Burada üç məsələni qeyd etmək lazımdır:
1. Qeyd olunan kitablar, müəllifləri tərəfindən etimadlı sayılır və qəbul olunur. Bu mövzuya “Əl-məzarul-kəbir”, “Əl-bələdul-əmin” kitablarının müqəddiməsində işarə edilmişdir. Mərhum Əllamə Məclisi bu kitablara etimad etmiş, onların müəlliflərini də böyüklüklə, əzəmətlə yad etmişdir.
2. Bizim fəqihlərimiz öz üslublarına əsasən, hər bir rəvayəti rical elmi nəzərindən araşdırır, sonra ona əməl edirlər.
3. Həmin fəqihlər mənbələrdəki “mən bələğ” ünvanlı qaydanın məzmununun dəlaləti ilə rəvayət və xəbərlərə istinad etməklə dua və s. kitablar barəsində demişlər: “Bu kimi rəvayətlərə “savaba çatmaq” ümidi ilə əməl etmək olar, əql və şəriət baxımından bu yolla təvəssül etmək maneəsizdir.”
Bu sualın cavabını üç məsələyə diqqət yetirməklə bəyan edirik:
1. Qeyd olunan kitablar müəlliflərinin və Əllamə Məclisinin nəzərindən araşdırılmışdır.
Bir tərəfdən, bu kitabların müəllifləri öz kitablarına xüsusi diqqət yetirmiş, onlardakı rəvayət və mətləblərin etibarına etiraf etmişlər. Mərhum Məclisi o kitabların özünə və müəlliflərinə xüsusi əzəmətlə yanaşmışdır.
Misal üçün: “Əl-məzarul-kəbir” kitabının müəllifi “İbni Məşhədi” adı ilə məşhur olan Şeyx Əbdüllah Məhəmməd ibni Cəfər Məşhədidir.
Əvvəla, müəllif öz kitabının müqəddiməsində yazır: “Mən bu kitabda şərafətli məşhədlər (şəhadət yerləri) və ziyarətgahlar üçün müxtəlif ziyarətnamələri qeyd etmişəm, mübarək məscidlərə təşviqlə əlaqədar mətləbləri yazmışam, seçilmiş duaları və minacatları müvəssəq (etimadlı) ravilərə gedib çatan elə sənədlərlə qeyd etmişəm ki, onlar bu kəlmələri dinin böyük şəxsiyyətlərinə çatdırırlar.”
İkincisi: O, imamiyyənin böyük şəxsiyyətli alimlərindən, hədis şeyxlərindən biridir ki, icazənamələrdə onun adı gəlmiş, böyük şəxsiyyətlər onu əzəmətlə yad etmişlər. Məsələn, mərhum Şeyx Hürr Amili, İbni Məşhədini “əzəmətli şəxs və fəzilət sahibi” deyə qeyd edərək bəzi kitablarında onun adını çəkmişdir.[1]
Əllamə Məclisi (rəhmətullah əleyh) yazır: “Ziyarətlər bölməsində Məhəmməd ibni Məşhədinin qələmə aldığı böyük bir kitab vardır ki, Seyid ibni Tavus da ona etimad etmiş və tərifləmişdir. Biz o kitabı “Əl-məzarul-kəbir” adlandırdıq.”[2]
Başqa yerdə buyurur: “Əl-məzarul-kəbir” kitabının sənədindən onun mötəbər bir kitab olmasını başa düşürük. Seyid ibni Tavus özünün ziyarət və xəbərlərindən bir çoxunu bu kitabdan əxz etmişdir.”[3]
Mərhum Kəfəmi də özünün “Əl-bələdul-əmin” adlı kitabının müqəddiməsində yazır: “Ovzələr, dualar, təsbihlər və ziyarətləri əhatə edən bu kitab məsum imamlardan və din rəhbərlərindən nəql olunmuş, elə kitablardan götürülmüşdür ki, onların səhih olması qəbul olunur və biz onlara sarılmağa əmr olunmuşuq.”
Amma Seyid Əli ibni Musa ibni Tavusun yazdığı “Misbahuz-zair” kitabına gəldikdə isə, ondakı ümumi rəvayətlərə və ziyarətlərə diqqət yetirdikdə və ondan əvvəlki alimlərin kitabları ilə birlikdə nəzərə aldıqda görürük ki, o rəvayət və ziyarətlərdən çoxu Şeyx Səduq, Şeyx Mufid, Şeyx Tusi, İbni Quləveyh və s. böyük alimlərin kitablarında da gəlmişdir.
