Şiələr imamlara Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-dən artıq əhəmiyyət vermirlər, əksinə onların Peyğəmbərə məhəbbəti o həzrətin həyatı ilə bağlı olan bütün şeylərə və sahələrə şamildir. Şiələrin imamlara xüsusi diqqət yetirməsi Peyğəmbərin dəvətini qəbul etməkdən və o həzrətin əmrinə itaət etməkdən başqa bir deyildir və bu məsələ çoxlu ayə və rəvayətlərdə də gəlmişdir. O cümlədən, Peyğəmbərin ən yaxın adamlarına itaət edib əzizləməyin vacibliyini göstərən ayəni, “Səqəleyn” hədisini və bundan başqa çoxlu hədisləri qeyd etmək olar. Peyğəmbərin nəslindən olan məsum imamları əzizləmək və onlara xüsusi diqqət yetirmək əslində Peyğəmbərin risalətinə diqqət yetirib, dinini qorumaqdır. Digər tərəfdən, dua və ziyarət kitablarına müraciət edən insaflı bir kəs başa düşər ki, dua və ziyarətin çoxu Peyğəmbərin özünə məxsusdur. Elə bir ziyarət və dua tapmaq olmaz ki, onun bir hissəsi Peyğəmbərə aid edilməmiş olsun. Əgər “Məfatihul-cinan” kitabına baxsanız, Peyğəmbərin Mədinə şəhərində ziyarətinin çoxlu ədəb qaydaları olduğunu görəcəksiniz. Eləcə də həzrət Peyğəmbərə məxsus olan dörd ziyarətdən əlavə, o həzrətin mübarək rövzəsinin, o həzrəti uzaqdan ziyarət etməyin və s. çoxlu ədəb qaydaları vardır. Həmçinin “Əl-məzarul-kəbir”, “Kamiluz-ziyarat” və sair kitablarda da belədir.
Mütəmadi olaraq şiələrin əleyhinə aparılan əks təbliğatlardan biri də onların həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə qarşı məhəbbəti ilə əlaqədardır. Onlar iddia edib deyirlər ki, şiələrin imamlara məhəbbəti Peyğəmbərə məhəbbətlərindən çoxdur!
Bu şübhənin dəf və həqiqətin bəyan edilməsindən öncə bir neçə hissədən təşkil olunan bir müqəddiməni qeyd etmək zəruridir:
1. Məşhur olduğu kimi, “təşəyyö” (şiəlik) dedikdə “dinimizin Peyğəmbərin (səlləllahu əleyhi və alih) və imamların nəzərinə uyğun olaraq düzgün dərk edilməsi, Peyğəmbərdən sonra din yolunun mütləq imam Əlinin və ondan sonra da onun övladlarının vasitəsi ilə davam etdirilməsinə etiqad” nəzərdə tutulur.
Şiənin bu etiqadı həqiqətdə Quran və sünnət nəzərindən Peyğəmbərin əmr və fərmanlarına qeydsiz-şərtsiz itaət etməkdir.[1] Aydındır ki, şiə özünün bu etiqadı yolunda çoxlu ağır tələfatlar vermiş, bu yolda canfəşanlıq göstərmişdir. Onların hamısının başında da öz müxaliflərinin yaratdığı əsassız şəkk-şübhələr müqabilində haqqın isbatı üçün ciddi səy göstərmələridir.
Buna əsasən, bəhsimizi “haqqın isbatı və batilin rədd edilməsi” istiqamətində davam edirik ki, islam Peyğəmbəri tərəfindən vəsiyyət olunan və itaət edilməsi əmr edilən həqiqi rəhbərlər və imamlarla əlaqədar camaata (islam ümmətinə) agahlıq verək.
Aydındır ki, bu mövzu çox sadə və asan deyildir – xüsusilə, tarix və hədis kitablarını mülahizə etdiyimiz zaman. Çünki bu əsərlərdən çoxu üməyyə hakimlərinin və abbasi xəlifələrinin mənafeyini təmin etmək istiqamətində yazılmışdır. Həmçinin, islam tarixinin axarlarından məlum olur ki, fiqh firqələrinin və kəlam məzhəblərinin rəhbərləri də həmin məsələ istiqamətində hərəkət və əməl etmişlər.
