Please Wait
7972
Yuxarıdakı sualın cavabı dörd hissədən ibarətdir:
1. Günahın həqiqət və mahiyyəti:
Ərəb dilində günah mənasına olan “ism اثم” və “üsyan” mövlanın əmrindən imtina etmək, xəta və sapmaq deməkdir. Günahkar insan əqlə itaət etmək əvəzinə şəhvət və qəzəbə tabe olur. Belə olan halda hər bir günah əməli törədə bilər, nəticədə özünə xəyanət etmiş olar. Günah əməl şeytanın tələsidir; onun daxili cəhənnəm odu, xarici isə ötəri şəhvət və ləzzətlərdir. Qafil insan ona tamah salaraq əbədi ilahi əzablara düçar olur.
2. Günahın təsirləri
Fərdi və ictimai cəhətdən günahın çox ağır, acınacaqlı və pis nəticələri vardır. Onun fərdi təsirləri günah edən şəxsin qəlbinin qaralıb qəsavət bağlaması (daşlaşması), ilahi sirlərdən və maariflərdən məhrum olması, qəlbin şeytan üçün (münasib bir) cövlangah və mənzilə çevrilməsi, Pərvərdigar barəsində mərifət əldə etməklə əlaqədar nəfsin (ruhun) hicablar arxasında qalması, Allahla minacatın ləzzətindən məhrum olmaq, ibadətlərin qəbuluna maneçilik, qiyaməti, savabı və axirət mükafatlarını inkar etmək.
Günahın ictimai təsirləri: Cəmiyyətin mənəvi cəhətdən süquta uğrayıb geridə qalması; hətta əgər zahirdə inkişaf etmiş hesab olunan bir cəmiyyət əxlaqi azğınlığa düçar olarsa, əxlaqi və insani dəyərlər zavala sürüklənər, süqut edər.
Günahın mənşəyi:
Böyük din şəxsiyyətləri və görkəmli alimlər cəhalət və qəfləti günah iş törətmək üçün iki əsas mənşə hesab etmişlər. Düşmənin ən mühüm silahı və onun insana nüfuz etməsinin ilk yolu onu qafil etməkdir. Cəhalət də fəsadın mənşəyidir. Yəni insan öz vücud dəyərləri, eləcə də paklıq və iffətin dəyərli əsərləri barəsində cahil, günahın axır-aqibəti barəsində məlumatsız olur və s.
Günahdan xilas olmaq yolu:
Günahdan xilas olmaq üçün bir neçə yol qeyd etmək olar:
a) Tövbə və istiğfar; Allah dərgahına qayıtmaq mənasına olan tövbə həmişə günahın tərk edilməsi niyyəti ilə yanaşıdır və onun bir neçə dərəcəsi vardır.
b) Günahları (və bu əməllər nəticəsində Mövlanın hüzurunda xəcalətli olmağı) daim xatırlatmaq;
ğ) Allahı yada salmaq;
q) İnsanın iradəyə sahib olması.
Ərəb dilində “ism اثم” və “üsyan” adlandırılan günah Mövlanın əmr və nəhyi ilə müxalifət etmək, sapma, xəta və inadkarlıq mənasınadır. Yəni Mövlanın və Xaliqin nəzərində bəyənilməz, məzəmmət olunan işləri yerinə yetirmək (bu işlər öz ardınca fəsad gətirdiyi üçün Allah tərəfindən qadağan edilmişdir), yaxud da müəyyən cəhətlərə görə məsləhətə malik olan vacib işlərin tərk edilməsi mənasınadır. Buna əsasən, günah Allah qarşısında bəndəlik və übudiyyətlə tam müxalifdir.
İnsanın yaranış və təbiəti növlərindən biri olan qəzəb və şəhvət qüvvəsi onun əqlinə tabe olmalıdır. Amma günahkar insan əqlini kənara qoyur, şəhvət və qəzəb əqlinin yerinə oturur. Şəhvət və qəzəb hissləri daxildən insana fərman verdiyi zaman günah əməllər onun nəzərində sevimli olacaqdır. Bundan sonra onun gördüyü hər bir iş ya şəhvətin tərəfindən bəyəniləcək, ya da qəzəbə düçar olacaqdır. Buna görə də günah iş törədəcəkdir.
