Please Wait
12422
Quran və dini məfhumlarda ən geniş yayılan, dərin və dolğun mənalı məsələlərdən biri olan tövhidin bir çox növləri və mərtəbələri vardır. Quranın bir çox ayələrində tövhid məsələsi çox müfəssəl və dərin şəkildə irəli çəkilmişdir. Bu, Quranın əsaslı məfhumlarda və mühüm məsələlərdə tutduğu yoldan ibarətdir. Hal-hazırda bu üslub Quranın “mövzu əsasında təfsiri” ünvanı ilə tanınır.
Dini təlimlərdə hər yerdə ilahiyyatdan və Allahşünaslıqdan söhbət açılırsa, bütün sifətləri ilə birlikdə Allahın zatından, tövhidin bütün mərtəbələrindən bəhs açılır. Buna əsasən, hər yerdə ləfzi-cəlalə –“Allah” kəlməsi gəlsə, tövhidin mərtəbələrinə dəlalət edir. Bunu bəzi müfəssirlər “Bəqərə” surəsinin 136-cı ayəsinin izahında buyurmuşlar. Əlbəttə, bu mətləb ləfzi və aşkar dəlalətdən əldə edilmir. Əksinə, bu çıxarış iltizami dəlalətlə və xarici şahidlərə diqqət yetirməklə, ayə və rəvayətlərdən əldə olunan digər ləfzi dəlillərə əsasən əldə edilir.
Quranda bəzi surələr kiçik və müxtəsər olmaqla eyni zamanda dinin əsasını və tövhidin əsas mərhələlərini əhatə edir. Buna misal olaraq “Həmd” surəsini göstərmək olar.
Müsəlman ilahiyyat alimləri tövhidin mərtəbə və növlərini belə təsnif etmişlər: 1. Zatda tövhid; 2. Sifətlərdə tövhid, 3. Fellərdə tövhid. Belə ki, sonuncu qismə tövhidin digər qisimləri də daxildir. O cümlədən, xaliqiyyətdə tövhid, rübubiyyətdə tövhid, hakimiyyətdə tövhid, itaət və bəndəlikdə tövhid, şəriət qanunçuluğunda tövhid, ibadətdə tövhid və s.
Qurani-kərim məfhumlardakı məqsədini və vəzifəsini bəyan etmək üçün aşkar üslublara malikdir. O da bundan ibarətdir ki, onun ayələrindən bəzisi digərlərini təfsir edir. Belə ki, bir yerdə müəyyən bir ayə xüsusi düzüm şəkilində bəyan olunur, ondan sonra başqa yerdə başqa bir ayə gəlir və əvvəldəki ayənin məqsədini və nəzərdə tutduğu şeyləri bəyan edir.
Buna görə də alimlər və müfəssirlər tövhid barəsində tam aydın məfhum əldə etmək üçün[1] məfhumların tanınması, qisimləri və mərtəbələri ilə əlaqədar çoxlu səylər göstərmiş, bu barədə olan bütün ayələri çıxarmış və bu üslubun adını “Quranın mövzu əsasında təfsiri” qoymuşlar. Məsələn, tövhidlə əlaqədar olan ayələri təsnif edərək tənzim olunmuş bir şəklə salmış, onları araşdıraraq ondan tovhidlə əlaqədar bəhsləri tam kamil surətdə çıxarmışlar.[2]
Buna görə də deyirik: Tövhidin qisimləri və onun mərtəbələri çox olduğuna görə onun bir ayədən kamil şəkildə əldə edilməsi çox çətin işdir. Amma mümkündür ki, Allah kəlməsi – ləfzi-cəlalə gələn və imanla əlaqədar olan ayələrin özündə “Allah” kəlməsi tövhidin bütün mərtəbələrini əhatə etsin. Misal üçün, aşağıdakı ayəni qeyd etmək olar: “Deyin: Biz Allaha, bizə nazil olanlara iman gətirmişik, habelə İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladlarından olan peyğəmbərlərə nazil olanlara (iman gətirmişik). Habelə Pərvərdigarın tərəfindən Musaya, İsaya və digər peyğəmbərlərə nazil olanlara (da iman gətirmişik). Onların arasında heç bir fərq qoymuruq, Allahın fərmanları qarşısında təslimik (irqçilik, tayfa-qəbilə təəssübləri və şəxsi qərəzlər onların bəzilərini qəbul, bəzilərini isə inkar etməyə səbəb olmaz.)”[3]
Burada buyurulan “Biz Allaha... iman gətirmişik” sözündən məqsəd budur ki, vücudi zəruri (vacibul-vücud), bütün kamal sifətlərinə malik, hər növ eyib və nöqsandan pak-pakizə olan yeganə Allah ibadət və bəndəliyə layiqdir, biz də Ona iman gətirmişik. “Bizə nazil olanlar” ifadəsindəki bu cümlə kitab və sünnətdə olan hər bir şeyi əhatə edir. Çünki: “Allah sənə kitab və hikməti nazil etmişdir”, deməli, tövhidə imanda onun ehtiva etdiyi şeylərə: kitab, Peyğəmbər sünnəti, Allahın sifətləri, peyğəmbərlərin xüsusiyyətləri, axirətə iman, keçmişdə olan və gələcəkdə baş verəcək qeybi şeylərə iman, Allahın şəri hökmlərinə, cəza qanunlarına iman və s. də daxildir.
