Qeyd olunmalıdır ki, imam Hüseyn (əleyhis-salam)-ın şəhadətindən əvvəl və sonra varid olan müsibətlər öz-özlüyündə o həzrətdən məzlum bir çöhrənin təqdim olunmasına səbəb olur. İmam Hüseyn (əleyhis-salam) barəsində işlənən “məzlum” kəlməsinin təhlilindən belə nəticə alırıq ki, o həzrət üçün təsvir olunan məzlumiyyət “zəif və zülmü qəbul edən bir şəxs” kimi təqdim olunan məzlumiyyət deyil, əksinə izzət və başı ucalıqla yanaşı olan bir məzlumiyyətdir və onun böyük şəxsiyyətli ilə heç bir ziddiyyəti yoxdur. Həqiqətdə ona varid olan müsibətləri bəyan etmək məqamında düşmənlərinin zülmünü təsvir və imamın Əhli-beytinin məzlumiyyətini qələmə almaq məcburiyyətində qalırıq. Aydındır ki, əgər imamın məzlumiyyətini təsvir etməkdə məqsəd düşmənlərin öz həzrət haqqında etdiyi zülmün bəyanı olsa, bu, müqəddəs şəriət tərəfindən qəbul olunur və bu həm də lazım və vacibdir. Amma əgər imamın məzlumiyyətini təsvir etməkdə məqsədimiz (nəuzu billah) onun zəif olduğunu, zülmü qəbul etməyini göstərmək olsa, bu bəyan batil və şübhəsiz, haramdır.
Buna əsasən, imam Hüseyn (əleyhis-salam)-ın məzlum olması o Həzrətin özünə, səhabələrinə qarşı rəva görülən zülmlərdir və o Həzrətin böyük şəxsiyyəti ilə əsla ziddiyyətli yoxdur. Əksinə, bununla imam Hüseyn (əleyhis-salam) və onun köməkçilərinin izzət və başıucalığını bir daha artıq aydınlaşdırır. Buna görə də bu məqamda düzgün təhlil aparılmasının lazım və vacib olmasına da inanırıq.
Əlbəttə, imam Hüseyn (əleyhis-salam)-ın məzlum bir insan kimi təsvir edilməsinin digər dəlilləri də vardır. Dünyada ümumxalq kütlələrinin fikrinə aydınlıq gətirilməsi, düşmənlərinin cinayətlərinin ifşa olunması və s. hədəflərin bəyan olunması gələcək nəsillər üçün hidayət çırağıdır.
Suala cavab verməzdən əvvəl qeyd etməliyik ki, əvvəla, bir çox rəvayətlərdə “məzlumiyyət” kəlməsi bütün imamlara aid edilmişdir. Misal üçün, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in buyurduğu bu hədis: “Allaha and olsun! O zamanda mən, Əli, Fatimə, Həsən, Hüseyn və Hüseynin övladlarından olan doqquz nəfər – bunlar mənim Əhli-beytim və məzlumladır – hamımız bir yerə yığışacağıq.”[1]
İkincisi, həm Peyğəmbər (səlləllahu əleyhi və alih), həm də məsum imamlar (əleyhimus-salam) imam Hüseyn (əleyhis-salam)-ın məzlumiyyətinə xüsusi diqqət yetirmişlər. Yəni, əksər hallarda o həzrətin məzlumiyyətini bəyan etmiş, o həzrət üçün əzadarlıq saxlamış və لَا يَوْمَ كَيَوْمِكَ يَا اَبَا عَبْدِ اللَّهِ sənin (müsibətli) günün kimi bir müsibətli gün yoxdur, ey Əba Əbdillah!”[2] deyərək “məzlum” kəlməsini imam Hüseyn (əleyhis-salam)-ın adının davamında əlavə edirdilər.[3] İmam Sadiq (əleyhis-salam)-dan nəql olunan bir hədisə “İsra” surəsinin 33-cü ayəsindəki “məzlum” kəlməsi[4] İmam Hüseynin məzlumiyyəti hesab edilmişdir.[5] Bunların hamısı göstərir ki, o Həzrətdən məzlum bir sima təqdim edilməsi Peyğəmbər və imamlar tərəfindən qəbul olunur.
İndi görək, imam Hüseyn (əleyhis-salam)-ın məzlumiyyəti dedikdə məqsəd nədir? Cavabda deyirik: Məzlumiyyəti iki cür təsvir etmək olar:
Birinci mənaya olan məzlumiyyətdə imam zəif, zülmü qəbul edən şəxs kimi qələmə verilir və onu Allahın sonsuz qüdrətinə qovuşma məqamından ayırırlar.
İkinci mənaya olan məzlumiyyətdə imam zəif qələmə verilmir, əksinə ona baş verən müsibətləri, düşmənlərin o həzrətə və Əhli-beytinə qarşı etdiyi zülmləri bəyan etmək məqsədi güdülür.
