Please Wait
6581
Keçmişdə İslam alimləri müxtəlif məsələləri zaman və məkanın ehtiyaclarına uyğun olaraq irəli çəkirdilər və onların dövründə islamın sistematik bir nizam və quruluş ünvanı ilə irəli çəkilməsinə ehtiyac duyulmurdu. Amma hal-hazırda bu bəhslər irəli çəkilir. Ustad Mütəhhəri (r), Şəhid Sədr (r) və s. böyük alimlər bu mühüm məsələni irəli çəkmişlər.
Bizim inancımıza görə ustad Hadəvi Tehraninin “Yeni təfəkkür” nəzəriyyəsi ən yaxşı və kamil nəzəriyyədir ki, Quranın müxtəlif yönlərinə, hədislərə və islamın qədim mirasına dərindən diqqət yetirməklə dinin bütün yönlərində hərtərəfli və yetərli tərifini təqdim etmişdir.
Bildiyimiz kimi, İslam xatəm dinidir, onun hökmləri, qanunları və göstərişləri əbədidir, əvvəldə olduğu kimi həmişəlik və sabit olmalıdır. Digər tərəfdən də, zaman öz-özündə dəyişilir və hər gün yeni-yeni vəziyyətlər, əvvəlki şəraitlərlə tamamilə fərqli olan şəraitlər qarşıya çıxır. Onda necə mümkün ola bilər ki, öz zatında sabit və dəyişilməyən bir şey zatən dəyişkən bir şeylə uyğun gəlmiş olsun?! Demək lazımdır ki, bu məsələnin bütün yönlərini elmi şəkildə araşdıran hərtərəfli nəzəriyyə “İslamda yeni təfəkkür nəzəriyyəsi”dir.
Bu nəzəriyyədə deyilir ki, zaman və məkan barəsində dəqiq məlumatlar əldə etməklə və dində təqdim olunan hədəf və əsaslara uyğun olaraq cəmiyyətin və dünyanın bütün sahələrindəki ehtiyaclarına uyğun olaraq tətbiqi tərif vermək, yəni dinin bütün dünya sahələrinə şamil olmasını nəticə almaq, eləcə də fəlsəfəyə, məktəbə və İslam quruluşuna nail olmaq olar. Əlbəttə, kəlam cəhətindən fəlsəfəni əldə etmək, İslami quruluşa və məktəbə nail olmaq fiqhi metodlarla və təhlili üslublarla (bizim fəqihlərimiz bunu bəyan etməyi öhdəsinə almışlar) gündəlik tələbatlara cavab vermək məqamına gələ bilər. Elmlər onların irəli çəkilməsində faydalıdır və yəqin şəkildə onun inkişafı daha dəqiq və yaxşı planlarla təsirli olar. Bu məsələ təkcə fəqihlərin öhdəsinə deyil, fəqihlərlə bəşər elmləri alimlərinin arasında müştərək olan bir məsələdir
Bəlkə də bu məsələnin qoyuluşu belədir: İslam sonuncu dindir, onun hökmləri və göstərişləri əbədidir və gərək ilk əvvəldə olduğu kimi həmişə qalsın. Başqa sözlə desək, din dəyişməz bir məsələdir, lakin zaman öz-özünə dəyişilir və aradan gedir, zamanın təbiəti dəyişikliyi tələb edir. Zamanın dəyişməsi hər gün əvvəlki şəraitlərlə tamamilə fərqli olan yeni-yeni şəraitlər xəlq edir. Buna əsasən, necə mümkündür ki, öz zatında dəyişməz və sabit olan bir şey zatında dəyişən və səyyal olan bir şeylə uyğunluq təşkil etsin?! Bu məsələnin həll edilməsi üçün çoxlu cavablar vermişlər. Bizim nəzərimizə görə ustad Hadəvi Tehraninin “İslamda modern təfəkkür nəzəriyyəsi” ən yaxşı və əhatəli nəzəriyyə ola bilər. Bu kitabda məsələnin bütün yönləri elmi şəkildə araşdırılmışdır. Modern təfəkkürün inancı budur ki, dinin bizim üçün tərif etdiyi hədəflər və əsaslara uyğun olaraq, eləcə də zaman və məkan barədə dəqiq məlumat əldə etməklə cəmiyyətin və dünyanın bütün sahələrdəki ehtiyaclarına uyğun olaraq bütün sahələrdəki çıxış yolunu təqdim etmək olar. Bu nəzəriyyəyə əsasən, cəmiyyətin müxtəlif yönlərindəki və hövzələrindəki islam təlimlərinin hamısı bir-biri ilə tamamilə həmahəng olan vahid bir sistemdən ibarətdir.
