Please Wait
12310
Lüğət alimləri və Quran müfəssirlərinin əksəriyyəti məsxərə və istehzanın eyni məna daşıdığını demişlər. Məsxərə və istehza etməyin mənası odur ki, bir şəxsi təhqir etsinlər, onun məqam və şənini alçalsınlar, yaxud dini və insani təlimlərdən, prinsiplərdən və əsaslardan hər hansı birini dəyərsiz qələmə versinlər və ona rişxənd etsinlər. Buna əsasən, məsxərə etməyin mənası başqalarını ələ salmaq və rişxənd etməkdir. Məsxərə və istehza etmək ayrı-ayrı insanlara, yaxud hər hansı bir dəstəyə aid ola bilər, eləcə də dini və əxlaqi dəyərlərə, milli adət-ənənələrə, mədəniyyətlərə də yönələ bilər.
Əgər karikatura da istehza və məsxərə hədəfi ilə çəkilərsə, yəni müəyyən şəxslərin eyibləri göstərmək, müəyyən tayfa və ya qəbiləni təhqir etmək və s. məqsədi ilə olarsa, özünə məsxərə ünvanı alacaqdır və təbiidir ki, əql və şəriət nəzərindən bu iş caiz (rəva) deyildir. Amma əgər ümumxalq təfəkkürünə xidmət istiqamətində olarsa, belə ki, ictimai zəiflikləri aşkar etmək, cəmiyyətin və insanların problemlərini bəyan etmək məqsədi daşıyarsa, aydındır ki, ona məsxərə ünvanı aid edilməz, əksinə bu, incəsənət əhli tərəfindən ictimai-siyasi və iqtisadi çətinliklərin, ayrı-seçkiliklərin, ədalətsizliklərin, bərabərsizliklərin və s. kimi problemlərin əlaqədar məsul və vəzifəli adamlara xatırlatmaqdan ibarət olan bir vəzifədən ibarətdir.
Bu məqalədə dini təlimlər əsasında əvvəlcə düzgün olmayan əxlaq üslublarından biri sayılan məsxərə və istehzanın səbəblərini, amillərini və onun nəticələrini qısa şəkildə araşdırır, sonra mövzunun davamında karikaturanın da məsxrənin nümunəsi sayıldığını, yoxsa bu mövzudan istisna olunduğunu bəyan edəcəyik. Bu məqsədlə əvvəlcə məsxərə və istehzanın mənasını bəyan edirik.
Birinci hissə
a) Məsxərə və istehza məfhumlarının bəyanı
Əksər lüğət alimləri və Quran müfəssirləri istehza kəlməsinin məsxərə ilə eyni mənada olduğunu demişlər. Bu kəlmələrin mənası odur ki, bir şəxsi təhqir etsinlər, onun məqamını, şəxsiyyətini, şənini aşağı gətirsinlər.[1] Habelə dini təlimlərin, insani prinsip və əsasların dəyərsiz qələmə verilməsi, onlara rişxənd edilməsi kimi məqsəd də daşıya bilər.
Kökü “yəsxər”dən ibarət olan “suxriyyə” (məsxərə sözü də bu kökdən alınıb) kəlməsi istehza mənasınadır. İstehza da o şeydir (və ya işdir) ki, insan onu deməklə və ya əncam verməklə başqa bir şəxsi təhqir edir, xar hesab edir; yaxud belə bir şeyi dili ilə deyir və ya bu məqsədlə işarə edir, yaxud da başqalarının əməllərini yamsılayır, tamaşaçılar və eşidənlər təbii olaraq o sözdən, işarədən və ya yamsılamadan gülürlər.[2]
Bu iki məna Qurandan da əldə edilə bilər. Aşağıdakı ayələrə diqqət yetirin:
يا أَيهَا الّذينَ آمَنُوا لا يسْخَرْ قَوْمٌ مِنْ قَوْمٍ عَسي أَنْ يکُونُوا خَيرًا مِنْهُمْ وَ لا نِساءٌ مِنْ نِساءٍ عَسي أَنْ يکُنّ خَيرًا مِنْهُنّ وَ لا تَلْمِزُوا أَنْفُسَکُمْ وَ لا تَنابَزُوا بِاْلأَلْقابِ...
