Please Wait
12915
Hər bir yaxşı əməl iki yöndən təşkil olunmuşdur: birincisi, felin (əməlin) əslinin gözəl olması, ikincisi isə failin (iş görənin) gözəl olması (yəni düzgün və səhih şəkildə əncam verməsi). Allah dərgahında o əməl qəbul olunur ki, həm düzgün və bəyənilən bir iş olsun, həm də ilahi məqsədlə və niyyətlə, Allahın razılığını qazanmaq üçün baş yerinə yetirilmiş olsun. İslam rəvayətlərində felin (əməlin) niyyətinə daha çox təkid olunmuş və o “bir növ əməlin ruhu və məğzi” kimi qeyd edilmişdir. Çox hallarda mömin bir insan müəyyən bir əməli niyyət edir, amma onu yerinə yetirə bilmir. Məsum imamlardan (əleyhimus-salam) nəql olunan rəvayətlərə uyğun olaraq əgər onu yerinə yetirmək əzmində sadiq niyyətli və qətiyyətli olsa, Allah-taala o əməlin savabını həmin şəxsə verir. “Əhd” duası barəsində də, əgər insan onu xalis niyyətlə oxumağı qərara alıbsa, bu halda onu qurtarmazdan qabaq ölsə, Allah-taala o duanın savablarını həmin şəxsə verəcəkdir. Bu kimi müstəhəb duaların daha çox oxunması əcr və savabın artmasına səbəb olur.
Müqəddəs İslam şəriətində hər bir əməl və işin iki yönü vardır ki, o əməlin qəbul olunması həmin yönlərə riayət edilməsinə bağlıdır: Əvvəla, gərək əməlin özü düzgün və bəyənilən olsun. Misal üçün, başqalarına ehsan etmək, dua etmək və sair. İkincisi, gərək bu bəyənilən və sağlam əməl düzgün niyyət və məqsədlə yerinə yetirilsin. Misal üçün, əgər insan müəyyən bir duanı oxuyursa, yalnız Allahın razılığını qazanmaq üçün oxusun; əgər bir kəsə kömək edirsə, yalnız Allahın fərmanını icra etmək və razılığını qazanmaq məqsədi ilə görsün, nəinki başqalarının tərifinə qapılmaqla bu işi görsün. Birincisinə “felin hüsnü”, ikincisinə isə “failin hüsnü” və bəzən “niyyətin hüsnü” də deyilir. Ümumiyyətlə, İslamda niyyət və əməllərin qəbul olunmasında onun roluna dair çoxlu təkid edilmişdir. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: “Əməllər niyyətə bağlıdır.”[1]
Məsum imamlardan (əleyhimus-salam) da bu barədə çoxlu rəvayət nəql olunmuşdur və onlarda niyyətin əməlin əslində olan rolu bəyan edilir. İmam Sadiq (əleyhis-salam) Peyğəmbər (səlləllahu əleyhi və alih)-in belə buyurduğunu nəql edir: “Möminin niyyəti onun əməlindən daha yaxşıdır.”[2] Mərhum Əllamə Məclisi bu rəvayətin izahında imam Baqir (əleyhis-salam)-dan başqa bir rəvayət nəql edərək yazır: “Səbəbi budur ki, mömin çoxlu xeyir işləri görməyi qərara alır, amma onların hamısını yerinə yetirməyə müvəffəq olmur.”[3]
Yəni yaxşı və xeyir əməllər əncam verməklə əlaqədar möminin niyyətinin hüdudları əməlin hüdudlarından genişdir. Çox hallarda müəyyən bir xeyir işi görmək istəyir, yaxud misal, üçün “Əhd” duasını qırx gün müddətində oxumağı nəzərdə tutur,[4] yaxud fəqirlərə müəyyən miqdarda mal hədiyyə etmək istəyir, halbuki öz ölümünün vaxtından xəbərdar deyildir və hal-hazırda da infaq etmək üçün pulu yoxdur. Amma əgər öz niyyətində sadiq olsa, Allah-taala həmin əcr və savabı əməl etmədiyi halda ona verəcəkdir. Çünki Allah-taala genişlik bağışlayan və kərimdir.
İmam Sadiq (əleyhis-salam) buyurur: “Fəqir bəndə deyir ki, Pərvərdigara, mənə mal-dövlət əta et ki, fəqirlərə ehsan və infaq edim. Allah-taala onun niyyətinin sadiq olduğunu bilir və buyurur ki, “düz deyir” və həmin əcr və savabı ona verir. Çünki Allah-taala genişlik bağışlayan və kərimdir.”[5]
Qəti olaraq deyə bilərik ki, əgər insan belə duaları əncam vermək məqsədində olsa, hətta heç bir şey əncam vermədən, yaxud onun bir qismini əncam verdikdən sonra ölsə, yaxud müəyyən bir işi (nəzərdə tutub) həqiqətdə əncam verə bilməsə, Allah həmin əməlin əcr və savabını ona verir. Şübhəsiz, bu kimi duaların çox oxunması gözəl və bəyəniləndir, insanın daha artıq savab qazanmasına səbəb olur. Baxmayaraq ki, bu kimi işlərin göstəriş verildiyi şəkildə yerinə yetirilməsi daha münasib və yaxşıdır.
Oxunması çox tövsiyə olunan dolğun mənalı dualardan biri də imam Zaman (əleyhis-salam)-la əhd-peymandan ibarət olan “Əhd” duasıdır. İmam Sadiq (əleyhis-salam)-dan nəql olunmuşdur ki, hər kəs ardıcıl olaraq 40 gün sübh çağı bu duanı oxusa, imam Zaman (əleyhis-salam)-ın köməkçilərindən olar. Əgər zühurdan qabaq ölsə, Allah-taala (zühur zamanı) onu qəbirdən dirildəcək ki, o həzrətin hüzurunda olsun. Bu dua da həmin qaydadan müstəsna deyildir və yuxarıdakı hədislərə uyğun olaraq 40 gün müddətində onu oxumağı qəsd etmiş olsa, lakin müəyyən səbəblərə görə oxumağa və ya 40 günə çatdırmağa müvəffəq olmasa, Allah-taala həmin duanın əcr və savabını ona verəcəkdir.