Amma ayənin “İbrahimə... və sair peyğəmbərlərə nazil olanlara” hissəsində isə Allah tərəfindən ümumi şəkildə əvvəlki peyğəmbərlərə, xüsusi şəkildə isə bu ayədə işarə edilən peyğəmbərlərə – onların ümumi risaləti, üstünlüyü və fəziləti səbəbi ilə – nazil edilən bütün asimani kitablara iman nəzərdə tutulur.
Deməli, bu ayə qısa və müxtəsər olmaqla eyni zamanda bütün tövhid növlərini əhatə edir: rübubi tövhid, üluhiyyətdəki tövhid, isim və sifətlərdəki tövhid, eləcə də bütün ilahi peyğəmbərlərə və asimani kitablara imanı bəyan edən məsələləri əhatə edir.[4]
Bu ayə o zaman qeyd olunan mətləblərə və bəhslərə dəlalət edir ki, əvvəlcə əql yolu ilə digər ayələrin içindən və hədislərdən tövhidin mərtəbələrini və mütəal Allahın sifətlərini tanımış olaq. Məhz bu agahlıqdan sonra məlum olur ki, bu sifətlərə malik olan belə bir mütləq zatın xüsusiyyətləri ləfzi-cəlalədə (Allah kəlməsində) bir yerə cəm olmuşdur. Yəni bütün zat bütün sifətlərlə birlikdə ləfzi-cəlalədə bir yerdə yığışmışdır. Əlbəttə, o cür də deyildir ki, ləfzi-cəlalə aşkar şəkildə ləfzi dəlalətlə tövhidin və Allahın sifətlərinin bütün növlərinə dəlalət etmiş olsun; əksinə bu dəlalət xarici nümunələri və şahidləri əlavə etməklə hasil olur.
Bu üslub əsasında Quranda tövhidə dəlalət edən ayələri çox görmək olar. O cümlədən aşağıdakı ayə: “O (Allah) asimani hifz olunmuş bir tavan qərar verdi.”[5] Yer kürəsinin heç bir söykənəcəyi olmadığı halda eyni zamanda zahirdə sabit olması Allahın tövhid və qüdrətinə dəlalət edən ən böyük nümunədir və Onun hər bir işə qadir olduğunu bəyan edir.[6]
Bəzi Quran ayələri tövhidin müəyyən növlərinə dəlalət edir. Misal üçün, aşağıdakı ayə: “Agah olun ki, (dünyanın) xilqəti və tədbiri Ona məxsusdur (Onun fərmanı ilədir). Bərəkətli (və) zavala uğramayandır. O Allah ki, bütün aləmlərin Pərvərdigarıdır.”[7]
Bu ayədə “ləhul-xəlq – məxluqlar və xəlq etmək yalnız Ona məxsusdur” ifadəsi xaliqiyyətdəki tövhidə dəlalət edir. “Əmr” kəlməsi isə tədbirdə və idarəçilikdə tövhidi bəyan edir ki, bu da Allahın bütün kainata hakimiyyətinin göstəricisidir.[8]
Əlbəttə, Quranın bəzi qısa və kiçik surələri tövhidin əsas mərtəbələrindən bəzilərinə dəlalət edir. Məsələn, “Həmd” surəsi kiçik surələrdən və müxtəsər olmaqla eyni zamanda digər surələrdə gəlməyən bir çox mətləblər onda qeyd olunmuşdur.
