Please Wait
9513
Şübhəsiz, İslam dininin təşkilatının öz həyatını davam etdirməkdə bacarıqlı bir keşikçiyə və qüdrətli bir idarəçiyə ehtiyacı vardır və daim tarix boyu elə ləyaqətli insanları tələb edir ki, ilahi maarifi və İslam göstərişlərini insanlara çatdırsınlar, onun dəqiq qayda-qanunlarını, hökm və göstərişlərini cəmiyyətdə icra etsinlər. Yaranışın əsas məqsədlərindən biri insanların düzgün yola hidayət olunmasıdır, mehriban Allahın hikməti də tələb edir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in vəfatından sonra dinin qorunub saxlanması və insanların hidayəti üçün müəyyən rəhbərlər təyin etsin, camaatı, əksər hallarda həvayi-nəfslərin qarşısında məğlub olan məhdud əqllərinə həvalə etməsin.
Əli (əleyhis-salam)-ın imamətinin isbatı “xüsusi imamət” bəhslərindəndir və onun isbatı üçün birbaşa əqli dəlildən istifadə etmək olmaz. Amma ayə, rəvayət və tarixi nəqllərə əsasən Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən sonra imamət və xilafət məqamını Əli (əleyhis-salam)-ın şəxsiyyətində isbat etmək olar.
a) Quran dəlili
Qurani-məciddə mövcud olan bir çox ayələrin şəni-nüzulu ilə əlaqədar Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-dən nəql olunan hədislər Əli (əleyhis-salam)-ın imamətini isbat edir. Dəlil olaraq qeyd edə biləcəyimiz ayələrdən bəziləri: “Təbliğ” ayəsi, “Vilayət” ayəsi, “Ulul-əmr” ayəsi, “Sadiqin” ayəsi. Belə ki, ətraflı cavab bölməsində onları bir qədər müfəssəl şəkildə izah edəcəyik.
Sünnü və şiələrin mötəbər hədis mənbələrində Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-dən nəql olunan çoxlu rəvayətdə deyilir: “Məndən sonra vəsi və canişin Əli ibni Əbi Talib, ondan sonra iki oğlum Həsənlə Hüseyndir. Digər doqquz imam da Hüseynin nəslindəndir və bir-birinin ardınca gələcəklər.” Əlbəttə, bu rəvayət “Yovmud-dar”, “Mənzilət”, “Qədir-xum” və məşhur “Səqəleyn” hədisində qeyd olunanlardan, eləcə də “Məndən sonra on iki xəlifə gələcək, din onların vasitəsi ilə əziz olacaq” deyə buyurulan hədislərdən başqadır.
Şübhəsiz, İslam dininin təşkilatının öz həyatını qoruyub saxlamaq və davam etdirməsi üçün çox bacarıqlı bir keşikçiyə və qüdrətli idarəçiyə ehtiyacı vardır. Bu məsələ ləyaqətli, kamil və məsum insanları tələb edir ki, din göstərişlərini və ilahi maarifi insanlara çatdırsınlar və onun dəqiq qayda-qanunlarını İslam cəmiyyətində icra etsinlər.Yaranışın və xilqətin əsas məqsədlərindən biri də insanların haqq yola hidayət olunmasıdır. Mehriban Allahın yetərli hikməti tələb edir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in vəfatından sonra dinin qorunub saxlanması və insanların hidayəti üçün müəyyən rəhbərlər təyin etsin və insanları əksər hallarda öz həvayi-nəfsləri qarşısında məğlub olan məhdud əqllərinə həvalə etməsin. Deməli, Peyğəmbərin vəfatından sonra məsum (hər növ günah və xətadan uzaq) və lədünni (Allah tərəfindən verilən) elmə sahib olan, eləcə də bütün zamanlarda insanların hidayəti, dinin qorunub saxlanması, onun qayda-qanunlarının, hökm və göstərişlərinin icrası üçün səlahiyyəti olan belə insanların varlığının zərurəti əqli dəlil əsasında aydın olur.
