Bütün şəriət hökmləri məsləhət (fayda) və məfsədə (zərər) əsasındadır. Hər hökmün də müəyyən bir fəlsəfəsi, səbəbi vardır. Lakin bütün incəliklərinə qədər hökmlərin səbəblərinin kəşf edilməsi çox çətin məsələdir. Sadəcə hökmlər üçün külli qayda-qanunlar bəyan etmək olar. Əlbəttə, burada “külli” dedikdə əksəriyyət mənasıdır və onda da istisna halları vardır. Meyqunun yeyilməsinin halal olmasının səbəbi barəsində bəzi rəvayətlərdə deyilir ki, meyqu (pulcuqlu) balıq növündəndir ki, xərçəngdə belə bir şey mövcud deyildir.
Bu məsələnin aydın olması üçün bir qədər izah veririk:
1. Şiə alimlərinin və fəqihlərinin etiqadı budur ki, düzgün və səhih nəzəriyyəyə əsasən Allahın hökmləri məfsədə (zərər) və məsləhət (mənfəət) əsasındadır. Yəni əgər müəyyən bir əməlin yerinə yetirilməsində mühüm və həyati bir mənfəət olarsa, o əməl vacib hesab edilir. Əgər onun mənfəəti həyati zərurət həddində olmasa, ona əməl etmək müstəhəbdir (vacib deyil, bəyəniləndir). Əgər müəyyən bir əməli yerinə yetirməkdə təhlükəli və öldürücü zərərlər varsa haram, zərəri böldürücü və təhlükəli həddə olmasa məkruhdur (bəyənilməzdir). Əgər bir əməlin mənfəəti və zərəri bərabər olarsa ona əməl etmək mübahdir (eybi yoxdur). Əlbəttə, mənfəət və zərər dedikdə məqsəd sırf şəkildə maddi zərər və mənfəət deyil, əksinə sözün ümumi mənasındadır və insanın vücud yönlərinin hər birini əhatə edir.
2. İlahi hökmlərin məsləhət və məfsədə əsasında olan külli qayda-qanunları və prinsipləri yəqin əsasında olsa da, bir çox hallarda onun nümunələrində məfsədə və məsləhətin kəşf edilməsi çox çətindir. Çünki əvvəla, müxtəlif elmi sahələrdə geniş imkanları tələb edir. İkincisi, bəşər elm və texnologiyada nə qədər inkişaf etsə də, onun məlumatları hələ də naməlum şeylər müqabilində okean qarşısında bir damlaya bənzəyir: “Sizə elmdən az bir miqdardan başqa verilməmişdir.”[1]
Bəlkə də din rəhbərləri və övliyalar tərəfindən bütün hökmlərin səbəb və fəlsəfinin bəyan olunmamasının səbəbi bu ola bilər ki, hələ indinin özündə belə elmi həqiqətlərin çoxundan xəbərsiz olan insan üçün şəriət hökmlərinin hamısının sirlərini bəyan etmək çox hallarda dinləyicilərin nifrət hissinə də səbəb ola biləcək bir müəmmanı demək kimidir. İmam Əli (əleyhis-salam) buyurur: “İnsanlar bilmədikləri şeylərə qarşı düşməndirlər.”[2] Buna görə də ilahi övliyalar və məsumlar şəriət hökmlərindən bəzilərinin səbəb və fəlsəfəsini insanların düşüncələri hüdudlarında bəyan etmişlər. Bundan əlavə, şəriətin və dinin əsas hədəfi insanların elm və əməl məqamında gözəlliklərə yiyələnməsi, fikri və əməli cəhətdən çirkinliklərdən uzaqlaşmasıdır. Bu hədəf yalnız şəriət göstərişlərinə əməl etməklə müyəssər olur, hətta insanlar hökmlərin səbəb və fəlsəfəsini bilməsələr də belə. Bu məsələ eynilə həkimin göstərişlərinə əməl etməklə sağlamlığını əldə edən bir xəstəyə bənzəyir – hətta dərmanların faydalarını və həkim göstərişinin səbəb və fəlsəfini bilməsə belə.
Bundan əlavə, möminlər dini göstərişlərin elm və agahlıqlarında heç bir xətaya yol verilməyən şəxslər tərəfindən bəyan olduğuna dair yəqinlikliləri olduğundan, bu göstərişlərin faydalı və təsirli olmasına da yəqinləri vardır.
