Fəlsəfə – ən xüsusi mənada varlıq aləmindəki gerçəklikləri dərk etmək üçün zehni, əqli və istidlal yönlü səylər mənasınadır. Hikməti fəlsəfədən fərqli bir məsələ hesab etdiyimiz halda o, fəlsəfədən yüksəkdədir və ilahi və lədünni mənşəyə malikdir. Quranda da “ilahi bir əta və nemət” kimi qeyd olunmuşdur. Belə ki, peyğəmbərlər, imamlar və övliyalar tarix boyu ondan bəhrələnmiş, onu cəmiyyətdə yaymışlar.
Termində irfan Allah-taala barəsində şühudi (qəlbi) mərifət əldə etmək mənasınadır. Bu da nəfsin rəzalətlərdən saflaşdırılması, batinin səfası nəticəsində hasil olur. Ağlın hansı şeylərə deyilməsi ilə əlaqədar ətraflı cavaba müraciət edin.
Bəhsimizin məntiqi nəzmə malik olması üçün əvvəlcə hikmət, fəlsəfə, sonra isə irfan barəsində müəyyən izahlar verəcəyik. Sonda isə terminologiyada ağıl, onun müxtəlif işlənmə yerləri və mərtəbələrini araşdıracağıq. Çünki fəlsəfə, hikmət və irfanda bu kəlmədən istifadə edənlərin məqsədləri eyni səviyyəli deyildir. Mütəfəkkirlər və camaatın hər bir qrupu ağıl kəlməsindən özünün nəzəriyyəsinə əsasən istifadə etmişlər.
Fəlsəfə
Ayrı-ayrı nəzəriyyələrdə “fəlsəfə” üçün müxtəlif təriflər verildiyinə görə, bu barədə sırf şəkildə iddia edilən təriflərdən biri ilə kifayətlənmək olmaz. Əvvəlcə hər bir fəlsəfənin mərifətin özü, eləcə də bu mərifətə çatmaq yolları, mərifətin son nəticəsi ilə əlaqədar hansı növ nəzəriyyəyə malik olduğunu öyrənməyik. Misal üçün, əgər fəlsəfəni “əşyaların həqiqətinə elm əldə etmək” kimi tərif etsək, onda gərək baxıb görək ki, əşyaların həqiqətini hansı yollarla dərk etmək olar. Fəlsəfi istidlallardan (məntiqi dəlil-sübut) istifadə etməklə əşyaların həqiqətini dərk etmək olarmı? Başqa sözlə desək, görəsən fəlsəfə ilə elə bir məqama çatmaq olarmı ki, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) o məqama nail olmağı Pərvərdigardan istəmiş olsun?![1]
Aydındır ki, əgər bir elmin məzmun və möhtəvası yalnız zehni və əqli məsələlər, istidlali (dəlil-sübut əsasında) və mahuvi (mahiyyətlə əlaqədar) bəhslər olsa, onun barəsində “fəlsəfə – əşyaların həqiqəti barədə elmdir” deyən tərifi qəbul etmək olmaz. Buna əsasən, əgər lazımi diqqətə malik olsaq, nəticə etibarı ilə yalnız bir fəlsəfəni mütaliə və tədqiq etməklə bu xüsusi fikir sistemində fəlsəfəyə hansı tərif verildiyini dərk edəcəyik. Həmçinin bunu da tədqiq etməliyik ki, bu fəlsəfədə həqiqi mənada hansı yekun nəticəyə çatmış oluruq.
Fəlsəfə (latınca: philosophy) kəlməsi iki hissədən təşkil olunur: Sevmək mənasına olan “filo” və bilik mənasına olan “sofiya”. Deyilmişdir ki, bu kəlmədən istifadə edən ilk şəxs Pifaqor (Fisağuris) olmuşdur. Ondan “Sən ağıllı insansanmı?” deyə soruşduqda cavab verdi: “Yox, amma elmi sevən adamam (filosofer).” Deməli, “fəlsəfə” kəlməsi yarandığı ilk günlərdə “elm və biliyə eşq bəsləmək” mənasına olmuşdur.
Bununla belə, qərb mədəniyyəti və fəlsəfəsinin yaranmasına səbəb olan Yunan fəlsəfəsi özünün xüsusi tarixi təkamülünə malik olmuş, bu ideoloji və fikri səylərin məcmusundan əldə olunan məsələ bu olmuşdur ki, fəlsəfə dedikdə onların məqsədi vəhyin yerində oturan və bəşərin ilahi vücudunun mənəvi idrakları olan cüzi əqlin höcciyyət olmasına əhəmiyyət verməkdir, bu da aləmin və bəşərin son və yekun hədəfini özünün qərbi mənasında olan əqlaniyyətdə (əql əsasında olmaqda, əqlin ilkinliyində) axtarır. Buna əsasən, fəlsəfə özünün xüsusi mənasında “varlıq aləmindəki gerçəklikləri dərk etmək üçün zehni, əqli və istidlali səylər”ə deyilir.