Əli (əleyhis-salam)-ın imamətinin isbatı “xüsusi imamət” bəhslərindəndir ki, onun isbatı üçün birbaşa əqli dəlildən istifadə etmək olmaz; əksinə “ümumi imamət” bölməsindəki əqli dəlildən istifadə etməklə və “hər bir zamanda imamın varlığının zərurəti”nə diqqət yetirməklə[1], eləcə də müxtəlif ayə, rəvayət və tarixi nəqllərə istinad etməklə Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-dən sonra imamət və xilafət məqamını Əli ibni Əbi Talib (əleyhis-salam)-ın şəxsiyyətində isbat etmək və bu yolla da məqsədimizə nail olmaq olar.
Burada Quran və hədisdə gələn bəzi məqamlara işarə etməklə Əli (əleyhis-salam)-ın imamət və xilafətini isbat edirik:
a) Quran dəlili
Qurani-kərimdə çoxlu ayələr Əli (əleyhis-salam)-ın və onun pak övladlarının imamətini isbat və bəyan edir. Əlbəttə, bu ayələrin dəlaləti[2] Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-dən onların şəni-nüzulu ilə əlaqədar nəql olunan çoxlu mütəvatir hədislərə – həm sünnü, həm də şiə tərəfindən qəbul olunan hədislərə diqqət yetirməklə aydın olur. Biz onların bir neçəsinə işarə edirik:[3]
1. “Təbliğ” ayəsi:
“Ey Peyğəmbər! Pərvərdigarın tərəfindən sənə nazil olanları kamil şəkildə (camaata ) çatdır, əgər bu işi görməsən, öz risalətini (ilahi vəzifəni) yerinə yetirməmişsən və Allah səni camaatın (ehtimal verilən təhlükələrindən) qoruyub saxlayacaqdır. Allah inadkar kafir camaatı hidayət etməz.”[4]
Mütəal Allah Öz Peyğəmbərinə son dərəcə ciddiyyətlə əmr edir ki, öz risalətini sona çatdırsın. Rəvayətlərə uyğun olaraq bu ayə nazil olduqdan sonra Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) Qədir-xum adlı bir yerdə özünün məşhur “Mən hər kəsin mövlasıyamsa, bu Əli də onun mövlasıdır” cümləsi ilə həzrət Əli (əleyhis-salam)-ı öz canişini seçdi.[5]
2. “Vilayət” ayəsi: “Sizin vəli və rəhbəriniz yalnız Allah, Onun Rəsulu və iman gətirib namaz qılan və rüku halında zəkat verənlərdir.”[6]
Təfsir və hədis alimlərinin çoxu demişdir ki, bu ayə Əli (əleyhis-salam)-ın şənində nazil olmuşdur.[7]
Sünnü alimlərindən olan Süyuti özünün “Əd-durrul-mənsur” adlı təfsirində həmin ayənin izahında İbni Abbasdan belə nəql edir: “Əli rüku halında idi ki, bir dilənçi kömək istədi və o həzrət öz üzüyünü ona sədəqə verdi. Peyğəmbər (səlləllahu əleyhi və səlləm) dilənçidən soruşdu: “Bu üzüyü sənə kim verdi?!” Sail həzrət Əliyə işarə edərək dedi: “Rüku halında olan o şəxs.” Bu zaman həmin ayə nazil oldu.”[8]
Həmçinin sünnü alimlərindən olan Vahidi[9] və Zəməxşəri[10] bu rəvayəti nəql edərək demişlər ki, “innəma vəliyyukumullah...” ayəsi Əli (əleyhis-salam)-ın barəsində nazil olmuşdur.