Buna əsasən biz islami dünyagörüş əsasında, eləcə də dinin cəmiyyətin hər bölməsində nəzərdə tutduğu hədəflərə uyğun olaraq dindən daha münasib və elmi çıxış yolları təqdim edə bilərik.[1]
Misal üçün, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in 5-ci hicrin ilində Mədinədə tətbiq etdiyi iqtisadiyyat bizim 1420-ci hicri-qəməri ilində İranda icra etdiyimiz iqtisadiyyatla (əlbəttə, əgər düzgün kəşf etsək və kəşf və istinbatda xətaya yol verməsək) gərək fəlsəfə, məktəb və sistemdə bir olsunlar. Amma əyani olaraq xarici aləmdə bir-biri ilə fərqli ola bilərlər. Çünki o zamanın şəraiti bizim zamanın şəraiti ilə fərqlidir.
Hal-hazırda müxtəlif məsələlərin hökmündə baş verən bir çox xətalar bu məfhumların arasında fərq qoymamaqdan irəli gəlir. Misal üçün, bir zamanlar məhkəmə prosesində ədliyyəni ixtisara saldılar. Onlar güman edirdilər ki, islamın əvvəllərində mövcud olmayan ədliyyənin ixtisara salınması ilə məhkəmə islami olur. Amma görəsən, ədliyyə həqiqi mənada islamın məhkəmə prosesinin ünsürlərinə aiddir, yoxsa bu yolda istifadə edilən ünsürlərdən biridir? Bəlkə də o dövrdə belə bir vasitənin varlığına zərurət duyulmurdu, amma hazırkı şəraitdə ona ehtiyac duyulur. Belə halların düzgün olub-olmamasını təyin etmək üçün islamın bütün yönlərdəki hədəf və sistemindən səhih nəticə almaq lazımdır. Məhz bu tədqiqat sayəsində məlum olar ki, hansı şeylər sabit olmalıdır, hansı şeylər isə zamanın tələbinə uyğun olaraq özünə müxtəlif forma ala bilər.
Sonuncu din xüsusi zaman və məkan şəraiti üçün gəlməmişdir, onun təşkiledici təbiəti sabit və dünya səviyyəli olmasını tələb edir, buna baxmayaraq xüsusi bir şəraitdə gerçəkləşib özünə forma aldığı üçün onda bəzi müvəqqəti ünsürlər yaranır. Bu heç vaxt həmin xüsusi şəraitdə və dairədə dünya səviyyəli və sabit ünsürlərin olmaması mənasına deyildir.
Başqa sözlə desək, hər bir zamanda həm dəyişkən, həm də sabit ünsürlərdən təşkil olunmuş bir məcmuə vardır. Ünsürlərin bəzisi bütün şəraitlərə uyğunlaşdıra bilir, heç bir xüsusi şərait də onlara təsir qoya bilmir. Bəziləri isə belə deyildir. Misal üçün, İslam hökmlərinin başında məsum bir şəxsin və ya (onun naib olan) fəqihin olması sabit bir prinspdir, amma məsum və ya onun tərəfindən olan fəqihin hökuməti hansı şəkildə idarə etməsinə gəldikdə isə, bu, xüsusi zaman şəraitlərinə tabedir.