Fəlsəfə barəsində belə bir tərif vermiş olsaq (eyni zamanda varlıqların başa düşülməsi üçün məntiqi səylər ünvanı ilə özünün məqamına diqqət yetirməklə) aydındır ki, bəzi fəlsəfə təriflərində iddia olunduğu kimi, aləmin həqiqətinə (Allaha) nail olmaq və Ona təşəbbühdən (özünü Ona oxşatmaqdan, ilahi rəngə boyanmaqdan) aciz olacaqdır.[2] Çünki aləm həqiqətlərinin zatını dərk etmək üçün zehindən daha yüksəkdə olan mərifət üslubu lazımdır. Buna görə də bəziləri öz mərifət sistemini “fəlsəfə” adlandırmaqdan çəkinmiş və Qurandakı termindən biri olan “hikmət” kəlməsindən istifadə etmişlər.
Hikmət
Hikmətlə bağlı bəhsə daxil olmazdan qabaq xatırladırıq ki, yuxarıda qeyd olunduğu kimi, fəlsəfə ümumi bir kəlmədir və tarix boyu müxtəlif mərifət və ideoloji sistemlər üçün istifadə olunmuşdur. Buna əsasən, tədqiqatçıların nəzərində bəzən ilahi hikmət də eynilə bir növ fəlsəfə kimi tanınır, baxmayaraq ki, onun mənşəyi istidlali zehnin fövqündə olan bir işdir.
İndi deyirik: Fəlsəfədən ayrı mənada götürülən hikmət ilahi (lədünni) mənşəyə malikdir və Quranda da ilahi bir “nemət” kimi təqdim edilmişdir.[3] İmamlar, peyğəmbərlər, övliyalar və görkəmli insanlar tarix boyu ondan bəhrələnmiş və cəmiyyətdə onu yaymışlar. Həmçinin filosof kimi məşhur olan bəzi şəxslər arasında da müəyyən adamlar (qeyd olunan mənada) hikmətdən bəhrələnmiş, əsasən onu fəlsəfi istidlallardan başqa yollarla əldə etmişlər.
O cümlədən, Şeyx Şəhabuddin Söhrəvərdi öz əsərlərini “hikmət” adlandırmışdır. O inanır ki, onun kitabının həqiqətini yalnız o kəslər düzgün şəkildə dərk edə bilərlər ki, Allahın yer üzündəki xəlifəsi olan “ruhani şeyxin” hidayəti ilə işraq elminə nail olsunlar.[4] O bu barədə yazır: “Əlbəttə, rəva deyildi ki, bir nəfər “ilahi xəlifə” məqamına çatan və bu kitabın elminə alim olan bir şəxsə müraciət etmədən bu kitabın sirlərinə vaqif olacağını tamah (təvəqqe) etsin.”[5]
Həmçinin “həkim” (hikmət sahibi) adının kimə aid olunması ilə əlaqədar yazır:
اِسْمُ الْحَكِيمِ لاَ يُطْلَقُ اِلاَّ عَلَى مَنْ لَهُ مُشَاهَدَةٌ لِلْاُمُورِ الْعِلْوِيَّةِ وَ ذَوْقٌ مَعَ هٰذِهِ اْلأَشْيَاءِ وَ تَأَلُّهٌ
“Həkim adı yalnız o şəxsə deyilə bilər ki, ilvi (yüksək məqamlı) işlərin müşahidə məqamına çatsın, zövqə, təəllühə və s. malik olsun.”[6]
Buna əsasən, fəlsəfə ilə hikmətin fərqi bu iki terminin dəqiq mənasındadır. İslam dünyasının əvvəllərindən irəli çəkildiyinə görə böyük şəxsiyyətlərdən çoxu ilahi hikməti, Qurandakı və imamların məktəbindəki mərifəti Yunan mənasında olan fəlsəfədən tam başqa hesab etmişlər. Bu nəzəriyyəyə əsasən, fəlsəfənin zatı Yunanıstana qayıdır və hikmətlə çox fasiləsi vardır.
Fəlsəfənin hikmətlə nisbəti ilə əlaqədar xülasə şəkildə deyirik: Hikmət fəlsəfədən tam başqa şeydir, baxmayaq ki, bəzən fəlsəfi bəyanla aydın olur və ona şərafət verilir.
