Please Wait
10485
Dil Allahın insana verdiyi ən böyük nemətlərdən biri, başqaları ilə əlaqələrin inkişaf etdirilməsi üçün gözəl bir vasitədir. Amma bunun çoxlu bəlaları da vardır ki, sonsuz günahların mənşəyi ola bilər. Buna görə də insan dilini nəzarət altına almaq və ondan yerində istifadə etmək üçün gərək hər gün sübh yuxudan oyanan zaman dilinin fəaliyyətlərinə nəzarət etmək barədə özünə tövsiyə etsin. Əli (əleyhis-salam) buyurur: “Söz dilə gəlməyincəyə qədər sənin ixtiyarındadır, lakin bir söz danışdınsa sən onun ixtiyarında giriftar olursan. İndi dilini qızıl-gümüşlərin kimi qoruyub saxla. Çox hallarda bir söz insandan (çoxlu) nemətin alınmasına səbəb olur. Belə isə, bilmədiyin şeyləri danışmaqdan çəkin. Allah-taala sənin zahiri (bədən) və daxili üzvlərinə bir çox şeyi vacib etmişdir və qiyamət günü onlardan sual olunacaqdır. Dilini özlərinə hakim edənlər o gündə zəlil və xar olacaqlar. Hər kəs çox danışsa, xətası çox olacaq, hər kəsin xətası çox olsa həyası azalar, hər kəsin həyası az olsa, günah və şübhəli işlərdən çəkinməsi azalar, qəlbi ölər və hər kəsin də qəlbi ölsə, cəhənnəmə daxil olar.”
Dil qəlbin bəyançısı, əqlin nümayəndəsi, şəxsiyyətin açarı və insan ruhuna açılan ən mühüm pəncərədir. Dilin səhifəsində və danışıqların əsnasında zahir olan hər bir şey ruhun səhifəsində həkk olunan şeylərin zahir olmasından ibarətdir. Dil Allahın insana verdiyi ən böyük nemətlərdən biri, başqaları ilə əlaqə yaradıb rabitənin inkişaf etdirilməsi üçün mühüm bir vasitə olmaqla eyni zamanda, onun çoxlu bəlaları da vardır ki, bir çox günahların mənşəyi ola bilər. Buna görə də dili nəzarət altına almaq və ondan lazımi yerlərdə istifadə etmək üçün iki yol təklif olunur:
a) Elmi müalicə
Dilin yarada biləcəyi təhlükələrə diqqət yetirmək və onu nəzarət altına almaq çox danışmağın ən yaxşı elmi müalicə yollarından biridir. Dil və onunla danışmaq çox yerlərdə faydalı olduğu kimi, çoxlu təhlükələri və bəlaları da vardır. İnsan yuxudan oyandığı hər sübh gərək özünə “dilindən ehtiyatlı ol!” deyə tövsiyə etsin. Çünki bu üzv insanı həm səadət zirvələrinə, həm də zillət quyularına, bədbəxtlik çalalarına sala bilər. İmam Səccad (əleyhis-salam) buyurur: “Hər sübh insanın dili bütün bədən üzvlərinə xitab edərək deyir: “Necəsiniz? Necə sübhə çıxdınız?” Cavab verirlər ki, “xeyir və yaxşılıqla; bu şərtlə ki, sən (bizdən əl çəkəsən), bizi öz başımıza buraxasan.” Sonra onu Allaha and verirlər ki, (yaramaz sözlər danışmaqla) bizi əzab-əziyyətə, məşəqqətə salma! Çünki sənə görə bizə savab və mükafat verir və sənə görə bizi cəzalandırırlar.” [1]
Deməli, insan daim öz dilini və danışığını nəzarət altına almalı, tam ehtiyatlı olmalıdır. Çünki ağızdan çıxan hər bir söz insanın əməl dəftərində qeyd olunur. Quranda buyurulur: “İnsan elə bir söz demir ki, (danışan) həmin anda onun əməllərinə nəzarət edən bir mələk onu qeydə almamış olsun.” [2]
İmam Əli (əleyhis-salam)-ın buyurduğu hədislərdə oxuyuruq:
1. O Həzrət çox danışan bir nəfərin yanından keçəndə dayanıb buyurdu: “Ey kişi! Bu qədər çox danışmaqla sənə mühafizəçi qoyulmuş mələklərə bir kitab (qədər) imla deyirsən. Sənə faydalı olan şeyləri danış, puç sözlərdən uzaq ol!” [3]
