“Növi məhdəviyyət”ə etiqad “imam Məhdi” (əleyhis-salam) adlı xüsusi bir şəxsin olmadığına inanan və məhdəviyyət məsələsini hər bir əsrdə kamil insanda qərarlaşan bir məqam hesab edən etiqaddır. Bu etiqada görə o şəxs bəşər övladlarından hər biri ola bilər. Bunun müqabilində “şəxsi məhdəviyyət” termini də bu mənayadır ki, vədəsi verilən Məhdi yalnız konkret və müəyyən bir şəxsdən – on ikinci imamdan ibarətdir, sair insanlardan heç biri belə bir məqama malik deyildir.
Sözlərindən növi məhdəviyyətə etiqad bəsləməsi sezilən və belə sözlərinə istinad edilən ariflərdən çoxu da eyni halda on ikinci İmamın “Məhdi” olmasına inanmışlar.
Bu məsələ barəsində əlavə izah və təhlil üçün ətraflı cavaba müraciət edin.
Şəxsi və növi məhdəviyyət barəsində müxtəlif nəzəriyyələr
Növi məhdəviyyət xüsusi və konkret şəkildə “imam Məhdi” (əleyhis-salam) adlı bir şəxsin olmadığına inananların etiqadıdır. Onlar “vədəsi verilən Məhdi” ünvanı ilə on ikinci imamın şəxsən özünü inkar etməklə, məhdəviyyəti hər bir əsrdə kamil insanın vasitəsi ilə və hər bir bəşər övladından ola bilməsi mümkün olan bir məqam hesab edirlər.
Bunun müqabilində şəxsi məhdəviyyət termini xüsusi şəkildə bu nəzəriyyələrdən ibarətdir: vədəsi verilən Məhdi yalnız xüsusi və konkret şəxsə həsr olunur. Şiələrin etiqadına əsasən o, on ikinci imamdan ibarətdir, ondan başqa insanlardan heç biri belə məqama malik deyildir.
Birinci nəzəriyyə əhli-sünnətin və bəzi sufilərin etiqadı ünvanı ilə irəli çəkilir. Lakin onların sözlərini hərtərəfli şəkildə araşdırmaq lazımdır. Çox hallarda başqa yerlərdə şəxsi məhdəviyyətə də etiqad və iqrar etmələri mümkündür. Belə olan halda üçüncü bir nəzəriyyə əmələ gətir. Həqiqətdə ariflərdən bir çoxunun (o cümlədən Mövləvi və s.nin) sözü olan bu etiqad növi məhdəviyyəti qəbul etməklə eyni zamanda, mütləq (qeydsiz-şərtsiz) bir imam ünvanı ilə on ikinci imamın şəxsi məhdəviyyətinə də etiqaddır. Yəni onlar kamil arifləri də tuli məqamda və ikinci dərəcəli diri imam Hadi (hidayət edən) və Məhdi (hidayət olunan) imam hesab edirlər.
Bu zaman üçüncü nəzəriyyə ilə yalnız zahirdə fərqli olan dördüncü bir nəzəriyyəni də qeyd etmək olar. O da hər bir əsrdə on ikinci imamın və mütləq Məhdinin güzgüsü hesab olunan kamil bir arifin olduğuna inanmaqla eyni zamanda, şəxsi məhdəviyyətə də inanmaqdan ibarətdir – onlara Məhdi adı, yaxud “diri imam” aid edilməsə belə. Mövləvi kimi şəxslər tərəfindən irəli sürülən bu əqidənin əvvəlki nəzəriyyələrlə fərqi Məhdi və ya imam kəlməsinin kamil və vasil ariflərə aid edilməsidir. Belə ki, onların arasında bəhsin əsil qoyuluşunda sözdə və termində ixtilafdan başqa əməldə əsaslı fərq görünmür. Bu nəzəriyyəni bir çox şiə alimlərinin sözlərindən də əldə etmək olar.
Rəvayətlərdə ümumi mənaya olan məhdəviyyət
Bir çox rəvayətlərdə “Məhdi” ümumi şəkildə bəyan olunur. O cümlədən, imamların xüsusi səhabələri “Məhdiyyun” (Məhdilər) kimi adlandırılmışlar.[1]
Bəzi rəvayətlərdə Məhdini şəkkə salan bir ünvanla qeyd edirlər: اَلْمَهْدِيُّ مَنْ هُدِيَ yəni, “hər kəs Pərvərdigarın hidayətindən hər hansı dərəcədə bəhrələnmiş olsa, onu Məhdi adlandırmaq olar.”[2]
Bəzi rəvayətlərdə on ikinci imamdan başqa digər məhdilərə də işarə olunur. Onlardan bəzilərini qeyd edirik:
Əbu Bəsir imam Sadiq (əleyhis-salam)-a dedi: “Mən atanızın “Qaimdən sonra on iki Məhdi olacaqdır!” deyə buyurduğunu eşitmişəm.” Həzrət buyurdu: “Bəli, düz buyurmuşdur! On iki Məhdi; nəinki on iki imam. Onlar bizim şiələrimizdən olan bir dəstədir ki, camaatı bizim vilayətimizə və haqqımızı tanımağa dəvət edəcəklər.”[3]
Başqa rəvayətdə Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-dən belə nəql olunur: “Ya Əli! Məndən sonra on iki imam, onlardan sonra da on iki Məhdi gələcəkdir. Ey Əli! Sən on iki imamın birincisisən.”[4]
Deməli, Məhdi termininin həm məsum imamlara, həm də xüsusi şiələrə aid edilməsi əvvəlcədən şiə rəvayətlərində olmuşdur.
