Please Wait
12478
Şiənin inancına əsasən, Faruq və Siddiq ləqəbləri Peyğəmbər (səlləllahu əleyhi və alih) tərəfindən Əli (əleyhimus-salam)-a verilmiş ləqəblərdir. “Faruq” kəlməsi haqq ilə batilin arasında fərq qoyan “fərq” kökündən, “Siddiq” isə həddindən artıq düz danışan mənasına olan “sidq” kökündən alınmış sifətin mübaliğə formasıdır. Əlbəttə, bəzi sünnü mənbələrində Peyğəmbərə istinadən deyilən rəvayətlərə əsasən, guya o həzrət bu ləqəbləri Ömərə və Əbu Bəkrə vermişdir ki, imamiyyə şiələrinin əqidəsinə əsasən bu hədislər saxtadır və əsla qəbul oluna bilməz.
Suala cavab verməzdən əvvəl xatırlatmaq zəruridir ki:
Əli (əleyhis-salam)-ın fəzilətləri barəsində Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-dən nəql olunan rəvayətlər olduqca çoxdur və sünnü alimi İbni Əbil-Hədid Mötəzilinin dediyinə əsasən: “Bu məsələ səbəbi ilə düşmənlər Əli (əleyhimus-salam)-ın fəzilət nurunu söndürmək istədilər, amma Allah bu işi (düşmənlərin inkarçılığını) onun fəzilətlərinin yerin şərqinə-qərbinə yayılmasına bir vasitə qərar verdi.”[1]
Müxaliflər həzrət Əli (əleyhimus-salam)-ın fəzilətlərinin yayılmasının qarşısını ala bilmədikləri üçün başqa bir çarə fikirləşdilər; saxta hədislər düzəltməklə qərara aldılar ki, ümumxalq kütlələrinin zehnini bu işdən başqa yerə yönəltsinlər. Bu məkrli işin iki ümdə və əsas nəticəsi ola bilərdi: Birincisi, Əli (əleyhis-salam)-ın barəsində Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən nəql olunan fəzilət və məqamların çox da mühüm olmayan, əhəmiyyətsiz, adi bir şey kimi qələmə verilməsi, habelə “bu fəzilətlər başqalarının da barəsində deyilmişdir!” deyə iddia edilməsi və bu yolla həmin misilsiz fəzilətlərin o həzrətə məxsus olması barədə şəkk-şübhələrin təlqin olunması. İkincisi, o həzrətin müqabilində və (fəzilət baxımından) onunla eyni səviyyədə olan saxta şəxsiyyətlərin düzəldilməsi. Əhli-beyt imamlarından (əleyhimus-salam) nəql olunan çoxlu rəvayətlərdə Faruq (haqq ilə batil arasında fərq qoyan, ayran) və “Siddiq” (həddindən artıq düz danışan) ləqəbləri Əli (əleyhis-salam)-ın ləqəblərindən sayılır.