Burada mərhum Məclisinin kitabın mənbələri və müəllifləri barəsindəki sözünə qısa şəkildə işarə edirik:
O, "Biharul-ənvar"ın müqəddiməsinin 2-ci fəslində yazır: “Bil ki, bizim etimad etdiyimiz kitabların çoxu müəlliflərinə mənsub edilmə cəhətindən məşhur və məlumdur. Səduqun kitabları, hamısı “Tavus övladları” kimi məşhur olan böyük alimlərin kitabları... Kitablarının şöhrəti və müəllifin fəzilətləri bizi bu kitabların özü və müəllifləri barəsində tədqiqat aparmaqdan ehtiyacsız edən Kəfəminin kitabları və s.”[4]
2. Fəqihlər və islami məsələlərdə mütəxəssis olanların nəzərində şəri hökmlərin istixrac edilməsi ilə əlaqədar elmlərdən biri hədis barəsindəki “rical və dirayə” elmidir. Onlar öz aralarında adi olan bir qaydaya görə deyirlər: “Hər bir rəvayət islam hökmlərinin və ya dini-etiqadı maarifin bəyan olunması məqamdadırsa, bir fəqihin nəzərindən araşdırılmalıdır ki, görəsən sənəd cəhətindən səhih və etimad olunasıdır, ya yox? Bunu araşdırdıqdan sonra, sənəd baxımından heç bir problemi olmadığı zaman dəlalət baxımından araşdırılır. Hər bir fəqih öz nəzəriyyələri əsasında ona arxalanıb istinad edir və ondan bəhrələnir.”
Qeyd olunanlar məsum imamların dövrlərinə yaxın olan zamanlarda və o həzrətlərin yol göstərməsi ilə diqqət mərkəzində olan üslublardandır. Buna görə də Şeyx Səduq, Şeyx Mufid, Şeyx Tusi də rical elminə diqqət yetirməklə etimad olunası rəvayətlərdən istifadə etmişlər. Son əsrlərdə də bu mövzu yüksək məqamlı fəqihlərin diqqət mərkəzində olmuşdur.
Deməli, müəyyən bir kitabda gələn hər hansı bir rəvayət barəsində – əgər kitabın özü məşhur və müəllifi böyük şəxsiyyətli və görkəmli alimlərdən olsa – rical və sair kimi elmi cəhətlərdən araşdırılır, bundan sonra ona əməl edirlər.
3. Sualda qeyd olunan məsələ və onun oxşarları üçün yaxşı həll yolu və hər bir yerdə, hər bir şəxsin problemlərinin həll edilməsinə kömək edən incə məsələlərdən biri də fəqihlər arasında “mən bələğ” adlı bir qaydanın varlığıdır. Dua, ziyarət və s. kitablarda qeyd olunan müstəhəb əməllərə təşviq edən bir sıra rəvayətlərdə deyilir ki, əgər insan öz istəyi ilə onlara əməl etsə, filan savaba malik olacaqdır. Orada deyilir: “Tədqiqat aparmadan bu kimi rəvayətlərə əməl etmək caizdir, bu şərtlə ki, onda iki məsələyə riayət olunmuş olsun: 1. O əməlin haram olmasına dair dəlil olmasın; 2. O işi, “savaba nail olmaq” niyyəti ilə yerinə yetirsin.
Onların bu məsələyə dair dəlili də bu məzmuna dəlalət edən aşağıdakı rəvayətdir:
عَنْ مُحَمَّدِ بْنِ مَرْوَانَ قَالَ سَمِعْتُ أَبَا جَعْفَرٍ علیه السلام یَقُولُ مَنْ بَلَغَهُ ثَوَابٌ مِنَ اللَّهِ عَلَى عَمَلٍ فَعَمِلَ ذَلِکَ الْعَمَلَ الْتِمَاسَ ذَلِکَ الثَّوَابِ أُوتِیَهُ وَ إِنْ لَمْ یَکُنِ الْحَدِیثُ کَمَا بَلَغَه.
Məhəmməd ibni Mərvan deyir ki, İmam Baqir (əleyhis-salam)-ın belə buyurduğunu eşitdim: “Bir kəsə hər hansı bir işlə (müəyyən əməli əncam verməklə) əlaqədar Allah tərəfindən savab veriləcəyi deyilmiş olsa və şəxs də həmin savaba çatmaq ümidi ilə o işi yerinə yetirsə, həmin savab ona verilər, hətta o hədis ona çatdığı kimi olmasa da.”[5]
Fəqihlər və mərcəyi-təqlidlər bu kimi rəvayətləri tədqiq və öz fiqhi kitablarında onların məzmunlarını qəbul edirlər.[6]
Buna əsasən, “hər kəs dəstəmaz alan zaman filan duanı oxusa”, yaxud “yatdığı zaman bu zikri desə”, yaxud “Qədr” gecəsində filan duanı oxusa, yaxud imamları ziyarət edən zaman filan kəlmələri desə filan əcrə və savaba malik olacaqdır” deyə bəyan edən rəvayətlərə əməl etməyin nəinki heç bir eybi yoxdur, üstəlik əqlin hökmü ilə və işarə edilən səhih rəvayətlərə əsasən böyük Allah tərəfindən mərhəmətə layiq görülər.
Bir sözlə, mərhum Məclisinin “Məzar” kitabında istifadə etdiyi “Misbahuz-zair”, “Misbahu Kəfəmi”, “Əl-məzarul-kəbir” və s. kitablar müəlliflərinin nəzərindən mötəbər sayılır və qəbul olunur, Əllamə Məclisi də onların etibar dərəcəsini qəbul etmişdir. Demək lazımdır ki, “mən bələğəhus-səvab” ünvanı ilə irəli çəkilən çoxlu rəvayətlərə əsasən bu kimi işlərə əməl edilə bilər və savaba çatmaq üçün onlara istinad etmək olar.