Please Wait
9160
Əli (əleyhis-salam) zərbətləndiyi zaman Həsənlə Hüseyn (əleyhiməs-salam)-ın onun yanında olması ilə əlaqədar çoxlu rəvayət gəlmişdir. Buna görə də bu bəhsdə bir neçə ehtimal verilir:
1. İmam Əli (əleyhis-salam)-a məsciddən kənarda zərbə vurulmuşdur. Bu ehtimala əsasən demək olar ki, həmin anda Həsənlə Hüseynin Əli (əleyhis-salam)-ın yanında olmamasının səbəbi atasının onlardan qabaq məscidə doğru hərəkət etməsi idi.
2. Əli (əleyhis-salam)-a məscidə və namaz vaxtı zərbə vurulmuşdur. Bu məsələ çoxlu rəvayətlərdə də təsdiq olunur. Ataları zərbətləndiyi zaman imam Həsənlə Hüseyn (əleyhiməs-salam)-ın orada olması qəbul edilən zaman iki ehtimal verilir:
1. Onlar namaz vaxtı və atasının zərbətliəndiyi zaman məsciddə idilər;
2. Atasının zərbətləndiyi zaman məsciddə olmamışlar.
İkinci ehtimal barəsində də deməliyik: Əvvəla, bu məsələ barədə mötəbər bir sənəd yoxdur ki, onun barəsində söhbət aparaq. İkincisi, xətiblərdən çoxu rəvayət edir ki, “həzrət Əli (əleyhis-salam) zərbətlənən zaman Həsənlə Hüseyn məsciddə idilər və o həzrəti götürüb evinə gətirdilər. Ümmü Külsüm atasını bu vəziyyətdə gördükdə ağlayıb nalə etməyə başladı.”
3. Şeyx Tusi (rəhmətullahi əleyh) rəvayət edir ki, İbni Mülcəm imam Əli (əleyhis-salam)-a zərbə vurmaq istəyən zaman başqa bir nəfər də onunla əlbir olmuşdu, amma onun zərbəsi divara, İbni Mülcəmin zərbəsi isə o həzrətin başına dəydi. Bu zaman İmam məscidə səcdə halında idi və zərbə onun mübarək başına dəydi. Həsənlə Hüseyn İbni Mülcəmi tutaraq zindana saldılar. Bu dəlillərə əsasən, Əli (əleyhis-salam) zərbətlənən zaman Həsənlə Hüseyn məscidə idilər.
Amma ataları namaz vaxtı zərbətlənən zaman imam Həsənlə Hüseynin məsciddə olmadığı ehtimalına gəldikdə isə, səbəbi bu ola bilər ki, o vaxt İmam Əli sübh fərizəsini başlamamışdı və müstəhəb namaz qılırdı. Övladları ilə isə sübh namazının fərizəsini qılmaq üçün məscidə gəlmişdilər. İbni Mülcəm o həzrəti həmin müstəhəb namazda zərbətləmişdir.
İmam Əli (əleyhis-salam)-ın şəhadət hadisəsində diqqət yetirilməli olan qəti və danılmaz məsələ budur ki, xəvaricdən üç nəfər (İbni Mülcəm və onun iki yoldaşı) tədbir tökərək qərara almışdılar ki, imam Əli (əleyhis-salam)-ı, Müaviyəni və Əmr Ası Ramazan ayının 19-cu gecəsində eyni zamanda qətlə yetirsinlər.
