Hərəkət dedikdə məqsəd bir şeyin tədrici olaraq qüvvədən (sırf istedaddan) felə (vücuda) doğru xaric olmasıdır. Cövhər dedikdə o mahiyyət nəzərdə tutulur ki, xaricdə icad olunmaq üçün mövzuya (nəyinsə üzərində vücuda gəlməyə) ehtiyacı yoxdur. Amma ərəz xaricdə icad olunmaq üçün bir mövzuya ehtiyaclıdır. Misal üçün, ağ rəng bir ərəzdir və xaricdə mövcud olmaq üçün mütləq bir mövzunun (məsələn, səthin) üzərində icad olunmalıdır. Lakin cövhər müstəqil vücuda malik olduğundan xaricdə mövcud olmaq üçün mövzuya ehtiyacı yoxdur.
Bu izahla, cövhəri hərəkət dedikdə məqsəd budur ki, ərəzlərdə hərəkət və dəyişiklik olduğu kimi, hər hansı bir şeyin zatı və cövhəri də hərəkətdədir. Yəni cövhər anbaan hərəkət halındadır və cövhəri hərəkət də eynilə cövhərin vücududur. Bu nəzəriyyəni icad edən islam filosofu Molla Sədra onun isbatı üçün qəti və möhkəm dəlillər bəyan etmişdir. O cümlədən deyir: “Ərəzlərdəki hərəkəti hamı qəbul edir və bu məsələ qəbul olunmuşdur. Bildiyiniz kimi, cövhərlərin vücudundan ayrılıqda ərəzlərin heç bir vücudu yoxdur. Ərəzin hərəkəti cövhərin hərəkətindən irəli gəlir və buna görə cövhərin özündə də hərəkət baş verir.”
Bəzi təfsirçilər bir sıra ayələri, o cümlədən “Sən dağları hərəkətsiz görürsən, halbuki onlar bulud sürəti ilə hərəkətdədir.”[i] ayəsini cövhəri hərəkətə izah etmişlər. Yəni dağlar da cövhəri hərəkətlə dəyişilmə halındadırlar.
Cövhəri hərəkəti bəyan etmək üçün əvvəldə hərəkət və cövhərin mənasını izah etmək lazımdır:
Fəlsəfi bəyanda hərəkət hər hansı bir şeyin tədrici dəyişikliyi və ya tədrici olaraq qüvvədən (sırf istedaddan) felə (vücuda) doğru çıxmasıdır. Yəni hərəkət elə bir vücud yönüdür ki, hər hansı bir şey onun vasitəsilə qüvvə halətindən xaric olaraq feliyyətə (zühura) çatır. Tədrici olması bu mənayadır ki, onun üçün fərz olunan hissələr vahid bir zamanda bir yerə toplaşa bilməz, əksinə zaman ərzində (axarlarında) tədrici olaraq vücuda gəlirlər.[1]
Cövhər elə bir mahiyyətdir ki, vücuda gəlmək üçün mövzuya ehtiyacı yoxdur və o, beş qismə bölünür: 1. Maddə, 2. Surət, 3. Əql, 4. Nəfs, 5. Cisim.[2]
Amma ərəzin xarici aləmdə vücuda gəlməsində mövzuya ehtiyacı vardır. Ərəzin bir qismi olan rəngi nəzərə alaq; belə ki, onun xaricdə mövcud olması üçün mütləq bir mövzu (səth) olmalıdır ki, onun üzərində icad edilsin. Amma cövhər müstəqil vücuda malik olduğundan – cisim kimi – xaricdə mövcud olması üçün mövzuya ehtiyacı yoxdur.
Sadə şəkildə “cövhəri hərəkət” bu mənayadır: aləmin əsasını cövhər təşkil edir və bütün cövhərlər daimi olaraq, anbaan hərəkət halındadırlar. Hətta bir cövhərin ərəzləri olan rəng, həcm və s. kimi şeylərinin dəyişilməsi də məhz bu cövhərin öz zatında olan hərəkətinə görədir və o, daimi olaraq hərəkət halındadır. Başqa sözlə desək, cövhəri hərəkət eynilə cövhərin vücududur, o yalnız ilahi – varlıq bəxş edən failə ehtiyaclıdır. Cövhərin icad olunması cövhəri hərəkətin icad olunmasına bərabərdir. Ərəzlərin hərəkəti isə cövhərin hərəkətinə tabedir.[3] Ərəzlərdə baş verən dəyişikliklər onların cövhəri təbiətlərinin nəticəsidir. Yəni biz bir cövhərin ərəzlərinin hərəkətində şəkk etmirik, misal üçün, almanın rənginin dəyişildiyini görürük. Amma bu dəyişikliyin səbəbi onun cövhərinin hərəkətidir. Buna görə bu dəyişikliklərin təbii failləri də gərək onların özü kimi dəyişiklikdə olsun. Deməli, ərəzi hərəkətlər üçün təbii fail hesab olunan cövhər hərəkət halında olmalıdır.