İnsan bir kəsə xəyanət etməsin deyə, daim ehtiyatlı olur, eləcə də özünə xəyanət etməmək üçün ehtiyatını heç vaxt əldən vermir. Əgər bir kəs öz şəhvət qüvvəsini və qəzəb hisslərini əməli əqlinin yerinə keçirtsə, vəhm və xəyalını nəzəri əqlin yerində oturtsa, qəsbkardır və özünə xəyanət etmiş olur. Əgər bir kəs mərifətdə xəyanətkar olsa, əməldə də xəyanətə düçar olacaq və özünün hüquqlarına riayət etməyəcəkdir.[1]
Günah – şeytanın tələsidir:
Əhli-beyt (əleyhimus-salam) rəvayətlərində insanın dünya və maddi vasitələrə bağlılığı “şeytanın tora salmaq və ovlamaq vasitəsi, günahlar da şeytanın səyyadlıq ipləri” ünvanı ilə qeyd olunur. Yəni günahlar elə tələlərdir ki, şeytan onların vasitəsi ilə insanları ovlayır; günah elə zəncir və ipdir ki, onun vasitəsi ilə insanları tora salır. Əlbəttə, onun əlində olan torlar müxtəlif çeşidli, rəngarəng, bəziləri qalın, bəziləri isə nazikdir. Şeytan da hər kəsi xüsusi bir vasitə ilə aldadır. Bəzilərini mal-dövlət və sərvətlə, bəzilərini məqam, mənsəb və şan-şöhrətlə, bəzilərini cinsi qərizə ilə və s.
Cəhənnəm odu heyvani ləzzətlər və şəhvətlərlə qaynayıb-qarışmışdır. Yəni bu tələlərin daxili atəş, xarici isə şəhvət camlarıdır və insan şəhvət camına tamah salmaqla cəhənnəm şölələrinin tələsinə düşür.[2]
Günahın təsirləri:
Günahın ağır təsirləri fərdi və ictimai olmaqla iki qismə bölünür.
1. Günahın fərdi təsirləri aşağıdakılardır:
a) Günah həqiqətdə bir çirkab kimi ruhu qaraldır. İnsan günah nəticəsində nə yaxşı yatıb istirahət edə bilir ki, mərifətlə yanaşı olan yuxular görsün, nə də ayıqlıqda yaxşı dolanır ki, düzgün elmləri kəşf edərək başqalarına da səhih təlimləri öyrədə bilsin. Buna əsasən, əgər insanın ruhu qaralarsa, bir çox sirlər ondan gizli qalacaqdır. Halbuki Allah o ruhu ilham mənbəyi qərar vermiş, ona and içmişdir. Demişlər ki, salik (ürfan yolunda çalışan arif) ilahi ilhamların səsini eşitmək üçün çox az danışır və öz yeməklərinə fikir verir. Çünki əgər bir şəxs daxilindəki (qeybi) səsləri eşitmək istəsə, gərək özü sakit olsun və danışmasın.[3]
2. Bir şəxs şeytanın vilayəti dairəsində qərarlaşanda, şeytan vəsvəsələrini qəbul edib onun əsasında əməl edəndə, tədrici olaraq qəlbi onun oylağına çevrilir. O, şeytanin mehmandarı olur. Belə ki, bu mətləb şərif ayələrdə zikr olunmuşdur.[4] Yalan danışan və yalan (şayiə) yayan insanın qəlbi şeytanın mənzilgahıdır. Amma bir kəs həm elmi, həm maddi, həm də əməli məsələlərdə əmanətdar, doğru danışan və vədəsinə sadiq olsa, onun qəlbi heç vaxt şeytanın cövlangahına çevrilməz.[5]
3. Günah insanın mərifət kəsb etməsi qarşısında bir hicab və pərdədir. İnsan günah nəticəsində Allahı unudur. Bu unutqanlıq da nəfsin mərifət hicabına çevrilərək onun bir kəsi tanımasına mane olur.[6]
Əgər bir kəs günah işlərə qurşansa, öz varlığını əbədi olaraq uçuruma süqut etdirir və özünü elə zəncirlərə çəkir ki, artıq heç bir şey, hətta cəhənnəm odu belə bu zəncirləri aça bilməz. Çünki atəş hətta dəmiri belə yumşalda bilir, amma dəmir oda çevrilsə, yəni odun özü də dəmir surətinə düşsə, artıq heç bir şey onu əridə bilməz.[7]
4. Günahın digər bir təsiri budur ki, günahkar şəxs Allahla minacat ləzzətini əldən verir, həmişə “kaş öz ibadətimdən ləzzət almış olaydım!” - deyə həsrət çəkir. Halbuki, günah nəticəsində, qəlbinin daşlaşdığına görə bu zəminləri özündən uzaqlaşdıraraq, aradan aparmışdır. Mərhum Şeyx Səduq dəyərli “Tövhid” kitabında nəql edir ki, bir nəfər imam Riza (əleyhis-salam)-dan soruşdu: “Nə üçün Allah hicab arxasındadır?” Həzrət buyurdu: “O, hicablar arxasında deyil; sizin Onu (qəlb gözü ilə) görmədiyinizə gəldikdə isə, günahlarınızın çoxluğunuza görədir. Bu günahlar bir pərdə kimi sizin fitrət şühudunuzun qabağını alır, insanın fitrət gözü ilə Allahı müşahidə etməsinə mane olur.”[8]
İslam rəvayətlərində günahın hicab olması məsələsi geniş bəyan edilmişdir. Misal üçün, Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) buyurur: “İnsan günah etdiyi zaman onun qəlbində qara bir nöqtə zahir olur. Əgər tövbə edərək ondan çəkinsə, qəlbi təmizlənir. Yox, əgər yenidən günahı təkrar edərsə, o qara nöqtə çoxalır və axırda bütün qəlbini bürüyüb əhatə edir.”[9]
Həzrət yenə buyurur: “Günahın çoxluğu insan qəlbini puça çıxarıb fasid edir (korlayır).”