Bu surədə tövhidin üç mərtəbəsi bəyan olunmuşdur: “Rəbbul-aləmin – rübubiyyət məqamındakı tövhiddir. Üluhiyyətdə (ilah və məbud olmaqda), bəndəlikdə tövhid, eləcə də ibadətin yalnız Allaha məxsus olması “Allah” kəlməsindən və “iyyakə nə’budu və iyyakə nəstəin” cümləsindən əldə olunur.[9]
Tövhidin mərtəbələri
İlahiyyat alimləri arasında tövhidin mərtəbələri ilə əlaqədar çoxlu bəhslər vardır. Bu da məşhur üç kəlam firqəsi arasında müxtəlif çəkişmələrə və münaqişələrə səbəb olmuşdur.[10]
Burada əvvəlcə onun ünvanlarını bəyan edir, sonra məqamın tələbinə uyğun olaraq çox xülasə və yığcam şəkildə onları qeyd edirik:
Müsəlman alimləri və ilahiyyatçılar tövhidi belə təsnif etmişlər:
1. Zatda olan tövhid, 2. Sifətlərdə olan tövhid, 3. Xaliqiyyətdə olan tövhid, 4. Rübubiyyət (rəbb olmaq) məqamında tövhid, 5. Hakimiyyətdə tövhid, 6. İtaətdə tövhid 7. Şəriət və qanunçuluqda tövhid, 8. İbadətdə tövhid.
1. Zatdakı tövhid
Zatda tövhid dedikdə məqsəd budur ki, mütəal Allah yeganədir, Onun heç bir oxşarı, misli və bərabəri yoxdur. Allah-taalanın ən bariz sifətlərindən biri Onun yeganə olmasıdır. Onun üçün heç vaxt “ikinci” fərz oluna bilməz. Buna da ilahiyyatçıların (mütəkəllimlərin) terminində “zati tövhid” deyilir. Zati tövhidlə yanaşı Allah üçün heç bir oxşara, mislə və tay-bərabərə yer qalmır və bunların hamısı inkar edilir.
Bəzən də zatda tövhid dedikdə mütəal Allahın müqəddəs zatının bəsit (bölünməz) olması nəzərdə tutulur, yəni Onun zatı üçün heç bir hissə təsəvvür oluna bilməz. Bu iki növ zati tövhid arasında fərq qoymaq üçün birinci tövhidə “vahidi” təbiri, ikinci növ tövhidə isə “əhədi” təbiri gətirilir. Birinci mənaya əsasən Allah üçün ikinci bir varlığın təsəvvür olunması qeyri-mümkündür. İkinci mənaya olan tövhid isə bu mənayadır ki, Allah-taalanın zatının heç bir hissəsi yoxdur və O, bəsit varlıqdır.
Mütəal Allah “İxlas” surəsində bu iki növ tövhidə işarə etmişdir. Surənin əvvəlində “De: Allah birdir, yeganədir” deyilir. Bu, zatdakı tövhiddir və onun mənası budur ki, Allah-taalanın zatı hissələrə bölinməz, bəsitdir. Surənin axırında isə “və ləm yəkun ləhu kufuvən əhəd” – heç bir şey Onun üçün tay-bərabər deyildir.” Bu da Allah üçün ikinci bir varlığın olmasını inkar edir.
Bu iki ayə (əvvəldəki əhəd kəlməsi ilə axırdakı əhəd kəlməsi) qeyd etdiyimiz mənalara əsasən təfsir olunmuşdur ki, ayədə təkrarın qarşısı alınsın.[11]
2. Sifətlərdə tövhid
İslam alimləri bu məsələ barəsində yekdil fikirdədirlər ki, Allah-taala bütün kamal və camal sifətlərinə malikdir: elm, qüdrət, həyat və s. bunların hamısı zati sifətlərdir. Amma Allah-taalanın bu sifətlərə necə vəsf edilməsi ilə əlaqədar ixtilaf vardır. İmamiyyə alimləri inanırlar ki, Allahın sifətləri zatı ilə eyniyyət təşkil edir (birdir). Mötəzilə firqəsi inanır ki, zat sifətlərin tərəfindən naibdir, amma Allahda heç bir sifət yoxdur.[12] Əşairələr də deyirlər ki, Allahın kamal sifətləri həm cəhət, həm də nümunə baxımından Onun zatına artırılmışdır.[13]
Bu bəhs ən böyük miqyaslı və dərin bəhslərdəndir və biz burada qeyd olunan miqdarla kifayətlənirik.