Buna görə də imamların (əleyhimus-salam) tarixini tədqiq edib araşdırmaq zəruri və təbii nəzərə çarpır. Bəlkə də məhz buna görə imam Səccad (əleyhis-salam) Yezidin məclisində oxuduğu məşhur xütbəsində babası Əli (əleyhis-salam)-ı təqdim etmiş, Peyğəmbərdən daha çox onun parlaq xüsusiyyətlərini və mühüm, bariz fəzilətlərini bəyan etmişdir. O həzrət buyurmuşdu: “Mən Əlliyi Mürtəzanın oğluyam, o kəsin oğluyam ki, ərəblərin ən məşhur pəhləvanları və cəsur cəngavərləri təslim olduqları vaxta qədər onlarla döyüşdü. Mən möminlərin ən salehinin oğluyam, peyğəmbərlərin varisinin və səbirlilərin ən səbirlisinin oğliyam...”[2] Səbəbi də bu idi ki, camaat Əli (əleyhis-salam)-ın böyük şəxsiyyəti və yüksək mənəvi xüsusiyyətləri ilə agah deyildilər. Amma Peyğəmbər barəsində vəziyyət belə deyildi.
2. Şiələrin məsum imamlara, xüsusilə Əli (əleyhimus-salam)-a məhəbbət və bağlılığı əslində Peyğəmbərə məhəbbətdən başqa bir şey deyildir. Çünki imam Əli (əleyhis-salam) (“Mübahilə” ayəsində deyilən) “ənfusəna” – Peyğəmbərin canıdır: “(Ya Peyğəmbər!) Sənə gələn elm və bilikdən sonra hər kəs onun (həzrət İsanın) barəsində səninlə höcətləşib mübarizə aparsa (və haqq sözü qəbul etməkdən imtina etsə) de: gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də canımızı (yəni öz canımız kimi əziz olan insanları), siz də canınızı çağıraq, sonra (Allah dərgahında nahaq olan tərəfi) qarğışlayaq, Allahın lənətini yalançılara qərar verək.”[3]
Bir çox rəvayətlər də, o cümlədən “Mənzilət”, “Qardaşlıq”, “Qızardılmış quş”[4] və s. həzrət Peyğəmbərlə imam Əlinin möhkəm əlaqəsinə təkid və bəyan edir ki, imam Əli Peyğəmbər (səlləllahu əleyhi və alih) şəriətinin davam etdiricisidir.
3. Şiələr inanırlar ki, bütün məxluqatın ən şərəflisi yalnız həzrət Peyğəmbəri-əkrəm Məhəmməd ibni Əbdullahdır (səlləllahu əleyhi və alih) və o həzrətdən sonra onun kimi bir şəxs dünyaya gəlməyəcəkdir. Peyğəmbər elə bir meyar və mizandır ki, bütün insanlar onun vasitəsi ilə ölçülür. Şiənin nəzərində hər kəs (mənəvi yaxınlıq baxımından) o həzrətə daha yaxın olsa, bu yaxınlığa görə böyük bir məqama malik olar və hər kəs o həzrətin yolundan uzaqlaşa, heç bir dəyərə malik deyildir, hətta əgər Qureşydən də olsa. Bu müddəanın şahidi Peyğəmbərin əmisi Əbu Ləhəbin barəsində nazil olan “Məsəd” surəsidir. Məhz bu halda Əli (əleyhis-salam)-ın belə buyurduğunu görürük: “Siz mənim Peyğəmbərin yanında olan məqamımı, yaxın qohum olmağımı və o həzrətin nəzərində böyük şən və mənzilət sahibi olduğunu yaxşı bilirsiniz. Mən uşaq olduğum zaman Peyğəmbər məni öz qucağında (dizləri üstündə) oturdur, məni ağuşuna sıxır və özünə məxsus olan yataqda yatızdırırdı. Bədənini mənim bədənimə yapışdırır, öz gözəl ətrini mənə iylədir, bəzən yemək tikələrini çeynəyib ağzıma qoyurdu. O həzrət heç vaxt mənim sözlərimdə yalan və əməlimdə səhv görmədi. Peyğəmbər süddən ayrıldığı vaxtdan etibarən Allah Özünün ən böyük mələyini (Cəbraili) məmur etmişdi ki, o həzrəti tərbiyə etsin, gecə-gündüz onu alicənablıq, düzlük və gözəl əxlaq yollarına hidayət etsin. Mən həmişə Peyğəmbərlə birlikdə idim; öz anasının yanında olan bala dəvə kimi onun ardınca gedirdim. Peyğəmbər hər gün gözəl əxlaqdan yeni bir nişanəni mənim üçün aşkar və əmr edirdi ki, ona iqtida edəm.”[5]
4. Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) elə xislətlərə malik idi ki, başqalarında yox idi. O cümlədən: Peyğəmbərlərin sonuncusu olmaq, risalətinin xətmi-risalət olması (yəni o həzrətdən sonra yalnız yalançılar vəhy və risalət iddiası edə bilər). Deməli, risaləti peyğəmbərliyi xətm edən və bütün asimani (peyğəmbərlik) vəzifəsi onunla sona çatan bir Peyğəmbər (bütün asimani risalətlər onda cəm olmuşdur) bütün kamallara malikdir, o, bütün bəşəriyyətə örnəkdir, təvəllüdündən vəfatına qədər hər növ zahiri çirkinliklərdən və batini aludəliklərdən pak-pakizədir. O, Allah yanında şəfaət (etmək) məqamına nail olmuşdur və həyatının bütün sahələrində məsum (günahdan və xətadan pak) idi.