Növi məhdəviyyətə inananların tədqiqi
Qeyd olunduğu kimi, bəzən sözlərindən növi məhdəviyyətə inandıqları başa düşülən adamlardan bəziləri on ikinci imamın konkret şəkildə və şəxsən vədəsi verilən Məhdi olması ilə əlaqədar (xüsusi və) şəxsi məhdəviyyətə də etiqadlı olmuşlar. Bununla eyni zamanda, təsəvvür edildiyinin əksinə olaraq onlar növi məhədəviyyət əqidəsini şəxsi məhdəviyyətlə müxalifət kimi icad etməmişlər. Məsələn, Mövləvinin sözlərinə əsas etibarı ilə növi məhdəviyyət nəzəriyyəsi kimi istinad edirlər. O, “Məsnəvi” kitabında növi məhdəviyyətə; yəni hər bir zamanda və hər bir irqdən və tayfadan ola bilən diri imamın, yaxud kamil arifin hazır olduğuna inanır, digər tərəfdən, “Divani şəms” kitabında və bir çox başqa yerlərdə imamların adını bir-bir zikr etdikdən sonra on ikinci imamı “vədəsi verilən Məhdi” ünvanı ilə təqdim edir. Həmin mətləbin oxşarını İbni Ərəbinin kitablarında da görmək olar.[5]
Həmin məsələnin oxşarı irfan elmində və ariflərin arasında məhdəviyyət bəhsləri ilə əlaqədar irəli çəkilən xüsusi və ümumi imamət və vilayət məsələsində də mövcuddur. Nəzəri irfanda vilayət bəhsində olan bu iki nəzəriyyəni (xüsusi və ümumi vilayət və ya imamət) bir-biri ilə təzadlı hesab etmək olmaz. Ümumi vilayətə inananları xüsusi vilayəti inkar edənlər; və ya əksinə hesab etmək olmaz. Bizim nəzərimizə görə, ümumi vilayətə və ümumi məhdəviyyətə etiqad nəinki xüsusi vilayəti və şəxsi məhdəviyyəti inkar edir, üstəlik onları dəstəkləyir və onunla əlaqədar maariflərin daha yaxşı düşünülməsinə səbəb olur.
السَّلَامُ عَلَيْكُمْ يَا شِيعَةَ اللَّهِ وَ شِيعَةَ رَسُولِهِ وَ شِيعَةَ أَمِيرِ الْمُؤْمِنِينَ وَ الْحَسَنِ وَ الْحُسَيْنِ السَّلَامُ عَلَيْكُمْ يَا طَاهِرُونَ السَّلَامُ عَلَيْكُمْ يَا مَهْدِيُّونَ السَّلَامُ عَلَيْكُمْ يَا أَبْرَار
“Salam olsun sizə, ey Allah şiələri, Rəsulunun şiələri; ey Əmirə-mö’minin Əlinin, Həsənin, Hüseynin (əleyhimus-salam) şiələri! Salam olsun sizə, ey pak insanlar! Salam olsun sizə, ey məhdiyyun (hidayət olunanlar)! Salam olsun sizə, ey yaxşı insanlar!” Əllamə Məclisi, "Biharul-ənvar", 98-ci cild, səh. 330, “Vəfa” müəssisəsi, Beyrut
[2] Kuleyni, “Kafi”, 3-cü cild, səh. 310, "Darul-kutubil-islamiyyə"
[3] "Biharul-ənvar", 53-cü cild, səh. 115 və 145, “Vəfa” müəssisəsi; “Kəmalud-din”, 2-ci cild, səh. 358, "Darul-kutubil-islamiyyə":
قُلْتُ لِلصَّادِقِ ع يَا ابْنَ رَسُولِ اللَّهِ سَمِعْتُ مِنْ أَبِيكَ أَنَّهُ قَالَ يَكُونُ بَعْدَ الْقَائِمِ ع اثْنَا عَشَرَ إِمَاماً فَقَالَ قَدْ قَالَ اثْنَا عَشَرَ مَهْدِيّاً وَ لَمْ يَقُلْ اثْنَا عَشَرَ إِمَاماً وَ لَكِنَّهُمْ قَوْمٌ مِنْ شِيعَتِنَا يَدْعُونَ النَّاسَ إِلَى مُوَالَاتِنَا وَ مَعْرِفَةِ حَقِّنَا
[4] “Biharul-ənvar", 36-cı cild, səh. 269, 53-cü cild, səh. 147; “Əssiratul-mustəqim”, 2-ci cild, səh. 152; “Qeybət”, Şeyx Tusi, səh. 150:
فَأَمْلَى رَسُولُ اللَّهِ ص وَصِيَّتَهُ حَتَّى انْتَهَى إِلَى هَذَا الْمَوْضِعِ فَقَالَ يَا عَلِيُّ إِنَّهُ سَيَكُونُ بَعْدِي اثْنَا عَشَرَ إِمَاماً وَ مِنْ بَعْدِهِمْ اثْنَا عَشَرَ مَهْدِيّاً فَأَنْتَ يَا عَلِيُّ أَوَّلُ الِاثْنَيْ عَشَرَ الْإِمَام
[5] O, “Fütuhatu Məkkiyyə” kitabında yazır:
اِنَّ أَسْعَدَ النَّاسِ بِالْمَهْدِيِّ أَهْلُ الْكُوفَةِ
“Camaata arasında Məhdi olmaq üçün ən səadətlilər Kufə əhlidir.” İbni Ərəbi, Muhyiddin, “Fütuhatu Məkkiyyə”, 2-ci cild, səh. 443, “Darus-sadir”, Beyrut. Bu sözlər şəxsi məhdəviyyətə də dəlalət edir.