Please Wait
7063
Nəfsin işlərindən biri olan xəyal (müsəvvirə) qüvvəsi insan nəfsinin batini mərtəbələrindən və idrak qüvvələrindəndir. Bu qüvvənin işi hiss olunan şeylərin cüzi (konkret) şəkil və surətini idrak edib saxlamaqdır və təxəyyül qüvvəsi adlandırılır.
İnsanın nəfsi (ruh bədənə daxil olduqdan sonra nəfs adlanır) aləmin mələkut (batini) həqiqətlərini təsvirə çəkmək üçün xəyal qüvvəsini əql qüvvəsinin əlində bir güzgü kimi qərar verə bilər. Amma bu işin düzgün yolu xəyal qüvvəsinin paklanmasıdır. Xəyal qüvvəsi azad şəkildə istədiyi pak surəti düzəldə bildiyi kimi, üsyançı və inadkar olaraq Şeytanın qəlbə daxil olması üçün bir kanala da çevrilə, zamanın keçməsi ilə qəlbi öz ixtiyarına keçirib qaranlıqlaşdıra və bununla da özünün inadkar xislətləri ilə faydalı qüvvələrini puça çıxara bilər.
Buna görə də xəyal qüvvəsinin quruculuq qüdrəti və bacarığının paklanmağa və cilovlanmağa ehtiyacı vardır. Ondan münasib şəkildə istifadə etmək üçün müəyyən işləri görmək tövsiyə olunur, o cümlədən: uzun-uzadı arzulardan çəkinmək, ibadət əməllərini düzgün şəkildə yerinə yetirmək və qəlbi Allahın zikrinə doğru istiqamətləndirmək.
Xəyal (müsəvvirə)[1] qüvvəsi insan nəfsinin idraklarından, batini mərtəbələrindən və onun işlərindən biridir.[2] İşi hiss olunan şeylərin cüzi (konkret) şəkil və surətinin idrakından və hifz olunmasından[3] ibarət olan bu qüvvəyə təxəyyül qüvvəsi deyilir.[4] Bu, xaricdəki şeyin maddi və ya zehni misalının surətidir.[5] Xaricdəki maddi şey (və onun zehindəki surəti qaib olandan) sonra xəyal qüvvəsi onu insan nəfsi üçün yenidən təməssül edir (surət şəklinə salır).[6]
Başqa sözlə, xəyal qüvvəsi beşlik təşkil edən zahiri hiss orqanlarının dərk etdiyi şeylərin surətini qoruyub saxlayır və bu əşyaların surəti üçün bir növ anbar hesab olunur.[7] Həqiqətdə insan nəfsi xəyal qüvvəsinin vasitəsi ilə təbiətdəki varlıqların şəkilini çəkir, nəfs onu istədiyi zaman onu hazır edir.
İnsan nəfsinin zahiri və batini qüvvələri arasında xəyal qüvvəsi hər şeydən daha çox azad və ixtiyarlıdır. Bu qüvvə görmə və eşitmə kimi zahiri qüvvələrin əksinə olaraq hiss olunan maddi işlərlə hüdudlanmır. Xəyal qüvvəsi cisim aləminin hiss olunan şeylərə qəbul etdirdiyi sərhədləri və hədd-hüdudları pozmağa və cismani aləmdən kənardakı aləmlərə pərvaz etməyə qadirdir. İnsan nəfsi onu əqlin ixtiyarında olan bir güzgü kimi qərar verə bilir ki, aləmin mələkuti – batini həqiqətlərini təsvirə çəksin. Amma bu əməlin düzgün yolu xəyal qüvvəsinin paklanmasıdır.
Xəyal qüvvəsi tam azad şəkildə pak surətlər xəlq edə bildiyi kimi, həm də üsyançı və inadkar bir qüvvə kimi Şeytanın qəlbə nüfuz etməsinin yolu ola, zamanın keçməsi ilə qəlbi öz ixtiyarına keçirərək onu tamamilə qaralda, özünün inadkar qüdrəti ilə qurucu qüvvələrini puça çıxara bilər. Buna görə də Qurani-kərim buyurur: “Ey imam gətirənlər! Şeytan addımlarına tabe olmayın! Hər kəs Şeytana tabe olsa (şeytan onu azdırar, çünki) o, çirkin və pis işlərə fərman verir.”[8]
Buna görə də xəyal qüvvəsinin qurucu qüvvəsi və bacarığı paklanmalı və cilovlanmalıdır. Çünki cilovunu qırmış xəyallardan və təxəyyüllərdən xilas olmayınca ilahi maarif qəlbdə yerləşməz.