Şəhid Mütəhhərinin (rəhmətullahi əleyh) də bu kəlmə barəsində buyurduğu bəyana əsasən, o, iki mənaya işlənir. Birincisi zülmü qəbul etmək, ikincisi zülmə məruz qalmaq. Bəzi insanların ruhu zəif olduğuna görə zülmü və haqsızlığı qəbul edir; bunlar zülm çəkənlərdir. Bəziləri də var ki, özlərinə və ya mənsub olduqları qruplara zülm olunur, amma bu iş ruhlarının zəif olduğuna görə deyil, əksinə özündən və hüquqlarından daha mühüm əhəmiyyət kəsb edən bir məsləhətə riayət etməklərinə görə bu işə razılıq verir, zülmə məruz qalır və səbir edirlər. Necə ki, Əli (əleyhis-salam) buyurmuşdur: “Mən gözündə tikan, boğazında sümük qalan bir adam kimi (mənə rəva görülən zülmlər qarşısında) səbir etdim.”[6] İmamların məzlumiyyəti ikinci növdən olan məzlumiyyətdir; yəni onlar bəşəriyyətin, islam ümmətinin və islam dininin məsləhətlərinə riayət etmək üçün onlara varid olan müsibətlərin hamısına dözmüşlər.
Deməli, “imam Hüseyn (əleyhis-salam) məzlum olmuşdur” - deyərkən o Həzrətin özünə və köməkçilərinə qarşı rəva görülən zülmləri təhlil etmək məqamındayıq və bunun o Həzrətin alicənablığı, izzəti və böyük şəxsiyyəti ilə heç bir ziddiyyəti yoxdur. Üstəlik, bununla o həzrətin özü və köməkçilərinin izzəti daha artıq aydın olur. Çünki o Həzrətin düşmənlərinin rəva gördükləri zülmü, habelə imam Hüseyn (əleyhis-salam)-ın onlarla necə rəftar etməsini və zülmlə mübarizəsini bəyan etməklə izzətli bir ruhiyyə ilə zülmün qarşısında necə dayanması aydın olur.
Əlbəttə, imam Hüseyn (əleyhis-salam)-dan məzlum bir insan siması təqdim edilməsinin digər dəlilləri də vardır ki, aşağıda onlara işarə edirik:[7]
1. Şəhadətindən əvvəl və sonra ona rəva görülən müsibətlər[8] o qədər şiddətli, çox və vəhşətli idi ki, hətta cahiliyyət dövründə belə, bunun misli görünməmişdi.[9] Digər tərəfdən, bu qədər cinayətlərin hamısı belə bir izzətli və şərafətli imama qarşı bir gün ərzində rəva görülmüşdü. Bunların hamısı o Həzrətin məzlumiyətinə dəlil deyildirmi və öz-özünə o imamdan məzlum bir sima təqdim etmirmi?!
2. Dünyada ümumxalq fikrinin oyadılması məhz o Həzrətin fəzilətlərinin xatırladılması, düşmənlərinin ona qarşı etdiyi zülm və haqsızlığı bəyan etməklə müyəssər olur və Muxtar kimi şəxslərin qiyamından ibarət olan əksül-əməllərin baş verməsi ilə nəticələnir. Deməli, o Həzrətin məzlumiyyəti camaata mütləq təqdim olunmalı idi.
3. İmam Hüseyn (əleyhis-salam)-ın şəhadət günlərində o Həzrət üçün matəm saxlayıb göz yaşı axıtmaq, ona qəm-qüssəli olmaq məsələsinə imamlar tərəfindən təkid olunmuşdur. Məhəmməd ibni Müslim deyir ki, imam Baqir (əleyhis-salam) buyurdu: Əli ibni Hüseyn (imam Zeynul-Abidin) buyururdu: “İmam Hüseyn (əleyhis-salam)-ın qətlə yetirilməsi faciəsinə görə hər bir mömin göz yaşı axıtsa və bu göz yaşları yanaqlarına axsa Allah-taala behişt otaqlarında ona yer verəcəkdir.”[10]
İmam Hüseyn (əleyhis-salam)-ın fəzilətlərini bəyan etmək və ona qarşı rəva görülən zülmləri açıqlamaq göz yaşı axıtmaq və qəm-qüssəli olmaqdan başqa bir yolla mümkün deyildir. Bu da matəm məclislərinin təşkil edilməsi, əzadarlıq keçirilməsi və o Həzrətin məzlumiyyətinin bəyan olunmasından ibarətdir. Halbuki, bu məzlumiyyət onun bacarıqsızlığına və zəifliyinə dəlalət etmir, əksinə imamın izzət və şücaətinə işarədir.[11]
4. Əhl-beyt (əleyhimus-salam)-ın, məxsusən imam Hüseyn (əleyhis-salam)-ın məzlumiyyətini bəyan etmək.