İmam Riza (əleyhis-salam)-ın belə buyurduğu nəql olunur: “Günahdan da pis bir şey qəlbi xarab etməz. Qəlb günahdan təsirlənir və tədrici olaraq günah onda təsir qoyur, nəhayət ona qələbə çalır.”
İmam Sadiq (əleyhis-salam) buyurur: “Sizi pəhrizkarlığa, haram işlər qarşısında təqvalı olmağa, ibadətdə ciddiyyətlə səy göstərməyə tövsiyə edirəm! Bilin ki, günahlardan çəkinmədən edilən ibadətin heç bir faydası yoxdur.”
“Nəbəvi” hədisində Peyğəmbər (səlləllahu əleyhi və alih) Əbu Zərə xitab edərək buyurur: “Ey Əba Zər! Dinin əsası günahı tərk etmək, dinin sirri Allaha itaət etməkdir. Bil ki, əgər namaz sayəsində kaman kimi əyilsən, oruc tutmaq nəticəsində həddindən artıq (arıqlayıb) nazikləşsən, heç bir faydası olmaz; yalnız günahı tərk edib təqvalı olduğunuz halda faydalı olar. Ey Əbu Zər! Dünyada haram işləri tərk edərək zahidlik yolunu seçənlər haqq olaraq Allah övliyaları və Onun dostlarıdırlar.”[10]
5. Qiyamətin inkar olunması:
Günah qiyamət əqidəsinə elmin təsirinə mane olur. Yəni mümkündür, bir kəs qiyamətin varlığına alim olsa da, elmi şəhvət çirkablarının layları arasında dəfn olunsun. Belə bir elmin seç bir faydası yoxdur.”[11]
6. “Mütəffifin” surəsində[12] qiyaməti küllü şəkildə inkar edənlərə işarə olunur, sonra buyurulur: “Qiyamətin dəlilləri aydındır; onu yalnız təcavüzkar və günahkarlar inkar edirlər. Onlar heç vaxt ilahi ayələr müqabilində təslim olmur, buna görə ilahi ayələr tilavət olunan zaman onları rədd edərək “bunlar əvvəlki insanların quraşdırdığı əfsanələrdir!” deyirdilər.” Quran tam aşkar şəkildə buyurur: “Onların güman etdiyi kimi deyildir! Çirkin əməlləri və günahları pas kimi onların qəlblərinə oturduğuna görə bu sözləri deyirlər.” Bu ayələrdən gözəl şəkildə məlum olur ki, günah qəlbin səfasını aradam aparır, nəticədə həqiqətlər artıq bu ilahi güzgüdə əks olunmur; halbuki haqq ayələr, məxsusən Allahın varlığı və məad barəsindəki ayələr tamamilə aşkardır.[13]
Günahın ictimai təsirləri:
Günah işlər cəmiyyətin süquta uğramasına, cinayətlərin artmasına səbəb olur. Günah, malik olduğu mənfi təsir və inikaslara görə cəmiyyətin fəal şəxslərinin fəaliyyətinə xələl yetirir, cəmiyyətin irəliləməsinə və tərəqqisinə mane olur. Hətta qərb cəmiyyətlərində də günahkar və qanuna zidd hərəkət edən insanlar cəmiyyətin aşağı təbəqələrindən və ictimai mövqeyə malik olmayanlardandır.
