“Səlim” kəlməsi zahiri və batini aludəliklərdən və bəlalardan uzaqlıq mənasına olan “silm” və “səlamət” kökündən alınmışdır. İmam Sadiq (əleyhis-salam) bu kəlmə barəsində buyurur: “Səlim qəlb o qəlbdir ki, Allahla görüşdüyü zaman onda Allahdan başqa heç kəs olmasın.”
Quran təfsirçiləri qəlbi-səlim üçün müxtəlif təfsir və izahlar bəyan etmişlər ki, onların hər biri məsələnin bir yönünə işarə edir. Məsələn, demişlər ki, səlim qəlb odur ki, şirkdən pak olsun; yaxud o qəlbdir ki, günah, kin-küdurət və nifaqdan uzaq olsun; yaxud o qəlbdir ki, onda dünyaya məhəbbət olmasın, çünki dünyaya məhəbbət bütün günahların və xətaların mənşəyidir. Nəhayət demişlər ki, səlim qəlb odur ki, onda Allahdan başqa heç kəsə yer olmasın.
Quranda işlənən kəlmələrdən biri də çox gözəl və dolğun mənaya malik olan “qəlbi səlim” kəlməsidir. “Səlim” kəlməsi zahiri və batini günahlardan və bəlalardan uzaqlıq mənasına olan silm və ya “səlamət” kökündən alınmışdır.[1]
Qəlbi-səlim üçün ən gözəl izah imam Sadiq (əleyhis-salam)-ın buyurduğu bu kəlamdır:
الْقَلْبُ السَّلِيمُ الَّذِي يلْقَى رَبَّهُ وَ لَيسَ فِيهِ أَحَدٌ سِوَاهُ
“Səlim qəlb o qəlbdir ki, Allahla görüşəndə özündə Ondan başqasına yer verməmiş olsun.”[2]
Həmin imamdan nəql olunan başqa bir rəvayətdə deyilir:
صاحِبُ النِّيَّةِ الصَّادِقَةِ صَاحِبُ الْقَلْبِ السَّلِيمِ، لِأَنَّ سَلاَمَةَ الْقَلْبِ مِنْ هَوَاجِسِ الْمَحْذُورَاتِ بِتَخْلِيصِ النِّيَّةَ لِلَّهِ فِى الْاُمُورِ كُلِّها
“Sadiq niyyətə və sağlam qəlbə sahib olan şəxs – səlim qəlb sahibidir. Çünki qəlbin (hər növ) şəkk-şübhədən və şirkdən sağlam olması bütün işlərdə niyyəti yalnız Allah üçün xalis etməklə (mümkün) olur.”[3]
“Səlim qəlb”in əhəmiyyətində bunu qeyd etmək kifayətdir: Qurani-kərim qiyamət günü onu yeganə nicat vasitəsi və sərmayəsi hesab edir. “Şüəra” surəsində oxuyuruq:
يَوْمَ لاَ ينْفَعُ مَالٌ وَ لاَ بَنُونَ إِلاَّ مَنْ أَتَى اللَّهَ بِقَلْبٍ سَليمٍ
“O gün (qiyamət) nə mal-dövlətin faydası olar, nə də övladların. Yalnız o kəs (nicat tapacaq ki,) şirkdən uzaq (pak) olan bir qəlb ilə Allahın hüzuruna gəlmiş olsun.”[4]
Quran təfsirçiləri də “səlim qəlb” kəlməsi üçün müxtəlif izahlar vermişlər ki, onların hər biri məsələnin bir yönünü açıqlayıb bəyan edir:
1. Səlim qəlb – şirkdən pak olan qəlbdir;
2. Səlim qəlb – günahdan, kin-küdurətdən, nifaqdan (münafiqlikdən, riyadan) pak olan qəlbdir;
3. Səlim qəlb – dünyaya məhəbbətdən boş (uzaq) olan qəlbdir, çünki dünya məhəbbəti bütün xətaların mənşəyidir;
4. Səlim qəlb – özündə Allahdan başqasına yer verməyən qəlbdir.
Qeyd etdiyimiz kimi, “səlim” kəlməsi “səlamət” (sağlamlıq) kökündəndir. Səlamət sözü qeydsiz-şərtsiz şəkildə deyildiyi zaman hər növ əxlaqi və etiqadi (ruhi və mənəvi) xəstəliklərdən sağlamlıq kimi məna olunur.
Deməli, sağlam qəlb sahibi olan şəxs bu dünyada da qəlbini Allahdan qeyri işlərdən pak edib boşaldır. Çünki həvayi-nəfs, şan-şöhrət və qüdrət aşiqi olmaq, dünya malına hərislik, əxlaqi pozğunçuluq və s. işlərin sağlam qəlb ilə heç bir uyğunluğu yoxdur.
Bir sözlə, səlim qəlb o qəlbdir ki, qeyri-ilahi bağlılıqların hamısını özündən uzaqlaşdırsın, dünyada öz diqqətini yalnız mütəal Allaha doğru yönəldib təmərküzləşdirsin. Belə ki, duada oxuyuruq:
اِلـٰهِي هَبْ لِي كَمَالَ الْاِنْقِطَاعِ اِلَيْكَ
“Pərvərdigara! Başqa şeylərdən tamamilə əl üzüb yalnız Sənə doğru diqqət yetirmək halətini mənə qismət et!”
Bu barədə əlavə məlumat almaq üçün Şəhid Dəstğeybin (rəhmətullahi əleyh) “Qəlbi səlim” kitabına müraciət edin.
[1] Rağib İsfahani, “Müfrədatu əlfazil-Quran”, “silm” kəlməsi
[2] Kuleyni, Məhəmməd ibni Yəqub, “Əl-kafi”, 2-ci cild, səh. 16, “Darul-kutubil-islamiyyə”, Tehran, 1368-ci şəmsi il
[3] Məclisi, Məhəmməd Baqir, “Biharul-ənvar”, 67-ci cild, səh. 210, “Vəfa” müəssisəsi, Beyrut, 1404-cü qəməri il
[4] “Şürəra” surəsi, ayə: 88-89