“Saffat” surəsindəki sözü gedən ayələrin düzümü keçmiş ümmətlərin taleyini bəyan edir: Allah-taala şirklərinə görə onların əksəriyyətini əzaba düçar etdi, yalnız Özü üçün xalis etdiyi az sayılı insanlardan başqa.
“Müxləs” kəlməsi təkcə peyğəmbərlərə deyil, onlardan qeyrilərinə də şamil ola bilər. Çünki həmin surədə bundan sonra həzrət Nuh (əleyhis-salam)-ın hadisəsi bəyan edilir ki, şübhəsiz, onunla birlikdə gəmiyə minərək nicat tapanlar Allaha pərəstiş edən adi insanlar idi.
Həmçinin ismi-fail həmişə ismi-məfuldan üstün deyildir; əksinə bu vəzndə gələn bir çox hallarda onların fərqləri vardır. Məsələn, Raziq (Allahın sifətlərindən olan ismi-fail, yəni ruzi verən) mərzuqdan (ruzi verilən şəxs) üstündür. Çünki mərzuq məxluqun sifətidir, Xaliqin sifəti də məxluqatın sifətindən üstündür. Eləcə də Xaliq-məxluq və sair kimi sifətləri də qeyd etmək olar. Amma burada “müxlis” – yəni xalis edən şəxs və müxləs, yəni müxlislərin dözdükləri əzab-əziyyətlərə dözdükdən sonra Allah tərəfindən pak-pakizə edilərək “müxləs” olan şəxs deməkdir. Həmin səbəbə görə müxlislərə nisbətən müxləslərin məqamları daha artıq yüksəkdir.
Sözü gedən ayələr kafirlər tərəfindən ilahi ayələrin təkzib edilməsi, Allaha şərik qoşulması, eləcə də onları təhdid edən ilahi əzab vədəsi ilə əlaqədar nazil olmuşdur. Mərhum Əllamə Təbatəbai “Saffat” surəsinin 63-64-cü ayələrinin izahında yazır: “Bu ayədə kəlamın düzümü bu ümmətin müşriklərini qorxutmaq məqsədi daşıyır və bu ümmətin müşriklərini əvvəlki ümmətlərin müşriklərinə təşbeh etmək istəyir. Əvvəlki ümmətlərin əksəriyyəti haqq yolundan azmışdılar, bu ümmət də haqq yoldan azmışlar; o (keçmiş) ümmətlərə doğru çoxlu peyğəmbərlər göndərilmişdi, bu ümmətə doğru bir Peyğəmbər göndərilmişdir. Yalnız bir dəstə müxləs insandan başqa onların hamısı öz peyğəmbərlərini təkzib etdilər. İstisna olunan bu dəstədən məqsəd (peyğəmbərlərdən başqa) Allah tərəfindən xalis edilən (sair) bəndələrdir, yaxud müxləs və peyğəmbərlərdən daha ümumi bir mənadır.”[1]
Deməli, bu mübarək ayədə müxləs kəlməsi təkcə peyğəmbərlərə deyil, Allahın digər xalis bəndələrinə də şamildir. Həlak olanlar da müşriklər idilər. Necə ki, bu surədə qeyd olunanlara uyğun olaraq həzrət Nuh və İbrahim (əleyhiməs-salam)-ın dövrlərində az miqdardan başqa əksəriyyəti müşrik idilər və hamılıqla (ilahi əzab nəticəsində) həlak olmuşdular.
“Müxlis” ilə “müxləs”in arasındakı fərq ismi-fail və ismi-məful siğələrinə görə deyil, onların bu maddədən (خَلَصَ xə-lə-sə) alınan məna fərqinə qayıdır. Yəni, elə də deyildir ki, hər yerdə müəyyən bir sifət ismi-məful surətində gələrsə, ismi-faildən daha üstün bir mənanı çatdırmış olsun və ya əksinə. Xeyr, bu, felin maddəsinə bağlıdır. Misal üçün, ismi-fail vəznində olan Raziq Allahın sifətlərindəndir və Onun ruzi vermək xislətini bəyan edir. İsmi-məful vəznində olan mərzuq isə məxluqların sifətidir ki, Allah onlara ruzi verir. Şübhəsiz, Allahın sifəti məxluqun sifətindən yüksəkdədir. Həmçinin Xaliq və məxluqu da qeyd etmək olar. Amma “xə-lə-sə” maddəsindən alınan “müxlis” xalis edən deməkdir. Belə ki, insanın təkamül və özünü qurmağının ilk mərhələlərində əksər hallarda bu kəlmədən istifadə olunur. Amma müxləs nəfs ilə cihad apardıqdan sonra əldə olunan ali-mənəvi mərhələlərə aid edilir. Elə bir mərhələ ki, Şeytan ona nüfuz və vəsvəsə etməkdən məyus olur.[2] Bu zaman xalis olunmuş (Allah tərəfindən xalis edilmiş) mənasına olur.
Allah-taala “Hicr” surəsində Şeytanın sözünü belə bəyan edir: “İnsan nəslinin hamısını azdıracağam, Sənin müxləs bəndələrindən başqa.”[3] Yəni Şeytanın qüdrəti ümmətin müxləs bəndələrinə heç vaxt çatmır. Amma ümmətin başqaları bu səviyyədə olmasalar da, qəti olaraq demək olmaz ki, müxləslərdən başqa hamısı həlak olacaqdır. Çoxlu müxlis insanlar öz ciddi səyləri və nəfs ilə cihadları sayəsində bir çox rəzalətlərdən paklaşır və ali səviyyələrə çatırlar. Onların bəziləri öz vücudi tutumlarına uyğun olaraq Allah tərəfindən sair aludəliklərdən də pak edilir və “pak edilmişlər” mərhələsinə çatırlar. Əlbəttə, bu dərəcəyə çatmaq – müxləs olmaq bir tərəfdən çoxlu səylərə bağlıdır, digər tərəfdən də Allahın hikməti təsirlidir.