Fəxr Razi özünün təfsirində Əbdüllah ibni Salamdan nəql edir ki, bu ayə nazil olan zaman Peyğəmbər (səlləllahu əleyhi və səlləm)-ə dedim: “Öz gözlərimlə gördüm ki, Əli rüku halında öz üzüyünü sailə sədəqə verdi. Buna görə də biz onun vilayətini qəbul edirik!” O, həmin ayənin şəni-nüzulunda bu rəvayətin oxşarı olan digər bir rəvayəti də Əbu Zərdən nəql etmişdir.[11]
Təbəri də öz təfsirində bu ayənin izah və şəni-nüzulu ilə əlaqədar çoxlu rəvayətləri nəql edir ki, onların əksəriyyətində bu ayənin Əli (əleyhis-salam)-ın barəsində nazil olması deyilir.[12]
Mərhum Əllamə Əmini “Əl-Qədir” kitabında bu ayənin Əli (əleyhis-salam)-ın barəsində nazil olması ilə əlaqədar müxtəlif rəvayətləri əhli-sünnətin iyirmi mötəbər kitabından və onların mənbələrini dəqiq şəkildə qeyd etməklə nəql etmişdir.[13]
Bu ayədə Əli (əleyhis-salam)-ın vilayəti Allahın və Peyğəmbər (səlləllahu əleyhi və alih)-in vilayəti ilə bir səviyyədə qərar verilmişdir.
3. “Ulul-əmr” ayəsi: “Ey iman gətirənlər! Allaha, Onun Rəsuluna və sizdən olan ulul-əmrə itaət edin!”[14]
Digər tərəfdən, alimlər demişlər ki,[15] “ulul-əmr” ayəsi Əli (əleyhis-salam)-ın barəsində nazil olmuşdur.
Məsələn, məşhur sünnü müfəssiri olan Hakim Həskani Hənəfi Nişapuri bu ayənin izahında 5 hədis nəql etmişdir ki, onların hamısında “ulul-əmr” Əli (əleyhis-salam)-a tətbiq edilmişdir.[16]
Əbu Həyyan Əndulusi Məğribi özünün “Əl-bəhrul-muhit” adlı təfsirində “ulul-əmr” ilə əlaqədar mövcud olan nəzəriyyələr arasında Müqatildən, Meymundan və Kəlbidən (üç nəfər təfsir alimidir) “bu ayədə məqsəd Əhli-beyt imamlarıdır” deyə nəql edir.[17]
Sünnü alimlərindən biri olan Əbu Bəkr ibni Mumin Şirazi özünün “Etiqad” adlı risaləsində İbni Abbasdan nəql edir ki, yuxarıdakı ayə Əli (əleyhis-salam) barəsində nazil olmuşdur.[18]
Digər tərəfdən, bu şərif ayənin vahid düzüm və səpgi əsasında olmasından, eləcə də “ətiu” kəlməsinin (ulul-əmr kəlməsindən əvvəl) təkrar olunmamasından Allaha, Onun Rəsuluna və “ulil-əmr”ə itaət etməyin vacibliyi başa düşülür. Buna görə də Allah və Onun Peyğəmbəri günahlar qarşısında məsum və pak olduğu kimi, “ulil-əmr”in nümunəsi də məsum, günahlardan uzaq olmalıdır. (Əks halda onlara itaətə ümumi şəkildə göstəriş verilməsinin mənası olmazdı.) Rəvayətlərə uyğun olaraq məsumlar şiə imamlarından ibarətdir.
Qeyd olunanlar əhli-sünnət alimlərinin qəbul etdikləri ravilər vasitəsilə onların öz mötəbər kitablarında, eləcə də şiə kitablarında Əli (əleyhis-salam)-ın imamət və vilayəti ilə əlaqədar nazil olan ayələrdən üç ayə barədə nəql olunan hədislərin sadəcə bir qismi idi. Əhli-sünnət kitablarında bu və digər ayələr barəsində əlavə olaraq çoxlu incə məsələlər mövcuddur ki, geniş məlumat almaq üçün mötəbər kitablara müraciət edə bilərsiniz.