2. “Söz dilə gəlməyincəyə qədər sənin ixtiyarındadır, lakin bir söz danışdınsa sən onun ixtiyarında giriftar olursan. İndi dilini qızıl-gümüşlərin kimi qoruyub saxla. Çox hallarda bir söz insandan (çoxlu) nemətin alınmasına səbəb olur. Belə isə, bilmədiyin şeyləri danışmaqdan çəkin. Allah-taala sənin zahiri (bədən) və daxili üzvlərinə bir çox şeyi vacib etmişdir və qiyamət günü onlardan sual olunacaqdır. Dilini özlərinə hakim edənlər o gündə zəlil və xar olacaqlar. Hər kəs çox danışsa, xətası çox olacaq, hər kəsin xətası çox olsa həyası azalar, hər kəsin həyası az olsa, günah və şübhəli işlərdən çəkinməsi azalar, qəlbi ölər və hər kəsin də qəlbi ölsə, cəhənnəmə daxil olar.” [4]
3. “Əql kamil olan zaman danışıq azalar.” [5]
Deməli, Quran və rəvayətlər baxımından dilin bəlasından uzaq olmaq üçün ən yaxşı yol çox danışmaqdan uzaq olmaq, faydasız sözləri tərk etməkdir. Çünki əgər insan danışdığı bütün sözlərin onun əməllərinin bir hissəsi olacağına inansa və onun qarşısında məsuliyyət daşıdığını bilsə, ümumiyyətlə yalana və qeybətə düçar olmaq, vaxtı öldürmək, başqalarına əzab-əziyyət vermək, qəlbin qəsavəti (daşlaşması) və sair kimi işlərə səbəb olan çox danışmaqdan çəkinər.
Bəlkə də çox danışmağın psixoloji köklərini bu məsələdə qeyd etmək olar: biz insanlar həmişə başqalarının diqqət mərkəzində olmaq, başqalarının kifayət qədər məhəbbətini qazanmaq üçün diqqəti cəlb edən işlər görürük. Lakin unutmaq olmaz ki, əgər insan özünün Allahla əlaqəsini düzgün əsasda qursa, bütün işlərində əsas məqsədi Allahın razılığı olsa və yalnız Allah tərəfindən sevilmək üçün bir iş görsə, Allah-taala başqalarının diqqətini cəlb etməyə ehtiyac duymadan belə insanı onlara sevdirər. Deməli, bu kimi hallarda başqalarının razılığını cəlb etmək üçün nalayiq işlər görməyə və çox danışmağa lüzum görülməz. [6]
b) Əməli müalicə yolu
İnsan məşq etməklə, özünə təlqin etməklə və bəzi hallarda nəzir etməklə və cərimə ödəməklə və s. işləri görməklə özünü tədrici olaraq az danışmağa adət etdirə, bu barədə sabit bir sifətə nail ola bilər. Amma diqqət yetirmək lazımıdır ki, çox danışmağın qarşısını almaq tədrici və uzun müddətli bir işdir və zamana ehtiyac duyulur. Əgər bir kəs çox danışırsa, dilinə nəzarət edə bilmirsə və bu əməl onda artıq səciyyə şəklinə düşmüşsə, bir gündə onun əksinə əməl edə bilməz; əksinə gərək qəti qərara gələrək çox danışmaqdan hər gün bir qədər azaltsın, tədrici olaraq dilinə hakim kəsilsin, lazım və zəruri miqdarda dilindən istifadə edərək danışsın.
Əlavə məlumat almaq üçün aşağıdakı görünüşlərə bax:
“Rəzalət sifətlərini paklamaq yolları” sual 2604 (sayt 2701)
“Kəlam və sükutun müqayisəsi”, sual 9135 (sayt 9608)
“Dillə əlaqədar günahları tərk etmə yolları”, sual 13868 (sayt 13582)
[1] Məclisi, Məhəmməd Baqir, "Biharul-ənvar", 68-ci cild, səh. 302, “Vəfa” müəssisəsi, Beyrut, 1404-cü hicri qəməri ili
[2] “Qaf” surəsi, ayə: 18: ما یَلْفِظُ مِنْ قَوْلٍ إِلاَّ لَدَیْهِ رَقیبٌ عَتیدٌ
[3] Şeyx Səduq (rəhmətullah əleyh), “Mən la yəhzuruhul-fəqih”, 4-cü cild, səh. 396, “Camieyi müdərrisin” nəşriyyatı, Qum, 2-ci çap, 1404-cü hicri ili
[4] “Biharul-ənvar”, 68-ci cild, səh. 286
[5] “Biharul-ənvar”, 1-ci cild, səh. 159
[6] Əlavə məlumat üçün aşağıdakı görünüşlərə bax: “Başqaları tərəfindən sevilmə yolları”, sual 10915 (sayt 11064) və “Allah tərəfindən sevilməyin yolları”, sual 10085 (sayt 10070)