Müaviyə ilə Əmr Asa sui-qəsdlə əlaqədar xəbərlərə diqqət yetirdikdə tarixi mənbələrdə belə yazıldığını gördük:
1. Müaviyəyə sui-qəsd. Muaviyə səcdədə olanda ona bir zərbə vurdular və bundan sonra xəlifələr üçün mühafizəçi qoyulmağa başladı. Bu hadisədən sonra Müaviyə özünü qorumaq üçün “əl-məqsurə”dən (mehrab) istifadə edirdi.[1]
2. Əmr ibni Bükeyr (Bəkr), Əmr Ası gözləyirdi, amma onun qarnı ağrıdığına görə həmin gecə evindən çıxmamışdı. Onun yerinə Xaricət ibni Hüzaqə Ədvi camaat namazı qılırdı. Əmr ibni Bükeyr onun Əmr As olduğunu güman edərək bir zərbə ilə onu qətlə yetirdi.[2]
3. Əli (əleyhis-salam)-ın zərbətlənməsi və həmin hadisə zamanı imam Həsənlə Hüseynin orada olmasına gəldikdə isə, bir neçə ehtimal verilir:
Birinci ehtimal: İmam Əli (əleyhis-salam)-a məsciddən xaricdə zərbə vurulmuşdur. Bu ehtimalın düzlüyü fərz olunduğu halda demək olar ki, imam Həsənlə Hüseynin həmin halda atasının yanında olmamasının səbəbi bu idi ki, imam Əli (əleyhis-salam) onlardan qabaq məscidə doğru hərəkət etmişdir. Onlar da qərara almışdılar ki, camaat namazında iştirak etmək üçün sonradan məscidə gəlsinlər, lakin İbni Mülcəm buna möhlət vermədi.
İkinci ehtimal: Əli (əleyhis-salam) məsciddə zərbətləndi və bu hadisə namaz qıldığı vaxt baş vermişdir. Bu ehtimalı çoxlu rəvayətlər dəstəkləyir, o cümlədən:
1. İmam Səccad (əleyhis-salam) buyurur: “İbni Mülcəm Həzrət İmam Əli (əleyhis-salam)-a zərbə vurmaq istədikdə başqa bir nəfər də onunla köməkləşdi; ikincinin zərbəsi divara dəydi, amma (imam səcdədə olan zaman) İbni Mülcənin zərbəsi o həzrətin mübarək başına – əvvəllər müharibələrdə yaralanan həmin yerə dəydi. Bu zaman Həsənlə Hüseyn gəlib İbni Mülcəmi tutdular və onu zindana saldılar.”[3]
2. “Kənzul-ummal” kitabının “Əli (əleyhis-salam)-ın fəzilətləri” bölməsində deyilir: “Həzrət Əli (əleyhis-salam) başını rükudan qaldıranda ibni Mülcən qılıncla ona bir zərbə vurdu. Həzrət kənara çəkilib buyurdu: “Namazınızı tamamlayın!” Bir şəxsi də qabağa keçirmədi (imam camaat təyin etmədi).”[4]
3. “Tarixi Dəməşq” kitabında Əli (əleyhis-salam)-ın tərcümeyi-halında deyilir: “Əli (əleyhis-salam) namaz üstündə olanda Əbdur-Rəhman ibni Mülcəm qəzəbli halda ona hücum etdi və zəhərlənmiş qılınc vasitəsi ilə onu zərbətlədi.”[5]
Həmçinin demişdir: “Əbdur-Rəhman ibni Mülcəm Əli (əleyhis-salam)-ı sübh namazında, zəhərləndirilmiş qılıncla və qəzəb üzündən vurdu və Əli (əleyhis-salam) həmin gün dünyadan gedərək Kufədə dəfn olundu.”[6]
4. İbni Əbi Dünya “Məqtəlu Əmiril-möminin (əleyhis-salam)” kitabında yazır: “Əli evindən çıxaraq məscidə getdi. Namazın təkbirətul-ehramını dedi, “Ənbiya” surəsindən on bir ayə qiraət etdi. Bu zaman İbni Mülcəm o həzrətin başının ortasına bir zərbə endirdi.”[7]
Həmçinin yazır: “İbni Mülcəm Əli (əleyhis-salam)-ı namaz üstündə zərbətlədi, sonra imam dala çəkildi və Cödəni qabağa göndərdi. O (Cödə) camaata pişnamazlıq etdi.”[8]
5. Amma Əli (əleyhis-salam)-ın yaralandıqdan sonra ibadət mehrabında şəhadətə çatmasını aşkar deyən bir rəvayət tapmadıq. Rəvayətlərdə deyilən “İbni Mülcəm o Həzrət üçün pusqu qurdu”, “ona hücum etdi” kimi təbirlərin o həzrətin mehrabda şəhid olmasına dəlalət edən rəvayətlərlə heç bir ziddiyyəti yoxdur.
