İnsan bütün məxluqların ən şərafətlisidir. Allah-taala bütün varlıqları, o cümlədən heyvanları onun üçün xəlq etmişdir ki, onların mənfəətindən istifadə etsin (ətindən yemək, minmək, ağır yükləri daşımaq və sair). Bayramlarda və dini mərasimlərdə heyvan kəsilməsi ilahi göstərişdən qaynaqlanır. Kəsilməyə yararlı olan (qoyun, inək, dəvə və s.) heyvanların bütün zamanlarda malik olduğu dəyərə diqqət yetirməklə onların kəsilməsi və qurbanlıq edilməsi insanın öz sevdiyi maldan keçməsi mənasınadır. Digər tərəfdən, bu işlə ehtiyaclı bəndələrin yeməyə olan ehtiyacı qismən təmin olunur, cəmiyyətin iqtisadiyyatına, xüsusilə zəif təbəqələrə layiqli kömək olur.
Dini bayramlar və mərasimlər insanın Allah-taalanın nemətlərini daha çox xatırlamalı, Ona təşəkkür etməli olduğu zamanlarda daha dəyərli olur. Belə ki, insan bu hallarda özünü Ona yaxınlaşdırmağa çalışır. Bayram şənliklərində və dini mərasimlərdə heyvan kəsilməsinin, qurbanlığın ətinin (Allah yolunda) xüsusilə ehtiyaclılara, imkansızlara, kasıb-küsuba infaq edilməsinin fəlsəfəsi Allaha şükür etmək və Ona yaxınlaşmaqdan ibarətdir. Əlbəttə, İslam bütün bayram şənlikləri üçün heyvan kəsilməsinə dair ümumi göstəriş verməmişdir.
İslam nəzərindən insan məxluqatın ən şərafətlisidir Allah-taala bütün şeyləri onun təkamülü üçün xəlq etmişdir. Quranda buyurulur: “O həmin Allahdır ki, yer üzündə olan bütün şeyləri (nemətləri) sizin üçün xəlq etmişdir.”[i] Başqa sözlə desək, Allah-taala dünyadakı bütün imkanları insanların ehtiyaclarının təmin olunması üçün onun ixtiyarına vermişdir. Bu varlıqlardan biri də heyvanlardır. Allah-taala buyurur: “Ey iman gətirənlər! Öz əhd-peymanlarınıza (müqavilələrinizə) vəfa (əməl) edin! Sizin üçün dördayaqlı heyvanlar və onların balaları halal edildi – yalnız sonradan sadalanacaqlar istisnadır (onlar haramdır).”[ii]
Müxtəlif dini mərasimlərdə və bayram şənliklərində heyvan kəsilməsi ilahi göstərişdən qaynaqlanır və çox yüksək mədəniyyətdən hekayət edir. Həzrət İbrahim (əleyhis-salam) Allah tərəfindən oğlu İsmaili qurban etməyə göstəriş aldığı zaman özündə azacıq şəkk-şübhəyə və tərəddüdə yol vermədən əziz övladını qurbanlıq etməyə hazır olduğunu göstərdi, Allahın razılığını əldə etmək üçün özünün bütün qəlbi bağlılıqlarından əl çəkdiyini isbat etdi. Bununla da qəlbinin meyvəsi olan əziz olduğunu Allah yolunda qurbanlıq edilməsindən ibarət olan ən böyük imtahandan başıuca çıxdı. Allah-taala onun bu böyük işini qiymətləndirmək üçün İsmailin qurbanlıq olmasının qarşısını aldı, behiştdən bir qoç göndərdi ki, həzrət İbrahim o qoçu kəsin. Biz də müəyyən bir heyvanı üzü qibləyə tutub Allahın adını yad edərək Onun yolunda qurbanlıq etdiyimiz zaman həqiqətdə İbrahim (əleyhis-salam) kimi öz “mənəmliyimizi” Allahın qarşısında qurbanlıq edirik. Müəyyən dini mərasimlərdə şəri vacib ünvanı ilə Allah yolunda qurbanlıq etmək Onun tərəfindən göstəriş verilir və bu da həmin məqsəd və məsləhətlərə görədir.