İrfan
Fəlsəfə və hikmətlə müqayisədə irfana aşkar bir tərif verilmişdir. Onun son həqiqəti əlçatmaz olmaqla eyni zamanda, fəlsəfə ilə fərqləri aydın olsun deyə, həddini-hüdudunu sadə şəkildə başa düşmək olar. Çünki irfan şühudi və hüzuri (qəlb ilə birbaşa dərk edilən) məlumatlara arxalanır, onun istidlalı (dəlil-sübut əsasında olan) bəhslərlə və mədrəsədə öyrənilən təlimlərlə heç bir əlaqəsi yoxdur.
Əlavə izah: İrfan Allah-taala barəsində şühudi mərifət mənasınadır ki, bu da nəfsi rəzalətlərdən saflaşdırmaq və batinin səfası ilə hasil olur.
İrfanın nəzəri və əməli olmaqla iki yönü vardır:
a) Nəzəri irfan – varlıq aləmi barəsində kəşf və şuhud yolu ilə dərk olunan və lazımi şərlərə malik olan şəxslər üçün batini müşahidələr məcmuəsinə şamil olur və o, nəzm-inzibat əsasında və nəzəri şəkildə tənzim olunmuşdur.
b) Əməli irfan – həvayi-nəfslə mübarizə aparmaq, mənəvi məqamlara nail olmaq və tövhidin kamalına çatmaq üçün lazım olan göstərişlərin əməldə icrasından ibarətdir ki, bunlar “təriqət ustadı”nın vasitəsi ilə bəyan olunur. Həqiqət yolunun davamçısı təriqət pirinin yol göstərmələrinə əməl etsə və ilahi yolda tam ixlasla qədəm götürsə, həqiqət mənzilinə hidayət olunacaqdır.[7]
Ağıl
Ağıl ən çox dərk olunan ümumi işlək sözlərdən biridir. Bu, camaatın zehnində varlıq aləminin mərtəbələrinin genişliyində – ən aşağı səviyyədən başlayaraq ən yüksək səviyyəyə qədər bütün mənalara malik ola bilər. Allah-taala külli elm sahibidir və bütün elmlərin mənşəyidir. Bütün insanlar da özünü ağıllı hesab edirlər, hətta hiyləgərliyə, yaxud məzəmmət olunan mənada məişət əqlinə də da termində “ağıl” deyilir. Buna görə də bu termindən istifadə yerlərinin tanınmasına diqqət yetirmək lazımdır. Dini mərifət nəzərindən əql Allah tərəfindən sevilən bir gövhər hesab edilir[8] və Allah-taala onu sevdiyi insanlarda kamal həddinə çatdırır.[9] Onun həqiqətini dərk etmək, bu vücud gövhərindən düzgün şəkildə bəhrələnmək, onun mərtəbə və dəyərini ayırd etmək üçün xüsusi diqqət lazımdır. Çünki əgər hər bir kəlmə özünün həqiqi dəyər və məqamında istifadə olunsa cəhalətlərdən bir çoxu yayılmağa macal tapmayacaqdır.
Burada ağıl kəlməsinin şübhə yaradan məqamı ilə əlaqədar bir rəvayətə diqqət yetirin:
قَالَ قُلْتُ لَهُ مَا الْعَقْلُ قَالَ مَا عُبِدَ بِهِ الرَّحْمٰنُ وَ اكْتُسِبَ بِهِ الْجِنَانُ قَالَ قُلْتُ فَالَّذِي كَانَ فِي مُعَاوِيَةَ فَقَالَ تِلْكَ النَّكْرَاءُ تِلْكَ الشَّيْطَنَةُ وَ هِيَ شَبِيهَةٌ بِالْعَقْلِ وَ لَيْسَتْ بِالْعَقْلِ
Ravi deyir ki, imam Sadiq (əleyhis-salam)-dan soruşdum: “Ağıl nədir?” Həzrət buyurdu: “Ağıl odur ki, onun vasitəsi ilə Allaha ibadət olunar və onun vasitəsi ilə cənnət əldə edilər.” Ravi deyir ki, soruşdum: “Bəs Müaviyədə olan nə idi?!” Həzrət buyurdu: “O, nükəra (lüğətdə rəy və düşüncə mənasındadır) və şeytançılıqdır ki, ağıla oxşasa da, ağıl deyildi.”