6. Aydındır ki, o üç bədbəxt və daşürəkli insan öz məkrli planlarını icra etmək üçün tədbir tökmüşdülər. Onlar namaz halını bu planların həyata keçirilməsi üçün ən münasib vaxt hesab edirdilər. Əli (əleyhis-salam)-ın namazı qılandan sonra heç bir mühafizəçisi və himayəçisi olmadığını və o həzrətə sui-qəsd edilməsinin asan olduğunu qəbul etsək də, lakin Müaviyə və Əmr ibni As barəsində vəziyyət belə deyildi; yəni onlara sui-qəsd namazdan qeyri vaxtlarda da asan deyildi. Çünki Müaviyə qorxaqlıqda məşhur idi və həddindən artıq ehtiyat edirdi. Hətta məşhur rəvayətdə deyilir ki, imperatorlar və padşahlar kimi öz mühafizəçiləri ilə birlikdə hərəkət edirdi. Deməli, onun namazdan qeyri hallarda qətlə yetirilməsi asan ola bilməzdi.
Həmçinin Əmr ibni As da öz canını qorumaq üçün çox ciddi-cəhdlə çalışırdı. Hətta Siffeyn müharibəsində öz canını xilas etmək üçün övərtini də açmışdı! Deməli, ona da namazdan başqa hallarda sui-qəsd edilməsi çox çətin idi. Bu xüsusiyyətlər göstərir ki, xəvaric öz proqramlarını yalnız namaz halında icra edə bilərdilər və bundan başqa çarələri yox idi.
7. İmam Əli (əleyhis-salam)-ın şücaəti və rəşadəti dillər əzbəri idi və bu şücaət İbni Mülcəmə məxfi deyildi. Buna əsasən, şəkk yoxdur ki, İbni Mülcəm Əli (əleyhis-salam)-ı yalnız namaz halında, Allahla raz-niyaz və minacat halında zərbətləyə bilərdi və öz proqramlarını həyata keçirmək üçün bundan başqa çarəsi də yox idi.
8. İmam Əli (əleyhis-salam) çox təcrübələrdən çıxmışdı, uzaqgörənlikdə və ehtiyatda məşhur idi. O, hərəkət edən zaman özünün hər bir tərəfinə tam diqqət yetirirdi və heç bir şey ondan gizli qalmırdı... “Məğazi” kitabında bu barədə deyilir: Haris ibni Amir ibni Nofəlin qızı Hind (Ühüd müharibəsində) özünün Vəhşi adlı quluna (bəziləri demişlər ki, Cübeyr ibni Mütimin quluna) dedi: “Mənim atam Bədrdə qətlə yetirilibdir. Əgər bu üç nəfərdən birini (Məhəmməd, Həmzə ibni Əbdül-Müttəlib, Əl ibni Əbi Talib) qətlə yetirə bilsən, azad olunacaqsan...” Vəhşi ona dedi: “Sən bilirsən ki, Peyğəmbəri qətlə yetirmək mənim üçün mümkün deyildir. Həmzənin barəsinə isə, Allaha and olsun ki, əgər o yuxuda da olsa, qorxudan ona yaxınlaşa və onu oyada bilmərəm! Lakin Əlinin barəsində müvəffəqiyyət qazanacağıma ümidvaram.” O deyir: “Camaat arasında Əlini axtardığım vaxt məni gördü, başa düşdüm ki, o çox təcrübələrdən çıxmış, uzaqgörən bir adamdır və bütün ətrafını nəzarət altında saxlayır. Öz-özümə dedim ki, bu mən axtardığım şəxs deyildir.”[9]
Bunlara diqqət yetirməklə aydın olur ki, Əli (əleyhis-salam)-ın zərbətlənməsi yalnız mehrabda, namaz halında olarkən baş verə bilərdi.
Amma imam Həsənlə Hüseynin bu hadisənin şahidi olmasına gəldikdə isə:
Əvvəla: Məddahlar tərəfindən onların həmin hadisənin şahidi olması ilə əlaqədar dediyi sözə heç bir dəlil yoxdur ki, onlarla münaqişə yaratmaq elmi bir məsələ olsun. Onlardan çoxu rəvayət edirlər ki, Əli (əleyhis-salam)-a zərbə dəyən zaman Həsənlə Hüseyn məsciddə idilər və onun yaralı bədənini götürüb evə gətirdilər, Ümmü Külsüm atasını o vəziyyətdə görəndə ah-nalə edib ağlamağa başladı.
