Please Wait
8875
Şiə və əhli-sünnət etiqadlarda və dinin əməli proqramlarında çoxlu müştərək cəhətlərdə malikdir, bəzi cəhətlərdə isə bir-biri ilə fərqlənirlər. Şiə və əhli-sünnətin əsas fərqi Əhli-beyt (əleyhimus-salam)-ın imamət və vilayət məsələsinə etiqadla əlaqədardır. Əhli-sünnət şiə olmaq üçün gərək Peyğəmbər Əhli-beytinin imamət və vilayət məsələsinə etiqad və öz görüşlərinə yenidən nəzər salsınlar. Çünki şiələr Peyğəmbər (səlləllahu əleyhi və alih)-in vəhydən başqa bütün xüsusiyyətlərinin məsum imamda da olduğuna inanır, məsum imamın Allah tərəfindən təyin edildiyini qəbul edir və dini mərcəiyyətdə (Quran ayələrinin təfsiri, dinin qoruqçusu və bəyançısı ünvanı ilə) təkvini qüdrətə, yəni aləm varlıqlarında təsərrüf qüdrətinə malik olan bir şəxs, siyasi mərcə, ictimai məsələlərdə ən üstün rəhbər, qəzavət mənsəbinə ləyaqətli, insanlar arasında ən elmli insan hesab edir və onlara qeydsiz-şərtsiz və kamil şəkildə itaət etməyi özlərinə vacib sayırlar. Amma təəssüflər olsun ki, sair islam məzhəbləri belə etiqada malik deyildirlər; onlar Peyğəmbərin Əhli-beyti və məsum imamlara yalnız məhəbbət bəsləməklə və onların etibarlı şəxs (siqə) olmasına etiqadla kifayətlənirlər. Halbuki Əhli-beytə və məsum imama məhəbbət bəsləməkdən əlavə, onlara qeydsiz-şərtsiz itaət etməyin zərurəti əhli-sünnət yolu ilə varid olan rəvayətlərdə də qəbul olunan təlimlərdən ibarətdir. Şiələri əhli-sünnətdən ayıran ümdə səbəb, ən mühüm və əsaslı məsələ də həmin məsələdir. Şiə ilə əhli-sünnətin imamət məsələsindəki fasiləsi bu nəzərin qəbul olunmasından ibarətdir.
Şiələrin sair islam məzhəbləri ilə əsl fərqi onların Peyğəmbər Əhli-beytinin vilayət və imamətinə etiqadına qayıdır. Burada şiənin imamət məsələsi ilə əlaqədar etiqadlarından bəzilərini qeyd edirik:
1. Peyğəmbər (səlləllahu əleyhi və alih) hədislərində adları bir-bir qeyd olunan on iki imam[1] hər növ xəta, günah, unutqanlıqdan uzaq və məsumdurlar;
2. Şiələr vəhy məsələsindən başqa Peyğəmbər (səlləllahu əleyhi və alih) üçün lazım və zəruri olan bütün məqamların məsum imam üçün də olduğuna inanırlar;
3. Şiələr (dinin bəyanı, qorunması və Quranın təfsiri ilə əlaqədar) məsum imamı dini mərcə hesab edirlər;
4. Şiələr məsum imamın təkvini vilayətə, aləm varlıqlarında təsərrüf qüdrətinə malik olan bir insan hesab edirlər;
5. Şiələr məsum imamı özlərinin siyasi mərcələri, ictimai məsələlərdə ən yüksək rəhbər, qəzavət haqqına malik olan insan bilir və ona kamil və qeydsiz-şərtsiz itaət etməyi özlərinə vacib bilirlər;
6. Şiələr məsum imamı sırf elmi məsələlərdə bəşəriyyətin ən alim şəxsi bilirlər;
Amma təəssüflər olsun ki, sair islam məzhəbləri, o cümlədən maliki, yaxud hənəfi məzhəbi bu barədə belə etiqada malik deyildirlər; onlar Peyğəmbərin Əhli-beyti və məsum imamlara yalnız məhəbbət bəsləmək və onların etibarlı şəxslər olmasına etiqadla kifayətlənirlər.
7. Şiənin xüsusiyyətlərindən biri də Peyğəmbər Əhli-beytinə və xüsusilə imam Əli (əleyhis-salam)-a qeydsiz-şərtsiz tabe olmaqdan və onlara itaət etməkdən ibarətdir. Bu da islam nəzərindən çox mühüm əhəmiyyət kəsb edir. Əhli-sünnətdən də nəql olunan çoxlu rəvayətlərdə Allah-taala əməllərin qəbulunu Əli ibni Əbi Talib (əleyhiməs-salam)-ın vilayətini qəbul etməklə şərtləndirmişdir.[2]
Şiələr imaməti ilahi bir məsələ hesab edir və məsum imamları Allah tərəfindən təyin olunan insanlar bilirlər.
Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) buyurmuşdur: “Əmirəl-möminin Əli ibni Əbi Talibin üzünə baxmaq ibadətdir, onu yad etmək ibadətdir. Allah-taala bir kəsin imanını, onunla dostluq etməyincə və düşmənlərindən bezarlıq etməyincə qəbul etməz.”[3]
Həmçinin sünnü alimləri Peyğəmbər (səlləllahu əleyhi və alih)-in Əli (əleyhis-salam)-a belə buyurduğunu nəql etmişlər: “Əgər bir şəxs Nuhun ömrü qədər ömrə malik olub ibadət etsə, Ühüd dağı qədər qızıla malik olub onu Allah yolunda infaq etsə, min dəfə həccə gedəcək qədər ömrü uzun olsa və bundan sonra Məkkədə Səfa-Mərvə arasında məzlum şəkildə qətlə yetirilsə, lakin, ey Əli, sənin vilayətini qəbul etməsə, behiştin iyini iyləməz və heç vaxt behiştə daxil olmaz.”[4]
Bu rəvayətdən aydın olur ki, nəinki ibadət əməllərinin qəbul olunması, hətta imanın da qəbul olunma şərti Əhli-beytin vilayətinə malik olub onların düşmənlərindən bezarlıq etməkdir.
Amma “Əli (əleyhis-salam)-ın vilayəti” dedikdə məqsədin nə olduğuna gəldikdə isə, o həzrətin şənində nazil olan ayələrdə bu kəlmənin işlənmə hallarına diqqət yetirmək lazımdır: “Sizin rəhbəriniz yalnız Allah, Onun Peyğəmbəri və iman gətirib namaz qılan və rüku halında zəkat verənlərdir.”[5]
Şübhəsiz, bu ayədəki “vəli” kəlməsi “sevmək”, “kömək etmək” mənasına deyildir. Çünki bu mənaya olan vilayət (yəni onları sevmək və kömək etmək) yalnız namaz qılıb rüku halında zəkat verənlərə məxsus deyil, əksinə bütün müsəlmanlara aid olan ümumi bir hökmdür. Bütün müsəlmanlar bir-birini sevməli, qarşılıqlı olaraq bir-birinə kömək etməlidirlər. Nəinki rüku halında zəkat vermək istəyənlər, hətta zəkat vacib olmayan və ya ümumiyyətlə zəkat vermək üçün heç bir malı olmayanlar belə, bir-birini sevib dost tutmalı və kömək etmədilər.
Buradan aydın olur ki, yuxarıdakı ayədə “vəli” dedikdə “rəhbərlik, təsərrüf, maddi və mənəvi rəhbərlik mənasına olan vilayət” nəzərdə tutulur, xüsusilə bu vilayət Peyğəmbərin və Allahın vilayəti ilə bir cərgədə qərar tutmuş və hər üçü bir cümlədə bəyan olunmuşdur.
Əhli-sünnətin mənbələrinin çoxunda yuxarıdakı ayənin Əli (əleyhis-salam)-ın şənində nazil olmasına dair çoxlu rəvayətlər nəql olunmuşdur. O rəvayətlərin bəziləri Əli (əleyhis-salam)-ın rüku halında üzüyünü sailə verməsini deyir, bəziləri isə bu işi deməsə də, yalnız ayənin həzrət Əli (əleyhis-salam) barəsində nazil olmasını deməklə qənaətlənir.[6]
Əgər bir şəxs imamət və rəhbərlik məsələsinə şiənin nəzəri ilə yanaşarsa, imamət və rəhbərlikdə etiqadı şiənin etiqadı olarsa, onun həyatında dərin və əsaslı dəyişikliklər baş verəcək, özünün dini çətinliklərini, suallarını və məsələlərini hər kəsdən əxz etməyəcək, siyasi məsələlərdə öz ixtiyarını hər kəsə verməyəcək və həmişə məsum imama müti və tabe olacaqdır.
Bütün islam məzhəb ardıcılları Əli (əleyhis-salam)-ın özünə və övladlarına (məsum imamlara) məhəbbət bəsləsələr də, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in və Quranın nəzərində özünün dəqiq və kamil mənasında olan vilayət yalnız on iki imamçı Cəfəri (şiə) məzhəbində mövcuddur. Hər bir müsəlmanın vəzifəsi budur ki, Quran və Peyğəmbər sünnətinə ən yaxın olan məktəbi seçsin. Əgər əhli-sünnət də həmin əqidəni, yəni Quran və hədislərdə buyurulduğu kimi, məsum imamların hərtərəfli vilayət və mərcəiyyətini (istər elmi, istər siyasi, istərsə də dini və sair mərcəiyyətini) qəbul etsə, islam ümməti arasında yeganə və ən dərin ixtilaf aradan qalxar. Çünki tarixdə deyilir ki, müsəlmanlardan bəziləri qədəri, bəziləri təfvizi[7] olduqlarına görə məsum imamlardan uzaqlaşmışlar. Belə olmasaydı, müsəlmanlar arasında belə batil əqidələr rəvac tapmaz və müsəlmanlar belə əqidə azğınlığına düçar olmazdılar.
