Please Wait
8321
Başqa göy cisimlərində və ya kəhkəşanlarda canlı və yaxud ağıllı varlıqların olub-olmaması bəşəriyyəti maraqlandıran suallardan biridir, lakin indiyə qədər onlara lazımi cavab tapmamışlar. Quranın bəzi ayələrində asimanda canlı varlıqların olmasına işarə edilir. O cümlədən:
1. “Min dabbətin” – canlı varlıqlar təbiri:
“Asimanları, yeri və bunların arasında olan yerlərdə canlı varlıqları yayması Allahın qüdrət nişanələrindəndir. O, hər vaxt istəsə onları bir yerə toplamağa qadirdir.”[1]
2. “Asimanda və yerdə olanlar” təbiri:
“Asimanda və yerdə olan hər bir şey Ondan tələb edir (istəyir). Hər zaman Onun Özünə məxsus bir işi vardır.”[2]
“Asimanda və yerdə olan canlılar və mələklər Allah üçün səcdə edir və təkəbbür etmirlər.”[3]
“Yeddi qat asimanda, yerdə və onlarda olan hər bir şey Allaha təsbih deyirlər.”[4]
3. “Məşriqlər və məğriblər” təbiri:
“Məğriblərin və məşriqlərin Pərvərdigarına and olsun ki, Biz qadirik.”[5]
4. “Aləmdəkiləri” təbiri:[6]
“Həmd (tərif) yalnız aləmdəkiləri tərbiyə edən Allaha məxsusdur.”[7]
Yuxarıda qeyd edilən ayələrdən yalnız birinci ayə[8] və “aləmin” kəlməsinin işləndiyi sair ayələr ehtimal üzrə digər planetlərdə və göy cisimlərində canlı varlıqların olmasına dəlalət edir.[9]
Mərhum Əllamə Təbatəbai birinci ayənin təfsirində yazır: “Ayənin zahiri mənası budur ki, yer üzündə olduğu kimi, asimanlarda da canlı varlıqlar (“dəvabb”) vardır.”[10]
“Təfsiri-nümunə”nin müəllifi yazır: “Bu ayə sair səma cisimlərində də canlı varlıqlar olduğuna dəlalət edir. Amma indiyə qədər alimlər bu barədə qəti mühakimə yürütməmiş və ümumi şəkildə “bunlarda canlı varlıqlar vardır” demişlər. Lakin Quran “asimanın üfüqlərində də çoxlu canlı varlıqlar vardır” deyə bu həqiqəti aşkar şəkildə bəyan edir”[11]
Həzrət Əli (əleyhis-salam)-dan nəql olunan bir hədisdə deyilir: “Asimandakı bu ulduzlar yer üzündə olan şəhərlərdən olan bir şəhərlərdir. Hər bir şəhər başqa şəhərlə (hər bir ulduz başqa ulduzla) nurdan olan bir sütunla əlaqəlidir.”[12]
Bu ayənin digər səma cisimlərində canlı varlıqların olmasına dəlaləti bir neçə məsələ ilə şərtlənir:
1. Qurani-məciddə “səma” və “səmavat” (səmalar) kəlməsi bir neçə mənaya gəlmişdir: yuxarı istiqamət, səma cisimləri, yerin atmosferi və sair...[13]
Bu ayənin digər kürələrdə və göy cisimlərdə canlı varlıqların olmasına dəlaləti o vaxt səhihdir ki, ondakı “səmavat” kəlməsini “asimani cisimlər” mənasına götürək. Halbuki yuxarıdakı ayədə “səmavat” kəlməsi “yer kürəsinin atmosfer təbəqələri”nə işarə ola bilər. Habelə “dabbə” kəlməsindən məqsəd həm yer üzündə olan mikroskopik canlılar (viruslar və s.), həm də böyük canlılar (quşlar kimi) ola bilər ki, onlar yer kürəsinin ətrafındakı atmosfer təbəqəsində yayılmışlar.
2. Göy cisimlərində canlı varlıqların olması elmi cəhətdən sübuta yetmədiyindən və güclü bir ehtimal sürətində irəli çəkildiyindən digər səma cisimlərində canlı varlıqların olmasını qəti olaraq Qurana aid etmək olmaz.
Deməli, bu ayələr ehtimali təfsir əsasında olmaqla bir növ gələcək elmi sirləri bəyan edir ki, hal-hazırda alimlərin elmi tədqiqatları ilə sübuta yetməmişdir.
[1] “Şura” surəsi, ayə: 29
[2] “Ər-Rəhman” surəsi, ayə: 29
[3] “Nəhl” surəsi, ayə: 49
[4] “İsra” surəsi, ayə: 44
[5] “Məaric” surəsi, ayə: 40, “Saffat” surəsi, ayə: 5; “Əraf” surəsi, ayə: 137
[6] Bu kəlmə Quranda 61 dəfə təkrar olunmuşdur.
[7] “Fatihə” surəsi, ayə: 2
[8] “Şura” surəsi, ayə: 29
[9] Əlavə məlumat üçün bax: Rzai, İsfahani, “Quranın elmi möcüzələri barəsində tədqiqat”, 1-ci cild, səh. 195-206
[10] Bax: “Əl-mizan” 18-ci cild, səh. 58
[11] "Təfsiri-nümunə", 20-ci cild, səh. 436-439
[12] “Səfinətul-bihar” 2-ci cild, səh 574, “nəcm” maddəsi, Əli ibni İbrahimin təfsirindən nəqlən.
[13] Bax: "Təfsiri-nümunə", 1-ci cild, səh. 165-166.