Please Wait
7711
Şəhidi Əvvəl (birinci şəhid) adı ilə tanınan Məhəmməd ibni Məkki Amili Cəzini (rəhmətullahi əleyh) 734-cü hicri qəməri ilində Livanın Cəbəl-Amil məntəqəsində yerləşən Cəzin adlı yerdə dünyaya gəlmişdir. Atası dövrünün alimlərindən biri idi. Şəhidi Əvvəl dərslərindən bir hissəsini öz vətənində öyrənmiş və əlavə elm öyrənmək üçün sair islam məntəqələrinə hicrət etmişdir. Ömrünün axırlarında bir il ciddi nəzarət altında olmuş, sonra 786-cı hicri qəməri ilinin cumadəl-ula ayının 9-da tutularaq şəhid edilmişdir. Onun ustadları, şagirdləri və əsərləri ilə əlaqədar məlumat əldə etmək üçün ətraflı cavaba müraciət edə bilərsiniz.
Şəhidi Əvvəl (birinci şəhid) adı ilə məşhur olan Əbu Əbdillah Şəmsəddin Məhəmməd ibni Məkki Amili Cəzini[1] 734-cü ildə Livanın Cəbəl-Amil məntəqəsində yerləşən Cəzin adlı yerdə elm və təqva ailəsində dünyaya gəlmişdir. Atası zəmanəsinin böyük alimlərindən biri idi.
Şəhidi Əvvəl hövzə dərslərinin bir hissəsini öz vətənində öyrənmiş və əlavə elm kəsb etmək üçün müxtəlif islam məntəqələrinə, o cümlədən Hillə, Bağdad, Dəməşq, Məkkə, Mədinə, Beytul-Müqəddəs, Əl-Xəlil, Misir və sair yerlərə hicrət etmiş, böyük alimlər ilə görüşüb söhbət aparmışdır. Əlbəttə, o zaman Hillə şəhəri islam elmlərini öyrənmək üçün xüsusi məqama malik olduğundan, orada daha artıq qalmışdır.
Şəhidi Əvvəlin xüsusiyyətlərindən bəziləri: güclü nəzər diqqətə malik olması, fiqhin bütün təfərrüatına və onun mənbələrinə (Kitab və sünnətə) dəqiq şəkildə agahlığı, sair məzhəblərin fiqhinə kamil əhatəli olmaq və s.
Ömrünün axırında bir il müddətində nəzarət altında olmuş, sonra 786-cı ilin cumadəl-ula ayının doqquzunda şəhid edilmişdir.[2]
Dəməşqin hakiminin Misir padşahlarından birinə verdiyi göstərişə əsasən onun mübarək cəsədini dar ağacından endirib sonra yandırmışlar.
Ustadları
Şəhidi Əvvəl böyük və görkəmli alimlərdən elm öyrənmişdir. Onun elmi və mənəvi şəxsiyyətinin formalaşmasında mühüm rol ifa edən alimlərdən bəziləri: Fəxrul-Mühəqqiqin, Seyid Əmiduddin Əbdül-Müttəlib ibni Ə’rəc Hüseyni, İbni Məiyyə Dibaci Hilli kimi tanınan Seyid Tacuddin Məhəmməd ibni Qasim, Məhəmməd ibni Məhəmməd Qutbuddin Razı Buveyhi, Əli ibni Əhməd Tərrad Mətarabadi, İbni Məzidi kimi məşhur olan Əli ibni Cəmaləddin Əhməd Hilli, Seyid Əhməd ibni Əbi İbrahim Məhəmməd ibni Zöhrə Hələbi Hüseyni, Seyid Məhəmməd ibni Əhməd ibni Əbi Məali Musəvi və s.
Şəhidi Əvvəl Məkkə, Mədinə, Bağdad, Dəməşq, Beytul-müqəddəs və sair kimi yerlərdə həm də sünnü alimlərindən olan 40 nəfərin elmindən bəhrələnmişdir. Onların bəzilər: İbrahim ibni Cəmaət, Qazil-quzat Əbdül-Əziz ibni Cəmaət, Əbdüs-Səməd ibni Xəlil Bağdadi və s.
Şagirdləri
Şiənin böyük alimlərindən bir çoxu bu məşhur fəqihin elmindən bəhrələnmişlər ki, bəzilərinin adını qeyd edirik: Miqdad ibni Əbdullah Seyvəri, Məhəmməd ibni Əbdül-Əli ibni Nəcdə Kərki, Əli ibni Həsən ibni Məhəmməd Xazin Hairi, Sitti məşayıx adı ilə məşhur olan Ümmül-Həsən Fatimə binti Şəhid və s.
Əsərləri
Şəhid əvvəlin kitablarından: “Əl-ərbəin”,[3] “Təfsirul-baqiyatis-salihat”, “Əl-lüm’ətüd-Dəməşqiyyə”, “Ər-risalətul-əlfiyyə fis-səlat”, “Ər-risalətun-nəfliyyə fis-səlat”,[4] “Əd-durusuş-şər’iyyə fi fiqhil-imamiyyə” və s.[5]
[1] Əmin, Seyid Möhsin, “Ə’yanuş-şiə”, 1-ci cild, səh. 177, “Darut-təarif lil-mətbuat”, 1406-cı qəməri il
[2] Yenə orada
[3] Əmin, Seyid Həsən, “Müstədrəkatu ə’yaniş-şiə”, 1-ci cild, səh. 91, “Darut-təarif lil-mətbuat”, 1408-ci qəməri il
[4] “Ə’yanuş-şiə”, 1-ci cild, səh. 122, Şəhidi Əvvəl vacib namazlar barədə min hökmü “Əlfiyyə” kitabında, müstəhəb namazlar barədə min hökmü isə “Nəfliyyə” kitabında bir yerə toplamışdır.
[5] Yenə orada, 10-cu cild, səh. 62