Please Wait
7677
Lobsteri,[1] dərya sədəflərini və su ulduzunu yemək haramdır. Dini mənbələrdə heyvanların ətinin halal və ya haram olması barəsində külli qayda-qanunlar və müxtəlif meyarlar mövcuddur. Məsələn, quruda yaşayan heyvanlar üçün bir sıra qayada-qanunlar və meyarlar, dəryada yaşayan heyvanlar üçün başqa meyarlar, quşlar üçün daha başqa meyarlar deyilmişdir.
Suda yaşayan heyvanların halal olması meyarı budur ki, onun pulcuğu olsun. Məhəmməd ibni Müslim imam Baqir (əleyhis-salam)-dan soruşdu: “Bizim üçün pulcuğu olmayan balıq gətirirlər (onu yemək olarmı)?” İmam (əleyhis-salam) buyurdu: “Pulcuğu olan hər bir balığı ye, pulcuğu olmayanı yemə.”[2]
Pulcuq dedikdə balığın üzərində olan həmin pulcuqdur ki, rəvayətlərdə də qeyd olunmuşdur.[3]
Böyük mərcəyi-təqlidlər də bu rəvayətlərdən istifadə edərək suda yaşayan heyvanların hökmünü bəyan etmiş və buyurmuşlar: “Rəvayətlərdən əldə olunur ki, pullu balıqlar istisna olmaqla suda yaşayan heyvanların əti yeyilmir (onları yemək haramdır).”
Əlbəttə, meyqu (rubiyan) bu külli qanundan istisna olunur. Onun halal olması barəsində xüsusi rəvayət gəlmişdir: “Onun yeyilməsinin işkalı yoxdur və meyqu bir növ balıqdır.”[4]
Növ və cins baxımından meyqunun pulcuğu (balıq kimi) olmasa da, hökm baxımından pullu balıqlar hökmündədir və onun yeyilməsinin işkalı yoxdur. Başqa sözlə desək, bu dərya heyvanı pulcuqlu olmasa da, bizim üçün məlum olmayan müəyyən cəhətlərdən istisna olunmuşdur və rəvayətlərdə onun halal olmasına hökm demişdir.[5]
Həmçinin, xərçəngin haram olması barəsində də xüsusi rəvayət vardır: “Cərri (bir növ balıqdır), tısbağa və xərçəngin yeyilməsi haramdır.”[6] Buna əsasən, lobster, su ulduzu və s.nin haramlığı bu külli qanunlar çərçivəsində qalır.
Qeyd etmək lazımdır ki, bir şeyin sadəcə haram olması onun alverinin və ya ovlanmasının da haram olmasına dəlalət etmir. Çünki bir şeyin yeyilməsinin haramlığı ilə onun alveri bir-birindən fərqli olan iki məsələdir. Çox hallarda bir şeyin yeyilib-içilməsi haram, lakin onun alveri işkalsız ola bilər. Misal üçün, qanın yeyilməsi haramdır, lakin digər mənfəətlər xatirinə alver edilməsi caizdir. Buna əsasən, lobster, sədəf və s. yeyilmə üçün deyil, əksinə digər əqlani mənfəətlərindən istifadə üçün alver edilərsə caizdir. Sədəfli lobsterdə çoxlu digər əqlani mənfəətlərin olması mümkündür.
Əlavə məlumat üçün 744-cü suala bax.
[1] Tikanlı və ya sədəfli lobsterlər inkişaf etmiş çanaqlı növlərdəndir ki, qütb nahiyələrindən isti məntəqələr qədər dəryanın 500 metrliyinə qədər dərinliyində yaşayırlar.
[2] Şeyx Hürr Amili, “Vəsailuş-şiə”, 16-cı cild, səh. 397 və 398, rəvayət 1, bab 8, “ət’imul-muhərrəmə” babları
[3] Yenə orada, rəvayət 3 və 7
[4] “Vəsailuş-şiə”, 16-cı cild, səh. 408, rəvayət 5 və 12, “ət’imul-muhərrəmə” babları
[5] “Vəsailuş-şiə”, vərəq altı haşiyə, 16-cı cild, səh. 408
[6] “Vəsailuş-şiə”, 24-cü cild, səh. 146, “ət’imə və əşribə” kitabı, bab 16, hədis 1