Please Wait
5745
Məmunun İmam Əli ibni Musər-Riza (əleyhis-salam)-ın imaməti ilə fitr bayram namazı qılınmasının qarşısını almasının ümdə dəlili o həzrətin namaz qılması ilə əlaqədar hökumətə yönələn təhlükə hissi idi. Bu hadisə Mərv (Xorasan) əhalisinin İmam Riza (əleyhis-salam)-ın müsəllaya getməsi xəbərini eşitməklə eyni zamanda hamılıqla evlərindən müsəllaya tərəf axışmaları zamanı baş vermişdi. Onlar yolun iki tərəfində oturub səbirsizliklə İmamın gəlişini gözləyirdilər. Qadınlar və uşaqlar damlara çıxıb onun mübarək qədəmlərinin intizarını çəkirdilər. Bütün ordu sərkərdələri, örkənin məşhur siyasi şəxsiyyətləri – hər sinifdən olursa olsun – İmam (əleyhis-salam)-ın evinin qarşısına toplaşmışdılar. Hamı o həzrətə məhəbbət göstərirdi. Bu zaman Məmun və onun müşavirləri hiss etdilər ki, İmam tərəfindən bu namazın qılınması və xütbə oxunması onun hökumətini devirə bilər. Onlar İmamın nəinki adi camaatın arasında, hətta sarayın əyan-əşrafları, ölkənin ordu sərkərdələri və məşhur şəxsiyyətlər arasında bu qədər sevilməsini əsla təsəvvür etmirdilər. Buna görə də göstəriş verdi ki, İmam bayram namazını qılmaq fikrindən keçsin, bu yolla həm özünü, həm də hökumətini ehtimal verilən təhlükələrindən qoruyub saxlasın.
Məmunun İmam Əli ibni Musər-Riza (əleyhis-salam)-ın imaməti ilə fitr namazını qılınmasının qarşısını almasının (halbuki bu təklifi Məmunun özü vermişdi) dəlillərini başa düşmək üçün demək lazımdır: Məmun atası Harun ər-Rəşidin ölümündən sonra ölkə vəziyyətini sahmana saldı, sonra İmam Riza (əleyhis-salam)-a bir məktub yazaraq onu Xorasana dəvət etdi. İmam Riza (əleyhis-salam) müəyyən səbəblərə görə bu təklifi alqışla qarşılamadı. Lakin Məmun yenidən öz istəyini təkrar və israr etdi ki, hökmən Xorasana tərəf gəlməlisən. İmam Riza (əleyhis-salam) onun israrlarını hiss etdikdə qəbul edib Xorasana səfər etmək məcburiyyətində qaldı.
İmam Riza (əleyhis-salam) Xorasana (Mərvə) daxil olandan sonra Məmun təklif etdi ki, xilafəti qəbul etsin. İmam Riza (əleyhis-salam) bu istəklə kəssin şəkildə müxalifət etdi. Məmun onu təhdid edərək dedi: – Gərək vəliəhdlik məqamını qəbul edəsən!
Həzrət buyurdu ki, bəzi şərtlər daxilində qəbul edərəm. Məmun dedi: – Şərtiniz nədir?
İmam buyurdu: – Şərtim budur ki, hökumət və siyasət işlərindən heç birinə dəxalət etməyəm, hakimlərin və sərkərdələrin vəzifəyə təyin olunması və ya işdən götürülməsində heç bir rol oynamayam.
Məmun da İmamın şərtlərini qəbul etdi. Bundan sonra fitr bayramında İmam Riza (əleyhis-salam)-a dedi: – Bu gün bayram günüdür. Bayram namazının imamətini öhdənə al. Camaat üçün bayram xütbəsi oxu.
Həzrət buyurdu: – Sən bilirsən ki, təklifini müəyyən şərtlər daxilində qəbul etmişəm, onlardan biri də bu kimi mərasimlərdə iştirak etməməkdir.
Məmun yenidən xəbər göndərdi və dedi: – Mən camaatı xatircəm etmək istəyirəm ki, qəlblərində sizə meyl etsinlər, fəzilətlərinizi eşidib tanısınlar.
Məmun bu əməli çox israrla tələb etdikdə həzrət buyurdu: – Məni bu işdə üzrlü sayın. Amma əgər israr edirsinizsə, onda cəddim Rəsulullah (səlləllahu əleyhi və alih) kimi bayram namazı qılacağam.
Məmun dedi: – Necə istəyirsinizsə, o cür də qılın.
