Please Wait
6656
Şəhidi Sani ləqəbi ilə məşhur olan Zeynuddin ibni Nuriddin Amili 911-ci hicri qəməri ilində Livanın Cəbəl-Amil məntəqəsində yerləşən Cəbə (جبع) kəndində dünyaya gəlmişdir. O, fiqh elmini və ədəbiyyatı 925-ci ilə qədər atasından öyrənmiş, sonra yüksək səviyyəli elmləri öyrənmək üçün müxtəlif yerlərə səfər etmişdir. O, sair islam məzhəbləri barəsində kamil elmə malik idi, Konstantinopolda sair məzhəblərdən dərs deyirdi. Şəhidi Sani Məkkədə tutularaq Osmanlı hökumətinin mərkəzinə aparılanda 965 və ya 966-cı (h.q) ildə yol əsnasında şəhid edilmişdir. Onun bəzi ustadları, şagirdləri və əsərləri ilə əlaqədar məlumat əldə etmək üçün ətraflı cavaba baxa bilərsiniz.
Şəhidi Sani ləqəbi ilə məşhur olan Zeynuddin ibni Nuriddin Əli Şami Amili[1] 911-ci hicri qəməri ili şəvval ayının 13-də Livanın Cəbəl-Amil məntəqəsinin kəndlərindən biri olan Cəbə’də elm və təqva ailəsində dünyaya gəlmişdir. O, fiqh elmini və ədəbiyyatı 925-ci ilə qədər atasından öyrənmiş, sonra Mis-litəmm məntəqəsində yaşayan Şeyx Əli ibni Əbdül-Ali Kərkinin yanına gəlmişdir. Axırda Dəməşqə – öz vətəninə qayıtmışdır. O Misir, Məkkə, Mədinə və Konstantinopola, habelə İraqdakı imamların məzarları yerləşən şəhərlərə hicrət etmişdir. Bu alim sair məzhəblərin əqidələri barəsində kamil elmə malik idi və Konstantinopolda sair məzhəblərdən dərs deyirdi.
Şeyx Hürr Amili (rəhmətullahi əleyh) onun barəsində yazır: “O nəhvi fəqih, mütəkəllim qari, müxtəlif elmləri əhatə edən həkim (filosof) idi, habelə “Dirayətul-hədis” elmində kitab yazan ilk şəxs olmuşdur.”[2] Sonradan Məkkədə tutulmuş və Osmanlı hökumətinin mərkəzinə aparılarkən 965 və ya 966-cı ildə yol əsnasında şəhid edilmişdir.[3]
Ustadları
Bu alimin müəllimlərindən bəziləri: Atası Əli ibni Əhməd Amili, Əli ibni Əbdül-Ali Misi, Seyid Həsən ibni Cəfər Ə’rəci Kərki, Şəhabuddin Əhməd Rəmli Şafei, Məhəmməd ibni Əbdur-Rəhman Bikri, Şəmsuddin ibni Tulun Dəməşqi Şafei, Şəmsuddin Məhəmməd ibni Məkki, Şəhabuddin ibni Nəccar Hənəfi
Şagirdləri
Böyük alimlər Şəhidi Sanidən elm öyrənmişlər, o cümlədən: Şeyx Hüseyn ibni Əbdüs-Səməd Amili, Şeyx Əli ibni Zöhrə Cəb’i, Seyid Əli ibni Hüseyn Amili, Seyid Ətaullah ibni Bədruddin Hüseyni Musəvi, Şeyx Məhmud ibni Məhəmməd Lahici və s.
Əsərləri
Şəhidi Sanindən təqribən 70 dəyərli kitab və risalə yadigar qalmışdır ki, onların bəzilərini qeyd edirik: “Təhqiqul-icma fi zəmənil-ğeybət”, “Təfsirul-Bəsmələ”, “Təmhidul-qəvaidil-üsuliyyə vəl-ərəbiyyə”, “Risalətun fin-niyyət”, “Ər-rovzətul-bəhiyyə fi şərhil-Lüm’ətid-Dəməşqiyyə”, “Risalətul-cüm’ə və rəsailul-fiqh”,[4] “Kəşfur-reybə ən əhkamil-ğeybət”, “Əddünya məzrəətul-axirət” hədisinin şərhi və s.[5]
[1] Hüseyni Cəlali, Seyid Məhəmməd Hüseyn, “Fehresti turas”, 1-ci cild, səh. 799, “Dəlili ma” nəşriyyatı, 1422-ci qəməri il
[2] Hürr Amili, “Əməlul-amil”, 1-ci cild, səh. 85, “İndels” nəşriyyatı, Nəcəf-Bağdad, 1385-ci qəməri il; Məclisi, Məhəmməd Baqir, "Biharul-ənvar", 104-cü cild, səh. 177, “Vəfa” müəssisəsi, Beyrut, 1404-cü qəməri il
[3] “Ə’yanuş-şiə”, 7-ci cild, səh. 354
[4] Tehrani, Şeyx Ağabozorg, “Əz-zəriə ila təsanifiş-şiə”, 2-ci cild, səh. 103, “İsmailiyan” nəşriyyatının kitabxanası, 1408-ci qəməri il
[5] Yenə orada, 13-cü cild, səh. 198, “Ər-rovzətul-bəhiyyə fi şərhil-Lüm’ətid-Dəməşqiyyə” kitabından istifadə etməklə: 1-ci cild, səh. 9-20, “Məcməul-fikril-islami”, ikinci çap, Qum, 1426-cı qəməri il