“Aşura” ziyarətində zikr olunan birgəliklə İmamla birgə olmağın bütün mərtəbələrinə işarə edir ki, o da bunlardan ibarətdir: dünyada birgəlik, qəlbdə və ruhda birgəlik, axirətdə birgəlik. Bu məsələni daha yaxşı başa düşmək üçün ətraflı cavaba baxa bilərsiniz.
Vücud baxımından İmam (əleyhis-salam)-la birgə olmaq bir neçə cür təsəvvür olunur: 1. Məkan cəhətindən birgə olmaq, 2. Hübbi (məhəbbət) və həşr cəhətindən birgə olmaq, 3. (Mənəvi) nur və şüa cəhətindən birgə olmaq. Başqa bəyanla desək, bu üç növ birgəliyin birincisini dünyəvi birgəlik, ikincisini vilayət birgəliyi və üçüncüsünü də axirət birgəliyi hesab etmək olar.
Məkan cəhətindən birgəlik dedikdə məqsəd İmamın zahiri cismini görüb onunla görüşmək və o həzrətin yanında olmaqdır. Bildiyimiz kimi, münafiqlərdən bir çoxu zahirdə imamlarla birlikdə idilər, amma bu birgəlik onların halına (mənəvi həyatına) heç bir vayda yetirmirdi. Lakin əgər bir şəxs iman və mərifət əhli olub İmama itaət etsə, İmamla zahiri görüş bu birgəliyin çox yüksək və dəyərli mərhələlərinə çatmağın başlanğıc nöqtəsi olacaqdır. Buna görə də İmamla görüşməyə, onun məhzərində olmağa dair çoxlu tövsiyələr edilmişdir. Bu tövsiyələr onların qəbirlərinin ziyarətinə də şamildir. Çünki keçmişdəki (dünyadan gedən) imamları ziyarət etmək diri İmamla əlaqə bərqərar etməyə və nəticədə axirətdə imamlarla birgə olmağa şərait yarada bilər.
Deməli, dünyəvi birgəlik lazım şərt olsa da, kafi şərt deyildir. Əgər birgəlik sırf şəkildə dünyaya məxsus (dünya işləri naminə) olarsa, belə bir şəxs qiyamətdə imamlardan ayrıca məhşur olacaqdır.
Amma vilai (vilayətə məxsus), hübbi (məhəbbət əsasında olan) və həşri birgəlik adlanan ikinci mərtəbədəki “məiyyətə” (birgəliyə) gəldikdə isə, şəxsin qəlbində İmama məhəbbət olur və bu məhəbbətdə doğruçu və sadiq olur. Hər bir şəxs öz məhbubu (sevimlisi) ilə birlikdə məhşur olduğundan, belə bir şəxs də İmamın batini ilə məhşur olacaq, İmamın adı, xatirəsi və zikri onun qəlbində həmişəlik hazır olacaq və bunun nəticəsində İmam da onun həmneşini, həmsöhbəti olacaqdır. Bu şərtlə ki, ondan başqasının özünün qəlb hərəmi hüdudlarına daxil olmasına yol verməsin. İmamı yad etmək Allahın zikri sayəsində mümkün olur. Allah-taala hədisi-qüdsidə buyurur: “Mən, Məni yad edənlərlə həmsöhbətəm.”[1] Deməli, İmam da o şəxslə birgə və həmsöhbətdir ki, qəlbində həmişə İmamı yad etmiş olsun.
Üçüncü mərtəbə daha yüksək birgəlik məqamıdır və bu, məhəbbətdə fani olmaqdan sonra baş verir. Bu birgəlikdə insan İmama məhəbbətdə fani olur, vücudu İmamın vücudunun göstəricisi və ona aid olur, İmamın nuru onun bütün varlığını əhatə edir. Buna görə də bu növ birgəlik “nur şüasının birgəliyi” kimi də təbir olunur. Məhz bu səbəbdən həqiqi şiələrin tinəti İmamın tinətinə qovuşmuş hesab edilir və onun vücudi nuru da İmamın nurunun şüası altında qərarlaşır. (Bundan qeyri hallarda vilayət iddiası edən şəxsdə iman “icarə olunmuş” sayılır və zati deyildir.)
Bu izahlara diqqət yetirməklə “Aşura” ziyarətində qeyd olunan cümlənin birgəliyin hər üç mərtəbəsinə bir yerə şamil olmasını demək olar. Yəni həm dünyəvi, həm qəlbi və ruhi, həm də nuri və axirətdəki birgəlik nəzərdə tutula bilər.
Əhli-beyt ilə dünyəvi birgəlik diri İmamla görüş feyzinə nail olmaqdan ibarətdir (İmamların qəbirlərinin ziyarəti də həmin hökmə malikdir). Hübbi, qəlbi, vilai məhəbbət birgəliyinin şərti də imamlara və xüsusilə İmam Zaman (əleyhis-salam)-a qeydsiz-şərtsiz itaət etmək, bu məhəbbətdə imtahana, sınağa düçar olmaqdır. Axirət birgəliyi isə bu iki birgəliyin kamalı və bu iki birgəliyin hüquqlarını yerinə yetirməkdir, nəticədə İmamla onun tabeçisi arasında vücudi və nuri vəhdət yaranır.