“Ey iman gətirənlər! Sizdən (kişilərdən) bir qrupu başqa qrupunu məxsərə etməsin; ola bilsin ki, məsxərə olunanlar onların özündən daha yaxşıdır. Habelə, qadınlardan bir qrupu başqasını məsxərə etməsin, ola bilsin ki, məsxərə olunanlar onlardan yaxşı ola bilər. Bir-birinizin eybinizi axtarmayın, bir-birinizə çirkin ləqəblər qoymayın...”[3]
İkinci ayə:
قُلْ أَ بِاللّهِ وَ آياتِهِ وَ رَسُولِهِ کُنْتُمْ تَسْتَهْزِؤُنَ
“De: Allahı, Onun ayələrini və peyğəmbərlərini məsxərə (istehza) edirsinizmi?!”[4]
Məsxərənin növləri
Sair başqa şeylər kimi, məsxərənin də müxtəlif növləri vardır. Bu əməl bəzən bir şəxs barəsində satirik və yumor cümlələri şəkilində yazılmaqla, bəzən bir kəsə çirkin və yaramaz ləqəblərin aid edilməsi ilə, yaxud məqalə ilə; bəzən də karikatura çəkməklə, bəzi vaxtlar isə müxtəlif xalqların və millətlərin danışıqlarını, ləhcələrini başqalarına göstərmək üçün və yamsılamaqla baş verir. Bu işlər adətən, yazılı informasiya vasitələrindən, o cümlədən qəzet, jurnal, habelə radio-televiziya vasitəsilə başqalarına nəql olunur.
Qeyd olunduğu kimi, istehza və məsxərə bəzi hallarda dillə, bəzi hallarda isə əməllə baş verir. O cümlədən işarə etmək, kinayəli şəkildə və tərizlə demək (adını demədən hamının başa düşəcəyi və tanıyacağı şəkildə demək), danışıq və rəftarı yamsılamaq. Belə ki, tamaşaçılar və ya eşidənlər təbii olaraq o sözdən, işarədən və ya yamsılamadan gülmüş olsunlar. Əlbəttə, Quran ifadələrində məsxərə mövzusu ilə əlaqəli olan digər kəlmələr də işlənmişdir. O cümlədən “hüməzə”, “lüməzə”, “tənabüz”. Burada onların hamısını araşdırmağa ehtiyac macal yoxdur və Quran təfsirlərinə müraciət etmək olar.[5]
Məsxərənin məqsəd və kökləri
Quran nəzərindən sair yaramaz rəftarlar kimi məsxərə və istehzanın da müxtəlif kökləri, amilləri vardır. Burada onların bəzilərinə işarə edirik:
1. Özünü hamıdan yüksəkdə görmək – xudbinlik
Özünü başqalarından və ya mənsub olduğu tayfanın başqa tayfa, millət və xalqdan üstün olmasını hesab etmək ayrı-ayrı insanların, qövmlərin, millətlərin və xalqların istehza olunmasının köklərindən biridir. Digər xalqların mədəniyyət, irq və sair kimi işlərinə yönəlmiş olan satiralar bu qəbildəndir. Quranda buyurulur: “Sizin kişilərinizdən bir qrupu başqa qrupu istehza etməsin; ola bilsin ki, istehza olunanlar onların özlərindən daha yaxşıdırlar.”[6]
“Bəlkə onlar daha yaxşı olarlar” cümləsindən məlum olur ki, istehza və məsxərənin mənşəyi insanın özünü hamıdan üstün bilməsindən, təkəbbür və qürrələnmə hissindən ibarətdir.[7]
2. Dünya malına düşkünlük və dünyanı əsas mehvər və hədəf qərar vermək
Dini mətnlərdə kafirlərin dünyaya məftun və bağlı olması möminləri məsxərə etmələrinin əsas amillərindən biri kimi təqdim olunur: “Dünya həyatı kafirlər üçün zinətləndirildi, buna görə də (bəzən yoxsul olan) imanlı şəxsləri məsxərə edirlər, halbuki qiyamətdə təqva sahibləri ən yüksək məqamdadırlar (çünki orada həqiqi dəyərlər aşkar olaraq, əyani şəkildə büruz edəcəkdir). Allah hər kəs istəsə, hesabsız-kitabsız ruzi verər.”[8]
