Please Wait
7173
Qurani-Kərimdə asimanların və yerin xəlq edildiyi zaman müddəti “altı gün” təbiri ilə qeyd olunur. Lakin Adəmin xilqətinin altıncı gündə olması, eləcə də Allah-taalanın hər gündə əncam verdiyi işlər qeyd olunmamışdır.
Zahirdə “altı gün” təbiri altı dövrə işarədir. Necə ki, bu mənaya olan “yovm” – gün kəlməsi Quran ayələrində, məsumların hədislərində, eləcə də şairlərin və ədiblərin kəlmələrində rəvac tapmışdır. Buna əsasən, mümkündür ki, asimanların və yerin, eləcə də Adəmin xilqətindən milyonlar, hətta milyard illər keçmiş olsun. Arxeoloji qazıntılarda milyon illər öncə yaşamış insan qalıqları da bu məsələni təkid edir.
Əlbəttə, Adəmin xilqətinin altı, yaxud yeddi min il bundan qabağa aid olması heç də uzaq görüş deyildir. Çünki bu ehtimalda Adəmdən əmələ gəlmiş yeni insan nəsli nəzərdə tutular bilər. Ola bilsin ki, bu nəsildən qabaq minlərlə insan nəsli olmuş, sonra onların kökü kəsilmişdir.
Qurani-Məcid və müqəddəs kitab (Tövrat) asimanların və yerin xilqətinin altı gündə baş verdiyini qeyd edir.[1] Bu fərqlə ki, əvvəla, Quranda Allahın hər gündə əncam verdiyi işlər təfsilatı ilə qeyd olunmur.[2] Lakin müqəddəs kitabda (Tövratda) həmin işlər incəliklərinə qədər zikr olunmuşdur.[3]
İkincisi, həzrət Adəmin altıncı günün sonunda yaradılması Quranda qeyd olunmur.
Amma Qurani-məciddə “Biz yeri və asimanı altı gündə xəlq etdik”[4] deyə buyurulan ayədə “yovm” kəlməsindən məqsədin 24 saatdan ibarət olan gün, yoxsa başqa şey olduğuna gəldikdə isə, demək lazımdır: Şübhəsiz, xilqətin ilk dövründə gecə və gündüz özünün həqiqi mənasını, yəni yerin öz oxu ətrafına və günəş ətrafına fırlanmasından hasil olan həqiqi mənasını tapmamışdı. Çünki hələ yer və günəş xəlq olunmamışdı. Buna əsasən, demək olmaz ki, gün dəqiq şəkildə yer kürəsinin öz oxu ətrafına dolanmasından ibarət olan həmin gün olmalıdır. Amma onun bərabərini – 24 saatı onun üçün nəzərə almaq mümkündür. Alimlərin elmi tədqiqatları hekayət edir ki, yerin və asimanların hazırkı vəziyyətə düşməsi milyardlarla il çəkmişdir. Buna görə də günü 24 saatın müqabilində olan gün mənasına (yaxud ərəb dilində onun müqabili olan yovm kəlməsi mənasına) götürməyimizin heç bir lüzumu yoxdur. Xüsusilə buna diqqət yetirmək lazımdır ki, gün (“yovm”) kəlməsinin daha geniş mənası vardır. Bir çox hallarda bir dövrana, zamanın müəyyən bir hissəsinə aid edilir – istər o zaman müddəti qısa olsun; istərsə də min və milyardlarla il kimi uzun olsun.
Misal üçün, Qurani-Kərim qiyamət gününü “yovmul-qiyamət” kimi təbir edir. Halbuki qiyamətin məcmusu çox uzun müddətli bir dövrandır. Quranın özündə də qeyd olunur ki, qiymət günü və insanların əməllərinin mühasibəsi əlli min il çəkəcəkdir.[5]
Buna əsasən, Quran terminində “yovm” kəlməsi ən aşağısı 24 saat olan günlə məhdudlanmır. Bundan əlavə, camaatın danışığı, şairlərin, ədiblərin və hətta din rəhbərlərinin terminində belə, “gün” və “yovm” kəlməsi bir dövran mənasına gəlir – istər qısa, istərsə də uzun müddətli olsun. Belə ki, Əli (əleyhis-salam) buyurur: “Ruzigar iki gündür: biri sənin xeyrinə, digəri isə sənin ziyanınadır.”[6]
Kəlim Kaşani belə bir şer demişdir:
Bəd namiye həyat yeki do ruz biş nəbud
An həm “Kəlim” ba to bequyəm çesan qozəşt
Yek ruz sərfi bəstəni del şod be ino an
Ruzi degər kəndəni del əz ino an qozəşt.[7]
Həyatın bədnamlığı bir-iki gündən artıq deyildir,
O da “Kəlim” sənə deyim necə keçdi:
Bir gün ürəyini ona-buna ağlamasına keçdi, bir gün də ürəyin ondan-bundan ayırmağına.
Lüğət alimləri də “yovm” və “gün” kəlməsi ilə əlaqədar daha geniş məfhum bəyan etmişlər. Misal üçün, Rağib İsfahanı yazır: “Yovm bəzən günün çıxması ilə batması arasındakı, zaman fasiləsinə aid edilir. Bəzən də hər miqdar olursa olsun, zaman müddətinə aid edilir.”[8]
Qeyd olunan incəliklərdən belə nəticə almaq olar: Allah-taala asimanı və yeri altı ardıcıl dövranda xəlq etmişdir. Hərçənd bu dövranlar bəzən milyonlar, hətta milyardlar ilə çata bilər. Bu cəhətdən Quranın bəyanları ilə elmi tədqiqatlar arasında heç bir ixtilaf və təzad yoxdur. Necə ki, əgər “gün” kəlməsinin müqəddəs kitabda “dövran” kimi təfsir etsək də heç bir təzad yaranmaz (yəni bu cür təfsir olunmağı da mümkündür).[9]
[1] Bu mətləb Quranın yedi ayəsində gəlmişdir: “Əraf”, 54, “Yunis”, 3, “Hud”, 7, “Furqan”, 59, “Səcdə”, 4, “Qaf”, 38, “Hədid”, 4
[2] Yalnız “Fusillət” surəsinin 1-12-ci ayələrində yerin, onun üzərində olan yeyinti məhsullarının xilqəti dörd gün və asimanların xilqəti iki gün müəyyən olunmuşdur. Bəzi müfəssirlər də bu ayələrə diqqət yetirməklə xilqətin dövranını ehtimal şəkilində təxmin etmişlər. Bax "Təfsiri-nümunə", 6-cı cild, səh. 202
[3] “Kitabi müqəddəs”, peydayiş sifri, 1-ci bab, nömrə 1-31
[4] “Qaf” surəsi, ayə: 38
[5] “Məaric” surəsi, ayə: 4
[6] "Nəhcul-bəlağə"
[7] Kəlim kaşani, "Təfsiri-nümunə", nəqlinə əsasən: 6 -ci cild, səh. 202
[8] “Mufrədatu əlfazil-Quran”, “yovm” kəlməsi
[9] Əlavə məlumat üçün bax: “Quranın elmi möcüzəliyində tədqiqat”, Məhəmməd Əli Rzai, səh 105-126