Misal üçün, həzrət Əli (əleyhis-salam)-ın hökuməti dövründə qüvvələr bir-birindən ayrı deyildi; qanunvericilik, icraçılıq və məhkəmə orqanları bir-birinin içində idi. Çox hallarda bir nəfər vali olaraq bir yerə göndərilirdi, həmin şəxs orada qanunçuluğun əsasını qoyur, icra edir və məhkəmə işlərinə baxırdı, yəni bu işlərin hamısını eyni zamanda öhdəsinə alırdı. Əlbəttə, həzrətin elə qaziləri də var idi ki, yalnız qaziliklə məşğul idilər. Amma Əli (əleyhis-salam)-ın hökumətinin daxilində İranın İslam qanununun çərçivəsində nəzərdə tutulduğu kimi qüvvələr bir-birindən ayrı deyildi.
İran İslam Respublikasının Əsas Qanununda da müəyyən bölmələr sabit dini ünsürlərlə əlaqədardır və heç bir ictimai, siyasi, mədəni məsələlərlə və şəraitlərlə əlaqəsi yoxdur. Bəzi hissələr də İran İslam respublikasının xüsusi şəraitlərinə – yəni zaman və məkan şəraitinə tabedir. İşlərin başında bir fəqihin olması sabit ünsürlərdəndir, amma hazırkı şəraitdə vəliyyi-fəqih üçün nəzərdə tutulan hökumətin quruluşu isə, dəyişkən ünsürlərdəndir. Əsas Qanunda prezident camaatın birbaşa rəyi ilə seçilir, onun hökmü rəhbərin tərəfindən təsdiqlənir. Amma məhkəmə rəisi birbaşa rəhbərin tərəfindən təyin olunur. Bu iki ünsürün seçilmə üslubu sabit deyildir. Əgər bunu əksi fərz olunsaydı və qanun prezidentin seçilməsini rəhbərin xüsusi vəzifələrindən biri hesab etsəydi, məhkəmə qüvvəsinin rəisinin də seçilməsini camaata həvalə etsəydi, şəri cəhətdən heç bir fərq olmazdı. Amma məsləhətləri nəzərə aldıqda bunlar fərqlənir. Məsləhət tələb edir ki, icra hakimiyyətinin rəisi (prezident) camaat tərəfindən seçilsin, məhkəmə qüvvəsinin rəisi isə rəhbər tərəfindən. O tərəfdən, camaatın himayəsi icra mərhələsində özünə məxsus rol oynayır, onların siyasi səhnədə daha artıq hazır olmaq hissi ilə prezidentə birbaşa rəyləri müsbət və cəmiyyətin xeyrinə olan bir iş kimi cilvələnir. Bu tərəfdən isə, məhkəmə sisteminin müstəqil olması və onun rəhbər tərəfindən təyin edilməsi istiqlaliyyətin qorunmasında təsirlidir və müsbət bir iş, həm də cəmiyyətin mənafeyinədir. Məclis nümayəndələrinin (deputatların) camaat tərəfindən, Məclis rəhbərinin isə nümayəndələrin tərəfindən seçilməsi bu qəbildəndir. Bunların hamısı yaşadığımız xüsusi şərtlər səbəbi ilədir. Mümkündür ki, başqa şəraitlərdə daha artıq təsirli olan forma bizi hədəflərimizə daha tez yaxınlaşdırsın.
Bir zamanda sabit və dəyişkən ünsürlərin varlığı prinsipi bizim fiqhimizdə də “ilahi qanunlar və vilai qanunlar” ünvanı ilə bəyan olunur. “İlahi qanunlar və hökmlər” dedikdə fəqihlərin məqsədi sabit hökmlər, “vilayi qanunlar və hökmlər” dedikdə isə məqsədləri dəyişkən ünsürlər və hökmlərdir. Şəhid Mütəhhərinin (r) işarə etdiyi kimi, dində sabit və dəyişkənlik bəhsi insanşünaslığa da qayıdır. İnsanın bir sabit, bir də dəyişkən yönü vardır. Sabit hökmlər onun sabit yönünə, dəyişkən hökmlər isə onun dəyişkən yönünə aiddir. Başqa sözlə desək, İslamda modern təfəkkür nəzəriyyəsi insanşünaslığın bu prinsipinə əsasən bərqərar olunmuşdur.