Qurani-kərim həccin vacibliyini və onun əməllərini bəyan etməklə eyni zamanda buyurur: “Camaatın arasında nida et (onları həccə dəvət et) ki, özlərinin müxtəlif mənafelərinin şahidi olsunlar, (bu həyat bəxş edən mərasimdə) iştirak etsinlər və müəyyən olunmuş günlərdə Allahın adını onlara verdiyi heyvanlara (qurban edildiyi zaman) çəksinlər. Onun ətindən yeyin, miskinə, fəqirə də təam verin.”[iii]
Sonrakı ayədə buyurulur: “Kök dəvələri (həcc mərasimində) sizin üçün ilahi şüarlar qərar verdik. Onlarda sizin üçün xeyir-bərəkət vardır. (Qurbanlıq etmək üçün) sıraya düzüldüyünüz zaman Allahın adını onlara çəkin və yan tərəfləri sakitləşdiyi (can verdikləri) zaman onların ətindən yeyin, miskinə və fəqirlərə o ətdən verin! Biz onları beləcə sizin üçün ram etdik ki, Allaha şükür edəsiniz.”[iv]
Bu iki ayədə həcc mərasimində qurbanlığın iki hikmətinə işarə edilmişdir: 1. Sonsuz nemətlər verdiyinə görə Allah-taalaya şükür etmək; 2. Fəqir-füqəraya və kasıb-küsuba təam vermək.
Digər bir ayədə isə buyurulur: “Nə onların ətləri, nə də qanları heç vaxt Allaha çatmır. Ona çatan şey sizin təqva və pəhrizkarlığınızdır. Allah onları beləcə sizin üçün ram etmişdir ki, sizi hidayət etdiyinə görə Onu əzəmətlə yad edəsiniz. Yaxşı əməl sahiblərinə müjdə ver.”[v]
Bu ayədə çox incəliklər gizlənmişdir. Belə ki, Allah yolunda qurbanlıq edilən heyvanın əti və qanı heç vaxt Allaha gedib çatmır. Allaha çatan şey sizin təqva və pəhrizkarlığınızdır. Allah xatirinə öz malınızdan keçirsiniz, yoxsullara təam verirsiniz, onlara ehsan edirsiniz. Bu dəyərli işlər də insanın təqvasının göstəricisidir.
Diqqət yetirmək lazımdır ki, İslam nəzərindən heyvanların qurbanlıq edilməsinin bir neçə şərti vardır:
1. Heyvanın əti halal olmalıdır ki, insanın istifadəsinə yararlı olsun;
2. Kəsilən zaman üzü qibləyə kəsilməli və Allahın adı deyilməlidir;
3. İslamda bəyan olunduğu kimi, dörd böyük damarı kəsilməlidir;
4. Dəmirdən olan iti şeylə kəsilməlidir ki, heyvan əziyyət çəkməsin.
Bundan başqa, digər ədəb qaydaları da vardır.[vi] Bunların hamısı göstərir ki, İslamda qurbanlığın çox dəyərli hədəfi və fəlsəfəsi vardır və sadəcə bir heyvanı öldürüb aradan aparmaq məqsədi daşımır ki, bəziləri “bir heyvanı azad etmək dini mərasimlər üçün daha münasib olmazdımı?!” deyə irad tutsunlar.
Digər tərəfdən, dünyada gün ərzində milyonlarla heyvan kəsilir. Əlbəttə, bu iş lazım və zəruridir. Əgər bir gün bu işlərin qarşısı alınarsa, insanların həyatı ciddi böhranla qarşılaşar. Amma bu iş onların ətinin sırf şəkildə insanlara sərf edilməsi məqsədi daşıyır, onlarda heç bir ilahi-mənəvi hədəf gözə dəymir. Lakin İslam bu işlərin bəzilərinə ilahi hədəf vermişdir ki, həm insanların maddi ehtiyacları təmin olunsun, həm də mənəvi cəhətdən bəhrələnsinlər.
Deməli, dini mərasimlərdə heyvan kəsilməsinin əxlaqi, iqtisadi və ictimai yönləri də vardır, bu iş insanların peyğəmbərlərə və onların məktəbinə olan etiqadlarından xəbər verir. Amma təbii mənbələrin azalmağa doğdu getdiyi hazırkı xüsusi şəraitdə heyvanı öz başına buraxmaq onun məhv olmasına səbəb olur. Belə olanda onun heç bir maddi və mənəvi bəhrəsi olmaz.