Camaatın çoxu istehza və məsxərənin dünya və axirətdə törədəcəyi acınacaqlı təsirləri və onun hökmünü bilmədiklərinə görə, sadəcə başlarını qatmaq üçün bu işləri görürlər. Halbuki rəvayətlərdə məsələnin hökmü barədə cəhalət və bilməməzlik məzəmmət olunmuş, onun ağır aqibəti barəsində dəfələrlə xəbərdarlıq edilmişdir. İmam Əli (əleyhis-salam) bu barədə buyurulur:
أَسْوَأُ السُّقْمِ اَلْجَهْلُ
“Ən pis xəstəlik – cəhalət və nadanlıqdır.”[9]
4. Günaha qurşanmaq
İstehzanın köklərindən biri də insanın günaha çulğalanması, aludə işlərə qurşanmasıdır. Günah insanın qəlbini qaraldır, onun mənəvi dəyərlərdən qaçmasına səbəb olur. Buna görə də ilahi ayələrlə qarşılaşan zaman onları istehza edir və məsxərəyə qoyurlar. Qurani-kərim bu kimi insanlar barəsində buyurur: “Yaranmaz (günah) işlərə ən pis şəkildə qurşanan şəxslərin axır-aqibəti bu oldu ki, Allahın ayələrini təkzib və məsxərə etdilər.”[10]
İstehza və məsxərənin çirkin təsirləri
İstehza və məsxərənin, habelə ayrı-ayrı insanlara yaramaz sözlər deməyin, eyiblərini axtarmağın, camaatın sirrini faş etməyin çirkinliyi, qəbahəti və haramlığı danılmaz bir məsələdir, istər kütləvi informasiya vasitələri ilə olsun, istərsə də camaat arasında və digər ictimai əlaqələrdə. Onun informasiya vasitələrində yayılmasının qəbahət və haramlığı daha artıqdır. Çünki onun törətdiyi ağır nəticələr daha çoxdur. Burada nümunə olaraq bu iki yaramaz xislətin mədəni, dini, siyasi və ictimai təsirlərini qeyd edirik:
1. Şəxslərin abır-heysiyyətinin təhlükəyə düşməsi
Hazırkı dövrdə qarşılaşdığımız problemlərdən biri də sms-lərin və blutusların vasitəsi ilə qeyri-əxlaqi məsələlərin, cəmiyyət üzvlərin müxtəlif təbəqələrinin məsxərə və həcv olunması ilə əlaqədar xoşagəlməz mətləblərin yayılmasıdır. Halbuki dini təlimlərdə mömin insanın hörməti Allahın evinin hörmətindən belə yüksəkdir. İmam Sadiq (əleyhis-salam) buyurur:
الْمُؤْمِنُ أَعْظَمُ حُرْمَةً مِنَ الْكَعْبَةِ
“Möminin ehtiram və şəxsiyyəti Kəbənin hörmətindən də yüksəkdir.”[11]
2. Allahı yaddan çıxartmaq
Məsxərə və istehzanın, habelə bu yaramaz işlərə məşğul olmağın acınacaqlı və pis nəticələrindən biri də insanların din qeyrətinin zəifləməsi, etiqad əsaslarının süstləşməsidir ki, bu da Allahdan qafil olmağa səbəb olur:
فَاتّخَذْتُمُوهُمْ سِخْرِيًّا حَتَّي أَنْسَوْکُمْ ذِکْرِي وَ کُنْتُمْ مِنْهُمْ تَضْحَکُونَ
“Amma siz onları məsxərə etdiniz, bu rəftar da sizi Məni yad etməkdən qafil etdi; və siz onlara gülürdünüz!”[12]
Ayənin mənası budur ki, baş qatmaq üçün möminləri məsxərə etmək, insanların etiqad, inanc, rəftar və əməllərinə rişxənd etmək nəticəsində insan Allahın zikrindən qafil olur və Onu yaddan çıxarır. Allahı unutmağın və Ondan qafil olmağın nəticəsi də ilahi əzablara düçar olmaqdan ibarətdir.
İkinci hissə – karikatura
Hazırkı dünyada karikaturadan bir incəsənət əsəri kimi (siyasi satirik yazılar və sair ilə birlikdə) ictimai, siyasi, iqtisadi və s. məsələləri inikas etdirmək məqsədi ilə istifadə olunur. Hal-hazırda karikatura çəkənlər öz incəsənət əsərləri ilə bir çox ictimai problemləri və çatışmazlıqları karikatura şəkilində əks etdirirlər. Onlar da sair insanlar və qruplar kimi bu yolla öz dini və ictimai iltizamlarına, mədəni-maarif vəzifələrinə əməl edirlər.
