Qəməri ilinin Məhərrəm ayında təhvil olunmasının imam Hüseyn (əleyhis-salam)-ın şəhadəti ilə heç bir əlaqəsi yoxdur. İslamdan qabaq da qəməri ili Məhərrəm ayında başlanırdı və cahiliyyət dövrünün ərəbləri bu ayı öz illərinin əvvəli hesab edirdilər.
Əlbəttə, diqqət yetirmək lazımdır ki, ərəblər iranlılar kimi özlərinin yeni illərinin əvvəlini bayram və şənliklə başlamırlar və bu məsələ onlar üçün çox təbii bir işdir. Bu günə ilin sair günləri kimi baxırlar. Başqa sözlə desək, ilin təhvil olunması məsələsi onlar üçün heç bir dəyər və əhəmiyyət kəsb etmir. Amma Bəni-üməyyə Aşura gününü bayram keçirirlər. Əlbəttə, bu məsələnin yeni ilin ilk ayının əvvəli ilə əlaqəsi yoxdur. Əgər onlar imam Hüseyn (əleyhis-salam)-ı başqa vaxtda da şəhadətə yetirsəydilər, o günü bayram şənlikləri keçirmələri uzaq ehtimal olmazdı.
Qəməri ili çox qədim dövrlərdən bəri, yəni İslamdan əvvəl Məhərrəm ayında təhvil olunurdu və bunun İslama və müsəlmanlara heç bir aidiyyəti yoxdur. Aydın şəkildə desək, İslam yeni din ünvanı ilə Ərəbistan yarımadasına hakim olan zaman əhalinin arasında mövcud olan ili qəbul etdi.[1]
İslam dininin ərəblərin təqvimində icad etdiyi yeganə dəyişiklik həmin dövrlərdə ilin başlanğıcının – amul-filin dəyişdirilməsi idi. Belə ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) amul-fili yox, Məkkədən Mədinəyə hicrətini ilin əvvəli qərar verdi.[2]
Məsudi bu barədə yazır: “Ərəblər rəbiul-əvvəl ayını öz illərinin əvvəli hesab edirdilər. Rəbuil-əvvəlin üçündə yağışlar yağmaya başlayırdı. Qışın (seyf) əvvəli də rəbius-sani idi ki, onun vaxtı azərdən beş gün keçəndə idi.”[3]
Lakin şəmsi tarixindən istifadə edilməsi istər İslamdan qabaq, istərsə də sonra ərəblərin arasında çox az gözə dəyir. Hətta demişlər ki, yalnız ticarət və əkinçilik üçün təqvimdən istifadə edirdilər.[4]
Deməli, qəməri ilinin Məhərrəm ayında təzələnməsi çox qədim dövrlərə qayıdır. Təbidir ki, imam Hüseyn (əleyhis-salam)-ın o ayda şəhid olduğu zaman bir kəs ilin əvvəlini dəyişdirə və başqa aya keçirə bilməzdi. Bundan əlavə, ərəblər iranlılar kimi ilin əvvəlini şadlıq və bayram keçirmirdilər. İlin təhvil olunması onlar üçün çox adi bir iş idi və onu ümumiyyətlə, həyatlarında dəyişiklik ünvanı ilə qeyd etmirdilər.
Amma əsas məsələ budur ki, Bəni-üməyyə imam Hüseyn (əleyhis-salam)-ın şəhadətindən sonra o həzrətin şəhadət günü olan Aşura gününü özlərinə bayram günü seçərək şənliklə qeyd etdilər. Bu gündə təzim və şadlıq üçün çoxlu saxta hədislər düzəltdilər. Təəssüflər olsun ki, müsəlmanlardan çoxu bu rəvayətlərə qapılaraq onu xeyir-bərəkət günü hesab edir, bayram və toy şənliklərini bu gündə keçirirlər.[5]
Zəkəriyya Qəzvini bu xüsusda yazır: “Bəni-üməyyə bu nəzərdə idilər ki, Aşuranı bayram keçirsinlər. Buna görə də şiələr bu günü əzadarlıq edib növhə oxuduğu, bəzək və zinətdən uzaq olduqları zaman əməvilər bu gündə hər yeri çıraqban edir, bayram şənlikləri keçirir və qonaqlıq verirdilər.”[6]
Zərəndi Hənəfi yazır: “Bu ayın (səfərin) 1-ci günü də Bəni-üməyyənin bayramıdır. Çünki bu gündə imam Hüseyn (rəziyəllahu ənh)-in başı Dəməşqə varid edilmişdir.”[7]
Əlbəttə, bu məsələnin ilin əvvəli olması ilə heç bir əlaqəsi yoxdur. Əgər onlar imam Hüseyn (əleyhis-salam)-ı başqa vaxtda da şəhadətə yetirsəydilər, həmin günü şənlik və bayram elan etmələri uzaq görüş deyildir.
[1] Cavadi Əli, “Əl-mufəssəl fi tarixil-ərəb qəbləl-İslam”, Qum, “Şərif Rəzi” nəşriyyatı, 1-ci cild, səh. 460
[2] Yenə orada
[3] “Murucuz-zəhəb” 2-ci cild, səh. 192; Cavadi Əli, “Əl-mufəsəl fi tarixil-ərəb”, 8-ci cild, səh. 441-dən nəqlən
[4] “Əl-mufəssəl fi tarixil-ərəb”, 8-ci cild, səh. 446
[5] Əlavə məlumat üçün aşağıdakı mənbələrə baxa bilərsiniz: Biruni, Əbu Reyhan, “Asarul-baqiyə”, Avropa çapı, səh. 329; Adam Mətz, “Əl-hizarətul-İslamiyyə fil-qərnir-rabiil-hicri”, Beyrut, 1387-ci hicri qəməri, 1-ci cild, səh. 137; Şeyx Abbas Qummi, “Əl-kuna vəl-əlqab”, Nəcəfi-Əşrəf çapı, 1390-cı hicri qəməri ili, 1-ci cild, səh. 431; İbni Həcər Heysəmi, “Əs-səvaiqul-muhriqə”, Misir çapı, səh. 181; İbni Teymiyyə, “İqtizaus-siratil-mustəqim”, Riyaz çapı, “Məktəbətur-Riyazul-hədisə”, səh. 301; Məqrizi, “Əl-xutətu vəl-asar”, Misir çapı, 1270-ci il, 1-ci cild, səh. 490
[6] Qəzvini, Zəkəriyya, “Əcaibul-məxluqat”, Beyrut, “Darul-qamusil-hədis”, 1-ci cild, səh. 115
[7] Zərəndi Hənəfi, “Nəzmu durəris-simteyn”, Tehran, “Neynəva” kitabxanası, səh. 230; Amili, Seyid Cəfər Mürtəza, “İslamda bayramlar”, Məhəmməd Sepehrinin tərcüməsi, Qum, “Dəftəri təbliğat”, 3-cü çap, səh. 47