Bildiyimiz kimi, islamın əvvəllərində Allah dininin məşhur düşməninin adı Əbul-Hikəm (hikmətlər sahibi) idi (Əbul-Hikəm Əmr ibni Hişam ibni Müğeyrə Məxzumi). Mövləvinin dediyi kimi, o, əqli bəhs aparanlardan biri idi.[10] Bununla belə, Peyğəmbər (səlləllahu əleyhi və alih) onu Əbu Cəhl (cəhalətin atası) adlandırdı ki, onun ağıl və (termində deyilən) hikmətinin həqiqətini bu ləqəblə aşkar etsin (çünki o, eynilə cəhalət və zülmət idi). Tarix boyu da bu ləqəblə məşhurlaşdı.
Bu mühüm müqəddimədən sonra ağlın müxtəlif elmlərdə nəyə aid edilməsi ilə əlaqədar deyirik:
Kəlam elmində əql o mə’qullara və qəziyyələrə deyilir ki, bütün bəşərin ümumi və əməli düşüncəsi onu qəbul etmişdir və bir növ ümumi məqbulluğa malikdir (hamı tərəfindən qəbul olunur). Məntiq elminin (Ərəstu məntiqinin) bürhan bölməsində ağıl yəqin əsasında olan mə’qullardan ibarətdir. Bu da bürhan bölməsinin müqəddiməsidir. Nəfs elmində (psixologiyada) külliyyatı dərk edən qüvvəyə “ağıl” deyilir.
Amma ilkin və qədim fəlsəfədə ağlın xüsusi termini var idi. O, istidlali zehin ilə heç bir əlaqəsi olmayan vücudun ilkin bölgülərindən biri idi. Burada ağıl məşhur mənadan tamamilə fərqlidir və tam mücərrəd varlıqlara aid edilir. Yəni o varlıqlara ki, heç bir maddəyə malik deyildir və maddi şeylərə heç bir aidiyyəti yoxdur. Termində onlara “müfariqat”, yaxud “nurani varlıqlar” deyilir. Buna əsasən, onun külli məfhumu dərk etmək mənasına olan əql ilə heç bir əlaqəsi yoxdur.[11]
عقل فرعون ذکي فيلسوف کور بود از تو نيابيد او وقوف
بولهب هم از تو نااهلي شده بوالحکم هم از تو بو جهلي شده
Zəkalı filosof Fironun əqli
Sənin barəndə kor idi: Sənə elm tapa bilmədi.
Əbu Ləhəb də Səni tanımağa ləyaqət tapmadı,
Əbul-Hikəm də Sənin barəndə “cəhalət atası” oldu.[12]
Bəziləri əqli, nəzəri və əməli olaraq iki yerə bölürlər. Çünki əqlin məhsulları bəzən varlıq-yoxluq hövzəsindədir, bəzən isə vacib və haram hövzəsində. Birincisi nəzəri əql , ikincisi isə əməli əql adlanır. Əməli əqlin iki mərtəbəsi vardır: birincisi yalnız dünyəvi işlərin təbir və idarəsinə aid olur, bu da “məsləhətçi əql” (fərdi, yaxud ictimai) adlanır. Bu, həmin bədəli (əvəzedici) əqldir ki, ona “cüzi və hesabçı əql” də deyilir, onda şəhvətli (heyvani) meyllərin təmin olunması nəzərə alınır. İkincisi “imani əql”dir ki, batil meylləri və şəhvətləri cilovlayıb bəndə çəkir.[13] İmani əqlin də iman mərtəbələrinə mütənasib olaraq müxtəlif dərəcələri vardır. Bu, ilahi övliyalarda və peyğəmbərlərdə özünün son həddində zühur etmişdir və varlıq aləminin həqiqətlərinin birbaşa dərk edilməsinə şamildir. Bütün ilahi peyğəmbərlər bu növ əql mərtəbələrini çiçəkləndirmək üçün məbus olunmuşlar. Bu əql insani fitrətin torpaqları altında gizlənmiş olan nəfis bir dəfinə kimindir. Həzrət Əli (əleyhis-salam) buyurur:
وَ يُثِيرُوا لَهُمْ دَفَائِنَ الْعُقُول
“Allah peyğəmbərləri göndərdi ki, əqllərin gizli dəfinələrini onlar üçün aşkar etsinlər.”[14]
Əgər əql dedikdə məqsəd Yunan mənasına olan fəlsəfi əql olsaydı, onda bəşər qərbin texnoloji inkişafının zirvə həddində peyğəmbərlərin nail olduqları son kamal həddinə nail olmalı idi, halbuki tamamilə bu mənanın əksinə şahidik.