Əvvəldə bu barədə imamiyyə təriqi ilə nəql olunan rəvayətləri araşdırarıq:
a) İmamiyyə rəvayətləri
1. Əmirəl-möminin Əli (əleyhis-salam) “Səqifə” hadisəsindən sonra buyururdu: “Mən bu ümmətin Siddiqi – ən böyük düz danışanı və Faruquyam – haqq ilə batini arasında fərq qoyanam.”[2]
2. Həmçinin buyurur: “Mən Allahın bəndəsi və Onun Peyğəmbərinin qardaşıyam. Mən Siddiqi-Əkbərəm! Məndən sonra hər kəs bu məqamı özü üçün iddia etsə, yalançı və böhtan atandır. Mən heç kəsin namaz qılmadığı bir dövrdə yeddi il Peyğəmbərlə birlikdə namaz qılırdım.”[3]
Əbuzər Ğifarinin belə dediyi nəql olunur: Peyğəmbər (səlləllahu əleyhi və alih)-in Əli ibni Əbi Talib (əleyhis-salam) barəsində belə dediyini eşitdim: “Ey Əli! Sən mənə iman gətirən ilk şəxsən, qiyamət günü mənimlə görüşən ilk şəxs olacaqsan. Sən bu ümmətin Siddiqi-Əkbərisən (ən böyük düz danışanısan), sən haqq ilə batil arasında (düzgün olaraq) fərq qoyub onları biri-birindən ayıran Faruqsan, sən iman əhlinin rəhbərisən...”[4]
b) Əhli-sünnət yolu ilə nəql olunan rəvayətlər
Əhli-sünnət alimlərindən olan Əqili Əli (əleyhis-salam)-ın belə buyurduğu nəql edir: “Mən Allahın bəndəsi və Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in qardaşıyam. Mən Siddiqi-Əkbərəm (ən böyük doğru danışan). Məndən sonra hər kəs bu məqamı özü üçün iddia edərsə, yalançı və böhtançıdır!”[5]
Əlbəttə, əhli-sünnətdən bəziləri Peyğəmbərə istinad etməklə bu ləqəbləri Ömərə və Əbu Bəkrə aid etmişlər ki, imamiyyələrin əqidəsinə əsasən, bu hədislər tam mənada saxtadır və heç vaxt qəbul oluna bilməz.
Mərhum Əllamə Əmini özünün dəyərli “Əl-Qədir” kitabında yazır: Ömərin oğlu Əbdüllahın adından deyilən saxta hədislərdən biri də Zəhəbinin və Süyutinin “Tarixi xüləfa” kitabında qeyd etdikləri bu hədisdir: Ömərin oğlu deyirdi: “Əbu Bəkri haqq olaraq “Siddiq” adlandırmışsınız. Öməri doğrudan da “Faruq” adlandırmışsınız; o, polad bir oxa bənzəyir!”
Əllamə Əmini (rəhmətullahi əleyh) bu rəvayəti nəql və onun saxta olduğunu isbat etdikdən sonra Ömərin oğlundan digər saxta rəvayətləri də nəql və sonra da tənqid edir.[6]
Sünnülərin İbni Abbasın adından nəql etdikləri başqa hədisdə deyilir: “Behiştdə elə bir ağac yoxdur ki, onun yarpaqlarının üzərində “Allahdan başqa heç bir məbud yoxdur, Məhəmməd Onun Rəsuludur, Əbu Bəkr Siddiq, Ömər Faruq və Osman Zun-nurdir (iki nur sahibi)” yazılmış olmasın.”
Əllamə Əmini (rəhmətullahi əleyh) buyurur: “Bu hədis Əli ibni Cəmil Ruqqinin quraşdırdığı saxta hədislərdən biridir və sünnü kitablarında onun kəzzab (həddindən artıq yalançı) olması müxtəlif yollarla sübuta yetmişdir.”[7]
[1] İbni Əbil-Hədid, Əbdül-Həmid, “Nəhcul-bəlağə”nin şərhi, 4-cü cild, səh. 111, Ayətullah Mərəşinin kitabxanası, Qum, 1404-cü qəməri il
[2] Təbərsi, Əhməd ibni Əli, “Əl-ehticac”, səh. 74, “Mürtəza” nəşriyyatı, Məşhəd, 1403-cü qəməri il
[3] Şeyx Səduq, “Əl-xisal”, 2-ci cild, səh. 402, “Camieyi müdərrisin” nəşriyyatı, Qum, 1403-cü qəməri il
[4] Şeyx Tusi, “Əmali”, səh. 148, “Darus-siqafə” nəşriyyatı, Qum, 1414-cü il
[5] Əqili, “Əz-zuəafaul-kəbir”, 5-ci cild, səh. 428
[6] Əmini, Əbdül-Hüseyn, “Əl-Qədir fil-Kitabi vəs-Sünnəti vəl-ədəb”, 10-cu cild, səh. 54-dən sonra
[7] Yenə orada, 5-ci cild, səh. 476-478