Nümunə üçün, əgər karikatura çəkən şəxs Quranın təşbehlərindən birini karikatura qalibində rəsmə çəkərsə, misal üçün “yetimlərin mal-dövlətini zülmlə mənimsəyənlər (həqiqətdə) od yeyirlər”[13] ayəsini od yemək məqamında olan bir şəxs kimi çəksələr, daha gözəldir. Yaxud “vay olsun o kəslərə ki, çoxlu mal-dövlət cəm edir və (qanuni, yoxsa haram olduğunun fərqinə varmadan) onları saymaqla məşğuldurlar.” Bu da mal-dövlət yığıb onu Allah yolunda infaq etməyənlərlə Allah tərəfindən verilən bir xəbərdarlıq və qorxutmadır. Görəsən, bu kimi karikaturalar məsxərə hesab edilə bilərmi? Qəti şəkildə belə deyildir. Əksinə, bu zaman şəxs öz dini və mədəni-maarif vəzifəsinə əməl etmiş olur.
Hər bir halda bu iş (karikatura çəkmək) ayrı-ayrı şəxslərin eyiblərini göstərmək, onların şəxsiyyətlərini sındırmaq istiqamətində və şəriətə, əxlaqa və ağla zidd olan məqsədlərlə olarsa,[14] yaxud mədəni-maarif və s. cəhətdən təxribatçılıq olarsa, özünə məsxərə ünvanı alır və təbiidir ki, bu iş caiz deyildir. Amma əgər ümumxalq təfəkkürünə xidmət edərsə, ictimai zəifliklərin, çatışmazlıqların əks etdirilməsi, əhalinin və cəmiyyətin problemlərini bəyan etmək üçün olarsa, aydındır ki, ona məsxərə ünvanı aid edilməz; əksinə bu, incəsənət əhli tərəfindən ictimai-siyasi problemlərin – istər iqtisadi çətinlikləri, istərsə də ayrı-seçkilikləri, ədalətsizlikləri, bərabərsizlikləri və s. əlaqədar məsullara xatırlatmaqdan ibarət olan bir vəzifədən ibarətdir.
[1] Fehri, Seyid Əbül-Həsən, “Fərhəngi mühit”, “təməsxür” maddəsi; Müstəfəvi, Həsən, “Qurani-kərim kəlmələrində tədqiqat”, 11-ci cild, səh. 256; Qurəşi, Əli Əkbər, “Qamusu Quran”, 7-ci cild, səh. 154, “Darul-kutubil-islamiyyə”, Tehran, 1371-ci şəmsi il
[2] Təbatəbai, Seyid Məhəmməd Hüseyn, “Əl-mizan fi təfsiril-Quran”, 18-ci cild, səh. 321, “İslami nəşriyyat”ın dəftərxanası, Qum, 1417-ci il
[3] “Hücürat” surəsi, ayə: 11
[4] “Tövbə” surəsi, ayə: 65
[5] Nümunə üçün bax: "Təfsiri nümunə", Məkarim Şirazi, 27-ci cild, səh. 309, “Darul-kutubil-islamiyyə”, Tehran, 1372; “Qamusul-Quran”, 7-ci cild, səh. 164
[6] “Hücrat” surəsi, ayə: 10
[7] “Təfsiri nümunə", 22-ci cild, səh. 179
[8] “Bəqərə” surəsi, ayə: 212
[9] Təmimi Amədi, Əbdül-Vahid, “Ğurərul-hikəm”, səh. 73, “İslami təbliğat”ın dəftərxanası, Qum, 1366-cı şəmsi il
[10] “Rum” surəsi, ayə: 10
[11] Məclisi, Məhəmməd Baqir, "Biharul-ənvar", 64-cü cild, səh. 71, “Vəfa” müəssisəsi, Beyrut, 1409-cu qəməri il
[12] “Möminun” surəsi, ayə: 110
[13] “Nisa” surəsi, ayə: 10
[14] Əgər “yaxşı işlərə əmr etmək” və “pis işlərdən çəkindirmək” məqsədi ilə olarsa onda məsxərə ünvanı aid edilməz.