Əhli-beyt düşmənlərinin törədikləri cinayət və bidətləri ifşa etmək gələcək nəsillər üçün hidayət çırağı ola bilər və bunun sayəsində dostlarını düşmənlərdən seçib ayıra bilərlər. Buna görə də Əhli-beytin, xüsusilə imam Hüseyn (əleyhis-salam)-ın müsibətlərinin zikr olunması və o Həzrətin məzlum simasının təqdim edilməsi zəruri məsələdir.
Qeyd olunan dəlillərdən aydın olur ki, Əhli-beytdən, məxsusən imam Hüseyn (əleyhis-salam)-dan məzlum sima təqdim olunması, məzlumiyyətin ikinci mənasına olmaqla[12] müqəddəs şəriət tərəfindən qəbul olunmuşdur, üstəlik bu iş vacib və lazımdır. Lakin bəzi məclislərdə nadanlıq üzündən deyildiyi kimi, İmam Hüseyndən birinci mənaya (zülmü qəbul etmək) olan simanın təqdim olunması şübhəsiz, bidət və haramdır.
[1] Məclisi, Məhəmməd Baqir , "Biharul-ənvar", 25-ci cild, səh. 7, “Vəfa” müəssisəsi, Beyrut, Livan, 1404-cü hicri qəməri il; Dəvani, Əli, “Məhdiye movud”, "Biharul-ənvar"ın 13-cü cildinin tərcüməsi, səh. 1237, 28-ci çap, “Darul-kutubil-islamiyyə” nəşriyyatı, Tehran, 1378-ci şəmsi ili
[2] Şeyx Səduq, “Əmali”, səh. 115
[3] Bir çox ziyarətnamələrdə, dualarda və hədislərdə bu cür kəlmədən istifadə edilməsini görürük.
[4] مَن قُتِلَ مَظْلُومًا فَقَدْ جَعَلْنَا لِوَلِيِّهِ سُلْطاناً (“Hər kəs məzlum şəkildə qətlə yetirilsə, Biz onun qəyyumları üçün bir sultan (intiqam haqqı) qərar verərik...”)
[5] Bir nəfər İmam Sadiq (əleyhis-salam)-dan “İsra” surəsinin 33-cü ayəsi barəsində soruşdu. Həzrət buyurdu: “(Məzlum kəlməsindən) məqsəd imam Hüseyn (əleyhis-salam)-dır ki, məzlum şəkildə qətlə yetirilmişdir. Biz onun qəyyumlarıyıq və bizim Qaimimiz zühur edən zaman o həzrətin intiqamını alacaqdır.” "Biharul-ənvar", 44-cü cild, səh. 218; Əyyaşi, Məhəmməd ibni Məsud, “Təfsiri Əyyaşşi”, 2-ci cild, səh. 290, “Elmiyyə” çapxanası
[6] "Nəhcul-bəlağə", 3-cü xütbə, səh. 48, “Darul hicrət” nəşriyyatı, Qum
[7] Məsələn, övladlarının, qardaşlarının və köməkçilərinin şəhid olması, özünün, Əhli-beytinin və s. susuzluğa məruz qalması.
[8] Məsələn, o həzrətin Əhli-beytinin çadırlarına hücum və hörmətsizlik edilməsi, o Həzrətin özünün və köməkçilərinin kəsik başlarının Kufədə, Şamda və sair yerlərdə dolandırıb hörmətsizliyə məruz qoymaları.
[9] İmam Riza (əleyhis-salam) bu müsibətlər barəsində buyurur: “Cahiliyyət dövrünün (İslamdan qabaqkı dövrün) insanları Məhərrəm ayında müharibəni və qan axıtmağı haram hesab edirdilər. Lakin düşmənlər bu ayda bizim qanımızı axıtdılar, hörmətimizi pozdular, arvad-uşaqlarımızı əsir tutdular.” "Biharul-ənvar", 4-cü cild, səh. 283, 34-cü bab, “Səvabul-buka əla müsibətih”, hədis 17
[10] Ənsari Məhəllati, Məhəmməd Rza, “Səvabul-ə’mal”, tərcümə: Ənsari, səh. 163, 1-ci çap, “Nəsimi Kövsər” nəşriyyatı, Qum, 1382-ci şəmsi il
[11] Nəcəfi, Məhəmməd Cavad, “İmam Hüseyn (əleyhis-salam)-ın həyatı”, səh. 74, 3-cü çap, “İslamiyyə” nəşriyyatı, Tehran, 1364-cü hicri şəmsi il
[12] Yəni, elə bir məzlumiyyət ki, onda imam zəif göstərilmir, əksinə o Həzrətə qarşı rəva görülən haqsızlıq və müsibətləri bəyan etmək məqamındadır. Belə ki, düşmənlərin o Həzrətin özü və Əhli-beytinə qarşı rəva gördükləri zülmləri bəyan etmək məcburiyyətində oluruq.