3. Xaliqiyyətdə tövhid
Xəlq etmək və xaliq olmaq Allahın sifətlərindəndir. Xaliqiyyətdə tövhid – yəni Allah-taalanın yaradıcılıq və xəlq etmək sifətində heç bir şəriki yoxdur, dünyanın xaliqi Allahdan başqa heç kəs deyildir. Bu tövhid feli tövhidin mərtəbə və şaxələrindən biridir.[14]
Əqli dəlillər isbat edir ki, varlıq aləminin mütəal Allahdan başqa heç bir xaliqi yoxdur. Varlıq aləminin imkani varlıqları, onların əsər və felləri, hətta insan və onun bütün ixtiraları və kəşfləri həqiqətdə və heç bir məcazi məna olmadan Allah-taalanın məxluqudur. Varlıq aləmində olanların hamısı Onun məxluqudur: bəziləri birbaşa, bəziləri ilə vasitə ilə. Bu da əqli dəlillər vasitəsi ilə sübuta yetmişdir. Ayələrdən də aşağıdakıları qeyd edirik:
“De: Allah hər bir şeyin xaliqidir, O, yeganə və qalibdir.”[15]
“Allah hər bir şeyin xaliqidir, hər bir şeyin hafizi və nəzarət edənidir.”[16]
“Bəli, budur sizin Pərvərdigarınız! Ondan başqa heç bir məbud yoxdur, yalnız Ona pərəstiş edin!”[17]
Məsum imamlar (əleyhimus-salam) da xaliqiyyətdə tövhidə aşkar təkid etmişlər. Misal üçün, imam Əli (əleyhis-salam) buyurur: “Qarışqanın (və bu kimi varlıqların) yaradlışında heç kəs Allahın şəriki olmamış və Ona kömək etməmişdir.”[18]
“Allahın heç bir şəriki yoxdur ki, dünyanın əsrarəngiz varlıqlarının yaranışında Ona kömək etmiş olsun.”[19]
Bu barədə digər rəvayətlər də mövcuddur.
Xaliqiyyətdəki tövhid məsələsində də üçlük təşkil edən kəlam qrupları (imamiyyə, əşairə, mötəzilə) ixtilafa malikdir. Burada əşairə firqəsi imamiyyə və mötəzilədən tamamilə zidd mövqeyə malikdir.
Əşairənin xaliqiyyətdəki tövhid barəsindəki nəzəri:
Bu firqə ardıcılları deyirlər ki, xaliqiyyətdə tövhid yalnız Allaha məxsusdur. Yəni bir şeyin varlığının vücuda gəlməsində Allahdan başqa heç bir şey rol oynamır və təsir göstərmir. Allahdan başqa varlıqların nə xilqətdə bir təsir vardır, nə də onlar xaliqdir, nə müstəqil şəkildə, nə də vasitə yönlü təsirə malik deyillər. Buna əsasən əşairə firqəsi varlıqlar arasındakı səbəb-nəticə qanununu, təsir qoyma və təsirlənməni inkar edirlər. Onlar güman edirlər ki, təbii təsirlər və təzahürlər tamamilə və birbaşa Allah tərəfindən ifazə olunur, maddi varlıq təzahürləri və onların əsərləri ilə Allah arasında heç bir digər vasitə yoxdur. Əşairənin nəzərinə əsasən od ona görə yandırır ki, Allahın sünnəti bu əsasda olmuşdur ki, hərarət odun varlığı ilə icad olunsun, amma od ilə hərarətin arasında heç bir əlaqə yoxdur. Günəşlə onun şüası arasındakı rabitə də belədir. Onlar inanırlar ki, Allahın sünnəti bu əsasda qərar tutmuşdur. Günəşin və Ayın vücudunun ardınca işıqlıq və nur icad olunur, amma burda səbəb-nəticə adlı heç bir qanun və sistem hakim deyildir.[20]
Əşarənin bu nəzəriyyəsinin müqabilində imamiyyə və mötəziləçilər xaliqiyyətdə tövhidi digər şəkildə bəyan etmişlər. Onlar inanırlar ki, xaliqiyyətin Allah-taalaya məxsus olmasının başqa bir mənası vardır. O, bu sifəti Allahdan başqasından inkar etməkdir, amma Allahın şən və məqamı ilə mütənasib, əql tərəfindən dəstəklənən, Quranla müvafiq olan, insanlar arasında mövcud olan elmi bəhslərə uyğun olan mənası. O da aşağıdakı kimidir:
Allahın müqəddəs zatından qaynaqlanan və heç bir şeyə arxalanmayan müstəqil xaliqiyyət Allahın zatına məxsusdur. Bu mərhələdə heç bir şey Onunla şərik deyildir. Amma Allah-taaladan başqa bəzi varlıqlar da Onun izni və əmri ilə, eləcə də “Allahın qoşunları” ünvanı ilə əməl edir, Allahın əmrini qüvvəyə mindirib icraya qoyurlar. Bunların əməlləri səbəblə nəticənin (illətlə məlulun) arasındakı əlaqə yönündəndir, odla hərarət kimi.[21]
4. Rübubiyyətdə (rəbb olmaqda) tövhid
Rübubiyyətdə tövhid bu mənayadır ki, aləm işlərinin tədbir olunması yalnız Allaha məxsusdur. Allahın rübubiyyəti Onun xaliqiyyət mənasına deyil, aləmlə əlaqədar işlərinin tədbir olunması mənasınadır. Rübubiyyətdə tövhid buna etiqaddır ki, xeyir, şər və həyatın tədbiri ümumiyyətlə, Allaha məxsusdur, hətta varlıq aləmində səbəblər və müdəbbirlər olsa da. Amma bunların hamısı ilahi qoşunlardan və amillərdən (işləyənlərdən) ibarətdir ki, Onun istək və iradəsi ilə işləyirlər. Rübubiyyətdəki tövhidin müqabilində rübubiyyətdəki şirk dayanır. O da bu puç təsəvvürdən ibarətdir: “varlıq aləmində elə məxluqlar vardır ki, Allahın məxluqu olsalar da, amma Allah-taala insanın təkvini və təşrii həyatında ilk işlərinin idarə olunmasını, yolunun təyin edilməsini onlara həvalə etmiş və xilqətdən sonra Özü kənara çəkilərək aləmin işlərini onlara həvalə etmişdir.”[22]
5. Hakimiyyətdə tövhid
Bu, hakimiyyətin yalnız Allaha məxsus olması mənasınadır. Hakimiyyətdə tövhid rübubi tövhidin qisimlərindəndir. Yəni Allah Öz mülkiyyət və səltənəti altında olan hər bir şeyin sahibi və Pərvərdigarıdır (Rəbbidir). Başqa sözlə desək, bütün varlıqların xaliqi, icad edəni və yoxdan yaradanıdır. Allahın onların canlarında, mal-dövlətlərində təsərrüf etmək, onlara hakim olmaq, onların təsərrüflərində məhdudiyyət icad etmək haqqına malikdir. Öz yerində sübut olunmuşdur ki, canlarda və mallarda təsərrüf etmək – hakim olduğu şeylərlə əlaqədar – vilayətə ehtiyaclıdır. Əgər bu vilayət olmazsa bu halda təsərrüf etmək qanunsuz iş sayılır.
Bütün varlıqlar Allah dərgahında eyni səviyyədə olduğundan, habelə bütün şeylər Onun məxluqu və Ona ehtiyaclı olduğundan, heç bir şey, hətta özünün varlığının, fellərinin və fikirlərinin belə, maliki olmadığından, deməli bir şəxsin başqa şəxs üzərində zatən və ilk növbədə vilayəti yoxdur. Əksinə, vilayət yalnız insanın və aləmin həqiqi maliki olan Allaha məxsusdur ki, onlara vücud və həyatı əta etmişdir.
Allahın Özü buyurur: “Orada sübut olundu ki, vilayət (və qüdrət) yalnız haqq olan Allaha məxsusdur. O ən yaxşı savabları və ən yaxşı axır-aqibəti (itaətkarlara) verəcəkdir.”[23]
Deməli, hakimiyyət yalnız mütəal Allaha məxsusdur və Ona həsr edilir. Bu da tövhidin mərtəbələrindən biri sayılır. Bu növ tövhidə (hakimiyyətdəki tövhidə) bir çox ayələrin zahiri mənası dəlalət edir. O cümlədən:
“Hökm və fərman yalnız Allaha məxsusdur, Allah haqqı və batili bir-birindən ayırır və O (haqqı batildən) ən yaxşı ayırandır.”[24]
“Bil ki, hökm və mühakimə yalnız Allaha məxsusdur, O, hesablara ən tez yetişəndir.”[25]
6. Qanunçuluqda tövhid
Qanunçuluqda (təşri) tövhidin mənası budur ki, qanun qoymaq haqqı yalnız Allaha məxsusdur və heç kəs Qurana və Allahın haqq sünnətinə müraciət etmədən qanun qoya bilməz.