3. Hökmlərin fəlsəfə və səbəblərini dərk etmək çətin olsa da, onlar barədə külli qayda-qanunlar əldə etmək mümkün bir işdir. Əlbəttə, bu, əqli məsələlərdə olan külliyyət kimi deyildir ki, heç bir istisna yönünə malik olmasın; hüquqi və ictimai məsələlərdə “külliyyət” dedikdə “əksər hal” mənası nəzərdə tutulur, buna görə də onda istisna halları mövcud ola bilər.
4. Heyvanların ətinin haram və ya halal olması barəsində külli qayda ilə əlaqədar məsumların (əleyhimus-salam) rəvayətlərində çoxlu meyarlar bəyan olunmuşdur. Məsələn, quruda yaşayanlar üçün bir qayda, uçanlar üçün digər bir qayda, suda yaşayanlar üçün tam başqa bir qayda bəyan olunmuşdur.
Suda yaşayan heyvanların halal olmasının meyarı olaraq onların pulcuqlu olması bəyan edilir. Bir rəvayətdə[3] Məhəmməd ibni Müslim imam Baqir (əleyhis-salam)-dan soruşdu: “Bizim üçün pulcuğu olmayan balıqlar gətirirlər. (Onu yemək olarmı)?” İmam buyurdu: “Pulcuğu olan hər bir balığı yeyin, pulcuğu olmayanları yeməyin.” Rəvayətlərdə pulcuq dedikdə balığın pulcuğu nəzərdə tutulur.[4]
Əlbəttə, məqsəd budur ki, əsl xilqətində və zatən pulcuğa malik olsun, hətta müəyyən mühit şəraitlərində yaşayış tərzinə əsasən aradan getmiş olsa da belə. Bu da rəvayətlərdə qeyd olunmuşdur.[5]
Meyqunun halal olması barəsində xüsusi rəvayət gəlmişdir: “Onu yeməyin işkalı (eybi) yoxdur və meyqu bir növ balıqdır.”[6]
Onun yeyilməsinin halal olması səbəbi barəsində bir neçə ehtimal verir:
1. Meyqu bir növ pulcuqlu balıqdır, hətta onun pulcuqları cihaz (mikroskop) olmadıqda gözlə görünməsə belə;
2. Meyqu xilqətinin əslində pulcuqlu idi və sonralar aradan getmişdir;
3. Meyqu növ baxımından pulcuqlu olmasa da, hökm baxımından pulcuqlu balıqlar hökmündədir və onun yeyilməsi işkalsızdır (eybi yoxdur). Başqa sözlə, bu cür dəniz heyvanları hal-hazırda bizə məlum olmayan səbəblər üzündən pulcuqsuz olsalar da, istisna olunmuşdur və rəvayətlərdə onun yeyilməsinin halal olmağına dair hökm verilmişdir.[7]
Həmçinin, xərçəngin haram olması barəsində də xüsusi rəvayət vardır: “Bir növ balıq olan cəzi, tısbağa və xərçəngin yeyilməsi haramdır.”[8]
Xərçəng pulcuqlu balıqlar növündən deyildir.
Qeyd olunanlara diqqət yetirməklə meyqunun halal, xərçəngin isə haram olmasının hökmü aydın olur, hətta dəqiq yollarla bu ikisinin arasında zati və cövhəri fərqləri bəyan edə bilməsək də. Elmi nailiyyətlərin indiyə qədər bu ikisinin arasında zati (cöhvəri) fərqi kəşf edə bilməməsi onların arasında zatən fərq olmamasına bir dəlil deyildir. Ümidvarıq ki, müxtəlif elm sahələrində mütəxəssis olan alimlər, xüsusilə bioloqlar, yaxud yeyinti sənayesində olan mütəxəssislər gələcəkdə bu həqiqətləri aşkar edə biləcəklər.
[1] “İsra” surəsi, ayə: 85
[2] “Mizanul-hikmət”in xülasəsi, 1-ci cild, səh. 214
[3] “Vəsailuş-şiə”, 16-cı cild, səh. 397-398, bab 8
[4] Yenə orada, hədis 3 və 7
[5] Yenə orada, 10-cu bab (haram yeməklər), səh. 405
[6] “Vəsailuş-şiə”, səh. 408, hədis 5 və 12 (haram yeməklər)
[7] “Vəsailuş-şiə”nin vərəqaltı haşiyəsi, səh. 508
[8] Hədis 1, bab 16 (haram yeməklər), səh. 145