Əli (əleyhis-salam) bu barədə buyurur: “Peyğəmbər süddən ayrıldığı vaxtdan etibarən Allah Özünün ən böyük mələyini (Cəbraili) məmur etmişdi ki, o həzrəti tərbiyə etsin, gecə-gündüz onu alicənablıq, düzlük və gözəl əxlaq yollarına hidayət etsin. Mən həmişə Peyğəmbərlə birlikdə idim, öz anasının yanında olan bala dəvə kimi həmişə onun ardınca gedirdim. Peyğəmbər hər gün gözəl əxlaqdan yeni bir nişanəni mənim üçün aşkar və əmr edirdi ki, ona iqtida edəm.”[6]
Bu qısa müqəddiməni bəyan etdikdən sonra əsil məsələni irəli çəkirik. Şiələr öz mədəniyyətlərində Peyğəmbərin özünə və onun təlimlərinə xüsusi əhəmiyyət verirlər – istər şəriət, istər təfsir, istər əxlaq, istər siyasət və s. sahələrdə. Çünki mütəal Allah buyurur: “Şübhəsiz, sizin üçün Allahın Rəsulunun həyatında gözəl örnək və nümunələr vardır...”[7]
Habelə buyurur: “Peyğəmbərin sizin üçün gətirdiyi şeyləri əxz (və icra) edin, onun çəkindirdiyi şeylərdən çəkinin...”[8]
Şiələrin dini mənbələrinə müraciət edən hər bir insaflı şəxs görəcəkdir ki, şiənin ikinci dərəcəli mənbəyi Peyğəmbər sünnətidir.[9] Bu da aşağıdakı mühüm məsələləri bəyan edir:
1. Bu məsələ şiələrin nəzərində Peyğəmbər üçün böyük və müqəddəs bir məqam olduğunu və o həzrətə dərin ehtiramını aşkar edir. Bu da o həzrətin bütün işlərdə bizimlə Allah arasında vasitə olduğuna görədir.[10]
2. Şiələr bütün var-qüvvələri ilə Peyğəmbər sünnətini qoruyub saxlamağa çalışırlar – istər sünnətin yazılması, istərsə də şərh olunması sahələrində. İslamın əvvəllərindən indiyə qədər şiə alimləri bu sahədə (hədis məcmuələrinin bir yerə toplanmasında) çoxlu yorulmaz səylər göstərmişlər. “Kutubi ərbəə”, “Biharul-ənvar”, “Vəsailuş-şiə”, “Müstədrəkul-vəsail” və s. hədis və rəvayət toplumlarına müraciət etmək bu müddəanın isbatında kifayətdir.
3. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in həyatının elə bir dövrünü tapmaq olmaz ki, şiələr həmin sahələrdə tədqiqat aparıb təhlil etməmiş olsunlar. Bu müddəanın da şahidi sözügedən məsələ barəsində mövcud olan dəyərli əsərlər və nəfis kitablardır.[11] Əgər bu zəmində islam mədəniyyətinə və müsəlman cəmiyyətinə xidmət edən şiə alimlərinin fəaliyyətlərini sadalamaq istəsək, daha böyük bir kitab alınar və bu kiçik məqaləyə sığmaz. Dahi şiə alimləri Peyğəmbər sünnətinin yazılıb qorunması və nəşr edilməsi yolunda yorulmaz səylər göstərsələr də, bu qədər fəaliyyətləri o həzrətin böyük və əzəmətli şəxsiyyəti müqabilində heç bir şey hesab etmirlər. Çünki o həzrət elə yüksək bir şəxsiyyətə malikdir ki, əgər bütün aləm bir yerə toplaşaraq öz ixtiyarlarında olan bütün imkanlardan istifadə etsələr, yenə də onun haqqını olduğu kimi əda edə bilməzlər.