7. İtaətdə tövhid
İtaətdə tövhid – itaət və bəndəliyin yalnız Allah qarşısında caiz olması mənasınadır, Ondan qeyrisi üçün yox. İtaət haqqının Allaha məxsus olması rübubiyyətə aid olan işlərdəndir. Pərvərdigar insanın sahibi, həyatının tədbirçisi, yolunu aydınlaşdıran və həyatını rəsm edən olduğuna görə yalnız Onun haqqı vardır ki, insan Ona bəndəlik və itaət etsin. Necə ki, Onun üçün hakimiyyət haqqı vardır.
Deməli, varlıq aləmində zatən itaət olunan şəxs Allahdan qeyrisi ola bilməz. İtaət olunmaq yalnız Allaha və Onun izni ilə itaəti vacib olunan şəxslərə məxsusdur.
Başqa sözlə, insanın vücudunun maliki və onun Pərvərdigarı yalnız Allah olduğuna görə, itaət və bəndəlik də Ona məxsusdur. İtaət dedikdə məqsəd budur ki, insan öz vücudunu və Allahın ona verdiyi nemətləri Allahın razılığı olan yolda işlətsin. Bu itaətdən boyun qaçılmaq Pərvərdigara qarşı zülm və düşmənçilikdir ki, əql onun qəbahətini hökm edir.[26]
8. İbadətdə tövhid
İbadətdə tövhid bu mənayadır ki, Allahdan başqa heç bir məbud – ibadətə layıq deyildir. Bu da bütün müsəlmanların yekdil fikirdə olduqları məsələdir. Allah-taala bu barədə buyurur: “Biz hər bir ümmətdə yalnız buna görə peyğəmbər göndərdik ki, yeganə Allaha pərəstiş edərək tağutdan çəkilsinlər.”[27]
[1] Bundan başqa ədalət, hökumət, məad, haqq və s. məfhumlar
[2] “Mənşuri cavidi Quran”, Sübhani, Cəfər, 1-ci cild
[3] “Bəqərə ” surəsi”, ayə: 136
[4] “Təysirul-Kərimir-Rəhman fi təfsiri kəlamil-Mənnan”, Ədür-Rəhman ibni Nasir Sədi, səh. 70-71
[5] “Ənbiya” surəsi, ayə: 32
[6] “Əhkamul-Quran, Cəssas”, 1-ci cild, səh. 33
[7] “Əraf” surəsi, ayə: 54
[8] Sübhani, Cəfər, “İlahiyyat”, 1-ci cild, səh. 409
[9] “Təysirul-Kərimir-Rəhman fi təfsiri kəlamil-Mənnan”, səh. 37
[10] İmamiyyə, mötəzilə və əşairə
[11] “İlahiyyat”, 1-ci cild, səh. 355
[12] “Məqalatul-islamiyyin”, 1-ci cild, səh. 225; Sübhani Cəfər, “Mühaziratun fil-miləli vən-nihəl”, 2-ci cild, fəsil 6
[13] Əşəri, “Əl-lümə”, səh. 30
[14] Sübhani, Cəfər, “İslami əqidələr”, səh. 49-51, “İmam Sadiq (əleyhis-salam)” müəssisəsi, Qum, üçüncü çap, 1386-cı il; Şəhid Mütəhhəri, Mürtəza, əsərlərin külliyyatı, 2-ci cild, səh. 103, “Sədra” nəşriyyatı, Tehran, bi. ta
[15] “Rəd” surəsi, ayə: 16
[16] “Zümər” surəsi, ayə: 62
[17] “Ənam” surəsi, ayə: 102
[18] Məclisi, Məhəmməd Baqir, "Biharul-ənvar", 3-cü cild, səh. 26, “Daru ehyait-turasil-ərəbi”, Beyrut, 2-ci çap, 1403-cü qəməri il
[19] Yenə orada, 4-cü cild, səh. 277
[20] Bu, şairənin nəzəriyyəsinin xülasəsi idi. Əlavə məlumat üçün “Miləl və nihəl” kitabının 2-ci cildinə baxa bilərsiniz.
[21] Bu nəzəriyyənin müfəssəl izaha ehtiyacı vardır ki, bu barədəki əlaqədar kitablara müraciət edə bilərsiniz.
[22] “İlahiyyat”, 1-ci cild, səh. 403-415
[23] “Kəhf” surəsi, ayə: 44
[24] “Ənam” surəsi, ayə: 57
[25] “Ənam” surəsi, ayə: 62; “İlahiyyat”, 1-ci cild, səh. 417-421
[26] Yenə orada, səh. 425-428
[27] “Nəhl” surəsi, ayə: 36