Molla Sədranın dövrünə qədər “cövhərdə hərəkət” məsələsi irəli çəkilmirdi. Yalnız bəzi yunan filosoflarından cövhəri hərəkətlə uyğunlaşdırıla biləcək bəzi sözlər nəql olunmuşdur. Amma islam filosofları arasında Molla Sədra (Sədrut-mütəəllihin Şirazi) cövhəri hərəkəti irəli çəkərək onu dəlil əsasında isbat etmişdir. O dəlillərdən biri budur: Ərəzlərin öz mövzularından ayrılıqda və müstəqil vücudları yoxdur, əksinə ərəzlər cövhərin vücud şənlərindəndir. Digər tərəfdən, bu ərəzlər dəyişilir və onlarda hərəkət baş verir. Bu da bizə başa salır ki, cövhər də hərəkətə malikdir. Çünki bir varlığa aid olan işlərdəki hər növ dəyişiklik onun özü üçün bir dəyişiklikdir, onun zatında və daxilində baş verən dəyişikliyin nişanəsidir. Deməli, ərəzdəki hərəkətlər cövhərdəki hərəkəti göstərir və bu da cövhəri hərəkətin mənasıdır.
Molla Sədranın cövhəri hərəkətin isbatına dair digər bir dəlili onun dediyi bu sözdür: “Hər bir maddi varlıq zaman daxilindədir və zaman yönünə malikdir. Zaman yönünə malik olan hər bir şeyin vücudu da tədrici olmalıdır. Deməli, maddi cövhər də hərəkətə malikdir.”[4]
Bəzi təfsirçilər “Sən dağları hərəkətsiz görürsən, halbuki onlar bulud sürəti ilə hərəkətdədir.”[5] kimi ayələri cövhəri hərəkət mənasına yozmuş və demişlər ki, bütün varlıqlar zatlarının cövhəri ilə öz vücudlarının yekun hədəfinə doğru hərəkətdədirlər və bu da cövhəri hərəkətin bəyançısıdır.[6] Başqa sözlə desək, sən dağları donuq, hərəkətsiz halda təsəvvür edirsən, halbuki cövhəri hərəkətlə daim hərəkətdədirlər.
Cövhəri hərəkətin izahında digər dəlillər də fəlsəfi kitablarda müfəssəl şəkildə bəyan edilmişdir.[7]
Əlavə məlumat almaq üçün aşağıdakı kitablara baxa bilərsiniz:
1. “Şərhi Mənzumə”, Hacı Molla Hadi Səbzvari, Ustad Şəhid Mütəhhərinin təqriri
2. “Bidayətul-hikmət” və “Nihayətul-hikmət”, Əllamə Təbatəbai
3. “Əsfari Ərbəə”, Molla Sədra
[1] Misbah Yəzdi, Məhəmməd Təqi, “Fəlsəfə təlimləri”, 2-ci cild, səh. 285-293, “Beynəlxalq” nəşriyyat, 7-ci çap, Qum, 1386-cı şəmsi il
[2] Təbatəbai, Məhəmməd Hüseyn, “Nihayətul-hikmət”, səh. 207; habelə: sual 14774 (az14510), görünüş: “Cövhər və ərəz”
[3] “Fəlsəfə təlimləri”, 2-ci cild, səh. 334; Mürtəza Mütəhhəri, “Fəlsəfi məqalələr”, 1-ci cild, səh. 286, “Sədra”, nəşriyyatı
[4] “Fəlsəfə təlimləri”, 2-ci cild, səh. 335
[5] “Nəml”, surəsi, ayə: 88
[6] Məsumi Həmədani, Seyid Məhəmməd Baqir, “Əl-mizan”ın tərcüməsi, 15-ci cild, səh. 578
[7] Yenə orada