Günahın mənşəyi qəflət və cəhalətdir. Düşmənin ən mühüm silahı və şeytanın insana nüfuz etməsinin ilkin yolu onu qafil etməkdir. Əgər şeytan bir kəsi qafil etsə, artıq müəyyən şeyləri onun gözündə gözəl cilvələndirməyə, cəhli-mürəkkəb icad etməyə yol qalmır. Əgər İblisin vəsvəsələri ilə mətlubun (haqqın) surəti insanın yadından çıxarsa, artıq şeytan asudə olur.
Cəhalət fəsadın yayılmasının mənşəyidir. Həzrət Yusif (əleyhis-salam)-la əlaqədar ayələr göstərir ki, günaha aludə olan eşqlər və cinsi inhiraflar cəhalət və nadanlıqdan qaynaqlanmışdır. İnsanın vücudi dəyərləri barəsində nadanlığı, paklıq və iffətin dəyərli əsərlərinə qarşı cəhalət, günahın axır-aqibətinə dair məlumatsızlıq və nəhayət Allahın əmr və nəhyləri qarşında nadanlıq və s.[14]
Günahdan xilas olmaq yolları:
Günahdan xilas olmaq üçün bir neçə yol zikr etmək olar:
1 - Günahdan tövbə etmək;[15]
2 - İstiğfar etmək (Allahdan bağışlanmaq diləmək);[16]
Tövbə lüğətdə müəyyən bir şeydən qayıtmaq mənasınadır. Yəni bəndə öz Mövlasına doğru qayıtdığı zaman “tövbə etdim” deyir. Allah Qurani-kərimdə bütün möminlərə tövbə etmək göstərişi verir.
3. Günahların yada salınması;[17]
4. Allahı daim yad etmək;[18]
5. İnsanın iradəsi [19] və s.[20]
[1] Cavadi Amuli, Əbdüllah, “Əxlaqın Quranda mərhələləri”, səh. 332-334
[2] "Nəhcul-bəlağə", 156-cı xütbə; Cavadi Amuli, Əbdüllah, “Quranda əxlaqın məbdələri”, səh. 318; Molla Məhdi Nəraqi, “Camius-səadat”, səh. 194; Cavadi Amuli, Əbdüllah, “Təfsiri təsnim”, səh. 400
[3] Cavadi Amuli, Əbdüllah, “Quranda əxlaq mərhələləri”, səh. 155-159
[4] “Şüəra” surəsi, ayə: 221-222
[5] Cavadi Amuli, Əbdüllah, “Quranda əxlaqın məbdələri”, səh. 112
[6] “Mücadilə”, surəsi, ayə: 19
[7] Cavadi Amuli, Əbdüllah, “Əxlaqın məbdələri”, səh. 235-236
[8] “Töhid”, Səduq, səh. 252; Cavadi Amuli, Əbdüllah, “Quranda fitrət”, səh. 103
[9] “Təfsiri Qurtəbi”, 10-cu cild, səh. 705; “Ruhul-məani”, 30-cu cild, səh. 73
[10] Kuleyni, “Usuli kafi”, 2-ci cild, “günahlar” babı, rəvayət 1 və 13; Məkarim Şirazi, “Pəyami Quran”, 1-ci cild, səh. 360-367; “Əd-durrul-mənsur”, 6-cı cild, səh. 326; Əllamə Məclisi, “Hilyətul-muttəqin”, səh. 98
[11] “Casiyə” surəsi, ayə: 23; Cavadi Amuli, Əbdüllah, “Təfsiri təsnim”, 2-ci cild, səh. 203
[12] “Mütəffifin” surəsi, ayə: 11-14
[13] Məkarim Şirazi, “Pəyami Quran” təfsiri, 1-ci cild, səh. 361; Fəxri Razi, “Təfsir”, 31-ci cild, səh. 94
[14] Cavadi Amuli, Əbdüllah, “Təfsiri təsnim”, 3-cü cild, səh. 397; Məkarim Şirazi, Nasir, “Pəyami Quran”, 1-ci cild, səh. 88
[15] “Nur” surəsi, ayə: 31
[16] "Nəhcul-bəlağə", səh. 128, hikmət 409; Molla Əhməd Nəraqi, “Meracus-səadət”, səh. 669; Şəhid Mütəhhəri, “Əxlaq fəlsəfəsi”, səh. 164
[17] Cavadi Amuli, Əbdüllah, “Əxlaqın məbdələri”, səh. 55-56
[18] Cavadi Amuli, Əbdüllah, “Əxlaqın məbdələri”, səh. 55-56
[19] “Əhzab” surəsi, ayə: 41
[20] Bax: Görünüş: hidayət və ixtiyar, izlal, ruzi əldə etməkdə insanın rolu və sair