Please Wait
10799
Fəzilətinə dair məsumlardan (əleyhimus-salam) çoxlu rəvayət nəql olunan aylardan biri də rəcəb ayıdır. Bu ayın əməlləri: oruc tutmaq, istiğfar (günahlardan tövbə) etmək, zikr demək, qüsl etmək, namaz qılmaq, ümrə əməllərini əncam vermək, imamları, xüsusilə iman Hüseyn və imam Riza (əleyhiməs-salam)-ı ziyarət etmək.
Rəcəb ayı haram (hörmətli, toxunulmaz) aylardan biridir və onun fəziləti barəsində çoxlu rəvayət nəql olunmuşdur. Rəvayətlərdə bu ay üçün bəyan olunan əməllər iki qisimdir: Bəzi əməllər bu ayın bütün günlərinə aiddir, o cümlədən: oruc tutmaq, bəzi zikrlər və dualar kimi; bəzi əməllər isə bu ayın məxsus günlərinə aiddir, məsələn bu ayın gecələri üçün qeyd olunan əməllər, dualar və namazlar kimi. Habelə, beyz günləri (hər qəməri ayın 13, 14 və 15-ci günləri) yerinə yetirilən əməllərə tövsiyə olunmuşdur.
a) Rəcəb ayının müştərək əməlləri
Oruc
1. İmam Sadiq (əleyhis-salam) buyurur: “Həzrət Nuh (əleyhis-salam) rəcəb ayının birində gəmiyə mindi və səhabələrinə göstəriş verdi ki, həmin gün oruc tutsunlar.” Sonra buyurdu: “Hər kəs bu gündə oruc tutsa, cəhənnəm odu bir illik (məsafə qədər) ondan uzaq olar. Hər kəs bu ayın yeddi gününü oruc tutsa, cəhənnəmin yeddi qapısı onun üzünə bağlanar. Hər kəs səkkiz gün oruc tutsa, behiştin səkkiz qapısı onun üzünə açılar. Hər kəs bu yada 15 gün oruc tutsa, Allah onun hacətlərini yerinə yetirər. Hər kəs bundan artıq oruc tutsa, Allah ona çoxlu inayət edər (rəhmət nəzəri salar).”[1]
2. İmam Kazim (əleyhis-salam) buyurur: “Rəcəb behiştdə bir çayın adıdır. O, süddən ağ, baldan şirindir. Hər kəs rəcəb ayının bir gününü oruc tutsa, Allah ona həmin çayın suyundan içirdər.”[2]
3. Həzrət yenə buyurur: “Rəcəb ayı böyük (əzəmətli) bir aydır. Onda mükafatlar və həsənələr (savablar) bir neçə qat artırılır, insanın günahları bağışlanır. Hər kəs rəcəb ayının bir gününü oruc tutsa, cəhənnəm odu yüz illik məsafə qədər ondan uzaqlaşar. Hər kəs bu ayda üç gün oruc tutsa, behişt ona vacib olar.”[3]
Rəcəb ayının fəziləti barəsində nəql olunan rəvayətlər çoxdur, biz qeyd olunanlarla kifayətlənirik.
Bu ayın məxsus zikrləri
1. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) buyurur: “Hər kəs rəcəb ayında yüz dəfə أَسْتَغْفِرُ اللَّهَ الَّذِي لَا إِلَهَ إِلَّا هُوَ وَحْدَهُ لَا شَرِيكَ لَهُ وَ أَتُوبُ إِلَيْهِ “əstəğfirullahəl-ləzi la ilahə illa huvə vəhdəhu la şərikə ləh və ətubu iləyh” deyib ondan sonra infaq (ehsan) etsə, Allah onun işini (ömrünü) rəhmət və bağışlamaqla sona çatdırar. Qiyamət günü Allahın hüzuruna gələndə Allah ona buyurar: “Mənim səltənətimə iqrar etdin, hər nə hacətin varsa, istə icabət (qəbul) edim. Çünki Məndən başqa heç kəs sənin istəklərini yerinə yetirə bilməz.”[4]
2. Həzrət başqa bir rəvayətdə buyurur: “Hər kəs bu ayda min dəfə “la ilahə illəllah” desə, Allah onun əməl dəftərində yüz min həsənə yazar.”[5]
Bu ayın zikrləri də çoxdur ki, bu barədə yazılan kitablara müraciət edə bilərsiniz.
b) Bu ayın məxsus əməlləri
Bu ayın məxsus əməlləri onun hər gecəsində qılınmalı olan namazlardır və onun qılınma qaydası rəvayətlərdə gəlmişdir.[6]
O məxsus əməllər: Birinci gecədə, on beşinci gecədə və ayın axır gecəsində qüsl etmək,[7] rəcəb ayının birinci cümə axşamının (leylətur-rəğaib),[8] on üçüncü, on dördüncü və on beşinci gecələrinin (beyz gecələrinin) namazını qılmaq,[9] ümrə əməlini yerinə yetirmək,[10] imam Hüseyn[11] və imam Riza (əleyhiməs-salam)-ı ziyarət etmək.[12]
[1] Səduq, Məhəmməd ibni Əli, “Səvabul-ə’mal”, səh. 53, “Şərif Rəzi” nəşriyyatı, Qum, 1364-cü şəmsi il
[2] Yenə orada
[3] Yenə orada
[4] Hürr Amili, “Vəsailuş-şiə”, 10-cu cild, səh. 484, hədis 13907, “Alul-beyt (əleyhis-salam)” müəssisəsi, Qum, 1409-cu qəməri il
[5] Yenə orada, hədis 13908
[6] “Vəsailuş-şiə”, 8-ci cild, səh. 91, bab 5
[7] Yenə orada, 3-cü cild, səh. 334, bab 22
[8] Yenə orada, 8-ci cild, səh. 98, bab 6
[9] Yenə orada, 8-ci cild, səh. 24, bab 3
[10] Yenə orada, 14-cü cild, səh. 300, bab 3
[11] Yenə orada, 14-cü cild, səh. 465, bab 50
[12] Yen orada, 14-cü cild, səh. 565, bab 87