Təfsir kitablarına və rəvayət mənbələrinə müraciət etməklə aydın olur ki, Qurani-əzim və “Səb`ul-məsani” dedikdə nəyin nəzarətə tutulmağı ilə əlaqədar müxtəlif nəzəriyyələr vardır:
Bəziləri inanırlar ki, məqsəd Quran və onun ayələridir.
Bəziləri inanırlar ki, “Səb`ul-məsani” dedikdə məqsəd “Həmd” surəsidir. Çünki bu surə Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə iki dəfə nazil olmuşdur.
Bəziləri də demişlər ki, “Səb`ul-məsani” Quranın əvvəlindəki uzun surələrdir. Dəlili də budur ki, bu surələrdə ibrətamiz tarixi hadisələr və xəbərlər təkrar şəkildə bəyan olunmuşdur.
Amma həqiqət budur ki, sünnü və şiələrin yolu ilə gəlib çatan rəvayətlərin təkid etdiyi kimi, “Səb`ul-məsani” elə “Həmd” surəsidir. Belə adlandırılmasının səbəbi budur ki, namazın iki rəkətində iki dəfə qiraət olunur.
Təfsir kitablarına və rəvayət mənbələrinə müraciət etməklə aydın lur ki, “Səb`ul-məsani”nin nə olması barəsində nəzər ixtilafı vardır. Bəziləri inanırlar ki, məqsəd elə Quranın özü və onun ayələridir. Bəziləri demişlər ki, məqsəd “Həmd” surəsidir; ya iki dəfə nazil olduğuna görə, ya da namazda iki dəfə qiraət olduğuna görə belə adlandırılıb. Bəziləri də demişlər ki, “Səb`ul-məsani” dedikdə Quranın əvvəllərində olan uzun surələr nəzərdə tutulur və bunun belə adlandırılmasının səbəbi ondakı ibrətamiz tarixi hadisələrin və xəbərlərin təkrar olunmasıdır.[1]
Amma haqq məsələ budur ki, sünnü və şiə yolu ilə nəql olunan çoxlu rəvayətlərdə Peyğəmbər (səlləllahu əleyhi və alih), imam Əli (əleyhis-salam) və imam Sadiq (əleyhis-salam) buyurmuşlar ki, “Səb`ul-məsani” dedikdə məqsəd “Fatihə” surəsidir. Bu surə “Səb`ul-məsani”dən başqa digər adlara da malikdir: “Ümmül-kitab”, “Ümmül-Quran”, “Qurani-əzim”, “Şafiyə”, “Vafiyə”, “Rüqəyyə”, “Kənz” və “Əsas”.[2] Allah-taala buyurur: “Biz “Səb`ul-məsani”ni və Qurani-əzimi sənə nazil etdik.”[3]
İmam Sadiq (əleyhis-salam)-dan belə nəql olunur: “Həqiqətən (“Həmd” surəsi ona görə) “Məsani” adlandırılmışdır ki, iki rəkət namazda iki dəfə qiraət olunur.”[4]
Səid ibni Cübeyr deyir: İbni Abbasdan “Səb`ul-məsani” barəsində soruşduqda cavabda dedi: “Səbul-məsani” – “Ümmül-Quran”dır. “Səb’” dedikdə məqsəd “Həmd” surəsinin yeddi ayəsidir, “məsani”nin mənası isə “Həmd” surəsinin hər iki rəkətdə təkrar olunmasıdır. Bu da Quranın başqa surələrinə deyil, yalnız “Həmd” surəsinə məxsusdur.”[5]
“Kaşif” təfsirinin müəllifi bu məsələ barəsində digər bir ehtimalı da əlavə edərək deyir: “(Bu surənin belə adlandırılması) Buna görədir ki, bu surədə həm rübubiyyət, həm də übudiyyətin hər ikisi cəm olmuşdur.”[6]
Mərhum Əllamə Təbatəbai dəyərli “Əl-mizan” təfsirində bu mövzu ilə əlaqədar mühüm bir məsələyə işarə edərək deyir: “Səb`ul-məsani” – “Həmd” surəsinin adlarından biridir. Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən və imamlardan nəql olunan bir çox rəvayətlərdə “Səb`ul-məsani” “Həmd” surəsinə təfsir edilmişdir.
Deməli, “Səb`ul-məsani” Quranın əvvəlindəki yeddi uzun surə, yaxud “Ha mim” ilə başlayan surələr, yaxud Peyğəmbərə nazil olan yeddi kitabdır – deyilənlərin (öz müddəalarına dair) heç bir əsasları yoxdur. Çünki onların bu sözlərinə dair Qurandan və rəvayətlərdən heç bir əsas və dəlilləri yoxdur.”[7]
Müəllif yenə də əlavə edir: “Məsani” kəlməsi bütün Quranın sifətidir və öz-özlüyündə “Fatihə” surəsinə də şamil olur. “Minəl-məsani” (məsanidən) dedikdə məqsədin nə olduğu, “min” hərfinin bəziyyəti göstərməsi, yoxsa bəyan üçün olması, eləcə də “məsani” kəlməsinin nədən alınması və onun nə üçün belə adlandırılması ilə əlaqədar təfsirçilərin arasında çoxlu fikir ayrılığı vardır.