Qısa şəkildə qeyd etdiyimiz bu üç ayədən əlavə Əli ibni Əbi Talib (əleyhis-salam) və digər imamların imamət və vilayətinə birbaşa dəlalət edən digər ayələri qeyd etmək olar ki, mötəbər sünnü və şiə kitablarında Peyğəmbər (səlləllahu əleyhi və alih)-in mübarək dilindən nəql olunmuşdur. O cümlədən:
“Sadiqin” ayəsi:
یَا أَیُّهَا الَّذِینَ آمَنُواْ اتَّقُواْ اللّهَ وَکُونُواْ مَعَ الصَّادِقِینَ
“Ey iman gətirənlər! Allah qarşısında təqvalı olun və sadiqlərlə birlikdə olun!”[19]
“Qurba” ayəsi:
قُل لَّا أَسْأَلُکُمْ عَلَیْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِی الْقُرْبَى
“Ey Peyğəmbər, ümmətə de, sizdən Əhli-beytimə – ən yaxınlarıma məhəbbət bəsləməkdən başqa bir şey istəmirəm.”[20]
Bu ayələrdən əlavə digər ayələr də Əli (əleyhis-salam)-ın fəzilətlərindən bəzisinə, o həzrətin Peyğəmbər (səlləllahu əleyhi və alih)-in sair səhabə, köməkçi və yaxınlarından üstünlüyünə dəlalət edir. İndi əqlin hökmünə əsasən, üstünlüyü az olan bir şəxsi (məfzul) ən üstün şəxsdən (əfzəl) qabağa keçirməyin qəbahətli bir iş olduğunu nəzərə almaqla belə nəticə almaq olar ki, Peyğəmbərin canişini və imamət yalnız Əli (əleyhis-salam)-ın haqqıdır.
b) Hədis dəlilləri
Müxtəlif şiə və sünnü mənbələrində Peyğəmbər (səlləllahu əleyhi və alih)-in belə buyurduğu nəql olunur: “Məndən sonrakı vəsi və canişinim Əli ibni Əbi Talibdir, ondan sonra iki övladım Həsən və Hüseyn, onlardan sonra da Hüseynin övladlarından olan doqquz imamdır. Bunlar bir-birinin ardınca gələcəkdir.”[21]. Əlbəttə bu rəvayətlər “Yovmud-dar”, “Mənzilət”, “Qədir xum” və məşhur “Səqəleyn” hədisində nəql olunanlardan, yaxud “Məndən sonra on iki xəlifə gələcək və din onların vasitəsi ilə əziz olacaqdır” hədisində deyilənlərdən tamamilə başqadır.
Bəhsin daha aydın olması üçün qısa şəkildə üç mühüm rəvayətə işarə edirik:
1. “Mənzilət” hədisi
Bu hədisin deyilməsi belə olmuşdu: Təbuk müharibəsində Peyğəmbər (səlləllahu əleyhi və alih) səhabələrindən bir çoxu ilə Mədinədən çıxmış və Romaya tərəf üz qoymuşdu. Mədinə rəhbərsiz qalmasın deyə, həzrət Əlini öz yerində qoyub getmişdi. Səhabələrdən bəziləri tənəli dillərlə dedilər: “Peyğəmbər Əlini Mədinədə qoymuşdur ki, arvad-uşağa baxsın!”