4. Sualda gələn “dua və ziyarət”lə əlaqədar demək lazımdır: Şiələr dua və ziyarətlərdə imamlara Peyğəmbərdən artıq məhəbbət göstərmirlər. Bu məsələ aşağıdakı incəliklərə diqqət yetirməklə aydın olur:
* Elə bir dua və ziyarət tapmaq olmaz ki, onun müəyyən bir hissəsi Peyğəmbərə aid edilməmiş olsun (nadir hallar istisnadır);
* “Məfatihul-cinan” kitabının birinci duasında görürük ki, Allaha həmd-səna etdikdən sonra tövsiyə edilir ki, dua edən şəxs yeddi dəfə belə desin: “Ey Məhəmmədin və Ali-Məhəmmədin Rəbbi! Məhəmmədə və Ali-Məhəmmədə salavat göndər və Ali-Məhəmmədin fərəcini tezləşdir!” Buna görə də biz bu məsələdə həmin tövsiyəyə əməl edirik.
* Sübh namazının təqibatında deyilir ki, yüz dəfə de: “Pərvərdigara! Həzrət Məhəmmədə və Ali-Məhəmmədə salavat göndər!” Həmin duanın davamında deyilir: “Pərvərdigara, Səndən istəyir və Səni and verirəm həzrət Məhəmməd və Ali-Məhəmmədin haqqına...”
* Bazar gününün duasında oxuyuruq: “Öz məxluqatının ən yaxşısı və Sənə doğru dəvət edən şəxsə – həzrət Məhəmmədə salavat göndər!”
* Həmçinin tək gününün duasında deyirik: “Pərvərdigara! Peyğəmbərlərin sonuncusu həzrət Məhəmmədə salavat göndər...”
* Çərşənbə gününün duasında deyilir: “Peyğəmbərlərin sonuncusu həzrət Məhəmmədə və onun pak Əhli-beytinə salavat göndər, həzrət Məhəmmədin şəfaətini bizə nəsib et, bizi o həzrətlə müsahib olmaqdan məhrum etmə...”
* Cümə gününün duasında deyilir: “Allahın salavatı Məhəmməd və onun Əhli-beytinə olsun! Pərvərdigara, məni o həzrətin ardıcıllarından və şiələrindən qərar ver və onun cərgəsində məhşur et!”
* Cümə gününün əməllərində deyilir: “Bağışlayan və mehriban Allahın adı ilə. Allahın salavatı rəsulların ağası, peyğəmbərlərin xatəmi və Pərvərdigarın aləmdəkilərə höccəti həzrət Məhəmmədə olsun... (O həzrət) hər növ aludəlikdən pak-pakizə, hər eyibdən uzaq, qurtuluş üçün arzu olunan, şəfaət üçün ümid ediləndir və Allahın dini ona həvalə edilmişdir. Pərvərdigara! Onun əslinə şərafət ver, onun bürhanını böyüt və dərəcəsini yüksəlt!”
* O həzrətin ziyarətində deyilir: “Şəhadət verirəm ki, Allahdan başqa heç bir məbud yoxdur və şəhadət verirəm ki, sən Allahın göndərdiyisən!”[12]
Qeyd etdiyimiz bu nümunələrdən əlavə “Məfatihul-cinan” kitabına müraciət etdiyimiz zaman aşağıdakı ünvanları müşahidə edirik:
1. Peyğəmbər (səlləllahu əleyhi və alih)-in Mədineyi-Münəvvərədəki ziyarəti;
2. Münəvvər rövzənin əməlləri;
3. Peyğəmbər (səlləllahu əleyhi və alih)-in uzaqdan ziyarət edilməsi;
4. Cümə günü Peyğəmbər (səlləllahu əleyhi və alih)-in və imamların uzaqdan ziyarəti;
5. Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə salavat və salam göndərməyin fəziləti;
6. Peyğəmbər (səlləllahu əleyhi və alih)-lə vidalaşmaq;
7. Mədinə ziyarətçisinin riayət etməli olduğu ədəb qaydaları.[13]
“Kamiluz-ziyarat” kitabının müəllifi öz kitabını Peyğəmbəri ziyarət etməyin savab və fəzilətlərini sadalamaqla başlayır. Həmçinin “Məzar” kitabının müəllifi öz kitabında Peyğəmbər üçün 4 ziyarət qeyd etmişdir.[14]
Bunlar şiələrin Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə qarşı məhəbbət göstərmələri və o həzrəti imamlardan üstün bilmələri ilə əlaqədar nümunələr idi. Tədqiqatçı insan şiə mənbələrinə müraciət etməklə başa düşür ki, onların Peyğəmbərə olan məhəbbəti imamlara olan məhəbbətindən qat-qat artıqdır. Xüsusilə, əgər dərindən və diqqətlə baxsa başa düşəcəkdir ki, həm məsumların, həm də qeyri-məsumlardan olan böyük şəxsiyyətlərin və səhabələrin (misal üçün, Həmzə Seyyiduş-şühəda, Cəfər Təyyar, Salman Farsi və s.) ziyarətinin sayı Peyğəmbərlə müqayisədə çox cüzidir.
