Şiə və sünnülərin mühüm kitablarında qeyd olunur ki, səhabələrdən bəziləri bir çox hallarda Fatimeyi-Zəhra (əleyha salam)-a əza-əziyyət vermişdilər, bu da o həzrətin bu insanlardan narahat və narazılığına səbəb olmuşdu. Həmçinin, çoxlu rəvayətlərdə deyilir ki, Fatimeyi-Zəhra (əleyha salam) imam Əli (əleyhis-salam)-dan xahiş etmişdi ki, onun kəfən və dəfn işlərini gizli şəkildə əncam versin. Belə nəzərə çarpır ki, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in qızı bu istisna vəsiyyətlə onun haqqını qəsb edənlərə etirazını hamıya çatdırmaq istəmişdir.
Peyğəmbər (səlləllahu əleyhi və alih)-in vəfatından sonra səhabələrdən bəziləri Fatimeyi-Zəhra (əleyha salam)-a çoxlu əzab-əziyyət vermişdilər. Buna görə də o həzrət narahat olmuş və onlara qəzəblənmişdi. Bu hadisələrin bəziləri mötəbər sünnü kitablarında qeyd olunmuşdur. Bu barədə 5256-cı suala (sayt 5512), eləcə də “Fatimeyi-Zəhranın şəhadəti sünnü mənbələrində” adlı görünüşə baxa bilərsiniz.
Cabir ibni Əbdullah Ənsaridən nəql olunan bir rəvayətdə deyilir: “Peyğəmbərin vəfatından sonra həzrət Zəhra xəstələndi, səhabələrdən iki nəfər onun görüşünə gəldilər və halını soruşdular! Həzrət buyurdu: “Siz Peyğəmbərin “Fatimə mənim canımın parasıdır, hər kəs ona əziyyət versə, mənə əziyyət vermişdir!” deyə buyurduğunu eşitməmişsinizmi?!” O iki nəfər dedi: “Bəli, biz bunu ondan eşitmişik!” Bu zaman Fatimeyi-Zəhra əllərini göyə qaldıraraq belə dua etdi: “Pərvərdigara, Səni şahid tuturam ki, bu iki nəfər mənə əzab-əziyyət vermiş, haqqımı qəsb etmişdir!” Bundan sonra onlardan üz çevirdi və (şəhid olan vaxta qədər) heç vaxt onlarla danışmadı.”[1]
Həmçinin bəzi rəvayətlərdə deyilir ki, Fatimeyi-Zəhra imam Əli (əleyhis-salam)-a vəsiyyət etdi ki, onun kəfən və dəfn işlərini məxfi şəkildə yerinə yetirsin. O həzrətin vəsiyyətnaməsində deyilir: “Bu, Peyğəmbərin qızı Fatimənin vəsiyyətidir. O, şəhadət verir ki, yeganə Allahdan başqa heç bir məbud yoxdur, Məhəmməd Onun göndərdiyi və bəndəsidir, behişt və cəhənnəm haqdır, qiyamət günü şübhəsiz, gəlib çatacaqdır və Allah o gündə bəndələrini qəbirdən dirildib qaldıracaqdır. Ey Əli! Mən Məhəmmədin qızı Fatiməyəm, Allah məni sənin əqdinə keçirmişdir ki, dünya və axirətdə sənə həyat yoldaşı olmaq iftixarında olum. Sən mənə qarşı başqalarından irəlisən. Mənə gecə qüsl ver, hənut vur, kəfənə bük və cənazəmə namaz qılıb gecə qaranlığında torpağa tapşır. Heç kəsi xəbərdar etmə. Səni Allaha tapşırıram və qiyamət gününə qədər bütün övladlarıma salam göndərirəm.”[2]
Belə nəzərə çarpır ki, Peyğəmbərin qızı özünün müstəsna vəsiyyəti ilə istəmişdir ki, bütün insanlar onun haqqını qəsb edənlərə etirazından agah olsunlar.