Əli bu sözlərdən Peyğəmbərə şikayət etdi və o zaman həzrət özünün bu tarixi cümləsini buyurdu: “Sənin mənə olan münasibətin Harunun Musaya olan münasibəti kimidir, bu fərqlə ki, məndən sonra heç bir peyğəmbər yoxdur.”[22]
2. “Səqəleyn” hədisi
Bu hədis əhli-sünnətin mötəbər kitablarının çoxunda gəlmişdir.[23] Peyğəmbər (səlləllahu əleyhi və alih) həyatının axır günlərində öz səhabələrinə buyurdu: “Ey insanlar! Yaxın zamanlarda Pərvərdigarım tərəfindən çağırılacaq və Ona müsbət cavab verəcəyəm. Mən sizin aranızda iki ağır əmanət yadigar qoyuram: biri Allahın kitabı, digəri isə itrətim. Allahın kitabı asimandan yerə doğru uzadılmış möhkəm bir ipdir, itrətim də həmin Əhli-beytimdən ibarətdir. Bu ikisi “Kövsər” hovuzunda mənim yanıma gəlincəyə qədər bir-birindən ayrılmazlar. Baxın görün, onlarla necə rəftar edəcəksiniz.”[24]
3. “Qədir” hədisi
“Qədir-xum” hadisəsi Peyğəmbər (səlləllahu əleyhi və alih)-in mübarək ömrünün axırıncı ilində və “həccətul-vida”da baş vermişdir. O həzrət “Mən hər kəsin mövlasıyamsa, bu Əli də onun mövlasıdır” tarixi cümləsi ilə Əli ibni Əbitalibin imamətini aşkar bəyan etmiş və öz risalətini sona çatdırmışdı.
Bu hadisə 110 nəfərdən artıq məşhur səhabə,[25] 84 nəfər taben, eləcə də 36 nəfər məşhur alim və müəlliflərin tərəfindən nəql olunmuşdur. Əllamə Əmini (r) özünün “Əl-Qədir” kitabında məşhur İslam mənbələrindən – sünnü və şiə mənbələrindən istifadə edərək möhkəm dəlil və qəti sənədlərlə bu nəqllərin hamısını qeyd etmişdir.
Qeyd olunanlar Əli (əleyhis-salam)-ın Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən sonra bilavasitə xəlifə olmasını isbat edən sonsuz dəlilərdən bir qismidir.[26]
Əlavə məlumat üçün bax: “Pəyami Quran” təfsiri, Məkarim Şirazinin nəzarəti altında, 9-cu cild (“İmamət və vilayət Quranda”, səh. 177-dən sonra)
Görünüş: “Əli (əleyhis-salam)-ın imamətinin Qurandan isbatı”, nömrə 324
[1] Əlavə məlumat üçün aşağıdakı görünüşlərə bax:
1. “İmamətin əqli dəlilləri”, nömrə 671
2. “İmam Zaman (əleyhis-salam)-ın əqli dəlilləri”, nömrə 582
[2] “Nə üçün imamların adları Quranda aşkar gəlməmişdir?” sualına cavab üçün bax: Görünüş: “İmamların adları Quranda”
[3] Əlavə məlumat üçün bax: Görünüş: “İmamət və imamlara etiqadın dəlilləri”
[4] یَا اَیًّهَا الرَّسُولُ بَلِّغْ مَا اُنْزِلَ اِلَیْکَ مِنْ رَبِّکَ...
“Maidə” surəsi, ayə: 67. Əlavə məlumat üçün bax: Görünüş: “Əhli sünnət və “Təbliğ” ayəsi”
[5] Məkarim Şirazi, “Pəyami Quran”, 9-cu cild, “İmamət Quranda”, səh. 182-dən sonra
[6] اِنَّمَا وَلِیُّکُمُ اللهُ وَ رَسُولُهُ وَ الَّذِینَ امَنُوا الَّذِینَ یُقِیمُونَ الصَّلاَةَ...
“Maidə” surəsi, ayə: 55
[7] Çünki mötəbər rəvayətlərə uyğun olaraq öz üzüyünü rüku halında dilənçiyə verən yalnız Əli (əleyhis-salam) olmuşdur.