İkincisi: Şeyx Tusi (rəhmətullahi əleyh) belə rəvayət edir: “İbni Mülcəm Əli (əleyhis-salam)-a zərbə vurmaq istəyən zaman başqa bir şəxs də onunla əlbir idi, amma onun zərbəsi divara dəydi. Lakin İbni Mülcəmin zərbəsi o həzrətin başına endirildi. Bu zaman Həzrət səcdədə idi, qılınc da o həzrətin başına dəydi (əvvəllər də müharibələrdə həmin yerdən yaralanmışdı). Bu zaman Həsənlə Hüseyn gəlib İbni Mülcəmi tutdular və zindana saldılar.”[10]
Üçüncüsü: Əli (əleyhis-salam)-ın şəhadət zamanı İmam Həsənlə Hüseynin hər ikisi evlənmişdilər və müstəqil evdə yaşayırdılar. Buna əsasən, “Əli (əleyhis-salam)-ı Həsənin evinə gətirdilər, yoxsa Hüseynin?” deyə verilən sual mənasızdır. Aydındır ki, o ikisindən birinin evinə aparılması fərzi də səhih deyildir. Çünki onların evinə aparılmış olsaydı, aşkar şəkildə deyilməli idi. Bu kimi hallarda insanı öz evinə aparırlar, əhl-əyalı, dost-tanışları orada bir yerə cəm olurlar. Başqa rəvayət də bu ehtimalı dəstəkləyir. Orada deyilir ki, o həzrətin şiələri və onu sevənlər imam Əli (əleyhis-salam)-ın evinin dövrəyə almışdılar.
Amma “bu hadisə baş verəndən sonra imam Həsənlə Hüseyn hamıdan tez evə getmişdilər ki, gözlənilməz bu müsibətə hazırlıq üçün mənzil əhlinə xəbər versinlər və İmamın evə aparılması Hücr ibni Ədi kimi böyük şəxsiyyətlərə həvalə edilmişdi” deməyiniz mümkündür.
Bu dəlillərin məcmusundan belə nəticə alınır ki, imam Əli (əleyhis-salam) zərbətlənən zaman Həsənlə Hüseyn məsciddə olmuşlar.
Amma atalarının zərbətləndiyi vaxt İmam Həsənlə Hüseynin məsciddə olmamasını göstərən rəvayətlərin səhih olduğunu fərz etdikdə belə demək olar: Onların məsciddə olmamalarının səbəbi bu idi ki, Əli (əleyhis-salam) hələ sübh çağı vacib namaza başlamamışdı və müstəhəb namaz qılırdı. Onun övladlarının məqsədi də vacib sübh namazında iştirak etmək olmuşdur, lakin həmin müstəhəb namazda İbni Mülcəm o həzrətə zərbə vurdu.
[1] “Ənsabul-əşraf”, 2-ci cild, səh. 490
[2] Yenə orada, səh. 491
[3] Şeyx Tusi, “Əmali”, 3-cü hissə, hədis 18
[4] “Kənzul-ummal”, 15-ci cild, səh. 170, hədis 497
[5] İbn Əsakir, “Tarixi Dəməşq”, Əli (əleyhis-salam)-ın tərcümeyi-halı, hədis 1397
[6] Əhməd ibni Hənbəl, “Fəzail” kitabı, Əli (əleyhis-salam)-ın fəzilətləri, hədis 63
[7] “Ənsabul-əşraf”ın haşiyəsi, 2-ci cild, səh. 492
[8] Yenə orada, səh. 492
[9] Vaqidi, Məhəmməd ibn Ömər, “Məğazi” kitabı, Marsidin Cunsin təhqiqi, 1-ci cild, səh. 285, Beyrut, “Ə’ləmi” müəssisəsi, 3-cü çap, 1409-cu hicri qəməri ili
[10] Şeyx Tusi (rəhmətullahi əleyh), “Əmali”, səh. 365