Bu barədə əlavə məlumat almaq üçün aşağıdakı görünüşlərə baxa bilərsiniz:
“Hesabçı əql, qəlb, iman və eşq”, sual 10758 (sayt az10664)
“Bir təfəkkür və düşüncənin haqq olmasının meyarı”, sual 7168 (sayt 7501)
“Əql və onun fəaliyyət hüdudları”, sual 11724 (sayt az11546)
[1] Seyid Heydər Amuli, “Camiul-əsrar”, səh. 8, “Elm və mədəniyyət” nəşriyyatı, 1368-ci il
عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَ آلِهِ: أَرِنَا الْأَشْيَاءَ كَمَا هِيَ Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) dua edərək deyir: “Pərvərdigara! Əşyaları bizə, (gerçəklikdə) olduğu kimi göstər!”
[2] Cürcanidən nəqlən: “Fəlsəfə insanın qüdrəti dairəsində özünü Allaha oxşatmaq və əbədi səadəti əldə etmək mənasınadır.”
İbni Sinadan nəqlən: “Fəlsəfə – bütün əşyaların həqiqətlərindən agahlıq mənasınadır; onlar barəsində insan üçün mümkün olan həddə məlumat əldə etməkdir.”
[3] يُؤْتِي الْحِكْمَةَ مَنْ يَشاءُ وَ مَنْ يُؤْتَ الْحِكْمَةَ فَقَدْ أُوتِيَ خَيْراً كَثيراً وَ ما يَذَّكَّرُ إِلاَّ أُولُوا الْأَلْبابِ “(Allah) istədiyi adama hikməti verir, hər kəsə də hikmət verilsə, şübhəsiz, ona çoxlu xeyir verilmiş olur. Bunu ağıl sahiblərindən başqası xatırlamaz.” “Bəqərə” surəsi, ayə: 269:
[4] Diqqət: “İlahi hikmət” kitabının başa düşülməsi alimlərin nəzərində əlçatmaz hesab olunmur, lakin kəlmələrin zahiri mənasına görə mənaların həqiqətinə işarə edilmişdir.
[5] “İntişarat və təhqiqati fərhəngi” müəssisəsi
[6] Yenə orada, səh. 296
[7] Hüseyni Nəsəb, Seyid Rza, “Əql”
[8] “Kafi”, 1-ci cild, səh. 11:
لَمَّا خَلَقَ اللَّهُ الْعَقْلَ اسْتَنْطَقَهُ ثُمَّ قَالَ لَهُ أَقْبِلْ فَأَقْبَلَ ثُمَّ قَالَ لَهُ أَدْبِرْ فَأَدْبَرَ ثُمَّ قَالَ وَ عِزَّتِي وَ جَلَالِي مَا خَلَقْتُ خَلْقاً هُوَ أَحَبُّ إِلَيَّ مِنْكَ وَ لَا أَكْمَلْتُكَ إِلَّا فِيمَنْ أُحِبُّ أَمَا إِنِّي إِيَّاكَ آمُرُ وَ إِيَّاكَ أَنْهَى وَ إِيَّاكَ أُعَاقِبُ وَ إِيَّاكَ أُثِيبُ
“Allah-taala əqli xəlq etdikdən sonra onu nitqə gətirdi, sonra ona buyurdu: “İrəli gəl!” O irəli gəldi, sonra buyurdu: “Geri qayıt!” O da geri qayıtdı, sonra Allah buyurdu: “Öz izzət və cəlalıma and olsun! “(Öz dərgahımda) Səndən də sevimli bir məxluq xəlq etməmişəm! Səni yalnız sevdiyim şəxslərdə kamil edəcəyəm. Agah ol! Mən yalnız sənə əmr edirəm, yalnız səni nəhy (qadağan) edirəm. Yalnız sənə savab verir və yalnız səni cəzalandırıram.”
[9] Yenə orada
آن زمان که بحث عقلي ساز بود اين عمر با بوالحکم هم راز بود
Əqli bəhslər rəvacda olan zaman, Bu ömür hikmətlər atası ilə sirdaş idi. (“Məsnəviye mənəvi”)
[11] Misbah Yəzdi, Məhəmməd Təqi, “Fəlsəfə təlimləri”, 2-ci cild, səh. 164, “İslami təbliğat”ın nəşr və çap şöbəsi, 1377-ci şəmsi il
[12] “Məsnəviye mənəvi”
[13] Tərxan, Qasim, “İmam Hüseyn (əleyhis-salam)-ən şəxsiyyət və qiyamı”, səh. 156, Qum, “Çilçıraq” mətbəəsi, 1388
[14] "Nəhcul-bəlağə", səh. 43, “Darul-hicrət” nəşriyyatı