İmam Riza (əleyhis-salam)-ın bayram namazı qılmaq məqsədi ilə müsəllaya gedəcəyi elan olunan zaman Mərv (Xorasan) əhalisi yolun iki tərəfində oturub o həzrətin gəlişini gözləyirdilər. Uşaqlar və qadınlar evin damlarına çıxıb o həzrətin mübarək qədəmlərinin intizarını çəkirdilər. Bütün ordu sərkərdələri, ölkənin görkəmli siyasi şəxsiyyətləri (hər sinifdən və təbəqədən olursa olsun) İmamın evinin qarşısına toplaşıb o həzrətin çölə çıxmasının intizarını çəkirdilər. Bu zaman bayram günəşi saçmağa başladı, həzrət qüsl edib başına ağ əmmamə qoydu, onun bir ucunu sinəsinə, digər ucunu isə kürəyinə atdı, öz paltarlarını dizinə qədər çırmalayıb yuxarı qaldırdı. Sonra bütün qulamlara, kənizlərə və xidmətçilərə göstəriş verdi ki, onlar da belə etsinlər. Bundan sonra xüsusi bir çəliyi əlinə aldı və evdən xaric oldu. Həzrət hərəkət edəndə camaat onun arxasınca yola düşdülər. Həzrət mübarək başını asimana tərəf qaldırdı və dörd dəfə təkbir dedi.
Həzrət və onun köməkçiləri bu məxsus şəkildə evin qapısında bir qədər dayandı və اَللَّهُ اَكْبَرُ، اَللَّهُ اَكْبَرُ، اَللَّهُ اَكْبَرُ، اَللَّهُ اَكْبَرُ عَلَى مَا هَدَانَا، اَللهُ اَكْبَرُ عَلَى مَا رَزَقَنَا مِنْ بَهِيمَةِ اْلاَنْعَامِ وَ اْلَحَمْدُ لِلَّهِ عَلَى مَا أَبْلَانَا “Əllahu əkbər, Əllahu əkbər, Əllahu əkbər, Əllahu əkbəru əla ma hədana, Əllahu əkbəru əla ma rəzəqəna min bəhimətil-ən’am vəl-həmdu lillahi əla ma əblana” dedikdə hamı bir səslə bu təkbirləri təkrar etməyə başladı.
Bu zaman camaatdan uca şivən səsi eşidilməyə başladı, sanki, Mərv şəhərinin divarları lərzəyə gəlmişdi. Ordu sərkərdələri və ölkənin tanınmış şəxsiyyətləri İmam Riza (əleyhis-salam)-ın ayaqyalın hərəkət etdiyini gördükdə onlar da atlarından enib ayaqqabılarını çıxartdılar və piyada hərəkət etməyə başladılar. İmam Riza (əleyhis-salam) hər on addım getdikdən sonra dayanır və həmin təkbirləri üç dəfə deyirdi. Sanki, asiman, yer, şəhərin divarları belə onunla həmsəda olmuşdu, şivən və nalə səsləri Mərv şəhərini bürümüşdür.
Bu hadisəni dərhal Məmuna çatdırdılar və onu hazırkı vəziyyətdən xəbərdar etdilər. Vəziri Fəzl ibni Səhl, Məmuna dedi: – Əgər Əli ibni Musa həmin vəziyyətlə özünü müsəllaya çatdırsa, hamı ona məftun və aşiq olacaqlar. Məsləhət görürəm ki, onun müsəllaya getməsinin qarşısını alasan.
Məmun da bir nəfəri göndərdi və həzrətə dedi ki, evinə qayıtsın. İmam da öz paltarlarını və ayaqqabılarını geyib atına mindi və öz yerinə qayıtdı.[1]
İmam Riza (əleyhis-salam)-ın camaat arasında həddindən artıq sevilməsi, camaatın misilsiz bir vəsflə onun pişvazına çıxması və məhəbbət göstərməsi səbəb oldu ki, Məmun onun bayram namazı qılmasının qarşısını alsın. Çünki Məmunun və onun müşavirinin gümanına əsasən bayram namazının belə əzəmətli şəkildə qılınıb xütbə oxunması ilə onun hökuməti təhlükəyə düşə bilərdi. Halbuki, o, bu namazdan özünün xeyrinə təbliğat aparmaq istəyirdi və heç vaxt fikirləşməzdi ki, İmam nəinki adi camaat arasında, hətta ölkənin siyasi şəxsiyyətləri və ordu sərkərdələri arasında belə, bu qədər məhəbbət qazammış olsun. Buna görə də göstəriş verdi ki, İmam namaz fikrindən keçsin. Beləliklə özünü və hökumətini o həzrət nahiyəsindən ehtimal verilən təhlükələrdən xilas etsin.
[1] Kuleyni, “Kafi”, 1-ci cild, səh. 488-490, hədis 7, "Darul-kutubil-islamiyyə", Tehran, 1368-ci şəmsi il; Ətarudi, Əzizullah, “Müsnədu imam Riza (əleyhis-salam)”, müqəddimə, səh. 64, “Astani Qüdsi Rəzəvi”, Məşhəd, 1-ci çap, 1406-cı qəməri il; “İmam Riza (əleyhis-salam)-ın xəbər və əsərləri”, səh. 99-102