Deyilməsi yerinə düşən bir məsələ – Allah daya yaxşı bilər – budur ki, “min” hərfi bəziyyəti göstərir. Çünki Mütəal-Allah başqa yerdə bütün Quran ayələrini “məsani” adlandıraraq buyurur:
كِتاباً مُتَشابِهاً مَثانِيَ تَقْشَعِرُّ مِنْهُ جُلُودُ الَّذِينَ يَخْشَوْنَ رَبَّهُم
“Bu mütəşabih və məsani kitabdır ki, Rəbbindən qorxanların dəriləri ondan müqşəir olur (qorxudan yığılır)”[8] “Həmd” surəsinin ayələri də bu qəbildəndir. Deməli, “Həmd” surəsi “məsani”nin hamısı deyil, bəzi hissəsidir.[9]
“Min vəhyil-Quran” təfsirinin müəllifi qeyd olunan hallardan başqa “Həmd” surəsinin “Səb`ul-məsani” adlandırılması ilə əlaqədar digər bir bəyanla deyir: “Həmd” surəsi ona görə “Səb`ul-məsani” adlandırılır ki, onun mənaları Quran ayələrində təkrar olunmuşdur.”[10]
“Təfsiri-nümunə”nin müəllifi وَ لَقَدْ آتَيْنَاكَ سَبْعاً مِنَ الْمَثَانِي وَ الْقُرْآنَ الْعَظِيمَ “Həqiqətən sənə məsanidən yeddi ayə və Qurani-əzimi nazil etdik” ayəsinin təfsirində deyir: “Məlum olduğu kimi, “səb’” yeddi ədədidir, “məsani” də ikidir. Beləliklə, əksər müfəssirlər demişlər ki, “Səb`ul-məsani” “Həmd” surəsinə bir kinayədir və bu barədə də bir çox rəvayətlər vardır. Çünki bu surə yeddi ayədən təşkil olunmuş, mətləblərinin əzəmət və əhəmiyyətinə görə Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə iki dəfə nazil edilmişdir. Yaxud iki hissədən təşkil olunduğuna görədir: Surənin birinci yarısı Allaha həmd-sənadan, digər yarısı ilə dua və ibadətdən ibarətdir.[11] Yaxud da hər namazda iki dəfə qiraət olunduğuna görə belə adlanıb.
Bəzi müfəssirlər ehtimal vermişlər ki, yeddi rəqəmi Quranın əvvəlindəki yeddi uzun surəyə aiddir, “məsani” kəlməsi isə Quranın özünə dair bir kinayədir. Çünki Quran Peyğəmbərə iki dəfə: bir dəfə kamil və yığcam şəkildə, digəri isə zamanın axırlarında ehtiyac və hadisələrə uyğun olaraq tədrici şəkildə nazil olmuşdur. Buna əsasən “Səb`ul-məsani”nin mənası Quranın mühüm surələridir. Bu qrupun dəlilləri “Zümər” surəsinin 23-cü ayəsidir: “Allah ən yaxşı hədis olan Quranı nazil etdi. Elə bir kitab ki, onun ayələri tam və kamil fəsahətdə (və ecazda) bir-birinə oxşardır.” – Yəni Peyğəmbərə iki dəfə nazil olmuşdur.
Belə nəzərə çarpır ki, birinci təfsir gerçəkliyə daha yaxındır. Xüsusilə, Əhli-beyt (əleyhimus-salam) rəvayətlərində işarə olunduğu kimi, “Səb’ul-məsani” elə “Həmd” surəsidir.
Rağib İsfahani “Müfrədat” kitabında yazır: “Məsani” kəlməsi Qurana aid edilir. Bu da ayələrinin təkrarına görədir. Məhz bu təkrar da onu təhrifdən qoruyub saxlamışdır. Bundan əlavə, Quranın həqiqətləri hər zamanda və dövrdə yeni bir şəkildə təcəlli edir. Buna görə də “məsani” (ikilik) şəkildə vəsf edilməsi layiqdir.”
Hər bir halda, “Həmd” surəsinin də Quranın bir hissəsi olduğuna əsaslanaraq “Qurani-əzim kəlməsinin “Həmd” surəsindən sonra qeyd olunması bu mübarək surənin əzəmət və əhəmiyyətinə dair digər bir dəlildir. Həm ərəb, həm də qeyri-ərəb ədəbiyyatında bir şeyin hissəsinin küllün müqabilində işlənməsi çoxdur. Bu da onun (cüzün və hissənin) əhəmiyyətinə görədir.[12]
[1] “İrşadul-əzhan ila təfsiril-Quran”, səh. 272
[2] Yenə orada, səh. 5; “E’rabul-Quran və bəyanuh”, 1-ci cild, səh. 51
[3] “Hicr” surəsi, ayə: 87
[4] “Alaur-Rəhman fi təfsiril-Quran”, 1-ci cild, səh. 51
[5] “Əhkamul-Quran” (Cəssas), 1-ci cild, səh. 28
[6] “Kəşşaf” təfsiri , 1-ci cild, səh. 33
[7] “Əl-mizan” təfsiri, 12-ci cild, səh. 191
[8] “Zümər” surəsi, ayə: 23
[9] “Əl-mizan” təfsiri, 12-ci cild, səh. 191
[10] “Təfsiru min vəhyil-Quran”, 13-cü cild, səh. 176
[11] “Məcməul-bəyan”, 1-ci cild, səh. 17; “Nurus-səqəleyn”, 3-cü cild, səh. 28-29
[12] “Təfsiri-nümunə”, 8-ci cild, səh. 109