əl-mizan”, 11-ci cild, səh. 369
[26] Yenə orada, 19-cu cild, səh. 121
[27] “İanətut-talibin”, 4-cü cild, səh. 385