Şəri qanunlar və hökmlər
“İslamda modern təfəkkür nəzəriyyəsi”ndə qərara alınan məcmuə ilə yanaşı İslamda bir sıra hökmlər və qanunlar da vardır ki, həqiqətdə həmin məfhumların əyani olaraq həyata keçməsindən ibarətdir. Başqa sözlə desək, sistem və quruluş xarici yöndə qanun əsasında reallaşıb həyata keçir. Qanun cəmiyyətdə məktəb, sistem və quruluşa eyniyyət bağışlayır, onu həyata keçirir. Cəmiyyətdə əyani olaraq həyata keçmək istəyən bir şey hökmə və qanuna çevrilir. İslam qanunları fəlsəfə, ideologiya və sistem əsasında formalaşmışdır. Məsələn, İslam dini malikiyyəti qəbul etdiyi zaman onun əsasında müəyyən qanunlar və hökmləri də qəbul edir; yaxud İslam dini varlılarla fəqirlər arasında ağlasığan fasilə olmasını istəyirsə, bunun təsirləri hökmdə zahir olur, həmin hədəfin ardınca zəkat, xüms və müxtəlif maddi vergilərin verilməsi qanun və hökm ünvanı ilə zahir olur. Yaxud İslam dini iqtisadi azadlığı qəbul edən zaman bir sıra hüquqi nəticələr də yaranır. Fiqhi kitablarda irəli çəkilən müqavilələrin hamısı hüquqda azadlıq və iradə əsasındadır. Bu müqavilələrin hamısı və onların nəticələri İslam iqtisadiyyat sistemində formalaşır.
Bu qanunların hər biri təklikdə cüzi olsalar da, əslində bir-biri ilə vəhdət təşkil edir və tam əlaqəlidir. Yəni mümkündür ilkin baxışda onların bəziləri digərinə əlaqəsiz nəzərə gəlsin. Amma bu qanunları verən şəxs onların arasındakı əlaqəyə də diqqət yetirmişdir. Əgər qanunlara və hökmlərə bu nəzərlə baxsaq, yəni onları bir-biri ilə sıx əlaqəli olan məcmuə şəklində nəzərə alsaq, onların arasında olan uyğunsuzluqları kəşf edə, nəqllərdəki mövcud səhvləri ayırd edə bilərik.
Məktəb və quruluş sabit olduğundan bu ikisindən irəli gələn qanunlar da sabitdir. Amma tətbiq vasitələri dəyişkən olduğundan, bu vasitələrdən irəli gələn hökm və qanunlar da dəyişiləcəkdir. Başqa sözlə desək, quruluşların hər biri özü ilə eyni zamanda müəyyən hökmlər və qanunları icad edir. Sistemlərin hökmləri və qanunları xüsusi bir şəraitlə əlaqəli olmadığına görə sabit və dünya səviyyəlidir, amma hökmlər və qanunlar xüsusi şəraitlə əlaqədar olduğundan dəyişkən olacaqdır.
Son məsələ
Qeyd olunduğu kimi İslam iki sabit (dünya səviyyəli) ünsürdən və zonal – dəyişkən ünsürdən təşkil olunmuşdur. Dünya səviyyəli ünsürləri əldə edərək kəlam üslubu ilə fəlsəfəyə nail olmaq, eləcə də islami quruluşu və məktəbi əldə etmək fiqhi surətdə və təhlil yönü ilə əldə olunur.[2] Belə ki, bizim fəqihlərimiz onu öhdəsinə alaraq bəyan etmişlər. Amma tətbiq və icra vasitələri gündəlik olmağı tələb edir ki, elmlər onların layihələşdirilməsində rol oynayır və şübhəsiz, onun irəliləməsi vasitələrin daha yaxşı olmasında təsirlidir. Bu məsələ də təkcə fəqihlərin öhdəsinə deyil; fəqihlərlə digər bəşər elmlərindəki alimlərin öhdəsinə olan müştərək bir vəzifədir.