Xəyal qüvvəsindən münasib şəkildə istifadə etmək, onun şeytani və kor-koranə təxəyyüllərindən xilas olmaq üçün bir neçə məsələ tövsiyə edilir:
1. Faydalı kitabları (xüsusilə ilahi övliyaların və peyğəmbərlərin həyat tarixini, mənəvi kitabları) mütaliə etmək;
2. Qəlbi Allaha və Onun zikrinə doğru yönəltmək, insanın Rəbbul-ərbab, hər bir şeyin Xaliqi və Müdəbbirinin qarşısında dayanmasını xatırlatmaq. Bu məsələ ardıcıl və davamlı məşqlərlə hasil olur.
3. Uzun-uzadı, əlçatmaz arzulardan uzaqlaşmaq.[9]
4. Namaz kimi ibadətləri yerin yetirmək, daim Allahı yad və zikr etmək, Allah ilə aşiqcəsinə əlaqə yaradıb minacat etmək... Çünki ibadət zahiri və batini qüvvələri ilahi-insani nəfsə tabe etdirir ki, insan xəyal qüvvəsinin vasitəsi ilə düzgün və pak surətlərə tərəf irəliləsin.[10]
Əlaqədar görünüşlər:
“Pis və qarışıq fikirlərin dəf olunması”, sual 5338 (sayt: 5893)
“Şəhvətli fikir və xəyalları özündən uzaqlaşdırmaq”, sual 6819 (sayt: 6906)
[1] Hüseyni Ərdəkani, Əhməd ibni Məhəmməd, “Miratul-əkvan” (Molla Sədra Şirazinin “Şərhi hidayə” kitabının təhriri), müqəddimə, təshih və əlavələr: Nurani, Əbdullah, səh. 459, “Mirasi məktub” nəşriyyatı, Tehran, 1-ci çap, 1375-ci şəmsi il; Həsənzadə Amuli, Həsən, “Nususul-hikəm bər fususul-hikəm”, səh. 273, “Rəca” nəşriyyatı, Tehran, 2-ci çap, 1375-ci şəmsi il
[2] Ğəffari, Seyid Məhəmməd Xalid, “Şeyx İşraqın əsərlərinin terminləri”, səh. 290-291, “Mədəni-maarif iftixarlar və əsərlər” əncüməni, Tehran, 1-ci çap, 1380-ci şəmsi il, “Miratul-əkvan” (Molla Sədra Şirazinin “Şərhi hidayə” kitabının təhriri), səh. 456; Əbdür-Rəzzaq Kaşani, Kəmaləddin, “Məcmueyi rəsail və müsənnəfati Kaşani”, müqəddimə, təshih və təliq: Hadizadə, Məcid, səh. 295, “Mirasi məktub”, Tehran, 2-ci çap, 1380-ci şəmsi il; Həsənzadə Amuli, Həsən, “İttihadi aqil be mə’qul”, səh. 427, “Hikmət”, nəşriyyatı, Tehran, 2-ci çap, 1366-cı şəmsi il.
[3] Tusi, Xacə Nəsrəddin, “Ağaz və əncam”, müqəddimə, şərh və təliqə: Ayətullah Həsənzadə Amuli, səh. 57, İslami mədəni maarif nazirliyinin nəşriyyatı, Tehran, 4-cü çap, 1374-cü şəmsi il
[4] Həsənzadə Amuli, Həsən, “Nəfs mərifət dərsləri”, səh. 197, “Əlif lam mim” nəşriyyatı, Qum, 3-cü çap, 1385-ci şəmsi il
[5] Səliba, Cəmil, “Əl-möcəmül-fəlsəfi”, 1-ci cild, səh. 546, “Beynəlxalq kitab şirkəti”, Beyrut, 1414-cü qəməri il
[6] “Miratul-əkvan” (Molla Sədra Şirazinin “Şərhi hidayə” kitabının təhriri), səh. 459
[7] “Miratul-əkvan” (Molla Sədra Şirazinin “Şərhi hidayə” kitabının təhriri), səh. 459-462; “Məcmueyi rəsail və müsənnəfati Kaşani”, səh. 295; “Əl-möcəmül-fəlsəfi”, 1-ci cild, səh. 546
[8] “Nur” surəsi, ayə: 21
[9] Həsənzadə Amuli, Həsən, “Risaleyi nur dər zikro zakiro məzkur”, səh. 153, “Təşəyyö”, nəşriyyatı, Qum, 6-cı çap, 1371-ci şəmsi il.
[10] Yenə orada, səh. 152