Diqqət yetirilməli sonuncu məsələ “İsra” (merac) gecəsinin müstəhəb əməllərində Əli (əleyhis-salam)-ın ziyarətinin varlığıdır. Halbuki “merac” məsələsinin yalnız Peyğəmbərə aid olduğunu bilirik?!
Yuxarıda qeyd olunanlara əsasən bu sualın cavabı aydın olur. Şiələrin adəti budur ki, islam tarixində mövcud olan hər bir əlamətdar hadisələrdə məsumları, xüsusilə imam Əli (əleyhis-salam)-ı ziyarət etmək üçün ən yaxşı şəkildə istifadə etsinlər. Buna görə də məsum imamlar bu əlamətdar hadisələrdə bəzi ziyarətləri imam Əli (əleyhis-salam) üçün qərar vermişlər.
Əlbəttə, bu məsələ qeyd olunan əlamətdar hadisələrə məxsus deyildir, “məbəs” günündə və s. də Əli (əleyhis-salam)-a aid olan ziyarət vardır.[15]
[1] Burada ayə və rəvayətləri qeyd etmək məqamında deyilik. Bu barədə mərhum Əllamə Əmininin “Əl-qədir” kitabına baxa bilərsiniz.
[2] “Biharul-ənvar”, 45-ci cild, səh. 138; Əmin, Seyid Möhsün, “Ləvaicul-əşcan”, səh. 243
[3] “Ali-İmran” surəsi, ayə: 61. Təfsir kitablarına müraciət etməklə məlum olur ki, bütün təfsir alimləri yekdil fikirlə ikinci “ənfusəna” (özümüz, canımız) kəlməsində Əli (əleyhis-salam)-ın nəzərdə tutulduğunu demişlər.
[4] Əlavə məlumat üçün bax: “Əl-qədir”, Əllamə Əmini
[5] “Nəhcul-bəlağə”, xütbə 192 (“Qasiə” xütbəsi)
[6] Yenə orada; “Əl-ilahiyyat”, Sübhani, Cəfər, 2-ci cild, habelə nübüvvət və ismət mövzularında yazılan digər kitablara baxa bilərsiniz. Şiələr inanırlar ki, Peyğəmbər həm vəhyin təbliğində, həm də başqa hallarda məsumdur. Amma əhli-sünnət alimləri inanır ki, Peyğəmbər yalnız şəriətin təbliğində məsumdur.
[7] “Əhzab” surəsi, ayə: 21
[8] “Həşr” surəsi, ayə: 7
[9] Şiələrin nəzərində sünnət təkcə Peyğəmbərin sözü, əməli və təqrirində (başqasının əməlini görüb təsdiqləməsində) həsr olunmur, əksinə Əhli-beytin də söz, əməl və təqririnə şamildir. Amma əhli-sünnət Peyğəmbər sünnətini yalnız o həzrətin əməl və davranışına həsr edirlər. Bu da şiələrin əhli-sünnətlə olan əsaslı fərqlərindən biridir. Şiənin nəzərində sünnətin hüdudlarının genişlənməyinə səbəb olan şey məsum imamların ismətidir (günahdan, xətadan və səhvdən uzaq olmalarıdır). Dini mənbə ünvanı ilə Peyğəmbərin sünnətindən bəhrələnməyə əsas verən ismətin özü də Əhli-beytə sarılmağa əsasdır. Başqa sözlə desək, sünnət hövzəsində bizim bəhsimiz məsumların sünnətidir. Hər kəs bu məfhumun (məsumun) nümunəsi olsa onun sözü, əməli və təqriri bizim üçün mötəbər bir mənbə ünvanı ilə qəbul olunur. Hadəvi Tehrani, Məhdi, üsulun xaric dərsi, beşinci dəftər
[10] “Üsuli fiqhi müqarin”, Həkim, Seyid Məhəmməd Təqi, “Sünnətin höccət olması” fəsli
[11] “Əz-zəriə”, Tehrani, Şeyx Ağa Bozorg
[12] “Məfatihul-cinan”, səh. 314, 315, 326, 335, 336.
[13] Yenə orada
[14] Məşhədi, “Məzar”, səh. 55-76
[15] “Məfatihul-cinan”, səh. 380