[8] “Əd-durrul-mənsur”, 2-ci cild, səh. 293
[9] “Əsbabun-nüzul” səh. 148
[10] “Kəşşaf” təfsiri, 1-ci cild, səh. 649
[11] Fəxr Razinin təfsiri, 12-ci cild, səh. 26
[12] “Təfsiri Təbəri”, 6-cı cild, səh. 186
[13] “Əl-Qədir”, 2-ci cild, səh. 52 və 53
[14] یَا أَیُّهَا الَّذِینَ آمَنُواْ أَطِیعُواْ اللّهَ وَأَطِیعُواْ الرَّسُولَ وَأُوْلِی الأَمْرِ مِنکُمْ
“Nisa” surəsi, ayə: 59
[15] “Burhan” təfsirində də Əhli-beyt (əleyhimus-salam)-dan nəql olunan hədisdə deyilir ki, qeyd olunan ayə Əli (əleyhis-salam)-ın özü, yaxud onun və sair Əhli-beyt imamları barəsində nazil olmuşdur. Hətta bəzi rəvayətlərdə on iki imamın adları bir-bir qeyd olunmuşdur. “Burhan” təfsiri, 1-ci cild, səh. 381-387
[16] “Şəvahidut-tənzil”, 1-ci cild, səh. 148-151
[17] “Bəhrul-muhit”, 3-cü cild, səh. 278
[18] “Ehqaqul-həqq”, 3-cü cild, səh. 425
[19] “Tövbə” surəsi, ayə: 119. Rəvayətdə deyilir ki, “sadiqin” dedikdə məqsəd Əli və Peyğəmbərin Əhli-beytidir (əleyhimus-salam). “Yənabiul-məvəddət”, səh. 115; “Şəvahidut-tənzil”, 1-ci cild, səh. 262
[20] “Şura” surəsi, ayə: 23. Əlavə məlumat üçün bax: Görünüş: “Əhli-beyt və “məvəddət” ayəsi”
[21] “Təzkirətul-xəvass”, Sibt ibni Covzi , Livan çapı, səh. 327; “Yənaibul-məvəddət”, Şeyx Süleyman Qənduzi, 77-ci bab, səh. 444, İstanbul çapı; “Fəraidus-simteyn”, Cüveyni, Beyrut çapı, 2-ci cild, səh. 134
[22] اَنْتَ مِنِّی بِمَنْزِلَةِ هَارُونَ مِنْ مُوسَی اِلَّا أَنَّهُ لَا نَبِیَّ بَعْدِی “Fəzailul-xəmsə”, 1-ci cild, səh. 299-316
[23] “Səhihi Müslim”, “Səhihi Termizi”, 2-ci cild, səh. 308; “Xəsais”, Nisai, səh. 21; “Müstədrək”, Hakim, 3-cü cild, səh. 109; “Müsnədi Əhməd”, 3-cü cild, səh. 17
[24] اِنِّی اُوشکُ اَنْ اُدْعَی فَاُجِیبَ وَ اِنِّی تَارِکٌ فِیکُمُ الثَّقَلَیْنِ کِتَابَ اللهِ عَزَّ وَ جَلَّ وَ عِتْرَتِی. کِتَابُ اللهِ حَبْلٌ مَمْدُودٌ مِنَ السَّمَاءِ اِلَی الْاَرْضِ وَ عِتْرَتِی اَهْلُ بَیْتِی، اِنَّهُمَا لَنْ یَفْتَرِقَا حَتَّی یَرِدَا عَلَیَّ الْحَوْضَ فَانْظُرُونِی بِمَ تُخَلِّفُونِی فِیهِمَا
“Fəzailul-xəmsə”, 2-ci cild, səh. 44-53
[25] Əbu Səid Xudri, Zeyd ibni Ərqəm, Cabir ibni Əbdüllah Ənsari, İbni Abbas, Bəra ibni Azib, Hüzeyfə, Əbu Hüreyrə, İbni Məsud və s.
[26] Əlavə məlumat üçün bax: Mərhum Əllamə Əmini, “Əl-Qədir”, 1-ci cild; “İslam nəzərindən rəhbərlik”, Ayətullah Cəfər Sübhani, səh. 274 və 317 (Bu mənbələr “Qədir” hədisinin təhlilləri, məzmunları və sənədlərinə aiddir.)