Buna əsasən, əhli-sünnət qardaşları şiələrin imamət barəsindəki nəzər və əqidələrini qəbul etsələr, onlara etiqad edib əməl etsələr, onlar da şiə olacaqlar. Onlar gərək baxıb görsünlər ki, həyatın hər bir sahəsində Əhli-beyt (əleyhimus-salam) hansı yolları və göstərişləri bəyan etmişlər. Bundan sonra şəri nəzərdən öz əməllərini hansı fiqhi əsasda qurmalı olduqlarını bilməlidirlər.
Əlavə məlumat üçün şiə kitablarına (professor Hanri Korbonun Əllamə Seyid Məhəmməd Hüseyn Təbatəbai ilə elmi müzakirələri) və 1000-i sualın cavabına müraciət edə bilərsiniz.
[1] "Biharul-ənvar", 36-cı cild, səh. 362
[2] “Mənaqib”, Xarəzmi, səh. 19 və 52
[3] “Mənaqib”. Xarəzmi, səh 19 və 212; “Kifayətut-talib”, Gənci Şafei, səh. 214
اَلنَّظَرُ اِلَی وَجْهِ اَمِیرِالْمُؤْمِنِینَ عَلِیِّ بْنِ اَبِی طاَلِبٍ عِبَادَةٌ وَ ذِکْرُهُ عِبَادَةٌ وَ لاَ یَقْبَلُ اللهُ اِیمَانَ عَبْدٍ اِلَّا بِوِلَایَتِهِ وَالْبَرَائَةِ مِنْ اَعْدَائِهِ
[4] Xətib Xarəzmi, “Məqtəlul-Hüseyn”, 1-ci cild, səh. 37
"… ثُمَّ لَمْ یُوَالِکَ یَا عَلِیُّ لَمْ یَشُمَّ رَائِحَةَ الْجَنَّةِ وَلَمْ یَدْخُلْهَا
[5] “Maidə” surəsi, ayə: 55
إِنَّما وَلِیُّکُمُ اللَّهُ وَ رَسُولُهُ وَ الَّذِینَ آمَنُوا الَّذِینَ یُقِیمُونَ الصَّلاةَ وَ یُؤْتُونَ الزَّکاةَ وَ هُمْ راکِعُونَ
[6] "Təfsiri nümunə", 4-cü cild, səh. 424-425
[7] İslamın əvvəllərində insanın əməlləri ilə əlaqədar əhli-sünnət arasında iki məşhur məzhəb vücuda gəlmişdir. Onlardan bir qrupu insanın bütün işlərinin Allahın qaçılmaz iradəsinə bağlı olduğunu deyərək insanı öz işlərində tam məcbur hesab edir, insanın ixtiyar və iradəsi üçün heç bir dəyər vermirdilər. Bir qrup da insanları öz işlərində tam azad hesab edir və onların işlərini Allahın iradəsindən və ilahi qədərin hökmündən xaric edirdilər. Lakin Quranın təlimləri ilə tamamilə uyğun olan Əhli-beyt (əleyhimus-salam)-ın təlimatlarında insan öz əməllərində nə tam məcburdur, nə də tam müstəqil; əksinə mütəal Allah insandan ixtiyar üzündən olan işləri istəmişdir. Başqa sözlə desək, mütəal Allah biri də insanın iradə və ixtiyarı olmaq şərti ilə tam səbəblər məcmusu yolu ilə insandan bir işi istəmiş və ona zərurət vermişdir ki, nəticədə fel zəruri və insan da onda ixtiyar sahibi olur. Yəni fel və əməl öz səbəbinin hissələrinə görə zəruri və onlardan biri olan insanla əlaqədar ixtiyari və mümkündür.
Təbatəbai, Məhəmməd Hüseyn (1348), “İslamda şiə”, səh. 79, “İntişar” şirkəti.
Bu mövzu ilə əlaqədar faydalı olan kitablar: a) “İnsanşünaslıq, Məhmud Rəcəbi, 5-ci və 6-cı fəsil (“İmam Xomeyni” adına elmi-tədqiqat müəssisəsi); “Amuzeşi fəlsəfə”, Misbah Yəzdi, 2-ci cild, səh. 69, “İslamı təbliğat” təşkilatı) “İlahi ədalət”, ustad Şəhid Mürtəza Mütəhhəri, “İslami” nəşriyyatı